Məhkəmə qərarları › İş №2(103)-4616/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4616/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4616/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 oğlunun, maraqlarına toxunan şəxs Maraqlı şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı, onunla cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına istinad etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıdan 192.000 manat məbləğində borca pul ev almaq məqsədilə götürdüyünü etiraf etmişdir. Birinci instansiya məhkəməsi faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından cavadehin etirafını qəbul etmiş, cavabdeh iddiaçıya 192.000 manat məbləğində olan borcunun olduğunu etiraf etdiyindən, iddiaçını cavabdehə borc verdiyini sübut etmək vəzifəsindən azad etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil aralarında bərabər bölünərək Maraqlı şəxs və Cavabdeh bhəmin əmlak üzərində ½ payları müəyyən edilmiş, tərəflərin birgə nikah dövründə aldıqları 192.000 manat borc pulun aralarında mülkiyyət paylarına mütənasib olaraq bölünməsi və 96.000 manat pulun Maraqlı şəxs alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Belə ki, məhkəmə qeyd edilən borc məbləğini tərəflər arasında bölərkən hazırki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsaslanmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 192.000 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ilin avqust ayında Etibar ona müraciət edərək borc pul lazım olduğunu bildirmişdir. Pulun ona hansı məqsədlə lazım olduğunu, hər hansı problemin olub-olmaması barədə soruşduqda almalı olduğu pulun ona ev almaq üçün lazım olduğunu bildirmişdir. O isə cavabdehə 1 il müddətinə qaytarmaq şərtilə 192000 manat pul vermişdir. Lakin cavabdehdən götürdüyü öhdəliyin icra edilməsini tələb etdikdə cavabdeh pulunun olmadığını, qısa müddətdə pul məbləğini qaytaracağını bildirmişdir. Pul vəsaitinin Cavabdeh verilməsindən kifayət qədər müddət keçməsinə baxmayaraq öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, İddiaçı 192.000 manat məbləğində pulu borc olaraq Cavabdeh versə də, cavabdeh daha sonra öhdəliyini icra etməmiş, 192.000 manat məbləğində borcunu borc verənə qaytarmamışdır. Belə ki, İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli ərizədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən iddia ərizəsində qeyd olunan 192.000 manat borc götürülmüş və qaytarılmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxs iddianı etiraf edir. Borc məbləği ev almaq məqsədi ilə iddiaçıdan götürülmüşdür.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1; Mülki Prosesual Məcəlləsinin 52.2, 106.3, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

8. Maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ödədiyi 287 manat dövlət rüsümunun iddiaçıdan onun xeyrinə tutulmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətanmədə mübahisələndirilən 192.000 manat borc tələbi tərəflər arasında bağlanmış uydurma əqddir. Ev alarkən buna qabaqcadan hazırlaşaraq ailənin ümumi gəlirindən pul toplayaraq almışlar. O, əri tərəfindən evə 192.000 manat pul gətirilməsini görməyib və bu barədə məlumatı olmamış, özü də bildirməmişdir. Əri Cavabdeh tanışı İddiaçı ilə bu şifahi uydurma əqdi birgə nikah dövründə aldıqları mənzildən ona çatacaq payın əldə edilməsinə mane olmaq məqsədi ilə bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1ci maddəsində göstərilir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Belə ki, əgər əri Cavabdehla İddiaçı ilə belə bir borc müqaviləsi bağlansaydı tərəflər AR MM-nin 740.2-ci maddəsinin tələblərinə riayət etməklə yazılı formada borc müqaviləsi bağlayardılar. Həmin maddədə göstərilir ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. AR MM-nin 329.1-ci maddəsində göstərilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılğı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Bundan əlavə tərəflər məhkəmədə verdikləri izahatlardan görünür ki, onların məhkəmə çəkişməsinə, borcun mübahisələndirilməsinə ehtiyacları olmamışdır. Belə ki, cavabdeh qismində çıxış edən Cavabdeh məhkəməsiz də etiraf edir ki, onun iddiaçıya 192.000 manat borcu vardır. Əri Cavabdeh qarşı tərəfdən daşınmaz əmlak olan mənzilin alınması üçün 192.000 manat borc pul almış olsaydı, burada hökmən onun razılığı olmalı idi. Çünki o həmin hərəkəti ilə gələcəkdə ona iştirakı olmadan öhdəlik yaradırdı. Odur ki, göstərdiyi əsaslara görə hesab edir ki, tərəflərin arasında mübahisləndirilən 192000 manat şifahi borc müqaviləsi uydurma əqddir, görünüş üçün razılaşdırılmış hərəkətdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən Maraqlı şəxs faktiki olaraq əri Cavabdeh ayrılaraq uşaqlarını da götürərək atasının yanına getmişdir və oradan nikahın pozulması və əmlakın bölünməsi ilə bağlı tədbirlər görməyə başlamışdır. Bundan xəbər tutan əri bir neçə dəfə ona qayıtmasını bildirməsinə baxmayaraq hüquqlarını müdafiə etdiyi şəxs ondan ayrılmaq istədiyini, nikahın pozulmasını istəmişdir. Bundan sonra Cavabdeh onun ümumi əmlakda olan paylarının əlindən çıxmasında çətinlik yaratmaq üçün suni surətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində öz dostu ilə razılaşaraq uydurma bir iddia qaldırmışdır. Həmin iddiaya əsasən guya İddiaçı 2020-ci ildə bunlar ev alarkən Cavabdeh ondan 192 min manat borc pul almışdır ki, ev almış və bu gunə qədər də həmin pulu qaytarmamışdır. Cavabdeh dərhal iddianı qəbul etmişdir. Bundan sonra həmin qətnamənin mövcudluğundan xəbər tutmuşlar və həmin qətnamədən şikayət vermişlər. Hüquqlarını müdafiə etdiyi şəxs bildirir ki, həmin evi birgə nikah dövründə əldə ediblər və onun ərinin kimdənsə 192 min manat pul almasını eşitməmiş və əri də bu barədə ona məlumat verməmişdir. Qanuna görə 3 min manatdan yuxarı borc pul alınarkən yazılı şəkildə müqavilə bağlanmalıdır. Hazırda həmin qayda da pozulmuşdur. İşin halları onu göstərir ki, həqiqətən də həmin əqd uydurmadır və elə bir borc öhdəliyi mövcud olmamışdır. Bu sadəcə Maraqlı şəxs həmin evdə olan payını əlindən almaq üçün bağlanmış uydurma bir əqddir.

12. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2015-ci ilin oktyabr ayında nikaha girmişlər. 7 il ailəli olmuşlar, Orhan adında adam tanımamış və onların evinə də həmin adda adam gəlməmişdir. Əvvəlcə Masazırda yaşamışlar, Etibarın işi yaxşı idi, o evin pulunu bir il ərzində yığmışdır. Həmin evin məbləği 177.000 manatdır. Etibar hər ay pulu gətirirdi, pulu dollara çevirirdi. Etibarın adına heç zaman banklara borcu olmamışdır, heç kimdən borc almırdı. Etibar pulları az-az gətirərək evin aspiratoruna qoyurdu. Evi aldıqdan sonra 1 il ərzində evdə təmir işləri aparılırdı. Evin təmirinə 30.000 manat pul xərcləmişlər, lakin o, gəlib-gedən qonaqlara evin təmirinə yüz min manat pul xərclədiyini deyirdi. Tək divan və kresloya 20.000 manat pul vermişdi, onun imkanı yaxşı idi. Daha sonra avqust ayında evə köçmüşlər. Onunla 19 yaşında evlənmiş, toyun səhəri günü döyülmüşdür. Etibar nə ailəsinə, nə də uşağına yaxşı olmamışdır. Etibar 2020-ci ildə parket ustası işləyirdi. Pulu 2021-ci ildən 2022-ci ilə qədər yığmışdır. Etibar birgə nikah dövründə ailəsinə pul xərcləmirdi.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə2 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin yoldaşı İddiaçı və ondan alınan borcdan məlumatlı olmuşdur. 163.000 manat dəyərində mənzillə bağlı Cavabdeh ilə "xxxx" MTK arasında müqavilə bağlanmışdır. 28 noyabr 2020ci il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh tərəfindən 2.000 manat beh ödənilmişdir. Yasamal rayon İcra şöbəsinə icranın vəziyyəti ilə bağlı sorğu verilməsinə baxmayaraq icranın vəziyyətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Həmin qətnamə tam icra olunmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsin ona verdiyi məlumata əsasən icra olunan məbləğ 90.000-100.000 manat arasındadır. Həmin ilin avqust ayında İddiaçı 192.000 manat borc məbləğinin verilməsi ilə bağlı müraciət olunmuşdur. Məbləğin verilməsinin səbəbi ondan ibarət olmuşdur ki, tərəflərin bəyəndiyi birinci ev göstərilən ev deyil, başqa bir ev olmuşdur. Məhz Vüsalə xanımın bəyənmədiyinə görə həmin evdən imtina ediblər və axtarışlar davam etdirilmişdir. Bir müddət sonra xx.xx.2020-ci il tarixində "xxxx" MTK ilə beh müqaviləsi bağlayıblar, xx.xx.2020-ci il tarixində isə alğı-satqı müqaviləsini həyata keçiriblər. Həmin pul məbləği İddiaçı sırf ev almaq məqsədi ilə alınmışdır. Borc məbləği 1 il ərzində geri qaytarmaq şərti ilə alınmışdır. İddiaçı və cavabdeh pandemiyadan əvvəl bir yerdə iş görüblər. Onlar ibadət edən adamlardır, dindardırlar, aralarında dostluq münasibətləri olmuşdur. Pandemiyadan sonra bunların əlaqələri pozulduğundan İddiaçı məhkəməyə müraciət etmişdir. Borc məbləğinin verilməsi ilə bağlı şifahi razılaşmadan başqa sübut yoxdur. Maraqlı şəxs keçmiş əri ilə İddiaçı arasında olan dostluqdan xəbəri olmuşdur. Pulun verilməsindən də məlumatlı olmuşdur. Həmin pul məbləği 3 ay evdə qalmışdır.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

18. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlarına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

23. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinəmüəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

24. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsasolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.

28. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

29. 31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

30. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

31. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

32. 32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

33. 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

34. 37.1-ci və 37.3-cü maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

35. 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ərarvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.

36. Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır.

37. Lakin ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyə münasibətdə onun ümumi öhdəlik olduğu barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

38. 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. 52.2-ci və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

41. 106.3-cü və 106.4-cü maddələrinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır.

42. 191.1-ci və 191.3-cü maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi hüquq norması düzgün tətbiq edilməmişdir.

44. İş materiallarından göründüyü kimi iddiaçı, onunla cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığına istinad etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh ev almaq məqsədilə iddiaçıdan 192.000 manat məbləğində borca pul götürdüyünü etiraf etmişdir. Birinci instansiya məhkəməsi faktın etirafının qəbul edilməməsinə əsas ola biləcək hallar müəyyən olunmadığından cavadehin etirafını qəbul etmiş, iddiaçını cavabdehə borc verdiyini sübut etmək vəzifəsindən azad etmişdir.

45. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzil aralarında bərabər bölünərək Maraqlı şəxs və Cavabdeh həmin əmlak üzərində ½ payları müəyyən edilmiş, tərəflərin birgə nikah dövründə aldıqları 192.000 manat borc pulun aralarında mülkiyyət paylarına mütənasib olaraq bölünməsi və 96.000 manat pulun Maraqlı şəxs alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qeyd edilən borc məbləğini tərəflər arasında bölərkən hazırki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsaslanmışdır.

46. Hazırda maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətində istinad etdiyi dəlilləri ondan ibarətdir ki, uydurma borc müqaviləsinin bağlanması ilə bağlı iddiaçı tərəfindən məhkəmədə qaldırılmış iddianı cavabdehin etiraf etməsi guya Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 99A, mərtəbə 9 ünvanında yerləşən 3 otaqlı 6 saylı mənzili əldə edmək məqsədi ilə üzərinə götürdüyü öhdəliyi onların arasında mənzil üzərində qətnamə ilə tanınmış paylarına mütənasib şəkildə bölmək, bununla da onun ağır və özündən asılı vəziyyətə düşməsinə zəmin yaratmaq məqsədini daşıyır.

47. Məhkəmə kollegiyası iddianın cavabdeh tərəfindən etiraf edilməsinin Maraqlı şəxs qınının qanunla qorunan mənafeyini pozduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin bu prosessual hərəkəti qəbul olunmamaqla mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməlidir.

48. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

49. Beləliklə istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmə bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

50. Nəzərə alınmalıdır ki, borc öhdəliyi müqavilə əsasında yaranır. Müqavilə dedikdə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması başa düşülür. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, Mülki Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Məcəllədə borcun məbləğindən asılı olaraq müqavilənin yazılı bağlanması tələb edilir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 389.1, 406.1 və 740.2-ci maddələri).

51. Cavabdehə qarşı irəli sürülmüş iddia tələbində borc məbləği 3000 manatdan çox olduğuna görə, onunla yazılı müqavilənin olması tələb edilir. Lakin bu cür müqavilənin olduğu müəyyən edilməyib. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranması ehtimal edilən münasibətlərin hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 1091ci və 1092.1-ci maddələri ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır.

52. Qeyd edilməlidir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə də cavabdehin iddiaçının hesabına əsassız olaraq varlandığını sübut etmək yükünu bu halları iddia edən tərəfin üzərinə düşür. Belə ki, iddiaçı istinad etdiyi halı sübut etdiyi təqdirdə, cavabdehin mübahisə predmeti olan pulun qaytarılmış olduğunu sübut etmək vəzifəsi yaranır.

53. Kollegiya Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun şəkildə cavabdehin etirafını işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək qeyd edir ki, işə baxan məhkəmə üçün heç bir sübutun qabaqcadan müəyyən olunmuş qüvvəsi yoxdur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq olaraq qiymət vermək vəzifəsi daşıyır. Belə ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.

54. Beləliklə müəyyən edilməli olan halın etirafı barədə cavabdehin nümayəndəsi və vəkilinin verdiyi izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Halbuki iş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlə onun arasında pul münasibətlərinin yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, bununla da, o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə olan halda iddiaçının məhkəməyə bildirdiyi faktiki halların onun istinad etdiyi iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir.

55. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

56. Beləliklə pulun cavabdehin mülkiyyətinə verilməsinə dair sübut etmək yükünü iddiaçının daşıdığını, lakin onun bu halı və bununla da tərəflərin arasında müqavilədən irəli gələn, müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma) və ya qanundan irəli gələn əsaslar (məsələn, əsassız varlanma və s.) üzrə öhdəlik hüquq münasibətlərinin yaranmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.

57. Məhkəmə kollegiyası hazırki qətnamənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən asılılığı barədə cavabdeh tərəfin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə qərarının preyudisiallığı yalnız işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Göründüyü kimi qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır.

58. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5311/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir.

59. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5311/2022 saylı, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar