Məhkəmə qərarları › İş №2(103)-4603/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4603/2021

26.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4603/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)-2007/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-yə göndərilmiş hərrac sifarişinin ləğv edilməsi və “xxxx” MMC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə məhkəmədə baxılana kimi hərracın keçirilməsinin cavabdeh təşkilat Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, “xxxx” MMC 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”-nda Bakı şəhəri Sabit Rəhman küçəsində yerləşən 3 otaqlı ümumi sahəsi 117 kv.m olan mənzilin bazar qiymətinin 120.000 manat olmasını qeyd etmişdir. Rəy tərtib edildikdən sonra icra şöbəsinə göndərilmiş, Nərimanov rayon İcra və probasiya şöbəsi mənzilin mövcud bazar dəyərindən aşağı olmasını görməsinə baxmayaraq həmin qiymətlə hərracda satılması üçün “xxxx” MMC-yə sifariş göndərmişdir. Hazırda mübahisəli mənzillə bağlı hərrac keçirilir və artq hərrac mərhələsinə başlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)- 2007/2021 saylı qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 30.03.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, müstəqil qiymətləndirici rəyindən görünür ki, evin bazar qiyməti 195000-280000 manat arasında dəyişir. Hazırda hərracda keçirilən satış ucuz qiymətlə olduğundan, əgər baş tutarsa o, əmlakından əldə edəcəyi məbləğdən məhrum olur. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflərə məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianı təmin etmə tədbiri barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirləri iddianı qabaqcadan həll etməyib, müvəqqəti xarakter daşıyır. Bu, iddianın təmin ediləcəyi təqdirdə iddia tələblərinin realizə edilməsinə təminat verməyə yönəlmiş məhkəmə tərəfindən tətbiq olunan tədbirlər institudur. Bu tədbirlər fiziki və hüquqi şəxslərin hüquqlarının əsas təminatçısı olmaqla, mülki hüquq pozuntusu nəticəsində onların pozulmuş hüquqlarının bərpasına xidmət etməyə yönəlmişdir. Bu institutun əhəmiyyəti ondan ibarətdir ki, onunla cavabdehin vicdansız davranışı halı üçün iddiaçının qanuni maraqları müdafiə olunur və ya iddianı təmin etmə tədbirlərinin görülməməsi gələcəkdə qətnamənin icrasını mümkünsüz edilməsi ilə nəticələnə bilər. Bununla belə, nəzərə almaq lazımdır ki, iddianı təmin etmək üçün görülmüş tədbirlər işdə iştirak edən cavabdehlərin və başqa şəxslərin maraqlarına da xələl gətirməməli, iddianın həcminə adekvat olmalıdır. MPM-nin 158.1.1-ci maddəsinə görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq tədbiri görülə bilər. MPM-nin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək tədbiri görülə bilər. Eyni məcəllənin 158.1.3-cü maddəsinə görə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək tədbiri görülə bilər. Məhkəmə zəruri hallarda iddianı təmin etmək məqsədi ilə bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulan digər tədbirləri görə bilər. Məhkəmə iddianın təmin edilməsinin bir neçə növünü tətbiq edə bilər (MPM 158.2). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hərracın keçirilməsi 12.11.2020-ci il tarixli, 2(005)-1619/2020 saylı icra sənədi üzrə icra tədbiri olduğundan iddianın təmini tədbiri barədə ərizə təmin edilə bilməz. Belə ki, icra qeydi əsasında icra sənədi üzrə girov qoyulmuş əmlak hərrac keçirilməklə artıq realizə olunduğundan cavabdehlərə hər hansı icra tədbirlərinin görülməsinin qadağan edilməsi zərurəti yoxdur. Eyni zamanda, icra sənədinin icrası çərçivəsində həyata keçirildiyindən əmlaka dair hərracın dayandırılması və ya hərracın keçirilməsinin cavabdeh təşkilat Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə qadağa qoyulması barədə iddianın təmini tədbiri təmin edilə bilməz. İş materiallarından görünür ki, “xxxx” MMC-nin 09.02.2021-ci il tarixli “Əmlakın qiymətləndirilməsi barədə hesabatı” ilə Bakı şəhəri Nərimanov rayonu Sabit Rəhman küçəsində yerləşən 69 saylı fərdi yaşayış evinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 120000 manat müəyyən edilmişdir. Nərimanov Rayon İcra şöbəsi tərəfindən hərracın keçirilməsi üçün “xxxx” MMC-yə sifariş məktubu göndərilmiş, MMC tərəfindən 19.03.2021-ci il tarixə hərrac təyin olunmuşdur. İddiaçı hazırki iddiasında evin ucuz qiymətləndirdiyini iddia edərək, “xxxx” MMC tərəfindən verilmiş 09.02.2021-ci il tarixli “əmlakın qiymətləndirilməsi barədə hesabat”ın etibarsız hesab edilməsini və “xxxx” MMC-yə göndərilmiş hərrac sifarişinin ləğv edilməsini tələb edir. Kollegiya qeyd edir ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisə obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Kollegiya qeyd edir ki, həmin mənzillə bağlı hər hansı hərəkətin edilməsi, iddianın təmin ediləcəyi halda qətnamənin icrasını çətinləşdirə bilər. Kollegiya hesab edir ki, hazırki mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktının qanuni qüvvəyə minməsinə qədər iddianın təmini tədbiri görülməlidir. Göstərilən tədbir isə iş üzrə iddianın təmin edilməsi barədə qətnamə qəbul edildiyi halda qətnamənin gələcəkdə icrasını təmin edə bilər. Qeyd edilənlərə əsasən və MPM-nin 398.0.3-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Kollegiya hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianın təmin etmə tədbiri barədə ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli 2(005)- 2007/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” MMC-yə qarşı “hərracın yekunları barədə protokolların etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilsin. Bakı şəhəri Sabit Rəhman küçəsində yerləşən 69 saylı ev barədə hərracın keçirilməsi cavabdeh Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC-yə qadağan edilsin. Qərardad dərhal icra edilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar