Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4618/2020 20.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X6 və X3 ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6918/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzil xx.xx.2018-ci il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırda həmin mənzildə iddiaçıdan başqa, oğlu Cavabdeh1, onun arvadı Cavabdeh2 və azyaşlı övladları X5 qeyd olunan mənzildə formal qeydiyyatdadırlar, onlar həmin ünvanda yaşamırlar. Cavabdehlərin xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır və əlavə kommunal xərclər yaradır. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda qalmaları iddiaçının öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də, mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Göstərilənlərə əsasən, iş üzrə cavabdeh olan Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzilindən istifadə hüququ olmayan hesab edilməsi, Cavabdeh1, həmçinin yetkinlik yaşına çatmayan X2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzilindən istifadə hüquqa xitam veriməsi və bu halların cavabehlərin azyaşlı övladları ilə birlikdə həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6918/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməsi, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsi, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu X2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 6918/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi aşağıdakı səbəblərdən qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçının ona qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələblərinin rədd etməklə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmaldır. Buna baxmayaraq məhkəmənin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi şərh olunan həmin tələblərə cavab vermir. Belə ki, məhkəmə tərəfindən işə onun iştirakı olmadan baxılmışdır, ona məhkəmə iclası barədə rəsmi məlumat verilməmişdir. Belə ki, müvəqqəti olaraq qeydiyyatda olduğu ünvanda yaşamır. Çünki cavabdeh ona orada yaşamağa imkan vermir və hal hazırda onun cehiz əşyaları da cavabdehə məxsus Bakı şəhəri Azadlıq prospekti 60A mənzil 30-dadır. O, xx xxxxxx 2020-ci il tarixdə arayış almaq üçün ASAN xidmət mərkəzində olarkən məlum olmuşdur ki, onun mənzildən istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verilmişdir. Məhkəmə heç bir əsas olmadan iddianı təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçıapellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdigər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6918/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2918 saylı reyestr kitabının 272310 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* №-li, xx.xx.2019-cu il tarixli arayışına əsasən Cavabdeh1, Cavabdeh2 və yetkinlik yaşına çatmayan X1 Zemfira İslam qızının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 989175 saylı nikah haqqında şəhadətnamənin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 xx xxxxxxx 2014-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxxx 2014-cü ildə 908 N ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Bəhmənov, arvada Cəbrayılova soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh1 qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququna xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, qeyd olunan mənzil sahəsinin ünvanı arxiv sənədlərinin bir çoxunda Nəsimi rayonu, A.Quliyev küçəsi kimi göstərilsə də, ünvan reyestri bazasında və Milli Qeydiyyat Sistemində düzgün yazılışı Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, ev 102/26, mənzil 9 olaraq öz hüquqi qüvvəsində olduğu bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə əsasən, cavabdehlərə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırki mülki işdə məhkəmə tərəfindən araşdırılmalı olan əsas məsələ cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının olmasına dair əsasların mövcud olubolmamasıdır. Mülki işin faktiki hallarından və iş materiallarından aydın olduğu qədərilə iddiaçı ilə cavabdehlər arasında ailə münasibətləri (oğlu və gəlini) mövcud olmuşdur. Belə ki, iddiaçı ilə gəlini Cavabdeh2 arasında heç bir razılaşma olmadığına görə ümumiyyətlə istifadə hüququ mövcud deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə baxışı zamanı iddiaçı ilə Cavabdeh2 arasında istifadə hüququnun tanınması barədə hər hansı bir razılaşmanın olduğunu təsdiq edən sübut və dəlillər aşkar edilməmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 mübahisəli mənzildə istifadə hüquqlarının olmasından söhbət gedə bilməz. Cavabdeh1 isə mülkiyyətçinin oğludur və iddianın təmin edilməsinə dair notarial qaydada təsdiq olunmuş ərizəsi vardır. Odur ki, hazırda mübahisəli mənzildə iddiaçının, yəni mülkiyyətçinin iradəsi və istəyi ziddinə cavabdehlərin qeydiyyatda qalması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin nöqteyi-nəzərindən iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə, iddia ərizəsində iddiaçının yetkinlik yaşına çatmayan 2016-cı il təvəllüdlü X2 da mənzildən istifadə hüququna xitam verilməsi tələbinə gəldikdə qeyd edir ki, həmin uşaq da valideynləri ilə birlikdə həmin mənzildə yaşamışdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsənin 1-ci hissəsində qeyd olunmuşdur: “hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.” Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, 2016-cı il təvəllüdlü X2 da Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzilə istifadə hüququna xitam verilməlidir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməli, Cavabdeh1 və onun yetkinlik yaşına çatmayan oğlu X2 Bakı şəhəri, Nəsimi rayonu, A.Quliyev küçəsi, ev 102/26 ünvanında yerləşən 9 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda vəya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, şikayətdə göstərilənlər əsassız olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər yuxarıda qeyd olunanlarla təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6918/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6918/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4618/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4618/2020
20.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver