Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4620/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnamənin (icra sənədinin) izah edilməsi barədə İddiaçı ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)-4694/2021 nömrəli qərardadından İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayətlər üzrə işə Bakı Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzilin, bu mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş, bu səbəbdən də qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bir müddət sonra iddiaçı (icra sənədi üzrə tələbkar) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini, yəni Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin “mübahisəli mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının hər bir halda iddiaçıya verilməsi” kimi başa düşülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)- 4694/2021 nömrəli qərardadı ilə (hakim Səbinə Nuriyeva) ərizə təmin olunmamışdır. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC tərəfindən də qərardaddan şikayət verilmiş, qərardadın dəyişdirilməsi, qərardaddan qeyd edilmiş “Məhkəmə ərizədə tələbkar tərəfindən qeyd olunan binaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmayaraq bildirir ki, həmin binaya nəzarətin başqa şəxsə keçməsi binadan olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmır. Qeyd olunan qətnamənin icrası icra orqanı tərəfindən təmin edilməlidir”. cümlələrin əvəzinə “İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış müqavilələr üzrə işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC tərəf olmadığından, həmin müqavilələr üzrə heç bir öhdəlik daşımır” cümləsinin qeyd edilməsini xahiş etmişdir. Şikayətlərin dəlilləri: İddiaçı şikayəti - qərardadın əsassız və qüsurlu olması, icra ilə bağlı lüzumsuz çətinliklərin hələ də davam etməsinə səbəb olması, mübahisəli mənzillərin yerləşdiyi binaya hazırda faktiki olaraq "xxxx" MMC-nin və ya hər hansı üçüncü bir şirkətin nəzarət etməsinin icra vərəqəsinin icrasından yayınmaq üçün əsas ola bilməməsi, mübahisəli mənzillərə kimin nəzarət etməsindən asılı olmayaraq faktiki olaraq natura mövcud olan mübahisəli mənzillərin və həmin mənzillərə aid açarların hər bir halda tələbkara (iddiaçıya) təhvil verilməli olması, əks yanaşmanın bu cür mübahisələr zamanı təhvil verilməsi nəzərdə tutulan əmlakların yerləşdiyi binalara nəzarətin fərqli adlar altında fəaliyyət göstərən hüquqi şəxslərə ötürülməklə oxşar icra vərəqələrinin icrasından yayınma ilə müşayət edilə bilməsi, digər tərəfdən əgər qətnamə ilə binaya vaxti ilə nəzarət edən şirkət üzərinə (indiki halda Cavabdeh MTK) müəyyən hərəkətləri icra etmək vəzifəsi qoyulmuşsa, sonradan nəzarətin başqa şirkətə keçməsi halında vəzifənin də ona (nəzarət edən həmin şirkətə) aid edilməli olması, bu cür halların qətiyyən qanuni qüvvəsini almış məhkəmənin aktının icrasız qalması ilə nəticələnməli olmaması, icra məmurunun hazırda mənzillərin yerləşdiyi binanın "xxxx" MMC-nin nəzarətində olmasını bəhanə edərək icra hərəkətlərini icra etməkdən boyun qaçırması, Nərimanov Rayon Məhkəməsinin əslində mahiyyət etibarilə ərizəni təmin etməsi, lakin həmin qərardadın nəticə hissəsində ərizənin təmin edilməməsinin yazılması və bununla da qərardadın nəticə hissəsi onun mahiyyəti ilə ziddiyyət təşkil etməsi, icraçının icradan boyun qaçırması üçün fürsət yaratması, bu səbəblə də icra vərəqəsinin hazırki vaxtadək icra edilməmiş vəziyyətdə qalması, iddiaçının hüquqlarının pozulması və s. kimi əsaslandırılmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC şikayəti – sözügedən mənzillərin yerləşdiyi binanın heç vaxt Cavabdeh MTK-ya məxsus olmaması, Cavabdeh MTK-nın vəzifəli şəxslərinin binadakı yaşayış və qeyri-yaşayış sahələri barəsində qanunsuz alqı-satqı müqavilələri bağlaması, 02 iyul 2021-ci il tarixli razılaşma əsasında Cavabdeh MTK-nın satdığı mənzillərdən 74-ü barəsində bağlanılmış müqavilələrin "xxxx" MMC-yə təqdim olunması, qeydiyyata alındığı və alıcılara təqdim edildiyi, İddiaçı tələb etdiyi mənzillərin həmin razılaşmada nəzərdə tutulmaması, Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində cinayət təqibinin başlanması, mübahisəli hüquq münasibətlərinin tərəfləri bir tərəfdən iddiaçı, başqa tərəfdən Cavabdeh olduğu üçün işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin müqavilədə tərəf olmadığından, həmin müqavilə üzrə heç bir öhdəlik daşımaması, qərardadda bu kimi cümlənin olmasının qətnamənin icrası zamanı lüzumsuz problemlərin yaratmasına əsas olması və s. kimi əsaslandırılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(005)- 4694/2021 nömrəli qərardadı ilə şikayətlər təmin edilməmiş, 7 gün müddətində iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının şikayəti qismən təmin olunmalı, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin olunmuş, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzilin, bu mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. İşdən görünür ki, işə baxılan zamanı "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Qətnamədən qanunla müəyyən olunmuş prosessual müddət ərzində apellyasiya şikayəti verilməmiş, bu səbəbdən də məhkəmənin 17 dekabr 2021-ci il tarixli məktubu ilə müvafiq icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. İddiaçı 15 mart 2022-ci il tarixdə qətnaməyə izah verilməsi üçün hazırki ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Ərizənin mahiyyətindən görünür ki, qanuni qüvvəsini almış qətnamə icrasız qalmış, buna səbəb isə təhvil verilməli olan mənzillərin (həmçinin, mənzillərin açarlarının) yerləşdiyi binaya faktiki nəzarətin "xxxx" MMC tərəfindən həyata keçirilməsi və sonuncu tərəfindən icraya maneə yaradılması, icra məmurunun isə qətnamənin nəticə hissəsinin düzgün təfsir etməməsidir. İlkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq hüquq normalarının, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin president hüququna əsasən məhkəmə qərarının icrası AİHK-nın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. Həmçinin qeyd edilməlidir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. «İcra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi qətnamənin icrasına nail olmaq, bu sahədə yaranmış çətinlik və anlaşılmazlığın (qətnamənin yanlış başa düşülməsi və s.) aradan qaldırılmasına nail olmaq olmaqdır. Məhkəmə qərarının icrasına nəzarət isə daima məhkəmənin diqqət mərkəzində olmalı, bu sahədə ona edilən müraciətlər üzrə tam, hərtərəfli və çevik araşdırma aparılması, adekvat qərarlar qəbul edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İşdən isə görünür ki, birinci instansiya məhkəməsi ümumiyyətlə ərizədə göstərilən halların mövcud olub-olmaması istiqamətində heç bir araşdırma aparmamış, məsələyə formal yanaşmış, ziddiyyətli və əsaslandırılmamış qərardad qəbul etmişdir. Yəni, məhkəmə ilkin olaraq işdə iştirak edən şəxslərin, eləcə də icra məmurunun iştirakı ilə məsələni araşdırmamış, onların dinlənilmə hüququnu təmin etməmişdir (işdə qeyd edilən şəxslərin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə dair sübutlar mövcud deyildir). Bu səbəbdən də ərizəyə yenidən baxılan zamanı qeyd edilən şəxslərin iştirakı ilə, həmçinin icra işi tələb olunaraq ona baxış keçirilməklə icra sənədinin icra vəziyyəti öyrənilməli, iddiaçının göstərdiyi halların mövcud olub-olmaması, icra sənədinin hansı səbəbdən hazırki vaxtadək icra olunmaması, buna səbəbin qətnamənin (onnu nəticə hissəsinin) yanlış başa düşülməsinin, icra sənədində göstərilən tələblərin aydın olubolmaması və s. bu kimi hallar aydınlışdırılmalıdır. Bundan sonra, əgər həqiqətən qətnamənin icrasının üçüncü şəxslərin (o cümlədən birinci instansiya məhkəməsində üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC) və ya icra məmurunun düzgün başa düşməməsi, yanlış təfsir etməsi, icra sənədində göstərilən tələblərin aydın olmaması və s. bu kimi səbəblərdən irəli gələn hər hansı maneəsi ilə bağlı icrasız qalması müəyyən olunarsa, o zaman ərizəyə bu istiqamətdə münasibət bildirilməlidir. Yuxarıda da qeyd edildiyi kimi, qətnamə qanuni qüvvəsini aldığından icra olunmalıdır. "xxxx" MMC məhkəmə icraatına cəlb olunduğundan, qətnamənin onun maraqlarına toxunduğu halda onu mübahisələndirmək hüququna malik olmuşdur. Eyni zamanda, işdə iştirak etməyə cəlb olunmamış, lakin qətnamə onların hüquq və vəzifəsinə toxunan digər şəxslər də qətnaməni mübahisələndirmək hüququna malikdirlər. Belə ki, MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Göründüyü kimi, qanunverici məhkəmə aktının üçüncü şəxslərin, habelə məhkəmə icraatına cəlb olunmamış digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallarda onu mübahisələndirmək imkanını müəyyən etmişdir. Əks halda qanuni qüvvəsini almış, həmçinin üçüncü və maraqlı şəxslər tərəfindən də mübahisələndirilməmiş qətnamənin icrasına qanunsuz olaraq hər hansı maneə yaradılması yolverilməzdir və qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb ola bilər. Belə ki, “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinin əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi isə ərizəyə baxarkən qeyd olunan hallara diqqət etməmiş, iş üzrə tam, hərtərəfli və obeyktiv aşaşdırma aparmamış, onlara hüquqi qiymət verməmişdir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində iddiaçının ərizəsinə münasibətdə müəyyən hüquqi mövqe (“Məhkəmə ərizədə tələbkar tərəfindən qeyd olunan binaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmayaraq bildirir ki, həmin binaya nəzarətin başqa şəxsə keçməsi binadan olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmır. Qeyd olunan qətnamənin icrası icra orqanı tərəfindən təmin edilməlidir”.) sərgiləsə də, sonradan ərizənin rədd olunması nəticəsinə gəlməklə ziddiyyətli qərardad qəbul etmişdir. Hər bir halda məhkəmə kollegiyasının yuxarıda qeyd etdiyi halları araşdırmadan izahla bağlı ərizəyə formal münasibət bildirilməsi, ədalətli məhkəmə araşdırması prinsipinə də uyğun deyildir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının şikayəti ilə qismən razılaşır və hesab edir ki, qərardad iddiaçının şikayəti üzrə ləğv edilməlidir. Lakin, "xxxx" MMC şikayətin dəlillərində əsasən iddianın mahiyyətinə toxunaraq mübahisəli mənzillərə dair iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələri və s. şübhə altına alaraq mübahisələndirmişdir ki, bu da qanuni qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığına ziddir və hazırki mərhələdə bu hallar təkrarən yoxlanıla bilməz. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). MPM-nin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Belə olan halda isə məhkəmə kollegiyası "xxxx" MMC-nin şikayəti ilə razılaşmır. MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. MPM-in 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, iddiaçının şikayəti qismən təmin edilməli, qərardad ləğv edilməli, mülki iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməli, üçüncü şəxs "xxxx" MMC-nin şikayəti isə təmin olunmamalıdır. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 230, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnamənin (icra sənədinin) izah edilməsi barədə İddiaçı ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)-4694/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)-4694/2021 nömrəli qərardadı ləğv edilsin və mülki iş iddiaçının izahla bağlı ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4620/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4620/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver