Məhkəmə qərarları › İş №2(103)-4607/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4607/2020

17.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4607/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X1 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbab qızının Cavabdeh qarşı (üçüncü şəxs: Maraqlı şəxs) istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin boşaldılması və kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmçinin iddia tələbinin həcminin azaldaraq cavabdehin qanunla nəzərdə tutulmuş qaydada (hər ay 200 manat olmaqla 60 ay müddətində, ümumi 12000 manat) kompensasiya ödənilərək istifadə hüququna xitam verilməklə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Qədəmgah küçəsi 38 saylı fərdi yaşayış evindən (bundan sonra – mübahisəli ev) öz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, mübahisəli ev onlara atalarından qalıb. İddiaçılar bacı-qardaşdırlar, 3-cü şəxsisə onların digər qardaşıdır. Maraqlı şəxs ilə cavabdehin nikahı uzun illər əvvəl pozulmuşdur. Cavabdeh onlara məxsus olan ünvanda yerləşmiş və oradan istifadə edir. Bu kimi hallar da onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Əvvəllər qeyd olunan fərdi yaşayış evinin bərabər paylara bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər, uzun sürən məhkəmə proseslərində 3 dəfə ekspertiza keçirilmiş və hər bir ekspert fərqli yanaşma ilə rəy vermişdirlər. Bundan sonra iddiadan imtina edilmiş və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçılara məxsus fərdi yaşayış evindən istifadələrinə cavabdeh süni maneələr yaradır, mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixliqətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçılarapellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə təqdim etdikləri sənədləri diqqətlə nəzərdən keçirməmiş, öz mülahizəsinə uyğun qətnamə qəbul etmişdir. Apellyasiya baxışı zamanı cavabdeh, onun nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçılar şikayət verməklə qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli evin 1/3 hissəsi xüsusi mülkiyyət hüququ əsasında xx xxxx 2017-ci il tarixdə İddiaçı2, İddiaçı1 adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçıların keçmiş gəlinləridir. İddiaçılar, cavabdeh, üçüncü şəxs mübahisəli ünvanda qeydiyyatdadırlar. Cavabdeh Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli qətnaməsi ilə mübahisəli evə köçürülmüş, cavabdehin həmin evə istifadə hüququ tanınmış və 2004-cü ildən hazıra kimi azyaşlı uşaqları ilə birlikdə sözügedən evdə yaşayır. İddiaçılar 12.000 manat kompensasiya verilməklə cavabdehin həmin evə olan istifadə hüququna xitam verilməsini və evdən əşyaları ilə birlikdə çıxarılmasını tələb edirlər. Cavabdeh isə iddiaçılar tərəfindən ona təklif edilən kompensasiya məbləği ilə razılaşmayaraq həmin məbləğin az olduğunu və həmin pula azyaşlı uşaqları ilə birlikdə yaşamaları üçün hər-hansı yaşayış yeri əldə edə bilmədiyini bildirərək iddiaya etiraz edir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 54 saylı arayışa əsasən mübahisəli evə bərabər tutulan, həmin ərazi üzrə fərdi yaşayış evlərinin kirayə haqları orta bazar qiymətinə uyğun olaraq 200 manat təşkil edir. X3 və “X4” MMC tərəfindən verilmiş 37 saylı, xx.xx.2019-cu il tarixli ekspert arayışlarından görünür ki, sözügedən ünvanda və yaxın ətrafda oxşar şəraitli fərdi yaşayış evlərinin orta aylıq kirayə haqqının bazar dəyəri 350 manat təşkil edir. Mülki Məcəllənin 228-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Qanunvericiliyin tələblərinə əsasən cavabdehin mənzilə istifadə hüququna yalnız mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Kollegiya nəzərə alır ki, cavabdehin himayəsində 2 yetkinlik yaşına çatmayan uşağı var. Onun mübahisəli mənzilə istifadə hüququ tanınıb, o, uşaqları ilə birlikdə uzun müddətdir fasiləsiz olaraq mübahisəli evdə yaşayır, başqa yaşayış sahəsinə malik deyil. Belə olan halda təklif olunan kompensasiya müqabilində onun evə istifadə hüququna xitam verilməsi qanunun məqsədləri baxımından əsaslı və ağlabatan hesab oluna bilməz. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ümumilikdə apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 Hacıbala oğlu, İddiaçı2 Hacıbab qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-132/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar