Məhkəmə qərarları › İş №2(103)-4617/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2020

02.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakıilə, İddiaçı cavabdeh «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarının ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzirənə qoyulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1534/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «cavabdehin xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qərarının ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Güc sistemlərinə mexanik sürücüsü vəzifəsinə işə daxil olmuşdur. xx.xx.2018-ci il tarixdən heç bir əsas olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Hansı səbəbdən işdən azad olunması barədə ona məlumat verilməmişdir. Bundan əlavə o, məzuniyyətdə olarkən işdən azad olunmuşdur. Bu isə qanunsuzdur. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdehin xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə qərarının ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1534/2020 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Beləki, işdə olan təsis sənədlərindən görünür ki, cavabdeh «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi təşkilatihüquqi forması «Nümayəndəlik» olmaqla, xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İşdə olan cavabdeh «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2013-cü il tarixli 03/13 №-li ilkin əmək müqaviləsinə əsasən - Kuli-X1 güc sistemləri şöbəsinin xidmət bölməsinə sürücü-mexanik vəzifəsinə işə qəbul olunmuşdur. iddiaçı ilə Nümayəndəlik arasında əmək münasibətləri xx.xx.2018-ci il tarixə qədər davam etmişdir. İşdə olan xx xxxxxx 2018-ci il tarixli əmrin surətindən görünür ki, Nümayəndəlikdə sürücü-mexanik vəzifəsində çalışan İddiaçı xx.xx.2013-cü il tarixli əmək müqaviləsi xx.xx.2019-cu il tarixdən etibarən AzərbaycanRespublikasıƏmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, iddiaçı həmin tarixdən işdən çıxarılmış və ona xx.xx.2018-ci il tarixədək istifadə olunmamış 51 təqvim günü müddətində məzuniyyət üçün kompensasiya ödənilməsi əmr edilmişdir. Həmin əmrin əsası kimi İntizam Şurasının xx.xx.2018-ci il tarixli qərarı çıxış etmişdir. Eyni zamanda, mübahisə predmeti olan əmr iddiaçı tərəfindən imza edilməklə ona Nümayəndəlik tərəfindən elan edilmişdir. İşdə olan İntizam Şurasının xx.xx.2018-c il tarixli 01 №-li Protokolundan görünür ki, iş yerində tapşırıqlarla bağlı olmayan məsələlərlə məşğul olduqları, verilmiş tapşırığı icra edərkən qəsdən edilmiş mənfi hərəkətin nəticəsi olaraq, Şirkətin/müştərilərin mülkiyyətində olan ləvazimat və avadanlığa zərər vurduqları, Şirkət və Qrup tərəfindən qadağan edilmiş hərəkətləri etmək və ya işlərə cəlb olunduqları, Qaydalara zidd olan hərəkət və davranışların nəticəsində işəgötürən və ya müştərilərə zərər verdikləri; işəgötürənin etibarına, nüfuzuna xələl gətirə biləcək hərəkət və ya davranışlara yol verərək X8 Qaydalarını pozduqları səbəbiylə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən digər şəxslərlə yanaşı İddiaçı işdən çıxarılması qərara alınmışdır. İşdə olan xx.xx.2018-ci il tarixli İbranamədən görünür ki, İddiaçı Nümayəndəlik tərəfindən işdən azad olunan zaman Son haqq hesab ödəməsi həyata keçirilmiş və iddiaçı həmin ödənişləri tam şəkildə aldığını və hesablanan məbləğlə razı olduğunu öz imzası ilə təsdiq etmişdir İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasəniddiaçı ilə Nümayəndəlik arasında əmək münasibətləri mövcud olmuş və xx.xx.2018-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İdidaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli işdən çıxarılma əmri ilk olaraq xx.xx.2019-cu il tarixdə Gəncəinzibati-iqtisadi Məhkəməsində mübahisələndirilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia tələbi mumkün sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Sonradan iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edilmiş və Qaradağ rayon Məhkəməsi xx.xx.2019-cu il tarixli qərardadla iddia ərizəsini geri qaytarmışdır. Son olaraq iddiaçı xx.xx.2019-cu il tarixdə hazırki iddia ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hazırki mübahisə predmeti olan əmrin ona məlum olduğu andan, yəni xx.xx.2018-ci il tarixdən etibarən 1 ay ərzində məhkəməyə müraciət etməli olduğu halda, yalnız xx.xx.2019-cu il tarixdə məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İşin müəyyən olunmuş hallarına əsasən - iddiaçı çalışdığı müddət ərzində əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini (daxili intizam qaydalarını) pozmuşdur. Bu hallar, işdə olan çoxsaylı sübutlarla (intizam şurasının protokolu, təqdimat, əmr və s.) tam sübuta yetirilir. ƏM-nin 11-ci maddəsinin «b» bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. Göründüyü kimi, iddiaçının yol verdiyi hərəkətlər cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsinə tam əsas olmuşdur. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. İddiaçı tələbinin əsası kimi işdən çıxarılan zamanı əmək məzuniyyətində olması göstərsə də, bu hal işdə olan sənədlərlə tam təkzib olunur. Bununla yanaşı, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət üçün iddia müddətini də ötürmüşdür. Beləki, ƏM-nin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. ƏM-nin 296-cı maddəsinə əsasən məhkəmə müraciət üçün hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, müddətin axımı işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, həmçinin haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündən başlanır. İşdə olan mübahisələndirilən əmrdən görünür ki, iddiaçı əmrlə tanış olmuş, bunu imzası ilə təsdiq etmişdir. Eyni zamanda, son haqq-hesabın ödənilməsi ilə bağlı tərtib edilmiş xx xxxxxx 2018ci il tarixli sənəddən (ibranamə) görünür ki, iddiaçı işdən çıxarılması ilə bağlı hesablanmış son haqq-hesabını (əmək haqqı, istifadə olunmamış əmək haqqına görə kompensasiya, şəxsi avans tutulması) almasını imzası ilə təsdiq etmişdir. İşdə olan sənədlərdən (məhkəmə qərarları, iddia ərizəsi, məhkəmənin məktubu və s.) görünür ki, iddiaçı xx xxxxxx 2018-ci il tarixli əmri ilk dəfə xx xxxxx 2019-cu il tarixdə (04 ay 08 gün sonra) Gəncə İnzibati-İqtisadi Məhkəməsində mübahisələndirmiş, lakin iddiası mümkün sayılmamış (məhkəmə aidiyyətinin pozulması), sonradan bir neçə dəfə də ərazi aidiyyəti pozulmaqla ümumi rayon (şəhər) məhkəməsində iddia qaldırmış, iddia ərizələri qaytarılmışdır. Göründüyü kimi, iddiaçı qanunla nəzərdə tutulmuş müddəti hələ ilk dəfə məhkəməyə müraciət edən zamanı ötürmüşdür. İddiaçı hazırki iddia tələbi ilə isə yalnız xx xxxxxx 2019-cu il tarixdə (əmrdən 01 il 14 gün sonra) birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçının özü də iddia ərizəsində işdən azad olunduğunu bildiyini, işə bərpa olunmasını xahiş etməsini, bunun üçün gözləməsini, lakin müəyyən keçməsinə baxmayaraq işə bərpa olunmamasını bildirmişdir. Göründüyü kimi, istər işdə olan sübutlarla, istərsə də iddiaçının özünün bildirməsinə görə də müddətin ötürülməsi açıq-aşkar müəyyən olunur. Beləliklə, məhkəmə kollegiyası, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, iddiaçı işdən azad olunduqdan sonra qanunla müəyyən olunmuş müddət ərzində müvafiq tələblə məhkəmə müraciət etməmiş, müddəti ötürmüşdür. Eyni zamanda, iddiaçı müddətin bərpa olunması ilə bağlı vəsatət verməmiş, bu istiqamətdə ƏM-nin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş hər hansı üzrlü halın mövcudluğu ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Müddətin ötürülməsi halı isəiddianın rədd olunması üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «Borusan Makina və X10 və Ticaret» Anonim Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı «əmək müqaviləsinə xitam verilməsi barədə qərarının ləğv olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının verilməsi vəzifəsinin cavabdehin üzirənə qoyulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)-1534/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(006)- 1534/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar