Məhkəmə qərarları › İş №2(103)-4610/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4610/2024

23.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4610/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X3” publik hüquqi şəxsinə qarşı mülki iş üzrə ( Açar sözlər: işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi; iddia müddətinin tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X3” publik hüquqi şəxsinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2322/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı xx.xx.2022-ci il tarixdən “X3”nin X1 filialının Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin inzibatçısı vəzifəsində çalışmış, “X3” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli əmrinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə tutduğu vəzifədən azad edilmişdir.

2. “X3”nin Mərkəzi Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-4-1976/2023 nömrəli son haqq hesab hesablaşma cədvəlindən və xx.xx.2023-cü il tarixli KM5 və KM6 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı istifadə edilməmiş məzuniyyət günləri üçün 22,81 manat məbləğində və əmək haqqına görə 194,37 manat olmaqla, cəmi 217,18 manat məbləğində son haqq-hesab ödənilmişdir.

3. İddiaçı cavabdeh “X3” publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1655/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi AR MPMnin 149.2.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən və iddia ərizəsinə mediasiyaya müraciəti ilə bağlı hər hansı bir sənəd əlavə edilmədiyindən geri qaytarılmışdır.

4. 13.03.2024-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, işə bərpa tələbi ilə bağlı mediasiyanın tətbiqi barədə təklifi iddiaçı xx.xx.2024-cü il tarixində vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X3” publik hüquqi şəxsinə qarşı “işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” publik hüquqi şəxsi ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilərək ləğv edilməsi, onun tutduğu vəzifəyə bərpa olunmağı, onunla xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətinin 2025-ci ilin yanvar ayı daxil olmaqla uzadılması (onun təqaüdə çıxacağı vaxt nəzərə alınmaqla) və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun “X3”ndə ümumi iş stajı təxminən 23,6 ildir. Həmin strukturda o, həmişə müddətsiz əmək müqaviləsi ilə işləmişdir. 2025-ci ilin yanvarında təqaüdə çıxmalı idi. Məhkəmə qətnaməsi ilə işə bərpa edilərkən cavabdeh tərəfindən ona bildirilmişdir ki, onunla əmək müqaviləsi 2025-ci ilin yanvar ayı da daxil olmaqla bağlanılır. Bu səbəbdən də o, əmək müqaviləsinin xx.xx.2023-cü il tarixədək bağlanması məsələsinə fikir vermədən müqaviləni imzalamışdır. İndi ona məlum olur ki, cavabdeh ona düzgün məlumat verməmişdir. Hesab edir ki, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi barədə əmr əsassız olduğundan ləğv edilməlidir.

7. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “X3” publik hüquqi şəxsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək məzuniyyətində olduğu üçün işə davamiyyət kitabına imza atmamış, 23-24 dekabr 2023-cü il tarixləri həftələrarası istirahət günlərinə təsadüf etdiyindən xx.xx.2023-cü il tarixdə işə çıxmış, həmin gün davamiyyət kitabına imza atmış, həmin gün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam veriləcəyi onun nəzərinə çatdırılmışdır. İddiaçının əmək müqaviləsinə xitam verilməsindən xəbərdar olmasını növbəti günlərdə işə gəlməməyi və davamiyyət kitabında imzalarının olmaması da sübut edir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin xx.xx.2023-cü il tarixdə xitam edilməsi hazırki məhkəmə işi üzrə işin mübahisəsiz halıdır. İddiaçı bu faktı öz iddia ərizəsində də mübahisələndirməmiş, əksinə təsdiq etmişdir. Bu səbəbdəndir ki, qanunvericilikdə fərdi əmək mübahisələri üzrə nəzərdə tutulmuş iddia müddətinin məhz bu tarixdən etibarən hesablanması nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən qanunvericilikdə nəzərdə tutulan iddia müddətini daha artıq müddətə ötürmüş və özü də iddia ərizəsində iddia müddətini ötürdüyünü dolayısı ilə etiraf etmişdir. Bu baxımdan iddia müddətinin ötürülməsi faktı nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2322/2024 nömrəli qətnaməsi ilə (hakim K.B.Xudayev) iddia təmin edilməmişdir.

10. Məhkəmədə müəyyən edilmişdir ki, “X3”nin X1 filialının Sənədlərlə iş və inzibati şöbəsində kargüzarlıq vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2023cü il tarixində xitam verilmiş, işçiyə əmək müqaviləsinin xitam verilməsi ilə bağlı son-haqq hesab xx.xx.2023-cü il tarixdə ödənilmiş və iddiaçı mövcud əmək mübahisəsi ilə bağlı ilkin olaraq məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, xx.xx.2023-cü il tarixindən 1 aylıq müddət ərzində məhkəməyə müraciət etməli olduğu halda, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan (xx.xx.2024-cü il tarixdən) təxminən 20 gün sonra iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir.

12. İddiaçının iddia müddətinin üzrsüz səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə təqdim etdiyi keçirdiyi əməliyyatla bağlı xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək ambulator müalicədə olmasını təsdiq edən Ambulator kitabçadan çıxarış isə iddia müddətinin üzlü səbəbdən ötürülməsi baxımından mötəbər sübut hesab edilə bilməz. Tarixə nəzər yetirdikdə görmək olur ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə son haqq hesabın ödənildiyi xx.xx.2023-cü il tarixdir. İddiaçının səhhətində olan problem isə iddia müddətinin ötürüldüyü gündən (xx.xx.2024-cü il) 1 ay 5 gün sonraya təsadüf edir.

13. Məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddia rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci, Əməlk Məcəlləsinin 296.2, 296.3, 296.6-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxarılmağı barədə əmri isə qərəzli və məqsədli şəkildə yəni xx.xx.2024-cü ildə ona veriblər, sənədin arxasında isə bunu imzasıyla təsdiq etmişdir. Bundan sonra o, işdən çıxarılmağını əsassız hesab etdiyinə görə xx.xx.2024-cü il tarixdə qeyd olunan iddia tələbi ilə rəsmi qaydada sözügedən məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi geri qaytarılmış və qərardadda göstərilmişdir ki, mediasiyaya müraciəti barədə sənəd mövcud olmadığından iddia ərizəsi geri qaytarılsın və sonradan məhkəməyə müraciət olunsun. O, yendiən işə bərpa tələbi barədə müvafiq Mediasiya qurumuna müraciət edib arayışı aldıqdan sonra yenidən eyni tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə bu səfər onun tərəfindən iddia müddətinin üzürsüz səbəbdən buraxıldığını bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə çıxarmışdır. Hətta, məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü ildə X4 müraciət etsə də, bu günə kimi, onlar müraciətini belə cavablandırmamışlar. İddia müddətini buraxmamışdır, işdən çıxma əmrini aldıqdan sonra mediasiyaya müraciət etməsə də, birbaşa məhkəməyə müraciət etmişdir, çünki ilkin olaraq tərəfindən işə bərpa barədə mediasiyaya müraciət olunmasını hüquqi cəhətdən bilməmişdir. Bundan başqa, o, həmin vaxtlarda xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi, əməliyyatda olmuşdur və bu sənədləri də məhkəməyə təqdim etmiş, hətta müddətin bərpası barədə də məhkəməyə müraciət etmişdir. İddia müddətini ötürməmişdir. Məhkəmə ümumiyyətlə işin mahiyyətini araşdırmamış, maddi hüquq normalarını düzgün sadalamamışdır. Ancaq işəgötürənin xeyrinə və onun tərəfindən verilmiş vəsatətlərə baxmış və cavabdeh təşkilat nə demişsə yalnız onları qətnaməyə köçürmüşdür. Məhkəmə qətnaməsi isə heç bir sübutları nə də ki, araşdırmaları, hansısa obyektivliyi özündə əks etdirmir. Həmin pozuntular qətnamədə açıq şəkildə görünür. Ona görə də həmin qətnamənin əsassızlığını nəzərə alınmasını və ləğv edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 68, İ hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, İİ hissə «b» bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsaslardan biridir. Maddə 296, İ-hissə. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296, İİ hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296, İİİ hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 379.1.6. Tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Maddə 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı: - İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

23. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: - İşin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər.

24. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: - Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia təmin olunmadığından və iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə cavabdeh - işəgötürən tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmiş, belə ki, iddiaçı tərəfindən hazırkı iddianı qaldırmaq üçün əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür.

31. Belə ki, iddiaçıya son haqq-hesab xx.xx.2023-cü il tarixdə ödənilmiş (cavabdehin ödəniş tapşırıqlarına əsasən bank tərəfindən icra edilmiş), iddiaçı isə xx.xx.2024-cü il tarixdə ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsində həmçinin bildirmişdir ki, ona xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi şifahi olaraq bildirilmişdir.

32. Kollegiya onu da qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə görə iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

33. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi səhhəti ilə bağlı əməliyyatda olmuşdur. Göründüyü kimi, iddia müddətinin ötürülməsi səbəbi iddia müddəti ərzində baş verməmişdir və belə olan halda iddia müddətinin ötürülməsi üzrlü sayıla bilməz.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən hazırkı iddia tələbi irəli sürülərkən əmək qanunvericiliyi ilə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür ki, iddia müddətinin ötürülməsi də iddianın rədd olunması üçün əsasdır.

35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2322/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar