Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4606/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi” barədə iddiasına dair mülki iş üzrə Baki Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli qətnamədən iddiaçı ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi ASC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ASC tərəfindən zərərçəkmiş şəxs X4 ödənilmiş pul vəsaitinin əvəzi olaraq 730 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin atası (hazırki iş üzrə tərəf olmayan) X2 ASC ilə bağladığı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanması müqaviləsinə” əsasən özünə məxsus olan “Mercedes Benz E220” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək sığortalamışdır. Sığorta müddətində, yəni xx.xx.2019cu il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh, idarə etdiyi “Mercedes Benz E220” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil (hazırki iş üzrə tərəf olmayan) X4 məxsus olan “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, P.Abbasova məxsus avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. P.Abbasova məxsus avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan vəsait müəyyən edilmiş və həmin vəsait – 730 manat ASC tərəfindən P.Abbasova ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən xx.xx.2019-cu il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokol” tərtib edilmiş, müvafiq araşdırılma aparılmış və qəbul edilmiş xx.xx.2019-cu il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” qəbul edilmişdir. Həmin qərardad görünür ki, cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, cavabdeh, sığortalanmış avtomobili idarə edərkən sürücülük vəsiqəsi olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu səbəbdən iddiaçı ASC-nin, P.Abbasova ödədiyi pul vəsaitinin əvəzinin subroqasiya qaydasından cavabdehdən onun (ASC-nin) xeyrinə tutulması üçün hüququ yaranmışdır. ASC, həmin məbləğin ona ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh ödəniş etməmişdir. Bu səbəbdən də, ASC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı ASC həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələblərini işin hallarına lazımi qaydada tətbiq etməmiş, həmin maddədəki “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismaretmək” müddəasını yalnız sürücülük vəsiqəsinin olması ilə məhdudlaşdırmaqla şərh etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsi deməkdir. Əslində isə həmin maddi hüquq normasında şəxsin nəqliyyat vasitəsinə “qanuni əsasla sahiblik edən” şəxs kimi tanınmasını, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamənin mövcudluğu” ilə şərtləndirir. İddiaçı ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. İş üzrə cavabdeh apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “İcbari sığorta müqaviləsinin” surətindən görünür ki, (hazırki iş üzrə tərəf olmayan) X1 məxsus olan “Mercedes Benz E220” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. İşdə olan sənədlərdən görünür ki, sığorta müddətində, yəni xx.xx.2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh, həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil (hazırki iş üzrə tərəf olmayan) X4 məxsus olan “Toyota Prius” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, P.Abbasova məxsus avtomobil istismara yararsız vəziyyətə düşmüşdür. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X6 tərəfindən xx.xx.2019-cu il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokol” tərtib edilmiş, müvafiq araşdırılma aparılmış və qəbul edilmiş xx.xx.2019-cu il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında qərar” qəbul edilmişdir. Həmin qərardad görünür ki, cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması) və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. Aparılmış qiymətləndirilmə işləri nəticəsində müəyyən edilmişdir ki, P.Abbasova məxsus avtomobilin istismara yaralı vəziyyətə gətirilməsi üçün 730 manat pul vəsaiti tələb olunur. "xxxx" görünür ki, 730 manat məbləğində pul iddiaçı ASC tərəfindən zərərçəkmiş şəxs P.Abbasova ödənilmişdir. İddiaçı ASC hesab edir ki, cavabdehin sığortalanmış avtomobili idarə edən zaman onun etibarnaməsi olmadığı üçün iddiaçı ASC-nin subroqasiya hüququ yaranmışdır və cavabdeh vurulmuş ziyanı ödəməlidir. Cavabdehin İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, yəni nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi işin mübahisəsiz halıdır. Göstərilənləri nəzərə alan Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 936.1-ci maddəsinə görə, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə görə, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Həmin Qanunun 25.1.3-cü maddəsinə görə, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ASC apellyasiya şikayətində bildirir ki, qeyd olunan Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ” müddəası etibarnamənin olmasını nəzərdə tutur. Cavabdehin isə yol nəqliyyat hadisəsi baş verən zaman etibarnaməsi olmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Qanun nəqliyyat vasitəsinə qanuni sahibliyi nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamənin mövcudluğu ilə şərtləndirmir. Belə ki, əmlakdan istifadə etmə etibarnamə əsasında deyil, mülki hüquqi müqavilələr əsasında yaranır. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Avtomobilin mülkiyyətçisinin digər şəxslərə avtomobildən istifadəyə razılıq verməsi, yəni istifadəyə dair müqavilə bağlaması həm şifahi, həm də yazılı formada həyata keçirilə bilər. Çünki belə bir müqavilənin yazılı formada bağlanması və ya rəsmi dövlət qeydiyyatına alınmasına dair imperativ qaydada müəyyən edilmiş bir tələb mövcud deyil. İddiaçı ASC avtomobilin mülkiyyətçisi olan M.Səfquliyevin avtomobilin cavabdeh tərəfindən istifadə edilməsinə dair hər hansı etirazının olmasına dair heç bir sübut təqdim etməmişdir. Bu baxımdan hesab edilməlidir ki, M.Səfquliyevin avtomobilin cavabdeh tərəfindən istifadə edilməsinə razılığı olmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Baki Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 aprel 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4606/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4606/2022
08.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver