Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4610/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X9 və X3 ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Cavabdeh və onun vəkili X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan evin naturada bölünməsi və arakəsmənin tikilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-573/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həmçinin iddia tələbinin həcmini azaldaraq Bakı şəhəri, Səbail rayonu, Litvin Babayev küçəsi, 104a saylı evin (bundan sonra – mübahisəli ev) paylara uyğun olaraq ½ hissədə ona, ½ hissədə cavabdehə natura qaydasında, hər iki ev arasında olan torpaq sahəsi üzərində bərabər qaydada məsafə saxlanılmaqla daşdan 2 metr hündürlüyündə arakəsmə tikilməklə, biri-birindən təcrid olunmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli ev xüsusi mülkiyyət hüququ əsasında ümumi paylı mülkiyyət kimi ½ hissədə ona, ½ hissədə isəcavabdehə məxsusdur. Mübahisəli ev həyət evidir, bir həyətdə olmaqla 2 ayrı-ayrı evlərdir, ayrı-ayrı giriş-çıxışa malikdir, otaqlar, mətbəx, sanitar qovşaq hər bir ev üçün ayrıca mövcuddur. Hətta iddiaçı olaraq o, öz evindən, cavabdeh də öz evindən istifadə edir, onların biri-birinə heç bir maneçiliyi yoxdur, evin natura qaydasında bölünməsi tam mümkündür. Cavabdehlə əvvəllər də aralarında məhkəmə mübahisəsi olmuş, buna görə də onlar arasındakı münasibət o qədərdə qənaətbəxş deyildir. Aralarında tez-tez mübahisələr və münaqişələr baş verir. Ona görə də evin natura qaydasında bölünməsi daha məqsədəmüvafiqdir. Hər iki ev bir həyətdə yerləşir. Həyət ümumi istifadədədir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-573/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçıapellyasiya şikayəti verərək onun ləğv edilməsini və yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ekspertlə bərabər evə yerində baxış keçirərkən müəyyən edilmişdir ki, hər iki ev bir-birindən təcrid edilmiş vəziyyətdədir. Cavabdehin pəncərəsi onun sahəsinə tərəf yerləşir. Məhkəmə iddianın təmin edilməsinə əsas olduğu halda bunu etməyib, işə qeyri-obyektiv baxıb. Apellyasiya baxışı zamanı Cavabdeh və onun vəkili X12 şikayətə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı şikayət verməklə qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən olunur ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə iddiaçının, ½ hissədə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 26 Bakı Kommissarı Rayon Xalq Məhkəməsinin 2-50 saylı, xx xxxxxx 1965-ci il tarixli qətnaməsinə əsasən X4 (hazırkı iş üzrə iddiaçının atası) cavabdehlər kimi X2 və 26 Bakı Kommissarı Rayon Kommunal Təsərrüfatı İdarəsinə qarşı “evə hüququn tanınması və evin bölünməsi” barədə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, 6-cı Bayıl küçəsi, ev 104 a saylı evin ½ hissəsinin mülkiyyətçisi X6, ½ hissəsinin mülkiyyətçisi X5 müəyyən olunmuşdur. Həmin evdən Nurəli Məmmədova 24,75 kv.metr və 12 kv.metrdən ibarət iki otaq, ikinci mərtəbədə mətbəx o, cümlədən 20 kv.metr və 10 kv.metrdən ibarət sahə ayrılmış, mətbəxin yüngül tipli arakəsmə ilə ayrılması, iki pəncərə yerinə qapı yeri açılması və tərəflərin hesabına qapı qoyulması eləcə də eyvanın arakəsmə ilə bölgüsünün aparılması, birinci mərtəbədə 8,66 kv.metr və 15,12 kv.metrdən ibarət iki otağın cavabdehə ayrılması, iddiaçıya ayrılmış otağın altında yerləşən, sahəsi 8,66 kv.metr olan bir otaq, vanna otağı, sanitar qovşaq ətrafındakı sahə ilə iddiaçıya ayrılması, birinci mərtəbənin həyətinin tərəflər arasında bölünməsi, cavabdehə ayrılmış otaqlar altındakı həyət hissəsi ilə X2 ayrılması, iddiaçı ilə X2 ayrılmış otaqların hüdudlarının arakəsmə ilə ayrılması, yeni qurulmuş hasarla qonşunun hasarı arasında iki metr olmaqla gediş-gəliş yolu saxlanılması, iddiaçıya öz hesabına küçəyə çıxmağın təmin olunması hüququ müəyyən olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2-282/06 saylı, xx xxxx 2006-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Nurəliyeviçin X2 qarşı həyatyanı sahənin bərabər bölünərək hasar çəkilməsinə, X1 İddiaçı Nurəli oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsinə əsasən əsas iddia təmin olunmuş, mübahisəli evin arxa hissəsində torpaq sahəsi tərəflər arasında bərabər bölünərək hasar çəkilməsi, həmin hasarın çəkilməsi üçün xərclərin İddiaçı Nurəli oğlunun üzərində saxlanılması, həmin ünvanda evin X2 aid hissədə küçəyə çıxış hissəsi 2 metr enində bərpa edilməsi, onun İddiaçı Nurəli oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Sözügedən qətnamə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın MK-4036/06 saylı, xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə ləğv olunmuş, iddia təmin olunmamış, qarşılıqlı iddiaçı kimi X1 İddiaçı Nurəli oğluna qarşı evin arxa hissəsinə giriş yolunun açılmasına dair iddiasının təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 6K-2246 saylı, xx xxxxxxxx 2006-cı il tarixli qərarı ilə apellyasiya intansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Səbail Rayon Məhkəməsinin 2(009)-438/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəyə minmişdir. Baxılan iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 8174 saylı rəyi ilə mübahisəli evin və onun qabağında yerləşən torpaq sahəsinin faktiki olaraq tərəflər arasında bölünmüş vəziyyətdə oluğuna baxmayaraq tərəflərin 1/2 paylarına uyğun şəkildə naturada torpaq sahəsinin bərabər qaydada məsafə saxlanılmaqla bölünməsi texniki cəhətdən mümkün olmadığı, evin cavabdehə məxsus hissəsində (texniki pasport üzrə birinci mərtəbə) ikinci mərtəbəsindəki eyvandan iddiaçının yaşayış evinə tərəf açılan qapının bağlanması texniki cəhətdən mümkün olduğu, bunun üçün eyvan tikilisində quraşdırılmış qapının pəncərə ilə əvəz olunmalı olduğu müəyyən edilmişdir. Qapının bağlanması nəticəsində tərəflərdən hansının mənafeyinə toxunubtoxunmaması məsələsi tikinti-texniki ekspertin səlahiyyətinə aid olmadığından həmin məsələ üzrə tədqiqat aparılmamışdır. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213, 220-ci maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddia əsassız olduğu üçün rədd olunmalıdır. Belə ki, Mülki Məcəlləyə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.1, 213.2). Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir (maddə 215.4). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçilər arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər (maddə 220.1-220.3). İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev tərəflərin paylı mülkiyyətindədir. Cavabdeh həmin evin ½ pay hüququna malik olan mülkiyyətçilərindən biridir və digər mülkiyyətçi kimi onun mübahisəli evə dair mülkiyyət hüquqları qanunla qorunur və mühafizə olunur. Eyni zamanda Kollegiya qeyd edir ki, işdə olan ekspert rəyi ilə tərəflərin 1/2 paylarına uyğun şəkildə naturada torpaq sahəsinin bərabər qaydada məsafə saxlanılmaqla bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı evin naturada bölünməsi üçün mülkiyyətçilər arasında razılığın olmaması müəyyən edilmişdir. Ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, ekspertin gəldiyi nəticəni şübhə altına almaq üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası işin hallarını və ekspert rəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyator nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına yuxarıda qeyd olunan arqumentlərinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-573/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4610/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4610/2020
17.06.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver