Məhkəmə qərarları › İş №2(103)-4617/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4617/2023

07.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4617/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə və Cavabdeh2yə (X2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ilkin, Cavabdeh2in İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 iştirakı ilə İddiaçı Cavabdeh1nə və Cavabdeh2yə (X2 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzilin əsaslı təmirinə çəkilən xərclərin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, tələblərin eyni vaxtda icra edilməsi” barədə ilkin, Cavabdeh2in İddiaçı qarşı “əldən çıxmış faydanın əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 (MMC) ilə payçı İddiaçı arasında xx.xx.2013-cü il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən MMC, Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə tikilməkdə olan binada 74 000 manat dəyərində 234 №-li mənzili (bundan sonra - mübahisəli mənzil) payçıya verməyi, payçı isə həmin mənzili qəbul edib qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Mübahisəli mənzilin dəyəri tam ödənilmiş, mənzil İddiaçı təhvil verilmiş, o, mənzili təmir edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır.

2. Mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mübahisəli mənzilə dair MMC və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, sonuncunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Cavabdeh2yə təhvil verilməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, MMC-dən 74 000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı qaytarılması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

6. X2 Cavabdeh1nə və Cavabdeh2yə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mübahisəli mənzilin onun sahibliyində və istifadəsində olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. 26.02.2021-ci il tarixdə X2 əsl iddiaçı qismində İddiaçı (ilkin iddiaçı) ilə əvəz olunmuş, onun özü isə üçüncü şəxs (bundan sonra - üçüncü şəxs) qismində işə cəlb edilmişdir.

8. İlkin iddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2dən mübahisəli mənzilin əsaslı təmirinə çəkdikləri 57 000 ABŞ dollarının manat məzənnəsinə uyğun, real xərclərin əvəzi olaraq 96 900 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması, mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi, MMC-dən maddi və mənəvi zərərin əvəzi olaraq 30 000 manat pulun Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qaytarılmalı olan 74 000 manat pul vəsaiti ilə eyni vaxtda ödənilməsi, mənzildən çıxarılma ilə pulun tam həcmdə ödənilməsinin eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzil hazırda onun xüsusi mülkiyyətindədir. 2014-cü il tarixdən üçüncü şəxs sözügedən mənzildə əsaslı təmir işlərinə başlamış və şəxsi vəsaiti hesabına həmin mənzildə 57 000 manata yaxın vəsait xərcləməklə mənzili əsaslı şəkildə tam təmir etmişdir. 2015-ci il tarixdən isə tam təmirli mənzilinə köçüb yaşamağa başlamış, həmin ildən etibarən mənzilin bütün kommunal və digər xərclərini də şəxsən üçüncü şəxs ödəmiş, bu gün də ödəməyə davam edir. Mənzil alınan 2013-cü il tarixdən məhkəmə mübahisəsi başlayan 2019-cu il tarixədək mənzilin mübahisəli olmasından, "xxxx" MTK adlı şirkətlə Cavabdeh2 arasında müqavilənin olmasından, MMC ilə aralarında məhkəmə çəkişmələrinin mövcudluğundan xəbəri olmamış, ona bu barədə heç kim heç bir yerdən məlumat verməmişdir. Hətta Cavabdeh2 də həmin illərdə bir dəfə də olsa mənzilə gəlib mənzilin mübahisəli olmasını bildirməmişdir.

10. Cavabdeh2 öz növbəsində qarşılıqlı iddia verərək mübahisəli mənzildən istifadə etməsi ilə bağlı İddiaçı əldən çıxmış fayda kimi maddi zərər olan 35 500 manatın və mənəvi zərər olaraq 10 000 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzillə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, "xxxx" MTK və onun arasında bağlanmış mənzil tikintisi haqqında müqavilələr qanuni əsaslarla bağlandığından onların etibarsız sayılması üçün əsaslar yoxdur. Yəni mübahisəli mənzilin ona məxsus olmasının qanuniliyi Ali Məhkəmənin qeyd edilən qərarı ilə tanınmış və qanuni hesab edilmişdir. Buna baxmayaraq, ilkin iddiaçı və onun ailə üzvləri mənzildən qeyri-qanuni istifadə etmələrini davam etdirdiklərindən, o, mənzilin boşaldılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilə dair MMC ilə ilkin iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilə etibarsız hesab edilmiş, sonuncunun mənzildən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və yalnız 2021-ci ilin may ayında icra olunmuş, boşaldılaraq ona verilmişdir. Beləliklə, 2015-ci ilin iyun ayından 2021-ci ilin may ayına kimi olan müddət ərzində ilkin iddiaçının öz ailə üzvləri ilə birlikdə mənzildən qeyri-qanuni istifadə etməsi ilə bağlı ona əldən çıxmış faydanın əvəzi olaraq vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, tərəfindən həmin mənzilin kirayəyə veriləcəyi halda aylıq olaraq ən azı 500 manat kirayə haqqı əldə edəcəkdi. Lakin mənzilin ilkin iddiaçı tərəfindən qeyri-qanuni olaraq istifadəsi nəticəsində həmin gəliri əldə etməkdən məhrum olmuşdur.

12. Məhkəmənin qərardadı ilə daşınmaz əmlakın bazar qiymətinin və təmir qiymətinin müəyyən edilməsi "xxxx" MMC-yə həvalə olunmuş, həmin MMC tərəfindən mübahisəli mənzilin bazar dəyəri 160 000 manat, təmir dəyəri 71 500 manat qiymətləndirilmişdir.

13. Məhkəmənin digər qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/819 saylı ekspert rəyi ilə tədqiq olunan mənzilin ümumi sahəsinin 129,4 kv.metr təşkil etdiyi, eləcə də ayrı-ayrı internet saytlarındakı məlumatlara əsasən yeni mənzillərdə təmir işlərinin dəyərinin 1 kv.metr üçün orta hesabla 350 manata başa gəldiyi nəzərə alındıqda, mübahisəli mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin təqribən 45 290 manat məbləğində olduğu müəyyən edilmişdir.

14. Birinci instansiya məhkəməsinin 05 iyul 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh2dən 45 290 manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddiaçıya ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 8583,3 manat məbləğində əldən çıxmış faydanın tutularaq Cavabdeh2yə ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

15. Məhkəmə müəyyən etmişdir ki, ilkin iddiaçı xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən mübahisəli mənzili əldə etmiş, Cavabdeh2 ilə aralarında olan məhkəmə mübahisələrinin yekunu olaraq xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə mənzilin Cavabdeh2yə təhvil verilməsi qərara alınmış, ilkin iddiaçı 2021-ci ilin aprel ayında ailə üzvləri ilə birlikdə mənzildən çıxmış və mənzil Cavabdeh2yə təhvil verilmişdir.

16. Məhkəmənin ilkin iddia tələbinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı uzun müddət mənzildə yaşamış və mənzili təmir etmişdir. O, mübahisəli mənzildə yaşadığı dövrdə sonradan Cavabdeh2yə təhvil verilmiş mənzili təmir etdirməsi nəticəsində sonuncu əsassız varlanmışdır. Həmçinin, ilkin iddiaçının özünə məxsus olduğunu güman etdiyi mənzili təmir etdirməsi nəticəsində ona maddi zərər dəymişdir. Çəkilən təmir xərclərinin həcmi isə ekspertiza rəyində qeyd edilən həddə müəyyən edilmişdir. Mübahisəli mənzil artıq 2021-ci ilin aprel ayında təhvil verildiyindən mənzilin boşaldılaraq təhvil verilməsi və mənzildən çıxarılmanın pulun ödənilməsi ilə eyni vaxtda icra edilməsi barədə iddia tələbi əsassız olmuş, maddi və mənəvi zərərin vurulması hissəsində isə iddia əsaslandırılmamışdır.

17. Məhkəmənin qarşılıqlı iddia tələbinə münasibətdə mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğundan, mübahisəli mənzil onun daimi yaşayış yeri olmamışdır. Bununla da, ilkin iddiaçının Cavabdeh2yə məxsus mənzili təhvil verməməsi nəticəsində sonuncuya maddi zərər dəymişdir. Cavabdeh2 daimi yaşayış yeri olmadığı üçün mübahisəli mənzili kirayə verməklə əldə edə biləcəyi gəlirdən məhrum olmuşdır.

18. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan mübahisəli mənzillə bağlı məhkəmə mübahisələri Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə yekunlaşdığından və həmin qərar xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini aldığından, həmin tarixdən 2021-ci ilin aprel ayınadək ilkin iddiaçının mənzili tərk etməməsi və Cavabdeh2yə təhvil verməməsi, həmin müddət ərzində orada yaşaması qanunsuz olmuşdur. İşdə həmin dövrdə mübahisəli mənzil üzrə kirayə haqqı məbləğinin 550 manat olduğuna dair Cavabdeh2 tərəfindən təqdim edilmiş hesabat olsa da, Cavabdeh2 aylıq kirayə haqqını bütün dövr üçün cəmi 500 manat olmaqla tələb etdiyindən, kirayə haqqının məbləği də bu həddə müəyyən edilməlidir. Mənəvi zərərin vurulması hissəsində isə iddia əsaslandırılmamışdır.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 157.6, 157.7, 1091, 1092.1ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 101.3, 103.1, 119.1ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarlarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Həmin qətnamədən ilkin iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və ilkin iddianın tam təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İlkin iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ilkin iddia tələbi tam həcmdə əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi real təmir xərclərini kifayət qədər azaltmaqda haqlı olmamışdır. Belə ki, iddia tələbində göstərdiyi məbləğ real bazar dəyəri ilə tam uyğundur və bu faktı internet resurslarındakı əmlak saytları üzərində aparılan tədqiqatlar tam təsdiq edir. İlkin qiymətləndirmə aktında müəyyən edilən faktlarla təyin olunan ekspertiza rəyində göstərilən hallar, eyni zamanda işin faktiki həqiqi halları ilə ikinci ekspertiza rəyində göstərilən həqiqəti əks etdirməyən ziddiyyətli hallar çəkişmə prinsipinə əməl edilməklə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Həmçinin maddi və mənəvi zərər hissəsində də məhkəmə işin həqiqi halları məlum olduğu halda sübutlarla müqayisəli şəkildə aydınlaşdırmamışdır. Təmir xərclərinə aid hissədə birinci instansiya məhkəməsi ona mənzilə çəkdiyi xərclər hesabına real zərər vurulmasını müəyyən etsə də, qanunsuz və həqiqəti əks etdirməyən ekspert rəyinə əsaslanaraq iş üçün əhəmiyyətli olan ilkin qiymətləndirmə aktında olan məlumatları, inşaat materiallarına dair ilbəil ölkədə hər kəsə bəlli olan qiymət artımına dair faktları, ekspert rəyində olan yalan məlumatları müqayisəli şəkildə aydınlaşdırmaqla sübuta yetirməyə çalışmamış və çəkişmə prinsipini pozaraq buna imkan yaratmamışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

23. İşə apellyasiya qaydasında baxan məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə təmirə çəkilmiş xərcin məbləğini düzgün müəyyən etmiş, ekspert rəyinə əsaslanmış, ekspert rəyi isə kifayət qədər əsaslandırılmışdır. Təkrar ekspertizanın keçirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə, həmçinin qeyd etmişdir ki, ilkin iddiaçı mənzili 2021-ci ilin aprel ayında əks tərəfə təhvil verdiyindən, pulun ödənilməsi ilə mənzilin boşaldılmasının eyni vaxtda icra olunması qət oluna bilməzdi. MMC-nin ("xxxx" MMC) iddiaçıya 30 000 manat məbləğində maddi və mənəvi zərər vurması barədə sübutlar isə məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi mənzilin qanunsuz sahiblikdə olduğu müddəti və həmin müddətdə əldən çıxmış faydanı düzgün müəyyən etmiş və bunu qətnamədə lazımi qaydada əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə ilkin iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 oktyabr 2022-ci il tarixli qətnaməsi ilkin iddia tələbinin Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması hissəsində ləğv edilərək iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

26. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh1 MMC-dən 30 000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. ... Cavabdeh1 MMC-dən 30 000 manat maddi və mənəvi ziyanın tutulması tələbi üzrə iddiaçı MMC-nin mülki-hüquq pozuntusu (delikt) törətməklə ona maddi və mənəvi zərər vurduğunu iddia edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 21, 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: şəxsiyyətə və ya əmlaka zərərin vurulması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin nəzərə alınmalıdır ki, maddi zərər çəkilmiş və ya çəkməli olan xərclərdə, əmlak itkilərində, habelə əldən çıxmış faydada ifadə edildiyi üçün MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, bu cür tələb irəli sürmüş şəxs ona məhz tələb etdiyi həcmdə maddi zərər dəydiyini təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməlidir. Belə ki, MPM-ə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, onlardan istifadə etməlidir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu baxımdan maddi zərərlə bağlı tələbi təsdiq edən sübutlar (çəkilmiş xərcləri təsdiqləyən sənədlər) təqdim edilmədən həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə müəyyən edilə bilməz. Maddi zərərdən fərqli olaraq mənəvi zərər qeyri-əmlak xarakterli olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Belə zərər anadangəlmə və ya qanun əsasında şəxsə məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Ona görə də əgər baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara və ya mənfi psixoloji reaksiyaya məruz qaldığını sübuta yetirərsə, yaxud işin müəyyən edilmiş hallarına əsasən belə nəticələrin mövcudluğu aşkar olarsa, məhkəmənin iddiaçıdan mənəvi zərərə məruz qaldığı barədə başqa konkret sübutlar tələb etməsinin hüquqi əsası yoxdur. Bu zaman məhkəmənin üzərinə düşən vəzifə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin ağlabatan və ədalətli miqdarını müəyyən etməkdir. Yuxarıda qeyd olunan hallar baxımından əgər iddiaçı cavabdehə qarşı maddi və mənəvi ziyanla bağlı iddia qaldırarsa, ona nə qədər maddi ziyan dəydiyini konkret göstərməli və buna dair sübutlarını məhkəməyə təqdim etməli, habelə ona dəymiş mənəvi ziyanın həcmini hansı məbləğdə olması ilə bağlı mövqeyini ifadə etməlidir. Əks halda birlikdə ifadə edilmiş maddi və mənəvi zərər tələbi MPM-in 149.2.3-cü maddəsində nəzərdə tutulmuş “iddiaçının tələbləri” anlayışına uyğun hesab edilə bilməz. Əgər iddia tələbi göstərilən şəkildə icraata qəbul edilmişdirsə MPM-in 14.1 və 167-ci maddələrinə əsasən məhkəmənin iddiaçının tələb etdiyi zərərin hansı hissəsinin maddi, hansı hissəsinin isə mənəvi zərərə aid olduğu barədə tərəflərlə müzakirə etmək vəzifəsi yaranır. Baxılan iş üzrə iddiaçı Cavabdeh1 MMC-yə qarşı 30 000 manat maddi və mənəvi ziyan tələbi irəli sürmüşdür. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının bu hissədə sübutlar təqdim etmədiyi və mövqeyini kifayət qədər əsaslandırmadığına istinad etməklə iddianı rədd etmişdir. Halbuki baxılan işin məhkəmələr tərəfindən mübahisəsiz qaydada müəyyən edilən hallarına əsasən iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixdə mənzil tikintisi haqqında müqavilə bağlanmış, MMC iddiaçıdan 74 000 manat alaraq mübahisəli mənzil iddiaçıya təhvil vermiş, iddiaçı mənzili təmir edərək ailəsi ilə birlikdə orada yaşamağa başlamış və mənzilə xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə əslində mübahisəli mənzilin başqa şəxsə (Cavabdeh2yə) məxsus olduğu məlum olduğu üçün iddiaçının müqaviləsi etibarsız hesab edilmiş, uzun sürən məhkəmə mübahisələrindən sonra, o, mənzildən çıxarılmış, MMC tərəfindən iddiaçının ona ödədiyi 74 000 manat vəsaitin qaytarılması qət edilmişdir. Mənzilə dair digər məhkəmə mübahisələri hazırda da davam edir. İşin qeyd olunan halları əsasında iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır. Mövcud vəziyyətdə birinci və apellyasiya instansiyası məhkəməsinin iddiaçının Cavabdeh1 MMC-nin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi əsası ilə həmin tələbin təmin olunmaması yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil”.

27. Kassasiya instansiyası qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi "Əzizbəy-KM” MMC-dən 30 000 manat maddi və mənəvi zərərin tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

Təkrar apellyasiya baxışı, verilən izahat

28. Məhkəmə iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi apelyasiya şikayətini Ali Məhkəmənin qərarında şərh olunanlara istinadla müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, Cavabdeh1 MMC-dən tələb etdikləri 30 000 manatın 20 000 manatını mənəvi zərər, 10 000 manatını isə maddi zərər kimi hesablamışlar və tələblərinin tam əsaslı olduğu qənaətindədirlər.

29. Məhkəmə iclasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh1 nümayəndəsini məhkəməyə göndərməmiş, Cavabdeh2 məhkəməyə gəlmiş nümayəndəsinin isə məhkəmə prosesində iştirak etmək səlahiyyəti olmadığından (yaxın qohumu olmadığı üçün) prosesdə iştiraka buraxılmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

35. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli Qərarı

36. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

37. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

43. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsi).

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

48. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilkin iddianın “Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması” hissəsi üzrə əsaslılığının və qanuniliyinin yoxlanılması təşkil edir. Çünkü qətnamənin digər hissələri üzrə gəlinən nəticə artıq kassasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılaraq həmin nəticənin düzgün olduğu qənaətinə gəlinmişdir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

49. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

50. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi ilkin iddiaçının “Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın tutulması” tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

51. Belə ki, ilkin iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində ilkin iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentləri əsaslı hesab olunmalıdır; belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında (§ 36) Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

53. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi 20 000 manat mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

54. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MMC-nin hərəkətləri nəticəsində ilkin iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını və əmlakından məhrum olduğunu nəzərə almaqla kollegiya hesab edir ki, ona dəymiş mənəvi zərərin 5000 (beş min) manat həcmində müəyyənləşdirilməsi mənəvi iztirablarının ağlabatan əvəzi kimi qəbul edilməlidir.

55. Bununla belə kollegiya, iddiaçının “maddi ziyan qismində 10 000 (on min) manatın MMC-dən tutularaq ona ödənilməsi” tələbini əsassız hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünkü həmin tələbin araşdırılmasını zəruri edəcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.

56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın tutulması tələbinin rədd olunması” hissəsində ləğv olunmalı, həmin hissədə ilkin iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalı, cavabdeh MMC-dən mənəvi ziyanın əvəzi qismində ilkin iddiaçının xeyrinə 5000 manat tutulmalıdır.

57. Kollegiya, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri məsələsinə də münasibət bildirərək qeyd edir ki, ilkin iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilən rüsum məbləğləri cavabdeh MMC-dən alınıb ilkin iddiaçıya ödənilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-59/2022 saylı iş üzrə 05 iyul 2022ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni İddiaçı “Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın xeyrinə tutulması” tələbinin rədd olunması hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı “Cavabdeh1ndən 30 000 manat maddi və mənəvi ziyanın xeyrinə tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh1ndən mənəvi ziyanın əvəzi qismində 5000 (beş min) manat tutularaq İddiaçı ödənilsin. Həmin iddia tələbi qalan hissədə təmin olunmasın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 35 (otuz beş) manat Cavabdeh1ndən alınaraq İddiaçı ödənilsin. Qətnamədən İddiaçı və Cavabdeh1 tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar