Məhkəmə qərarları › İş №2(103)-4608/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4608/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4608/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1749/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzil xx.xx.2001-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Tərəflər xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və cavabdeh sözügedən mənzilə rəsmi qeydiyyata alınaraq həmin mənzildə yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, hüquqi yardım göstərilməsi üçün ödənilmiş haqqın əvəzi olaraq 150 (yüz əlli) manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, nikaha daxil olduqdan sonra əsasən başqa ünvanlarda yaşamışlar. Çox az-az hazırkı ünvana gəlmişlər. Rusiya Federasiyası Moskva şəhərinin İzmayılov rayonunun 300 saylı məhkəməsinin 30 may 2022- ci il tarixli qərarı ilə arasında bağlanmış nikah pozulmuşdur Artıq birgə yaşamır, birgə təsərrüfat aparmır, həyat yolları tamamilə ayrıdır. O, tez-tez Bakı şəhərində olur və buraya gəldikdə mülkiyyətində olan mənzilin cavabdeh tərəfindən zəbt olunması səbəbindən qohuməqrəbanın evinə qonaq olur. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə mənzilinə getmək istəyərkən cavabdehi və onun atası tərəfindən ona ağır xəsarət yetirilmiş, ona qarşı ağır cinayət törədilmişdir. Dəfələrlə cavabdehdən mənzili tərk etməsini tələb etsə də o, buna məhəl qoymamışdır. Halbuki, cavabdehin xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 32, 28 saylı mənzil var idi və cavabdeh orada yaşaya bilərdi. Cavabdeh həmin mənzili 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri 6 saylı notariusunda bağlanmış alqı-satqı müqaviləsi əsasında satmış, mülkiyyətindən çıxarmışdır. Həmçinin, cavabdeh ona qarşı Moskva şəhərində birgə nikah dövründə əldə edilmiş iki mənzilin bölünməsi və payının müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin 2009-cu ildən yaşayışa yararlı vəziyyətdə xüsusi mülkiyyətində mənzilin olması, aralarındakı münasibətlərin pisləşməsindən sui-istifadə edərək mülkiyyətində olan mənzili satması, üstəlik də birgə nikah dövründə əldə edilmiş hesab edərək Moskvada yerləşən iki mənzillə bağlı ona qarşı iddia tələbi irəli sümrəsi ilə onun hazırki mübahisəli mənzildən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxmış hesab olunur. Cavabdeh mənzili qəsdən satmışdır ki, hazırki mübahisə yaranacağı təqdirdə yaşamağa yaşayış sahəsinin olmaması dəlilini irəli sürməyə əsası olsun.

4. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1749/2023 saylı qətnaməsi ilə (hakim N.Cəfərli) iddia tələbi rədd edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırılmışdır ki, cavabdehin iddiaçının keçmiş ailə üzvü olduğundan və onun sözügedən mənzilə istifadə hüququ 2009cu ilin oktyabr ayının 1- dən əvvəl yaranmış olduğundan, onun həmin məzilə istifadə hüququ yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulmuş qaydada müvafiq kompensasiya ödəməklə xitam verilməsi mümükün olduğundan, hazırki iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin ikinci hissəsinə-mənzildən çıxarılma hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, nə qədər ki, iddia tələbi istifadə hüququna xitam verilmə hissədə təmin edilməmişdirsə digər hissədə də təmin edilə bilməz.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarı, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

b) Apelyasiya şikayətinin dəlilləri:

7. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qətnamə çıxarılması xahiş edilmişdir.

8. Apellyasiya şikayətində qeyd edilmişdir ki, indiki halda cavabdeh öz adına olan mənzili satmaqla mənzilin dəyəri olan 125.000 (yüz iyirmi beş min) manatı əldə etmişdir. Həmin məbləğlə, hətta, onun yarısı ilə onun mülkiyyətində olan mənzildən daha yaxşı şəraitli yaşayış sahəsini satın ala, yaşayış sahəsinə olan zəruri ehtiyacını qarşılaya bilər. Cavabdeh bunu etməməklə onun mülkiyyət hüquqlarına qeyri-qanuni müdaxilə edir, hüquqlarının realizə ediləsini məhdudlaşdırır. Bütün qeyd etdikləri cavabdehin bu yaşayış sahəsində yaşamağa ehtiyacının olmadığını, istifadə hüququnun saxlanılmasının zəruriliyinin aradan qalxdığını sübut edir və bu da onun mübahisəli mənzildən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsinə əsas yaradır. Hazırki mübahisəyə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq edilə bilməz, mübahisə Mülki Məcəllənin 228ci maddəsi tətbiq edilməklə həll edilməlidir. İddia tələbində istifadə hüququna xitam verilməsi ilə bağlı kompensasiya məbləğinin verilməsinin qeyd olunub-olunmamasından asılı olmayaraq işə baxmış birinci instansiya məhkəməsi özü tərəfindən konkret müəyyən edilmiş kompensasiya məbləğinin ödənilib-ödənilməməsinin mümkünlüyü barədə fikirlərini soruşmalı, razılığının olub-olmamasını aydınlaşdırmalı idi. Kompensasiya məbləğinin verilməsinə razılıq verməsə belə işə baxmış məhkəmə qətnamədə istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyü qənaətinə gəldiyi təqdirdə uyğun kompensasiya məbləğini qətnamədə müəyyən etməli və göstərməli idi.

c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı:

10. Məhkəmə iclasında iştirak edən ididaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

Apellyasiya baxışının hədləri.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Aplyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirdiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarı

15. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

16. Maddə 30.4. Yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

20. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 4, 70 saylı mənzil xx.xx.2001-ci il tarixdən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh isə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuş və cavabdeh sözügedən mənzilə rəsmi qeydiyyata alınaraq həmin mənzildə yaşamağa başlamışdır. Tərəflər arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur.

21. Göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzilə 2003-cü il tarixdə köçdüyündən və həmin ildə hüquq əldə etdiyindən, hazırki hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

22. Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

23. Bu baxımdan hazırkı iş üzrə iddiaçının mübahisəli mənzildən cavabdehin əvəzsiz qaydada çıxarılması tələbi təmin edilə bilməz.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan Xətai rayonunda yerləşən mənzil tərəflərin birgə nikah dövründə yəni xx.xx.2021-ci il tarixdə satıldığından həmin alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş pul məbləği tərəflərin birgə təsərrüfatına sərf edilmiş hesab edilir və iddiaçı tərəf bu halın əksini göstərə biləcək möhtəbər sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh əmlaka pay hüququnun tanınması tələbi dair iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmədiyindən, cavabdehin müvəqqəti yaşayış yerinə olan zərurəti aradan qaldırılmamış hesab edilə bilməz.

25. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

26. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-1749/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar