Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4615/2024 02.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh QSC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 02 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu səbəbdən, Əkbərov Rauf Musaqət oğlu ilə "xxxx" QSC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 08M000001238 saylı ipoteka müqaviləsinə əsasən, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsi tərəfindən 35 №-li reyestr kitabının 55 №-li vərəqində qeydiyyata alınmış Seriya RX ******* №-li çıxarışla, Liman şəhəri, Rəsul Rza küçəsində yerləşən, Əkbərov Rauf Musaqət oğlunun mülkiyyətindəki 11 nömrəli fərdi yaşayış evinin (0.06 ha torpaq sahəsi ilə birlikdə) Əkbərov Rauf Musaqət oğlunun kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Daha sonra tərəflər arasında xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit götürülmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh QSC ilə borcalan Əkbərov Rauf Musaqət oğlu arasında bağlanmış kredit xəttinin açılması haqqında xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi” üzrə təminat qismində Əkbərov Rauf Musaqət oğlu ilə bağlanmış xx.xx.2014cü il tarixli 08M000001238 nömrəli “İpoteka Müqaviləsi”, ondan 7 (yeddi) gün sonra bağlanmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”nin mühüm şərtlərini əks etdirmədiyi, habelə mühüm şərtlər barədə tələblərin İpoteka Müqaviləsi bağlanarkən dэ Bank tərəfindən pozulduğu səbəbindən, həmin İpoteka Müqaviləsinin ondan 7 (yeddi) gün sonra bağlanılmış xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş mərhum oğlu Əkbərov Rauf Musaqət oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi”nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır, həmçinin, həmin Müqavilə çərçivəsində əlavə kredit razılaşmaları (müqavilələri) bağlanılmaqla kredit verilməsi arzu edilmişdir. Həmin “Kredit Xətti Müqavilə”sinin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi, deklarativ, yalnız oğlu üçün, həmçinin onun oğluna görə zamin qalan və ipoteka qoyanlar üçün birtərəfli öhdəlikli, sürüşkən, qeyri-müəyyən xarakter daşıdığı, onun əsas aldadıcı mahiyyətinin açıqlaması Müqavilənin 1.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: “Bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün (bundan sonra “kredit” adlandırılacaq) Kredit alana 300000 (üç yüz min) ABŞ dolları məbləğində kredit xəttini (bundan sonra “kredit xətti” adlandırılacaq) açır. Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma (bundan sonra “Kredit Razılaşması”) əsasında veriləcək. Bu müqavilə Bankın kredit vermək vədini ifadə etmir.” Həmin “sənəd” “Kredit Xətti Müqaviləsi” adlandırılsa da, faktiki olaraq qüvvədə olan qanunvericiliyin imperativ (məcburi) tələblərinə zidd tərtib edilmiş, cavabdeh "xxxx" QSC üçün hər hansı hüquqi nəticələr və öhdəliklər yaratması, dəyişməsi və ya aradan götürülməsinə xidmət etmir. Həmin “sənəd” yalnız görünüş üçün tərtib edilmişdir və onu bağlamaqda Bankın məqsədi istehlakçını - onun mərhum oğlu Əkbərov Rauf Musaqət oğlunu inandırmaqdır ki, guya ona 300000 (üç yüz min) manat məbləğində kredit (yəni, növbətçi xarakterli) verilməsi görünüşü yaratmaqla ola bilsin ki, onun həmin məbləğdə maliyyə resurslarından yararlanmaq “şansının” ola bilməsi ehtimalını təkrar ehtimal (xəyal) etməkdir. Ona görə də, cavabdeh həmin “müqaviləni” “bağlamaqla” kifayətlənərək, həmin müqavilə ilə öz üzərinə ümumiyyətlə heç bir hüquqi öhdəlik götürmədən istehlakçını (R.M.Əkbərovu) məsuliyyətsizcəsinə aldadaraq, istehlakçıya məxsus mümkün qədər böyük həcmdə və dəyərdə daşınmaz əmlakını özünün girovluğuna (ipotekasına) alıb, gələcəkdə müxtəlif maliyyə və digər fəndləri vasitəsilə həmin əmlakını özününküləşdirsin. Bundan sonra, yəni - yuxarıda göstərilən xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” bağlanılandan 7 (yeddi) gün keçdikdən sonra cavabdeh "xxxx" QSC ilə mərhum oğlu Əkbərov Rauf Musaqət oğlu arasında xx.xx.2014-cü il tarixli “Krеdit Razılaşması” bağlanılmışdır və həmin Kredit razılaşması əsasında R.M.Əkbərova 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit verilmişdir. Daha 6 (altı) ay sonra isə, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli və xx.xx.2016-cı il tarixli Sazişlər bağlanılmışdır və həmin sazişlərə əsasən “Kredit razılaşması”na və ödəniş planına dəyişiklik edilmişdir. Göründüyü kimi, yalnız xx.xx.2014cü il tarixli “Kredit xətti müqaviləsi”nin icrasının təminatı kimi bağlanılmış xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi”nin bağlanılmasından 7 (yeddi) gün keçdikdən sonra, İpoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə razılaşdırılmadan, habelə ipoteka müqaviləsinə bu barədə əlavə və dəyişiklik edilmədən həmin 7 (yeddi) gün əvvəlki təminat əsasında cavabdeh Bank ilə Əkbərov Rauf Musaqət oğlu arasında bağlanılmış xx.xx.2014-cü il tarixli Krеdit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) ABŞ Dolları məbləğində krеdit verilmiş, həmçinin, daha 6 (altı) ay sonra isə kredit razılaşmalarına 2 (iki) dəfə ayrıayrı dəyişikliklər edilmişdir. Bu halda isə, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə əsasən xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi ondan 7 (yeddi) gün sonra bağlanılmış xx.xx.2014-cü il tarixli Krеdit razılaşmasına münasibətdə öhdəliklərin təminatı kimi bağlanılmış hesab edilmir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-1831/24) iddia rədd edilmişdir.
5. Məhkəmə belə qənaətə gəlmişdir ki, hazırkı mübahisələndirilən ipoteka müqaviləsinin xx.xx.2014-cü il tarixli 08R000019676 nömrəli “Krеdit Razılaşması”na və ona əlavə bağlanılmış Sazişlərə münasibətdə bağlanılmamış hesab edilməsinə əsas yoxdur. Belə ki, sözügedən ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq bağlanılmışdır. “Krеdit Razılaşması” və ona əlavə bağlanılmış Sazişlərdə həmin müqavilədən fərqli qaydalar müəyyən edilməmiş, şəxsin vəziyyətini çətinləşdirən hər hansı dəyişiklik edilməmiş, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində krеdit götürülmüş, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, kredit götürən və ipoteka qoyan eyni şəxs, mərhum Əkbərov Rauf Musaqət oğludur.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 307.6, 307.7, 309.1, 337, 385.1, 386.1, 389.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin Həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.
7. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi, özünün gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: xx.xx.2014-cü il tarixli 08L000010439 nömrəli “Kredit Xətti Müqaviləsi”ndə konkret verilən kredit məbləği, kreditin verilmə müddəti, kredit üzrə faizlər və kreditin qaytarılma şərtləri və qaydası, məqsədləri və digər şərtlərinin göstərilmədiyi, həmin “Kredit Xətti Müqaviləsi”ndə Cavabdeh QSC tərəfindən mərhum oğlum Əkbərov Rauf Musaqət oğluna 120 (yüz iyirmi) ay müddətində 300000 (üç yüz min) ABŞ Dolları kredit xətti üzrə, həmin Müqaviləyə istinadən Əlavə Kredit Müqavilələri bağlanımaqla kreditlər verilməsi öhdəliyi yox, yalnız ehtimal olunan yalançı perspektivi göstərildiyini, xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi”nin yalnız xx.xx.2014-cü il tarixli Kredit xətti müqaviləsi üzrə R.M.Əkbərovun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan Əkbərov Rauf Musaqət oğlu ilə Cavabdeh QSC arasında bağlanıldığını, ipoteka predmetinin Cavabdehın xeyrinə yalnız xx.xx.2014-cü il tarixli Kredit xətti müqaviləsi üzrə ipoteka ilə yüklü edildiyini, xx.xx.2014-cü il tarixli “Krеdit Razılaşması”na münasibətdə (həmin müqavilə üzrə) Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə hər-hansı ipoteka müqaviləsinin bağlanılmadığını, xx.xx.2014-cü il tarixdə konkret kredit verilməsi barədə 08R000019676 nömrəli “Krеdit Razılaşması” üzrə Əkbərov Rauf Musaqət oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə hər-hansı ipoteka müqaviləsinin bağlanılmadığını ilə bərabər bu barədə AzərbaycanRespublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz ƏmlakınDövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsində hər hansı qeydiyyatın aparılmadığını, xx.xx.2014-cü il tarixdə konkret kredit verilməsi barədə “Krеdit Razılaşması” ilə xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” arasında hər-hansı faktiki və hüquqi əlaqənin və bağlılığın olmadığını. Məhkəmə öz qətnaməsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına istinad etmiş olsa da, əsl həqiqətdə məhz həmin Qərarda formalaşdırılmış hüquqi mövqelərə zidd məhkəmə qərarı qəbul etməklə bərabər hazırkı iddia tələbini hansı qanuni əsaslara və səbələrə görə təmin etmədiyini əsaslandıra bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
10. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 307.1. İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer, tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Maddə 307.6. İpoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Maddə 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin Həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.4-cü və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 30.1 və 31.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı:
ipoteka əsas öhdəliklərin icrasının təmini vasitəsi olaraq kreditorun əmlak mənafeyinin qorunması baxımından mühüm funksiyanı yerinə yetirir. Gələcəkdə əsas öhdəlik üzrə tələbi yerinə yetirilməyəcəyi təqdirdə məhz ipoteka predmeti hesabına mənfəətinin qarşılanacağından əmin olan kreditor qarşı tərəflə müqavilə münasibətlərinə daxil olur ki, nəticədə hər bir tərəf üçün əmlak mənfəəti əldə etmək üçün şərait yaranmış olur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir.
20. Belə ki, sözügedən ipoteka müqaviləsi xx.xx.2014-cü il tarixli 08L000010439 saylı kredit xətti müqaviləsi üzrə təminat olaraq bağlanılmışdır. Kredit alan və ipoteka qoyan eyni şəxs olmuşdur. Krеdit razılaşmasında “və ona əlavə bağlanılmış Sazişlərdə həmin müqavilədən fərqli qaydalar müəyyən edilməmiş, şəxsin vəziyyətini çətinləşdirən hər hansı dəyişiklik edilməmiş, məbləğ, müddət, faiz dərəcəsi, valyuta və digər şərtlərdə xətt müqaviləsindən kənar dəyişiklik edilməmişdir. xx.xx.2014-cü il tarixli 08R000019676 saylı krеdit razılaşması (kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan) əsasında 36 ay müddətinə, aylıq 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 ABŞ Dolları məbləğində krеdit götürülmüş, tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 08R000019676S saylı və xx.xx.2016-cı il tarixli 08R000019676SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
21. Məhkəmə kollegiyası bir daha xüsusi olaraq qeyd edir ki, iş üzrə kredit götürən və ipoteka qoyan eyni şəxs - mərhum Əkbərov Rauf Musaqət oğlu olmuşdur və təbii ki, Bank bütün məslələri onunla müzakirə etmiş, onun istər kredit alan kimi, istərsə də ipoteka qoyan kimi bütün məsələlərdən xəbəri olmuşdur.
22. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
24. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmişdir. Həmin maddəyə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Ona görə də məhkəmə kollegiyası həmin dəlillərə təkrar qiymət verilməsinə lüzum görmədi.
27. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 23 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.