Məhkəmə qərarları › İş №2(103)-4613/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4613/2022

05.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4613/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi tələbinə dair» 2(005)-1503/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad olunması barədə Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2021-ci il tarixli, K-1400 saylı əmrinin ləğv edilməsi və əvvəlki iş yeri olan Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 illik iş stajı yalnız pedoqoji fəaliyyətdən ibarət olmuşdur. Belə ki, xx.xx.2003-cü il tarixdə Aşağı Ağcakənd qəsəbə orta məktəbinə ixtisası üzrə müəllim, xx.xx.2010-cu il tarixdə Aşağı Ağcakənd qəsəbə tam orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, xx.xx.2012-ci il tarixdə Bayan kənd ümumi orta məktəbinə biologiya müəllimi vəzifəsinə təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsi müvvəqəti olaraq həvalə edilmişdir. Daha sonra iddiaçı Dövlət Ümumi Təhsil Müəssisəsinə direktor vəzifəsinə işə qəbul üçün test imtahanında iştirak etmiş, müvəffəqiyyət qazanmışdır. xx.xx.2017-ci il tarixdə Təhsil Nazirliyinin əmri ilə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor təyin edilmişdir. 18 noyabr 2021-ci il tarixədək məktəb direktoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli, K-1400 saylı əmri ilə iddiaçının əmək müqaviləsi Azərbaycan Resublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən 18 noyabr 2021-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli, K-1400 saylı əmri əssasız olduğu üçün ləğv edilməli və aşağıda göstərilən səbəblərə görə məktəb direktoru vəzifəsinə işə bərpa edilməlidir. Belə ki, o, direktor təyin edilməmişdən qabaq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbdə jurnal üzrə cəmi 21 şagird təhsil almış, məktəbdə doğru-düzgün davamiyyət olmamışdır. Lakin iddiaçı direktor işlədiyi dövrdə artıq qayda-qanun yaranmış, bu səbəbdən şagird sayı ildən-ilə artmışdır. İşlədiyi müddət ərzində kollektivin nüfuzunu qazanmış, intizam xətasına yol verməmiş, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri qüsursuz yerinə yetirmiş, heç bir nöqsanı olmamış, rəhbərlik tərəfindən heç bir irad tutma, töhmət və ya xəbərdarlıq almamışdır. X1 üzvü olmuş, nümunəvi fəaliyyətinə görə X4 tərəfindən medalla da təltif olunmuşdur. 01 iyul 2021-ci il tarixdən əmək məzuniyyətdə olduğu müddətdə, 12 iyul 2021-ci il tarixdə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış 2 saatlıq yoxlamanın nəticəsi olaraq, tərtib olunmuş akt həmin gün deyil, başa bir vaxtda iddiaçı tərəfindən tələsik imzalanmışdır. Aktda göstərilmişdir ki, sonuncu verilmiş 3-4 əmr əmək kitabında yoxdur. Bununla əlaqədar həmin əmrlər hazır olmuş, əmr kitabının arasında olmuşdur. Sadəcə praktikada belə bir hal olur ki, əmrlər müəyyən texniki dəyişiklik ola biləcəyi ehtimalına görə kitaba bir neçə gün ərzində köçürülür. Sonra göstərilmişdir ki, pedoqoji şuranın protokol kitabına sonuncu 1 iclasın protokolu daxil edilməmişdir. Əslində həmin protokol da hazır olmuş, protokol kitabının arasında vərəqdə olmuş, sadəcə kitaba köçürülməmişdir. Daha sonra göstərilmişdir ki, dərs dinləmələri olmamışdır. Bununla əlaqədar ölkədə olan mövcud pandemiya şəraiti ilə əlaqədar ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formada təşkil olunmuş, 08 fevral 2021-ci il tarixdən isə növbəli iş rejiminə keçirilmişdir. Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması çətinlik yaratdığından dərs dinləmələri olmamışdır. Çünki, pandemiya şəraiti olmuş, otaqlar böyük olmadığından hərkəsi biryerə yığmaq və eyni zamanda şagirdlər arasında sosial məsafə yaratmağa çalışmaq çətinlik törətmişdir. Həmçinin göstərilmişdir ki, texniki işçi X3 dərs vaxtı işdə olmamışdır. Bununla əlaqədar bildirir ki, texniki heyətə dair tələblər barədə Nazirlər Kabinetinin qərarında göstərilmişdir ki, texniki heyət üçün növbəli iş rejimi tətbiq olunur və onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra təşkili təmin edilməlidir. Təhsil Nazirliyinin əməkdaşları tərəfindən isə yoxlama cəmi 2 saat müddət ərzində keçirildiyindən, texniki işçinin işdə olması həmin vaxta təsadüf etməmişdir. Həmin əməkdaşlar özləri də şifahi şəkildə bildirdilər ki, pandemiya şəraiti olduğundan bu hal normaldır. Qeyd olunanlar tədrisin təşkilinin pozulmasına heç bir halda səbəb ola bilməz. Cavabdeh Əmək Məcəlləsinin bir sıra imperativ tələblərinə riayət etməmiş və həmin Məcəllə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam vermiş və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 noyabr 2021-ci il tarixli K- 1400 saylı əmri İddiaçı aid hissədə ləğv edilmiş, İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbinə direktor vəzifəsinə bərpa olunması qət edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntuya yol vermişdir. Belə ki, məhkəmə işəgötürən tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin hansı əsasla ləğv edilməsini əsaslandırmamış, yalnız Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, müddəti tətbiq etmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barədə müvafiq inzibati tənbeh xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Odur ki, işəgötürən tərəfindən qanunvericiliyin imperativ normaları pozulmaqla işçiyə inzibati tənbeh tətbiq olunmuşdur. Bununla da, məhkəmə prosessual pozuntuya yol vermişdir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Lakin iş materiallarından göründüyü kimi, mübahisə tərəfi müddətin tətbiqi ilə bağlı ərizə verməmiş və müddəti mübahisələndirməmişdir. İşə baxan məhkəmə qətnamədə yalnız Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənmiş, lakin işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən, Əmək Məcəlləsinin hansı maddəsinin tələblərinin pozulmasına dair münasibət bildirməmişdir. Belə ki, məhkəməyə təqdim olunmuş yoxlama aktında sadalanan nöqsanların əsaslı olub-olmaması, aşkar olunan faktlarda iddiaçının hansı dərəcədə təqsirli olub-olmaması, yoxlayıcılar tərəfindən akt yazılarkən hüquq normalarına riayət olunub-olunmaması, mübahisələdirilən əmrin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olub-olmaması və s. kimi hallar araşdırılmamış, qətnamədə bu məsələlərə hüquqi münasibət bildirilməmişdir. Məhkəmə işin faktiki hallarına hüquqi qiymət verməmiş və qətnamədə yoxlama aktında aşkar olunan faktlara və cavabdehin izahatına və təqdim olunan sənədlərə münasibət bildirməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı, onun təmsilçisi hər biri ayrı-ayrılıqda şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin və Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində aparılmış yoxlama nəticəsində aşkar olunmuş nöqsan və çatışmamazlıqlar qeyd olunmuşdur. Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının sədrinə göndərilmiş xx.xx.2021-ci il tarixli, xx-xx-1507/10 nömrəli təqdimatda qeyd olunmuşdur ki, mərkəzi İcra hakimiyyətləri orqanları rəhbərlərinin vətəndaşların qəbulu qrafikinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə X5 Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktorunun hüquqa zidd əməllərə yol verməsi barədə şikayət xarakterli müraciətində qaldırılan məsələlərin yerində araşdırılması məqsədilə Təhsil Nazirliyinin əməkdaşları tərəfindən yoxlama keçirilmişdir. Yoxlama nəticəsində müəyyən olunmuş nöqsan və çatışmamazlıları nəzərə alaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilir və buna münasibət bildirilməsi xahiş olunur. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 01 nömrəli iclas protokolundan çıxarışda göstərilir ki, Əhmədova Sədaqət Məmmədəli qızının sədrliyi ilə keçirilmiş iclasda Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli xx-xx-1507/10 nömrəli məktubu nəzərə alınaraq Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsi məqəsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə verilmiş xx.xx.2021-ci il tarixli, K-1400 nömrəli «Yoxlamanın nəticələrinə dair» əmrlə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verildiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqavilələri üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2021-ci il tarixdə ləğv edilməsi əmr edilmişdir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru vəzifəsinə təyin edilmişdir. Bundan sonra xx.xx.2021ci il tarixdə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində Təhsil Nazirliyinin əməkdaşları tərəfindən aparılmış yoxlama nəticəsində nöqsan və çatışmamazlıqları müəyyən edilərək həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Bundan sonra Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına təqdimatla müraciət edilərək göstərilən nöqsan və çatışmamazlıqlara əsasən Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 01 nömrəli iclasında Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi üzrə verilmiş xx.xx.2021-ci il tarixli, K-1400 nömrəli «Yoxlamanın nəticələrinə dair» əmrlə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Həmin Məcəllənin 80-cı Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalara dair maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X4na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X4 bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madddənin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin «ç» bəndində nəzərdə tutulmuş «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbehini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir; İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Həmin Məcəllənin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qeyd olunan maddi hüquq normalarının imperativ tələblərindən göründüyü kimi qanunverici işəgötürənlə işçi arasında yaranan əmək münasibətlərini həmin normaların tələblərinə uyğun olaraq tənzimlənməsini müəyyən etmişdir. Hazırda iddia tələbi üzrə müəyyən olunmuş halların qeyd olunan normaların tələblərinə uzlaşdırılması zamanı uyğunzuluqlar aşkar olunmuşdur. Belə ki, Təhsil Nazirliyinin əməkdaşları tərəfindən iddiaçının işlədiyi Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və nəticəsinə dair akt tərtib edilmişdir. Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdimatla ATİAHİ Daşkəsən RK-nin RTŞ üzrə ilk həmkarlar təşkilatına müraciət olunmuşdur. Həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli, 01 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş təqdimat üzrə Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbin direktoru İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının müvafiq vəzifə nöqsanları və ya çatışmamazlıqlarına dair hallara qiymət verilməsindən qabaq bu hallar üzrə işəgötürənin vəzifələrini düzgün icra edib-etməməsinin müəyyən olunması zəruri hesab edilməlidir. Əks təqdirdə işəgötürən tərəfindən işçiyə dair görülmüş tədbirlərin hüquqi əsaslılığı şübhə altına alına bilər. Qeyd olunan halların müəyyən edilməsi zamanı işəgötürən tərəfindən yol verilən pozuntular xx.xx.2021-ci il tarixdə aşkar edilməsinə baxmayaraq, işçi barəsində müvafiq intizam tənbehi tədbiri 4 aydan artıq müddət sonra, xx.xx.2021-ci il tarixdə icra olunmuşdur. Halbuki, əmək qanunvericiliyinin tələblərinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 (bir) ay keçənədək verilə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən xx.xx.2021ci il tarixdə iddiaçının fəaliyyətində aşkar edilmiş nöqsanlara görə intizam tənbehinin tətbiq edilməsi üçün son tarix xx.xx.2021-ci il olmalı olduğu halda, cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə aşkar olunmuş həmin nöqsanlara görə xitam verilmişdir. Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli yoxlama aktından və xx.xx.2021-ci il tarixli yoxlamanın nəticələrinə dair əmrindən görünür ki, Daşkəsən rayon Bayan kənd ümumi orta məktəbində aparılmış həmin yoxlama məktəbin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə bağlı olmamış, məktəbdə rəhbərliyin və nəzarətin həyata keçirilməsində, icra və əmək intizamının vəziyyətində aşkar edilmiş nöqsanlara dair akt tərtib edilmişdir. Bunu yoxlamada təmsil olunan yoxlayıcıların tərkibi də təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsi əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq qeyd edir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinin normaları pozulmaqla işçi barəsində intizam tənbehinin tətbiqinə yol verildiyi üçün birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1503/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar