Məhkəmə qərarları › İş №2(103)-4606/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4606/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4606/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət, 102.4 kv.m sahəli, 23 saylı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi haqqında iddiasının təmin edilməsi və dərhal icraya yönəldilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbdə göstərilir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzil iddiaçı X2 tərəfindən hüquqi əsaslarla daha əvvəl əldə edilmişdir. Lakin mənzil məhkəmə qətnaməsi ilə Cavabdeh2 verilmişdir. Başlanılmış cinayət işi üzrə isə məhz Cavabdeh2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Buna baxmayaraq, həmin mənzil hal-hazırda Cavabdeh2 sərəncamındadır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim Fariz Əlizadə) İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi tələbinə dair mülki iş üzrə icraata cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi hissəsinə aid olan hissədə xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11327/15 nömrəli xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh2 və “X5” MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilmiş, İddiaçı ilə “X5” MMC arasında ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 23 saylı mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin mənzilin Cavabdeh2 təhvil verilməsi vəzifəsi cavabdeh “X5” MMC-yə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)- 10004/2017 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kasasiya şikayəti verilsə də, şikayət təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırkı mübahisənin hüquqi əsasları Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-199/2017 nömrəli qətnaməsində ətraflı şəkildə həll edilmiş və hazırki mülki iş üzrə İddiaçı prosessual hüquqları izah edilmişdir. Sözügedən qətnamə məhkəmə tərəfindən preyudisial qiymətləndirmək hüquqi əsas kimi nəzərə alınır. Hazırki mülki iş üzrə İddiaçı sözügedən əmlak üzrə mülkiyyətçi qismində tanınmadığından iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir. Məhkəmənin hər hansı cinayət işi üzrə istintaq orqanının prosessual qərarından (zərərçəkmiş şəxs qismində tanıma və s.) asılı olmaqla qərar qəbul etməsi yolverilməzdir. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarı istintaq orqanının müvafiq prosessual qərarından üstün hüquqi qüvvəyə malikdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundən mülki iş üzrə icraata ayrıca qərardad qəbul edilməklə hissəvi xitam verilməlidir. Hazırkı iddia tələbinin predmeti (mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik, istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi) əvvəlki iddia tələbinin predmetindən (mənzilin təhvil verilməsi) daha genişdir. Yəni, hazırki iddia tələbində mülkiyyət hüququnun müdafiəsi və tanınması ilə bağlı hissə əlavə olaraq mövcuddur. Bu səbəbdən, mülki iş üzrə icraata tamamilə xitam verilməməlidir. Doğrudur ki, hər iki iddia tələblərinin əsl mahiyyəti eynidir. Lakin məhkəmə hüquqi müəyyənlik prinsipinin tələbi nöqteyi-nəzərdən məsələyə qanunun hərfi mənasından, olduğu kimi yanaşmağı əsaslı hesab edir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir İddiaçı X2 (nümayəndəsi və vəkili Nümayəndə) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Birinci instansiya məhkəməsi özünün 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin mənzilin təhvil verilməsi hissəsinə aid olan hissədə mülki işin icraatına MPM-in 261.0.2-ci maddəsinə əsasən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə qismən xitam verilməsini qərara alsa da digər hissələr üzrə isə eyni tarixli qətnamə ilə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini hazırkı iş üzrə preyudisial qiymətləndirməyi hüquqi əsas kimi nəzərə alaraq iddiaçının sözügedən əmlak üzrə mülkiyyətçi qismində tanınmadığından iddia tələbi üzrə subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb bu cür iddiaları eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olsa da rədd etməsi isə qüvvədə olan məhkəmə qərarlarının stabilliyi prinsipini poza bilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddiaçının hazırkı iddia ərizəsinin giriş hissəsində iddia tələbinin adını fərqli, yəni mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi şəkildə göstərdiyinə görə ona mahiyyəti üzrə baxıb rədd olunması üçün əsas ola bilməzdi. Çünki məhkəmə özü də iddiaçının tələbinin faktiki və hüquqi əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə və dəqiqləşdirə bilir. Bunun üçün məhkəmə tərəfə prosessual hüquqlarının həyata keçirilməsində köməklik göstərməlidir(MPM.mad.14.1). Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının hazırkı iddia ərizəsinin giriş hissəsində iddia tələbinin adını fərqli, yəni mənzildən istifadəyə maneələr aradan qaldırılmaqla mənzilin təhvil verilməsi, sahiblik və istifadə hüququnun tanınması və qətnamənin dərhal icraya yönəldilməsi şəkildə göstərdiyinə görə hazırki iddia tələbinin predmetinin əvvəlki iddia tələbinin predmetindən daha geniş olduğu, yəni, hazırki iddia tələbində mülkiyyət hüququnun müdafiəsi və tanınması ilə bağlı hissə əlavə olaraq mövcud olduğunu, bu səbəbdən, mülki iş üzrə icraata tamamilə xitam verilməməli olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə bu qənaətə gəlməmişdən əvvəl ən azından iddia ərizəsinin nəticə hissəsinə diqqət yetirməyi də unutmamalı idi. Çünki iddiaçı iddia ərizəsinin nəticə hissəsində ünvan 1 ünvanında yerləşən, 3 otaqdan ibarət, 102.4 kv.m sahəli, 23 saylı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi haqqında iddiasının təmin edilməsi və dərhal icraya yönəldilməsini xahiş edib. Demək ki, özünün də qeyd etdiyi kimi hər iki iddia tələblərinin əsl mahiyyəti eynidir. Başqa sözlə, hər iki işdə mübahisə predmeti olan mənzil eyni olub, məhz həmin mənzilə dair hazırkı iş üzrə iddiaçı ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə etibarsız hesab edilərək mənzilin Cavabdeh2 verilməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə qət olunub. Ona görə də məhkəmə hüquqi müəyyənlik prinsipinin tələbi nöqteyi-nəzərdən məsələyə qanunun hərfi mənasından olduğu kimi yanaşmağı əsaslı hesab edə bilməzdi. Çünki artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçının bu iş üzrə üzərində hüquqlarının tanınmasına nail olmaq istədiyi mənzilin digər işdə cavabdehə təhvil verilməsi təsdiq olunduğu, üstəlik həmin işdə müstəqil tələb edən üçüncü şəxs kimi eyni mənzillə bağlı iddiası rədd olunduğu halda yenidən eyni tələblə məhkəməyə müraciət etməsini istisna edir. Üstəlik Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-10004/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin məzmunundan da görünür ki(i.v.138;2-ci abzas), Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(103)-199/2017 nömrəli qətnaməsi ləğv edilmişdir. Ancaq birinci instansiya məhkəməsi ləğv edilmiş həmin qətnaməni bu iş üzrə preyudisial qiymətləndirməyi hüquqi əsas kimi nəzərə almışdır. M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyun 2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, ... məhkəmə instansiyaları məhkəmə aktlarından verilmiş şikayətlərə baxarkən qanuni qüvvəyə minmiş qərarların stabilliyi və tarazlığı prinsipini nəzərə almalı, məhkəmənin həmin işə baxmağa səlahiyyətli olub-olmamasını, şikayət verilərkən məhkəmə hakimiyyətinin iyerarxiyasına riayət edilib-edilməməsini yoxlamalıdır.... Məhkəmə müdafiəsi prosedurunun və konkret formasının seçilməsi məhkəmə qərarının qanuni qüvvəsini təmin edən, müxtəlif məhkəmə aktlarının kolliziyasının istisna edilməsinə yönələn məhkəmə qərarlarının stabilliyi prinsipi nəzərə alınmaqla həyata keçirilməlidir. Belə ki, bu prinsip məhkəmə aktlarının bir-birinə zidd olmamasının, eləcə də hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlir. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddia üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu əsası ilə xitam verilməsi həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan sui-istifadə etməsin yaxud hüququn verdiyi imkandan istifadə edərkən qanunvericiliyin imperativ və dispozitiv şərtinə əməl etsinlər. Əks halda mülki hüquqda hüquqdan sui-istifadənin qadağan edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.5 və 405.0.2ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: İddiaçı X1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1573/2024 saylı, 18 aprel 2024-cü il tarixli ləğv edilsin və mülki iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə xitam verilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar