Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4621/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdeh X2 ilə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı «ASAN xidmət» mərkəzində bağlanmış nikahın bağlandığı gündən etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: 1 saylı Bakı "Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ- T seriyalı, 043769 nömrəli nikah haqqında şəhadətnaməyə (təkrar) əsasən İddiaçı ilə X2 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış nikah 1540 nömrə ilə akt qeydləri kitabında qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir; X2 və İddiaçı arasında mediasiya prosesində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aralarında xx.xx.2021-ci il tarixli 1540 nömrə ilə qeyd olunmuş nikahın pozulması barədə razılığa gəlmişlər; cavabdeh xx.xx.2022-ci il tarixində ərizə ilə müraciət edərək, nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (səh.5, 8, 33). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Ailə Məcəlləsinin 2.3, 25, 26; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 112.1.3, 124.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, qnunvericinin mövqeyindən göründüyü kimi, nikah, digər hallarla yanaşı, həm də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda etibarsız sayıla bilər. Çünkü saxta nikahın bağlanmasındakı məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Bununla belə, nikahın etibarsızlığının əsasları qanunvericilikdə dəqiq şəkildə müəyyən olunduğu üçün, bu tip mübahisələrdə əsaslı, mötəbər sübut olmadan yalnız formal mülahizələrə əsaslanmaqla iddiaların təmin olunması bu institutun mahiyyətinə zidd olmaqla bərabər, ailənin dövlətin himayəsində olması ilə bağlı konstitusion müddəanın pozulmasına səbəb ola bilər. İşin hallarından aydın olur ki, tərəflər könüllülük əsasında sərbəst iradə sərbəstliyini nümayiş etdirməklə rəsmi nikah bağlayaraq qeydə aldırmış və ailə qurmuş, iddiaçı isə nikahın qeydə alındığı vaxtdan 1 ilə yaxın müddət keçdikdən sonra ailə qurmaq niyyətinin olmamasının aşkara çıxmasına əsaslanmaqla nikahın etibarsız sayılmasını istəmişdir.Göründüyü kimi, tərəflər arasında nikah bağlanarkən nikahın etibarlılığını şübhə altına alan, qanunvericilkdə nəzərdə tutulan şərtlərin pozulması halı olmamış, nikah ailə qurmaq niyyəti ilə bağlanmış, lakin sonradan tərəflərin xarakterlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri pozulmuşdur. Göstərilən hallar isə nikahın etibarsızlığının deyil, nikahın pozulmasının əsaslarını təşkil edir. Çünkü qanunverici, nikahın etibarsızlığını məhz ilk andan tərəflərin ailə qurmaq niyyətinin olmaması ilə əlaqələndirmişdir, hazırkı işin hallarından isə nikaha daxil olarkən hər iki tərəfin ailə qurmaq niyyətinin olduğu aydın olur. İddiaçı tərəf nikaha daxil olarkən ailə qurmaq niyyətlərinin olmadığına dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1556/2022 saylı qətnaməsini ləğv edib, onun iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 60, 127, 129; Ailə Məcəlləsinin 25, 26; Mülki Prosessual Məcəllənin 385, 386-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh keçən ilin yayında təsadüfən tanış olmuş, qarşılıqlı olaraq mobil telefon nömrələrini bir-birilərinə vermişlər. Bundan sonra teztez telefon əlaqəsi yaratmış, bir müddətdən sonra cavabdehin təşəbbüsü ilə bir neçə dəfə görüşmüşlər. Söhbət zamanı məlum olmuşdur ki, cavabdeh 27 yaşın içindədir, lakin hələ subaydır. O, səbəbini soruşanda isə cavabdeh ona bir dəfə nişanlandığını, lakin oğlanın evinin olmaması, həmçinin rayonda yaşadığı üçün nişanı qaytardığını bildirmişdir. Onun harada yaşamağı ilə maraqlanmış və özü haqqında ona məlumat vermişdir. Bundan sonra müntəzəm olaraq cavabdehin təşəbbüsü ilə müxtəlif yerlərdə görüşməyə başlamış, münasibətləri get-gedə daha da yaxşılaşmağa başlamış, cavabdeh gözlənilmədən ona evlənmək təklifi etmişdir. O, pandemiya dövründə toy mərasiminin baş tutmayacağını bildirdikdə cavabdeh ona əsas məsələnin nikahı rəsmiləşdirmək olduğunu bildirmiş, sonradan hər şeyin qaydasına düşəcəyini demişdir. Cavabdeh həmçinin bildirmişdir ki, nikaha daxil olandan sonra tezliklə ipoteka götürüb ayrıca mənzil almaq zəruridir. O, heç nədən şübhələnmədən 22 iyul 2021-ci il tarixdə 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində nikahı rəsmiləşdirmiş pandemiya ilə əlaqədar toyu sonraya saxlamışlar. Bir müddətdən sonra cavabdeh ona bir ailədə yaşamaq üçün mütləq kredit götürüb ayrıca ev-almasını bildirmiş, lakin onun maddi imkanı buna imkan verməmişdir. Cavabdeh nə lazım olsa ona köməklik göstərəcəyini bildirmiş, lakin sonradan ev almaq mümkün olmamışdır. Cavabdeh ona bildirmişdir ki, ayrıca ev almasa bir ailədə yaşamağı arzulamadığını demişdir. Bütün bunlardan sonra cavabdehin niyyətinin onunla ailə qurmaq yox, ancaq nikahı rəsmiləşdirib mənzil almaq, sonra qeydiyyata düşüb mənzili ələ keçirmək olduğunu anlamışdır. O, Cavabdeh bir ailə kimi yaşamağı təklif etsə də, cavabdeh isə bildirmişdir ki, ev alandan sonra bu məsələ barədə fıkirləşə bilər. Bununla da 1 -ci instansiya məhkəməsi qüvvədə olan qanunvericiliyin tələblərini kobud surətdə pozmuş, hüququn düzgün tətbiq edilməsinə səhv etmişdir.O, onun bu hərəkətini ictimailəşdirmək istəyini öyrəndikdə məhkəməyə müraciət etməsindən məlumatı olandan sonra özü rəsmi qaydada iddianı qəbul etmiş və etiraf etmişdir ki, həqiqətən də nikahın rəsmiləşdirməkdə niyyəti hər hansı maddiyyət (mənzil) ələ keçirmək olmuşdur, yəni nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanmışdır. Notariat qaydasında təsdiq edilmlş həmin ərizənin tarixi də qətnamədə xx.xx.2022-ci il əvəzinə xx.xx.2021-ci il göstərilmişdir. Cavabdeh nikaha daxil olarkən “Əliyeva” soyadını qəbul etsə də yenə də “Bayramova” soyadında qalmışdır, yəni əvvəcədən niyyəti olmayıb. Nəticədə o uzun müddətdir ki, stress və sarsıntı icərisində yaşayır, qohum və tanışlarının üzünə baxa bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, nikaha daxil olarkən cavabdehin iddiaçıya ipoteka vasitəsilə mənzil almaq şərti qoyduğunu, nikahın əmlak əldə edilməsi ilə bağlı şərt əsasında bağlanılması səbəbindən nikahın etibarsız hesab edilməli olduğunu, cavabdehin niyyətinin ailə qurulması deyil əmlak xarakterli olduğunu, hər iki tərəfin iddianı təsdiq etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, cavabdehin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməisnə müraciət edərək, iddiaçının iddiasını təsdiq etdiyini və iddiaçı ilə ailə qurmaq niyyətinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Konstitusiyası 24(İİİ), 34, 80; Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 62-67; Ailə Məcəlləsinin 1.3, 3, 11, 13,19.2, 20.1, 20.2, 25- 28; Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 82.1, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, ailə üzvlərinin ailə qarşısında məsuliyyəti, ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri (ümumbəşəri prinsiplər) əsasında qurulması və ailə qurmaq niyyətinin həqiqiliyi baxımından cavabdeh tərəfin bunu sübut (məhkəmə prosesslərində iştirak) etmədiyini əsas tutaraq nikahın formal olaraq bağlandığı belə subuta yetirilmir. Tərəflərin yanılma əsası ilə rəsmi nikah münasibətlərinə daxil olması və cavabdehin iddianı qəbul etməsi adı ilə müraciətlərin ünvanlaması onun pozulması üçün əsas olsada, etibarsızlığa dəlalət edən təfərruatların sübuta malik olduğunu müəyyən etmir. Bundan əlavə, ehtimal edilən yanlış nikah münasibətləri və iddianın etirafı əsası ilə iddianın təmin edilməsi, qeydiyyat orqanın fəaliyyətinə (vəzifə və səlahiyyətlərinə) kölgə salan, habelə qanunvericilk normalarının tətbiqi üzrə (diskression səlahiyyətlərdən və dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iş üçün əhəmiyyəti olan müəyyən edilmiş halların sübut edilməməsi və ya göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsasları ilə qətnamənin mahiyyəti üzrə yanlış olması müəyyən edilmir.Lakin qeyd edilənlərlə yanaşı, Mülki Prosessual Məcəllənin 387.2.7-ci maddəsinə əsasən məhkəmə iclas protokolunun imzalanmaması şikayətin dəlillərindən asılı olmayaraq qəbul edilmiş məhkəmə aktının ləğvi üçün əsas olduğundan, müzakirə edilən mülki iş üzrə məhkəmə iclas protokolunun imzalanmaması (iş səh. 28, 37) məhkəmə qətnaməsinin ləğvi üçün prosessual əsaslar müəyyən edir. Qeyd edilənlərə əsasən Kollegiya belə qənaətə gəlir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası rədd edilməli, müraciətlə əlaqədar ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri ödəyən şəxslərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1556/2022 saylı işi üzrə 05 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4621/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4621/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver