Məhkəmə qərarları › İş №2(103)-4620/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4620/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4620/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-821/202020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və formal xarakter daşıyan nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-821/202020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərildiyi kimi iddiaçı və cavabdeh arasında rəsmi nikah qeydə alınmasına baxmayaraq, aralarında ər-arvad münasibəti olmamış və onlar hətta 1 gün belə bir yerdə yaşamamış və birgə təsərrüfat aparmayıblar. Cavabdehlə iddiaçının heç vaxt bir-birinə həyat yoldaşı münasibəti olmamışdır. Bütün bunlar iddiaçı ilə cavabdehin ailə qurmaq niyyəti olmadan, sadəcə valideynlərinin təzyiqi altında nikaha girmələrinin göstəricisidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə, iddianın təmin edilməsinə yönəldiyindən hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının və qanuniliyinin tam yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 2511 nömrə ilə qeyd edilmişdir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, tərəflər rəmi nikaha daxil olmamışdan əvvəl onların el adəti ilə xx.xx.2019-ci il tarixdə nişan mərasimi keçirilmiş, lakin, toy mərasiminin keçirilməsinə 2 gün qalmış tərəflərin münasibətləri pisləşmiş və toy mərasimi keçirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Qanunvericinin qeyd edilən mövqeyi, müvafiq icra hakimiyyəti orqanında qeydə alınmış nikahın hüquqi nəticələrinin tanımaqla bərabər, həmçinin nikaha daxil olarkən şəxslərin iradə ifadəsinin ailə qurmaq istiqamətində olması “prezumpsiyasını” yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir”. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, eyni zamanda iddia ərizəsindən də görünür ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etmişlər və niyyətləri rəsmi nikaha daxil olmaq olmuşdur. Bundan sonra toy mərasiminin keçirilməsinə 2 gün qalmış tərəflərin münasibətləri pozulmuşdur. Belə olan halda nikah bağlanarkən, nikahın etibarsız hesab edilməsi üçün Ailə Məcəlləsində göstərilən əsasların olması istisna edilir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinə düzgün qiymət verilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri tərəflər arasında olan nikahın etibarsız sayılması üçün əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-821/202020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar