Məhkəmə qərarları › İş №2(103)-4613/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4613/2021

06.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4613/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Nağiyev Ceyhun Teymur oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)- 1076/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh MMC tərəfindən barəsində verilmiş 08 sentyabr 2020-ci il tarixli, 403/K nömrəli əmrin ləğv edilməsini, onun həmin MMC-yə satış üzrə nümayəndə vəzifəsinə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırır ki, o, Cavabdeh MMC-də satış üzrə nümayəndə vəzifəsində işləmiş, cavabdeh heç bir əsas olmadan onu işdən çıxarmışdır. Belə ki, 08 sentyabr 2020- ci il tarixli, 430/K nömrəli əmrdə göstərilir ki, “İddiaçı Cəmiyyətin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində çalışan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 72-ci maddənin “ç” bəndinə əsasən, 08 sentyabr 2020-ci il tarixindən xitam verilsin. İstifadə etməiyi 2 gün əsas məzuniyyəti pul əvəzi ödənilsin. Əsas 23.07.2020-ci il tarixli xəbərdarlıq bildirişi”. Göründüyü kimi, əmr qanunsuz və əsassızdır. Belə ki, əmrdə onun hansı əsasla işdən çıxarılmağı göstərilməmişdir. Əmrdən belə başa düşülür ki, 23.07.2020-ci il tarixli xəbərdarlı onun işdən çıxarılması üçün əsasdır. Halbuki, əmək qanunvericiliyində işdən çıxarılmağın əsası kimi “xəbərdarlıq” nəzərdə tutulmamışdır. Əmrdə istinad edilən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilir ki, özünün xəstəliyi, yaxın qohumlarının xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud surətdə pozulması hesab olunur. Habelə, əmrdə istinad edilən 70-ci maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Halbuki, işçi işəgötürənin təşəbbüsü ilə işdən çıxarılarkən hansı səbəbdən işdən çıxarılması dəqiq göstərilməlidir. Beləliklə, əmrdə əsaslandırma olmadığı təqdirdə onun işdən çıxarılması mümkün deyildir. İşə getməməsinə səbəb isə koronavirus xəstəliyinə tutulması olmuşdur. Belə ki, işdə özünü pis hiss etdiyindən kadrlar şöbəsindən ona evə getməsi, bir müddət sonra özülərinin onu çağıracaqları deyilmiş, o qısa müddət evdə olsa da sonradan səhhəti pisləşdiyindən xəstəxanaya müraciət etmiş, xəstəxana şəraitində müalicə olunmuşdur. Bu müddət ərzində işdən onunla heç kim maraqlanmamışdır. Buna görə də, həmin əmr ləğv edilməli, o, həmin vəzifəyə işə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqqı cavabdeh tərəfindən hesablanaraq ona ödənilməlidir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)- 1076/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə əmək münasibətlərinə xitam verilməsinə dair Cavabdeh MMC-nin 08 sentyabr 2020-ci il tarixli, 430/K saylı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-nin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsinə işə bərpa edilməsi, 08 sentyabr 2020-ci il tarixdən hazırki qətnamə qanuni qüvvəyə minənədək olan dövr ərzində məcburi işburaxmaya görə əmək haqqının məbləği hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1076/2021 saylı iş üzrə 09.02.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qanunsuz və əsassızdır, ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Məhkəmə iddianı təmin etmək üçün öz qətnaməsində ilk olaraq qeyd etmişdir ki, guya iddiaçıya lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz. Bu arqument tamamilə əsassızdır! Əvvəla, İddiaçı məlumat vermədən işə gəlmədiyindən, "Cavabdeh” MMC tərəfindən ona rəsmi qeydiyyatda olduğu "Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndi” ünvanına 23.07.2020-ci il tarixli xəbərdarlıq bildirişi göndərilmişdir. Lakin “AlexExpress” poçt xidmətinin 07.09.2020-ci il tarxili, 97 nömrəli Aktına əsasən tərəflərindən İddiaçı ünvanlanan xəbərdarlıq məktubu şəxsin həmin ünvanda yaşamaması səbəbindən ona çatdırılmamışdır. Aktdan da göründüyü kimi, tərəflərindən iddiaçının məlumatlandırılması üçün bütün zəruri tədbirlər görülmüş, lakin iddiaçının rəsmi ünvanında yaşamaması, habelə faktiki yaşayış yeri barədə işəgötürənə məlumat verməməsi səbəbindən məktubun şəxsə çatdırması mümkün olmamışdır. İş materiallarından da aydın olduğu kimi, xəbərdarlıq məktubu iddiaçıya onun rəsmi qeydə alındığı yaşayış yerinə göndərilib. Buna görə də, məktubun iddiaçıya onun təqsiri ucbatından çatmaması iddianın təmin olunması üçün mötəbər arqument hesab edilə bilməz! İddiaçı ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlayaraq ofisə dəvət etsələr də, o, ofisə gəlməmiş, işə çıxmama səbəbləri barədə işəgötürənə heç bir məlumat verməmiş və sənəd təqdim etməmişdir. Belə olan halda, məhkəmənin iddianı təmin etmək üçün bu arqumentə istinad etməsi, qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi öz qətnaməsində belə bir arqument irəli sürmüşdür: İddiaçı ona göndərilmiş, lakin çatmamış bildirişin tərtib olunduğu 23 iyul 2020-ci il tarixindən 4 gün sonra, yəni 27 iyul 2020-ci il tarixində “koronavirus” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, 10 avqust 2020-ci il tarixində xəstəxanadan evə, 14 günlük ev şəraitində karantinə göndərilmiş, 24 avqust 2020-ci il tarixinədək evdən çıxmamağı xəstəxana qarşısında öhdəsinə götürərək bu barədə iltizam imza etmişdir. Yuxarıda göstərilən əsaslar İddiaçı səbəbsiz yerə iş buraxması halını inkar edir ". Qeyd edir ki, C.T. Nağıyev 27.07.2020-ci il tarixində xəstəxanaya yerləşdirilsə də, o, hələ 02.07.2020-ci il tarixindən etibarən işə çıxmırdı. Yəni İddiaçı xəstəxanaya yerləşdirilənədək artıq 25 gün idi ki, işə gəlmirdi və 23.07.2020-ci ildə ona xəbərdarlıq məktubun göndərilməsinin səbəbi də məhz onun bu müddət ərzində işə gəlməməsi idi. İddiaçı isə hələ xəstəxanaya yerləşdirildiyi günədək ötən 25 gün ərzində işə çıxmamasının səbələri barədə nəyinki özü heç bir məlumat verməmiş, hətta bu məqsədlə ona telefon vasitəsi ilə etdikləri zənglərə də cavab verməkdən yayınmışdır. Məhkəmənin məntiqindən belə çıxır ki. əgər işçi xəstələnibsə, işə götürəni bu barədə məlumatlandırmaq vəzifəsi daşımır və xəstəliyi bəhanə edərək, işə çıxmaya bilər. Bu ki adi hüquq məntiqindən kənardır! Əgər işçi hər hansı bir üzürlü səbəbdən dolayı işə çıxmırsa (bütün iş günü işə gəlmirsə) birmənalı şəkildə bu haqda işəgötürəni rəsmi şəkildə məlumatlandırmalıdır. Məhkəmə bu arqumentə Qətnamədə istinad etdiyi, lakin məlum olunmayan SN serialı, 00006 nömrəli "Əmək qabiliyyətinin olmaması vərəqəsinə” və İltizamnaməyə əsasən gəlib. Halbuki bu sənədlərin heç biri iddiaçı tərəfindən bizə təqdim edilməmişdir! Həmin sənədlər yalnız iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi və ya iddiaçı xəstəliyi ilə əlaqədar stasionar müalicədə olması barədə cavabdehə rəsmi qaydada məlumat verdiyi zaman məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilərdi. Əks halda sənədlər rəsmi sübut növü kimi qəbul edilməmli və əhəmiyyətsiz hesab edilməli idi. Əgər bu sənədləri iddiaçının üzürlü səbəbdən dolayı işə çıxmamasının mötəbər sübutu kimi qəbul etsək belə, nəzərə almaq lazımdır ki. İddiaçı həm xəstəxanaya yerləşdirilənədək keçən 25 gün ərzində, həm də müalicəsini bitirdikdən (10.08.2020) və 14 günlük ev şəraitində karantində qaldıqdan sonra iki həftəyə yaxın müddətdə işə çıxmamasının səbəblərinin üzürlü olması barədə işəgötürəmə məlumat verməmiş, bunu təsdiq edən sənədləri təqdim etməmiş, eyni zamanda iş yerinə qayıdaraq əmək funksiyalarını icra etməyə cəhd etməmişdir. Məhkəmə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmadığı görüntüsü yaratmaq üçün öz qətnaməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci, maddəsinə istinad etmiş və göstərmişdir ki, guya Cavabdeh MMC tərəfindən “işçiyə lazımı qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, habelə yuxarıda göstərilən əsaslar İddiaçı səbəbsiz yerə işburaxması halını inkar edir” . Məhkəmə bu maddəyə o zaman istinad edə bilər ki. işəgötürən tərəfindən işçinin hüquqları həqiqətən pozulmuş olsun və işçi əsassız yerə işdən azad olunsun. Lakin bunların heç biri məhkəmə tərəfindən subuta yetirilməmişdir. Buna görə də məhkəmənin həmin maddəyə istinad etməsi əsassızdır! Bundan başqa, məhkəmənin Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası” adlı 83-cü maddəsinin 1-ci bəndinə və “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” adlı 84-cü maddəsinə istinad etməsi tamamilə əsassızdır. Məhkəmə həmin maddələrə istinad etsə də bu maddələrin tətbiq edilməsinin zəruriliyini qətnamədə əsaslandırmamışdır. Halbuki, Cavabdeh MMC İddiaçılə bağlanmış əmək müqaviləsinin ləğvini 08.09.2020-ci il tarixli 430/K saylı əsaslandırılmış əmri ilə rəsmiləşdirmişdir. Cavabdeh MMC-nin 08.09.2020-ci il tarixli 430/K saylı Əmrində ƏM-nin 84-cü maddəsində qeyd olunan əmrin məzmununa dair bütün zəruri tələblərə riayət edilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Cavabdeh MMC-nin 30.07.2019-cu il tarixli, 387/K saylı əmrindən çıxarışdan və 16 sentyabr 2019-cu il tarixdə imzalanmış əmək müqaviləsinə əlavədən görünür ki, İddiaçı MMC-nin Satış Departamentinə 30.07.2019-cu il tarixdən Satış üzrə nümayəndə vəzifəsində işə qəbul edilmiş, 16.09.2019-cu il tarixdən ona 400 manat əmək haqqı təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən İddiaçı “Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Bulqan kəndi ünvanı üzrə göndərilmiş 23.07.2020-ci il tarixli xəbərdarlıq bildirişində göstərilmişdir ki, “əmək müqaviləsi əsasında Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində çalışdığınız Cavabdeh MMC-yə 02.07.2020-ci il tarixindən etibarən işə gəlməməyiniz müəyyən edilmişdir. Dəfələrlə telefonla əlaqə saxlayaraq üzrsüz səbəbdən işdən yayındığınız bildirilsə də, işə davaimyyətsizliyiniz davam etmişdir. Sizə xəbərdarlıq edilirik ki, məktub sizə çatdığı andan etibarən 2 iş günü ərzində bizə işə gəlmədiyiniz günlərlə bağlı müvafiq sənəd təqdim edəsiniz, əks təqdirdə, üzrsüz səbəbdən işdə olmamağınızla bağlı bütün iş günü işə gəlmədiyinizə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqavilənizə xitam veriləcəkdir.” İş materiallarında olan, “AlexExpress” poçt xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 07.09.2020-ci il tarixli, 97 nömrəli aktda göstərilmişdir ki, 24.07.2020-ci il tarixdə Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlandırılmış məktub şəxsin həmin üvnanda yaşamaması səbəbindən ona çatıdırılmamışdır. İş materiallarında olan, Cavabdeh MMC-nin 08.09.2020-ci il tarixli, 430/K saylı əmrindən çıxarışda MMC-nin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndini rəhbər tutaraq, 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 sentyabr 2020-ci il tarixindən xitam verilməsi, istifadə etmədiyi 2 gün əsas məzuniyyəti pul əvəzinin ödənilməsi, buna əsas kimi isə 23.07.2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilmişdir. İş materiallarında olan, Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlandırılmış 08.09.2020-ci il tarixli məktubda onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi göstərilmiş, ondan MMC-yə gəlib əmək kitabçasını təhvil alması xahiş olunmuşdur. İş materiallarında olan, tərəflər arasında bağlanmış 30.07.2019-cu il tarixli əmək müqaviləsinin 9-cu maddəsinin 2-ci bəndində göstərilmişdir ki, işəgötürlən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. İş materiallarında olan SN seriyalı, 00006 nömrəli “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən görünür ki, İddiaçı “koronavirus” diaqnozu ilə xəstəxana rejimində müalicə aldığından 27.07.2020-ci il tarixdən 13.08.2020-ci il tarixədək işdən azad edilmişdir, iltizamnamədən görünür ki, 10 avqust 2020-ci il tarixdə xəstəxanadan evə buraxılmış və 24 avqust 2020-ci il tarixədək evdən çıxmamağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir; - 68.2-ci maddəsinin “a” bəndinə əsasən tərəflərinin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. - 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. - 71.2 və 71.3-cü maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. - 84.1-ci maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: . müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; . işçinin adı, atasının adı və soyadı; . əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; . əmək müqaviləsinin ləğv edilməsinin əsası; . həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; . əmək müqaviləsi ləğv edilən gün, ay və il; . əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddənin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdehin nümayəndəsi izahatında işdən çıxarılma əmrinin surətinin iddiaçıya çatmadığını bildirmiş, iddiaçı tərəfindən rəsmi qaydada alınmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən hazırki halda iddia müddəti ötürülməmişdir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, Cavabdeh MMC tərəfinən MMC-nin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsində çalışan İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə 08 sentyabr 2020-ci il tarixli, 430/K saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, əmrdə müqaviləyə xitam verilməsinə əsas kimi 23.07.2020-ci il tarixli xəbərdarlıq bildirişi göstərilmişdir. Hansı ki, həmin xəbərdarlıq bildirişi İddiaçı çatmamışdır. Həmçinin, müəyyən olunur ki, İddiaçı ona göndərilmiş, lakin çatmamış bildirişin tərtib olunduğu 23 iyul 2020-ci il tarixindən 4 gün sonra yəni 27 iyul 2020-ci il tarixdə “koronavirus” diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, 10 avqust 2020-ci il tarixdə xəstəxanadan evə, 14 günlük ev şəraitində karantinə göndərilmiş, 24 avqust 2020-ci il tarixədək evdən çıxmamağı xəstəxana qarşısında öhsədinə götürərək bu barədə iltizama imza etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işçiyə lazımi qaydada çatdırılmamış xəbərdarlıq bildirişi onun işdən çıxarılması üçün əsas hesab edilə bilməz, eyni zamanda, yuxarıda göstərilən əsaslar İddiaçı səbəbsiz yerə işburaxması halını inkar edir. Buna görə də, Cavabdeh MMC tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 430/K saylı əmr ləğv edilməli, İddiaçı Cəmiyyətin Satış Departamentində Satış üzrə nümayəndə vəzifəsinə işə bərpa olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda cavabdehin qanunsuz olaraq iddiaçılarla olan əmək münasibətlərinə xitam verməsi halı müəyyən edildiyindən iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir və bu müddət onun işdən azad edildiyi tarixdən qətnamə qanuni qüvvəyə minənədək olan dövr üçün müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin əmrinin ləğv edilməsi və iddiaçıya 2020-ci ilin sentyabr ayından hazırki qətnamə qanuni qüvvəyə minənədək məcburi iş buraxma müddəti üçün əmək haqqı Cavabdeh MMC tərəfindən ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)- 1076/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar