Məhkəmə qərarları › İş №2(103)-4604/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4604/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4604/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Kamran Tağıyevin iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı (üçüncü şəxs xxxx MMC-nin direktoru Maraqlı şəxs) “pul” tələbinə dair 2(004)-436/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində xxxx MMC-nin direktoru Maraqlı şəxs cəlb olunmaqla Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə 05.11.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 43000 manat əsas, 4300 manat faiz borcu və 12845 manat dəbbə pulu olmaqla, cəmi 60145 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsl olunmayan İddiaçı “xxxx” MMC ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx"MMC-yə ekspeditel vəzifəsinə qəbul edilərək, “xxxx” MMC-dən istehsal edilmiş şərab məhsullarının satışı üçün 48000 manat məbləğində məhsul rəsmi sənədlərə əsasən verilmişdir. Satışdan əldə edilmiş vəsaitdən yalnız 5000 manat "xxxx"MMC-yə qaytarsa da, qalan 43000 manat həcmində borcun ödənilməsindən boyun qaçırır. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar edilsə də, o, borcun qaytarılması üçün heç bir hərəkət etməmişdir. Cavabdehlə "xxxx"MMC arasında bağlanmış müqaviləyə əsasən, cavabdehin əsas borcu 43000 manat vaxtında qaytarmadığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən məsuliyyət daşıdığı nəzərinə rəsmi qaydada çatdırılmışdır. Cavabdehin "xxxx" MMC-ə olan borcun qaytarılmasını 43 gün gecikdirmişdir. Azərbaycan Respulikasında mövcud olan qanunlara və müqavilənin tələblərinə əsasən, cavabdehə borcun qaytarılmasında gecikdirilmiş hər bir gün üçün gecikdirilmiş 1% borcu və 1% dəbbə pulu hesablanması barədə xəbərdarlıqlar edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 28217,9 (iyirmi səkkiz min iki yüz on yeddi manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsmunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun “xxxx” MMC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx“ MMC-yə ekspeditel vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində “xxxx” MMC-nin “xxxx” MMC-də istehsal edilmiş şərab məhsullarının satışı ilə məşğul olmuşdur. İddiada öz əksini tapmış 48000 manat məbləğində şərab məhsullarının rəsmi sənədlərlə ona verilməsi barədə heç bir əsası yoxdur. Belə ki, o, ancaq satışla məşğul olmuş və “xxxx“ MMC-də əmək müqaviləsi əsasında ekspeditel vəsifəsində işləmişdir. Şərab Məhsullarının satışı üzrə müqavilələr “xxxx” MMC-nin ‘‘xxxx” MMC-nin arasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 21.08.2020-ci il tarixli 9/337 №li məktubuna əsasən təhqiqat zamanı müəyyən edilmişdir ki, onun qəbul etdiyi şərab məhsullarına görə ödənilən pul vəsaitinə dair heç br ilkin mühasibat sənədləri iş materiallarında mövcud olamadığından “xxxx” MMC-yə borcunun olmadığı müəyyən edilmişdir. İki şirkət arasında olan hüquq münasibətində onun heç bir məsuliyyəti və öhdəliyi olmamışdır. İddiaçının ona 48000 manat məbləğində məhsul rəsmi sənədlər əsasında verilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. Həmçinin qətnamənin əsaslandırma hissəsində onun borcu etiraf etməsi əks olunmuşdur. Onun “xxxx” MMC-yə borcunun olması barədə heç bir yazılı etirafı olmamışdır. Bildirir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırlmamışdır, məhkəmə iclaslarında iştirak etməmişdir. Hesab edir ki, məhəkəmə tərəfindən qəbul edimiş qətnamə əsasızdır və ləğv edilməlidir. Apellyasiya baxışı zamanı cavabdeh izahatında bildirmişdir ki, 28217,9 manat borcu olmasını etiraf etməsi barədə 31.05.2019-cu il tarixli ərizə onun tərəfindən tərtib edilərək imzalansa da, “xxxx” MMC-yə həmin məbləğdə borcu yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamə iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 01.07.2018-ci il tarixli distribütorluq müqaviləsinə əsasən diler-“xxxx” MMC distribütor- “xxxx” MMC-ni ona məxsus məhsulların satışını, marketinqini və distribütorluğunu həyata keçirməsi üçün öz distribütoru kimi təyin edir və məhsulların adı, miqdarı, çeşidi və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-faktura ilə müəyyən edilir. 13.07.2018-ci il tarixli 01 saylı Müqaviləyə əlavəyə əsasən bağlanmış müqavilə üzrə qiymətlər müəyyən edilmişdir: Yanardağ qırmızı kəmşirin-2.8 manat, Yanardağ qırmızı kəmturş-2.4 manat, Yanardağ qırmızı turş-2.2 manat, Yanardağ ağ kəmşirin-2.8 manat, Yanardağ ağ kəmturş-2.4 manat, Yanardağ ağ turş-2.2 manat, Tanqo qırmızı kəmşirin-1.8 manat, Tanqo ağ kəmşirin-1.8 manat, Tanqo qırmızı turş-1.6 manat, Tanqo ağ turş-1.6 manat, Vals qırmızı kəmşirin-1.8 manat, Vals ağ kəmşirin-1.8, Vals qırmızı turş-1.6 manat, Vals ağ turş-1.6 manat-dır. “xxxx” MMC-nin maliyyə arayışına əsasən Cavabdeh “xxxx” MMC-yə ümumilikdə 45577,8 manat əsas borc, 4300 manat faiz, 12845 manat cərimə borcu vardır. Cavabdeh 31.05.2019-cu il tarixli ərizəsində qeyd etmişdir ki, “xxxx” MMC-nin təşkil etdiyi ekspeditor vəzifəsində işləyib, məhsulun satışını təşkil edib. O, "xxxx" MMC-yə olan borcunu 28217,9 manat hissədə təsdiq edir. Borcunu həmin məbləğdə ödəməyə etiraz etmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.08.2020-ci il tarixli, 9/337 nömrəli məktubuna əsasən tədqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh qəbul etdiyi şərab məhsullarına görə ödənilən pul vəsaitinə dair heç bir ilkin mühasibat sənədləri iş materiallarında mövcud olmadığından Cavabdeh ”xxxx” MMC-yə olan borcunu müəyyət etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Əmək Məcəlləsi maddi zərər barədə müddəalar “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, “xxxx” MMC ilə “xxxx” MMC arasında bağlanmış 01.07.2018-ci il tarixli distribütorluq müqaviləsinə əsasən diler - “xxxx” MMC distribütor - “xxxx” MMC-ni ona məxsus məhsulların satışını, marketinqini və distribütorluğunu həyata keçirməsi üçün öz distribütoru kimi təyin etmiş və məhsulların adı, miqdarı, çeşidi və qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan qaimə-faktura ilə müəyyən edilmişdir. Əmrə əsasən ekspeditor vəzifəsinə təyin edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən şərab məhsullarının satışından əldə edilmiş 43000 manat həcmində borcun tutulmasını xahiş etmişdir. “xxxx” MMC-nin maliyyə arayışına əsasən Cavabdeh “xxxx” MMC-yə ümumilikdə 45577,8 manat əsas, 4300 manat faiz, 12845 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.08.2020-ci il tarixli, 9/337 nömrəli məktubuna əsasən Cavabdeh qəbul etdiyi şərab məhsullarına görə ödənilən pul vəsaitinə dair heç bir ilkin mühasibat sənədləri iş materiallarında mövcud olmadığından Cavabdeh ”xxxx” MMCyə olan borcunu müəyyət etmək mümkün olmamışdır. Cavabdeh 31.05.2019-cu il tarixli ərizəsində “xxxx” MMC-də ekspeditor vəzifəsində işlədiyini, məhsulun satışını təşkil etdiyini, "xxxx" MMC-yə 28217,9 manat borcu olduğunu etiraf etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddianın Cavabdeh etiraf etdiyi hissədə əsaslı hesab edilərək qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2020-ci il tarixli, 2(004)-436/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar