Məhkəmə qərarları › İş №2(103)-4615/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4615/2023

18.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4615/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi, 30 may 2022-ci il tarixində gecikdirilməklə ödənilmiş son haqq-hesabın gecikdirildiyi hər gün üçün 1 faiz olmaqla, ümumilikdə 18 gün üçün 18 faiz hesablanmaqla cavabdehdən tutulması, iş vaxtından artıq işlənilmiş vaxtın hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildən 2022-ci ilə qədər Dövlət Sosial Müdafiə Fondunun müxtəlif strukturlarında fərqli vəzifələrdə işləmişdir, 18 ildir ki, dövlət qulluqçusu olmuşdur. Son olaraq xx.xx.2020-ci il tarixli müvafiq əmrlə həmin tarixdən etibarən AR ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baş mütəxəssis vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə vəzifə öhdəliklərini lazımi şəkildə yerinə yetirmişdir. Lakin işlədiyi vaxtda demək olar ki, təqvim ayının bütün günləri (istirahət günləri sayılan həftəsonu və bayram günlərində) iş vaxtından artıq işlər görmüşdür. Adi iş günlərində isə 9-10 saat, bəzən isə daha çox işləmişdir. Bunun nəticəsində onun sağlamlığına zərər dəymiş və müxtəlif müalicələr almışdır. Bununla bağlı tibbi rəy də vardır. O, bu qədər ağır rejimdə artıq işləyə bilmədiyi ilə bağlı Filialın direktoru Hüseyn Paşayevə ərizə yazmış və onu daimi əsaslarla daha yüngül işə keçirməyi xahiş etmişdir. Lakin bu rəhbərlik tərəfindən xoş qarşılanmamış, onlar bunu özlərinə qarşı hörmətsizlik olaraq qəbul etmiş və ona iş yerində təzyiqlər göstərməyə başlamışlar. Bütün bunların nəticəsində xx.xx.2022-ci il tarixli əmrlə onunla 3 ay müddətinə bağlanılmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam vermişlər. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. 20 ildən çoxdur mövcud sistemdə işləyir, bu sahədə kifayət qədər təcrübəsi vardır. Həmçinin o, 2022-ci ildə keçirilmiş imtahandan da kifayət qədər bal toplayaraq vəzifəyə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsində göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Hazırkı vəziyyətdə işçi ilə 3 aylıq ardıcıl müqavilələr bağlanılması işəgötürənin öz üstün mövqeyindən və dövlətin vermiş olduğu səlahiyyətlərdən sui-istifadə etdiyini göstərir və sübut edir. Cavabdeh bunu Əmək Məcəlləsinin 47-ci maddənin F bəndi ilə əsaslandırsa da, bu özlüyündə cəfəngiyatdır. Belə ki, həmin idarədə mindən çox işçi vardır və hər kəslə ardıcıl olaraq 3 aylıq müqavilələr imzalanır. İşçilər buna məcbur edilir və işçi ilə işəgötürən arasında olan müqavilə bərabərliyi prinsipi pozulur. Hesab edir ki, işçinin işlədiyi bütün iş vaxtından artıq saatlar hesablanaraq qanunvericiliyə uyğun olaraq ona ödənilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr 12 may 2022-ci il tarixdə verilsə də, ona son haqq hesab 30 may 2022-ci il tarixdə, yəni 18 gün sonra ödənilmişdir. Bu da ona əsas verir ki, son haqq hesabın gecikdirilmiş 18 faizi qədərində məbləğ cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin **********3 saylı, 12 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, qətnamə icra olunan (işə bərpa olunan) günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya təşkilatında mediasiya keçmək üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış yazılı etirazda bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tamamilə əsassızdır. İddiaçı 2 il ərzində 3 aylıq müddətə bağlanmış əmək müqaviləsi ilə fəaliyyət göstərib, öz imzası ilə müqaviləni təsdiq edib. Lakin heç bir zaman bu hala qarşı etiraz etməyib. Sadəcə olaraq hazırda işə bərpa olmaq üçün bundan istifadə edir. İradə ifadəsi olmadığını bildirsə də onun iradə ifadəsi olmuşdur, müqaviləyə etiraz etməmişdir. Müqavilələrin 3 aylıq müddətə bağlanmasının səbəbi odur ki, qanun və ya etik davranış qaydaları pozuntusu edən işçilərin əmək müqaviləsinə tez xitam verilsin. Müddətli müqavilə ilə bağlı Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi mövcuddur və sözügedən müqavilənin bağlanmasında qanunsuz heç bir hala rast gəlinmir. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əlaqədar Ali Məhkəmənin bir sıra qərarları mövcuddur. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işəgötürən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu xx.xx.2022-ci il tarixli, **********3 nömrəli əmr ilə İddiaçı müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad etmiş və Əmək müqaviləsinə xitam verilmişdir. Müddətin uzadılması üçün müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirilməli, müddət bitdikdən sonrakı 1 həftə ərzində tərəflərdən heç biri əmək müqaviləsinə xitam verilməsini tələb etməməlidir. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73-cü maddələrinə, Mülki Prosessual Məcəllənın 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnaməsinin əsaslandırma hissəsi bütünlükdə sadəcə bu cümlədən (işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir) ibarət olmaqla, iş üzrə məhkəmə iclaslarında və iddia ərizəsində göstərilmiş hallara toxunmadan və fikir bildirmədən qətnamə qəbul etmişdir. İşçi heç bir intizam pozuntusuna və qüsura yol vermədiyi halda, işəgötürən əsaslandırma etmədən işçi ilə müddətli əmək müqaviləsinə xitam vermişdir. Həmçinin bu əmək müqaviləsi daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılmış və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmışdır. Həmin əmr qanuni deyildir və işçınin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi işçi ilə niyə daimi deyil 3 aylıq müqavilə imzalanması məsələsi ilə maraqlanmamış, sadəcə iş üzrə formal qətnamə qəbul etmişdir. İşin halları ilə də sübut olunur ki, 18 il dövlət qulluqçusu olmuş və cavabdeh qurumda 20 ildən çox stajı olan bir şəxs öz sərbəst iradəsi əsasında 3 aylıq əmək müqaviləsi imzalamazdı. Buradan da görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin F bəndində göstərilmiş tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diktə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47ci maddəsində göstərilən hallar olmayıb. Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalıdır. Cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməmişdir. Onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmuş və sənəd elektron imza ilə təsdiq edilməmişdir. Bu isə həmin sənədin qanuni olmamasına dəlalət edir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)- 762/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək qeyd etmişdir ki, məhkəmə kollegiyası İddiaçı əmək müqaviləsinin daimi xarakter daşıdığı halda xx.xx.2020-ci il tarixdən etibarən 3 ay müddətinə bağlanılması və sonradan hər 3 aydan bir eyni müddətə uzadılmasının qanunsuz olması ilə əsaslandırmaq üçün irəli sürdüyü bu dəlilini əsassız hesab edir. Belə ki, işin birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmış işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmiş və ona görə də, cavabdeh haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir. Apelyasiya şikayətində iddia edilmişdir ki, cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanması işçilərə diqtə olunmuş və imzalamayan şəxslərin işdən azad olunacağı barədə hədə-qorxu gəlinmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, İddiaçı apelyasiya şikayətində əmək müqaviləsinin məhz bu şərtlərlə imzalanmasının ona diqtə olunmasını və imzalamasa onun işdən azad olunacağı barədə hədə-qorxu gəlinməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab etmişdir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış,müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Əmək Məcəlləsinin 11, 45, 47, 68, 73 və 83-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218ci maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1857/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)- 762/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinin tələbləri nəzərə alınmamışdır. İşçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Hazırkı işdə isə apellyasiya məhkəməsi qeyd edilən hallar üzrə araşdırma aparmamış, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin müəyyən edilmiş faktiki halları arasındakı uyğunluğu (uyğunsuzluğu) əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığının alınmalı olduğu, cavabdeh orqanın belə bir razılığa dair sənəd təqdim edə bilmədiyi barədə dəlilinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununda izahat verərək, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

35. Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (İV).

Əmək Məcəlləsi:

3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”)–işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47.F. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə İddiaçı arasında bağlanmış xxxxxxx000300 saylı, xx.xx.2020-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Sosial Sığorta ödəmələri departamentinin Birdəfəlik və tənzimlənən müavinət sənədlərinin emalı şöbəsinin baş mütəxəssisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsinin 2.1-ci bəndinə görə bu müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 ay müddətinə bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə görə müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********3 nömrəli əmrindən Çıxarışa əlavədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının baş mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı xx.xx.2022-ci il tarixdən müddətli əmək müqaviləsində göstərilən müddətin bitməsinə görə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işinin xüsusiyyətinin müddətli olmamasını, işin hüquqi tərəflərindən başqa vəzifənin öhdəsindən kifayət qədər gəldiyini, heç bir əmək intizamsızlığına yol vermədiyini bildirməklə həmin əmrin ləğv edilməsi ilə yanaşı, əvvəlki vəzifəsinə bərpa edilməli olmasını, həmçinin ona ödənilməli olan məbləğləri mübahisələndirir. Cavabdeh isə iddiaya etiraz edərək münasibətlərinin könüllü xarakter daşıması faktı, habelə işçinin işə qəbul zamanı müqaviləyə imza çəkərək könüllü iradə ifadəsini əks etməsi faktı, 2020-ci ildən 2022-ci ilə qədər eyni müqavilə forması üzrə əmək münasibətinin davam etməsi faktının nəzərə alınmaqla iddianın rədd olunmalı olmasını bildirmişdir. Cavabdeh tərəfin etirazının maddi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi, əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Bundan başqa, Kollegiya iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Həmçinin, nəzərə alınmalıdır ki, əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə də işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamvercici səlahiyyətlərə malik olur. Təsadüfi deyildir ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi dövlət orqanlarının, icra və sair orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsini də bu aktı qəbul etmiş orqanların üzərinə qoyur. İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi əvvəl müddətsiz olub, eləcə də hazırki əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması cavabdeh tərəfindən müddətsiz mübahisə olunmur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın iddiaçı ilə bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətli əmək müqaviləsinə keçirməsi işdən görünmür. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir və belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır. Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür. Kassasiya instansiyasının mövqeyinə görə ƏM-nin 47-ci maddəsinin “f” bəndinə istinad olunmaqla bağlanmış müddətli müqavilə ilə bağlı mübahisələrə baxılarkən məhkəmə, işin konkret hallarına (o cümlədən, müddətsiz müqavilə əsasında çalışan işçinin öz xahişi ilə işdən azad olunması və müddətli müqavilə bağlaması barədə ərizələrinin etibarlılığına) ƏM-nin 2-ci maddəsində əks olunan əmək münasibətləri tərəflərinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri əsasında obyektiv hüquqi qiymət verməlidir. Bu zaman müqavilə tərəflərinin əmək münasibətlərində olduğu müddət, işin və ya göstərilən xidmətlərin xarakteri, tərəflərin dəlilləri və mübahisənin diqqətəlayiq bütün halları nəzərə alınmalıdır. Kollegiyanın qənaətinə görə, eyni struktruda iş stajına (20 ildən çox) malik kifayət qədər ixtisaslı işçi ilə 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Kollegiya qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını əsaslı saymır. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin işə götürənin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməsi qanuni və əsaslı olmasına dair nəticəsi düzgün olmamışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etmiş, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadığı, eləcə də hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmədiyindən və bu hal əvvəldən işəgötürənə bəlli olduğundan, onun əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümi deyil, daimi xarakterə malik olmaqla qabaqcadan işəgötürənə bəlli olduğundan, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı halların müəyyən edilmədiyindən iddia tələbləri təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin Fondun nizamnaməsinə əsasən, işçi ilə əmək müqaviləsinə xitam verilərkən bu barədə nazirin razılığı alınmalı olması, cavabdeh orqan belə bir razılığa dair sənəd təqdim edə bilməməsi və onların təqdim etdiyi sənəddə nazir tərəfindən sadəcə “baxılsın” vizası qoyulmaqla sənədin elektron imza ilə təsdiq edilməməsinə dair dəlilinə qiymət verərək qeyd edir ki, apellyatorun istinad etdiyi sənəddə nazirin elektron imza ilə təsdiqi müəyyən edilmişdir (səh.58-arxa hissəsi). Lakin buna baxmayaraq məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin mövcud işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq və yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, hazırki işin faktiki halları baxımından hər bir halda iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya təşkilatında iştirakla əlaqədar ödənilmiş 50 manat rüsum cavabdeh təşkilatdan tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4040/2022 saylı, 13 oktyabr 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun **********3 saylı, xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi ilə bağlanan əmək müqaviləsinin müddətsiz hesab edilməklə işə bərpa edilsin və və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilsin. Mediasiya təşkilatında iştirakla əlaqədar ödənilmiş 50 manat rüsum cavabdeh təşkilatdan tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar