Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4622/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh2, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə (Açar sözlər: ilk iddia:“qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və yeni tikiləcək binada qeyri-yaşayış sahəsinin verilməsi”, qarşılıqlı tələb: “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu, (sədrlik edən və məruzəçi), X4 və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçının nümayəndələri X7, Nümayəndə1 və cavabdehin nümayəndələri Cavabdeh1 (atası), Nümayəndə3 (qardaşı), Vəkil (vəkil) iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 07 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 131 saylı sərəncamı ilə xx.xx.2021-ci il tarixli 338 saylı Sərəncamın 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: “Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tərəfindən tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kursus-Nizami” Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilsin.”
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş **********56-05101-083008 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 122,3 m2 olan qeyriyaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Qeyri-yaşayış sahəsi onun adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Texniki paspaortdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 122,3 m2 -dir. Azərbaycan Respublikası FHN Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun rəyinə əsasən ünvan 1 ünvanında yerləşən bina qəzalı vəziyyətdədir.
4. Cavabdeh2 ilə X8 arasında bağlanmış 01 iyul 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X5 icarəyə verilmişdir. Müqavilə 3 il müddətinə bağlanmışdır. Aylıq icarə haqqı 1000 manatdır.
5. 27 dekabr 2024-cü il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinə baxış zamanı orada 1 ədəd şkaf, xalça toxumaq üçün 3 ədəd taxtadan hazırlanmış dəzgah (1 ədədi qırıq), 1 ədəd dəmir seyf, 5 ədəd toxuculuq üçün dəzgah (balaca), 1 ədəd dəmir vitrin, 30 kisə toxuculuq üçün istifadə olunan ip olduğu müəyyən edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
İlk iddia üzrə:
6. İlk iddia üzrə İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək Cavabdeh2 məxsus ünvan 3 ünvanda olan 122 kv.m. yararsız vəziyyətdə olan zirzəminin boşaldılaraq İddiaçı MTK-nə təhvil verilməsi, həmin zirzəminin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 kv.m qeyri-yaşayış sahəsinin (zirzəmi sahəsinin) verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli 338 saylı sərəncamı ilə “Kursus-Nizami" Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli, 1/14 saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-07818 saylı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, **********06 saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutunun xx.xx.2021-ci il tarixli, xx/xx-01239 saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq olunmuş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün "Kursus-Nizami” Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. “Kursus-Nizami" Mənzil Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlər istifadələrində olan qeyri-yaşayış sahələrinin əvəzinə onlara 2-3 dəfə artıq qeyri-yaşayış və ya yaşayış sahəsi, eləcə də dəyərindən 2-3 dəfə artıq Kompensasiya tələb edirlər. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə, nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Cavabdehlərin qanunazidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə, külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Cavabdehin tamamilə yararsız vəziyyətdə olan, uzun illər istifadəsiz qalmış 122 kv.m yarımzirzəmi qeyri-yaşayış sahəsi vardır. Onun əvəzinə “Kursus-Nizami" MTK cavabdehə həmin ölçüdə tam təmirli yarımzirzəmi təklif edir. Nəzərə alınsa ki, 1 kv.m qeyri-yaşayış sahəsinin təmir qiyməti 200 manatdan çoxdur, təklif etdikləri güzəşt təqribən 25000 manat dəyərindədir.
Qarşılıqlı iddia üzrə
8. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MTK-nın iddia ərizəsinin rədd edilməsi, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsi, ünvan 4 ünvanda yerləşən 280,2 kv.m qeyri yaşayış sahəsinin hər kvm-ni 3500 manat, cəmi 980700 manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqısatqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin İddiaçı MTK hesabına ödənməsi barədə qətnamə, İddiaçı MTK tərəfindən ona məxsus olan qeyriyaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1-ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MTK-nın iddia ərizəsinin rədd edilməsini, ona vurulmuş 25150 manat məbləğində maddi zərərin, 20000 manat məbləğində əldən çıxmış faydanın və 30000 manat məbləğində mənəvi zərərin, cəmi 75150 manat məbləğin İddiaçı MTK tərəfindən ödənilməsini, ünvan 1 ünvanda yerləşən 280,2 kv.m qeyri-yaşayış sahəsinin hər kv.m-ni 5500 manat, cəmi ******* (bir milyon beş yüz qırx bir min yüz) manatdan qiymətləndirilməsinə razıdırlarsa, İddiaçı MTK ilə alqı-satqı müqaviləsinin bağlanmasına razılıq verməyi barədə, əks təqdirdə alqı-satqı müqaviləsinin rədd edilməsi və dövlət rüsumu 316 manat məbləğin İddiaçı MTK hesabına ödənməsi barədə qətnamə, "xxxx" MTK tərəfindən ona məxsus olan qeyri-yaşayış sahəsinin dağıdılması və əmlaklarının oğurlanması ilə əlaqədar cavabdehlər barəsində Azərbaycan Respublikası CM-nin 309.1ci və 322-ci maddələri ilə cinayət işi başlanması üçün xüsusi qərardad qəbul edib istintaq orqanına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK-nın təqdim etdiyi iddia ərizəsi tamamilə qanunsuz və əsassız olmaqla mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Mübahisənin nədən ibarət olduğu iddia ərizəsində açıqlanmamışdır. İddianın məzmunundan görünür ki, əgər mənzil tikintisi haqqında Bakı şəhər İHB-nın qərarı oldusa, bina sakinləri yaşamaq hüququnu itirməlidir. MTK rəhbərliyi onların heç bir hüququna məhəl qoymamalıdır. İddianın əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə istinad edilmişdir, hansı ki, Konstitusiyanın 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan belə bir normativ-hüquqi akt mövcud deyildir. Hesab edir ki, İddiaçı MTK-nın iddiası tamamilə qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddiasının mahiyyəti aşağıdakı kimidir: ünvan 1 ünvanda onun mülkiyyətində xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında 122,3 kv.m, sonradan 20 kv.m də əlavə edilmiş, faktiki olaraq MTK-nın nümayəndəsi ilə birgə ölçülmüş akt əsasında içəri hissədən 155,64 kv.m, çöl hissədən isə ümumi sahəsi 215,54 kvm təşkil edən qeyri-yaşayış sahəsi vardır. 2023-cü ilin noyabr ayında “Kursus- Nizami" MTK-nın sədri Elnur Hüseynov bildirdi ki, tikinti işləri aparmaq üçün obyektiniz sökülməlidir. Sahənin əvəzində 20% artıq ölçüdə mənzillə əvəz edilməsi təklif edilmişdir. Yaxud da burada yerləşən mənzil sahələrinin hər kv.m-nə 2000 manatdan pulunun ödənilməsi, razıdırsa onunla müqavilə bağlasınlar. O və etibarnamə ilə nümayəndəsi olan qardaşı Cahangir bildirdilər ki, onlar burada yaşamırlar, mənzilə də ehtiyacları yoxdur. Bu sahəni alqı-satqı yolu ilə sata bilərlər. Sahələri təmirlidir, içərisində fəaliyyət göstərmək üçün hər şəraiti var, onlardan əvvəl buranı toxucu sexi kimi hər ayı 1000 manatdan icarəyə vermişdilər. 2023- cü ilin may ayında icarəçilər eşidəndə ki, buranı sökəcəklər başqa yer taparaq köçüb getmişlər. Bildirdi ki, sahəsinin hər kv.m-i üçün MTK 3500 manatdan ödəyərsə alqı-satqıya razıdır. Əsaslandırdı ki, qonşu rayon olan Papanində sakinlər qeyri-yaşayış sahəsinin hər kv.m-ni 6000-7000 manatdan satmışlar. Bunu ATV kanalında çıxış edərkən özləri bildirmişlər. Bakının hər yerində qeyriyaşayış sahələrinin dəyəri, mənzillərin dəyərindən 2 dəfə artıq olur, bəzi yerlərdə isə daha artıq məbləğ ödənilir. İnsafla və ədalətlə MTK-ya təklif edir ki, rəsmi “ÇİXARİŞ”ı olan qeyriyaşayış sahəsinin hər kv.m-i üçün 3500 manat, yəni mənzil üçün ödədikləri məbləğdən 2 dəfədən də az məbləğ ödəsələr, onlarla razı olar. Lakin onlar razı olmadılar, dedilər ki, yeri zirzəmidir. İzah etdi ki, sahəni niyə dəyərdən salırsız, dövlətin rəsmi “ÇİXARİŞ”ı ilə bura normal təmir olunmuş və fəaliyyət göstərən obyektdir, ərazini sənədə uyğun adlandırmalıyıq. Sənədlə tikintinin altındakı torpaq sahəsi də 1869 saylı inventar nömrəsi ilə onun istifadəsindədir. Göstərdiyi şərtlər barəsində onlara 3 dəfə yazılı təklifini vermiş, onlar isə yalnız sahənin müqabilində mənzil və ya hər kv.m üçün 2000 manat pul təklif etmişlər. Sonuncu dəfə MTK-nın Anar müəllim adlı nümayəndəsi ilə söhbət edərkən ona bildirdi ki, son variant kimi qeyri-yaşayış sahəsini onlar nümayəndə ilə ölçsün içəridən içəriyə hansı ölçü olacaqsa ona 20% əlavə etməklə hər kv.m-nin dəyərini danışarıq. İzah etdi ki, o, sahə satır həmin sahənin içərisi və çöl divarına qədər olan bütün hissəsi onun mülkiyyətindədir. Ona görə hesablanmanı çöl divardan etməlidirlər. O, isə bildirdi ki, ölçünü aparın, qiyməti sonra danışarıq. Lakin ölçünü aparandan sonra danışığa gəlmədilər. Elnur Hüseynov onlarla qonşuluqda yaşayan və 70 kv.m qeyri-yaşayış sahəsi olan İmanov Mehman adlı şəxsə 245000 manat, yəni hər kv.m-i üçün 3500 manatdan pul təklif etmişdir və bu məbləği qardaşına göstərərək bildirmişdir ki, bura birinci mərtəbə olduğuna görə belə təklif edirlər. Həmin qeyri-yaşayış sahəsinin sahibi İmanov Mehman isə onlardan hər kv.m üçün 5500 manat tələb edir. Qardaşı da izah etmişdir ki, həmin ərazi onlara bina tikintisi üçün lazımdır və bizim yerlə, hər kv.m-ə 5500 manat tələb edən şəxsin sahəsi arasında qiymət baxımından heç bir fərq yoxdur, tikinti aparılarkən hər iki sahədən eyni məqsəd üçün eyni səviyyədə istifadə ediləcəkdir. Əgər oranı zirzəmi hesab edirlərsə, onda bünövrə də hazır vəziyyətdədir və əlavə olaraq qazılmağa 10-15 min manat xərc çəkməyəcəklər. Buna baxmayaraq, onunla razılaşmadan, ərazini özbaşına hasara aldılar və uzun müddət onun sahəsinə toxunmadılar. 2024-cü il dekabrın ortalarında sexin dəmir qapıları sökülmüş, sahəsində olan 8 ədəd toxucu dəzgahları özbaşına, MTK-nın əməkdaşları tərəfindən götürülmüş, sexin divarlarından lambirinlər sökülərək dağıdılmış, 4 ədəd dəmir seyflər, 4 ədəd dəmir qapılar, 5 ədəd plastik qapılar və 2 ədəd stollar götürülmüş, sexin içərisi tamamilə uçurularaq istifadəyə yararsız vəziyyətə gətirilmişdir. O, İddiaçı MTK-nın rəhbəri Elnur Hüseynovdan soruşduqda bildirdi ki, guya onların xəbəri yoxdur, yəqin tanımadığı şəxslər dəzgahları və seyfləri oğurlayıb aparmışlar. Bildirdi ki, buranı MTK hasarlamışdır və buranın mühafizəsinə də onlar cavab verirlər. Bundan bir neçə gün sonra Elnur Hüseynov bildirdi ki, söküntünü onlar aparmışlar və aktlaşdırmışlar. O, bildirdi ki, obyekti sökməyə heç bir səlahiyyətləri yoxdur, saxta akt tərtib etmişlər. Onların bu əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci vəzifə səlahiyyətini aşma və 322- ci özbaşınalıq cinayətinin əlamətləri vardır. Bu barədə dərhal qardaşı Cahangir Nizami rayon PŞ-nin 25-ci PB-nə ərizə ilə rəsmi məlumat vermişdir. İddiaçı MTK-nın bu hərəkətləri ona məxsus olan qeyri-yaşayış sahəsinin onlara istədikləri qiymətə satmağa məcbur etmək xarakteri daşıyır və bu yolla onun sahəsini onlara sərf edən aşağı qiymətə satmağa məcbur edirlər. Ona məxsus olan qeyri-yaşayış sahəsindən hər birinin qiyməti 3500 manat, cəmi 7000 manat təşkil edən 2 ədəd, eni 3 metrlik dəmir toxucu dəzgahı, hər birini 1000 manata aldığı, cəmi 2000 manat təşkil edən eni 2 metrlik 2 ədəd dəmir toxucu dəzgahı, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd, eni 1 metrlik toxucu dəzgahları, hər birini 500 manata, cəmi 2000 manata aldığı 4 ədəd dəmir seyflər, hər biri 200 manata, cəmi 1000 manata düzəldilmiş, 5 ədəd plastik qapılar, 200 manat dəyərində 1 ədəd stol və 150 manat dəyərində 1 ədəd plastik stol MTK-nın əməkdaşları tərəfindən özbaşına götürülmüş, sexin bütün divarlarının lambirinləri tamamilə uçurdulmuş, hər biri 200 manata düzəldilmiş, cəmi 800 manat dəyəri olan 4 ədəd dəmir qapılar çıxarılıb aparılmışdır. Nəticədə, ona toxucu dəzgahları, seyflər və digər avadanlıqlarla əlaqədar 15150 manat, lambirinlərin dağıdılması ilə əlaqədar 10000 manat, cəmi 25150 manat məbləğində maddi zərər dəymişdir. Bundan əlavə, İddiaçı MTK-nın binanı alması ilə əlaqədar o, həmin qeyri-yaşayış sahəsini ayda 1000 manata icarəyə vermək imkanından məhrum olundu, bu minvalla 2023-cü ilin may ayından bu günədək olan 20 ay müddətində 20000 manat məbləğində (əldən çıxmış fayda) maddi qazancı əldən çıxmışdır (Sexin dağıdılmazdan əvvəl və sonrakı şəkilləri və videogörüntüləri iddiaya əlavə edilir). Bundan əlavə, qeyri-yaşayış sahəsinin zorla, özbaşına uçurdulması nəticəsində, onun nüfuzuna mənəvi ziyan dəymiş, edilən zorakılıq onu sarsıtmış, ailəsi və tanışları yanında onun mənəvi durumuna ciddi xələl gətirmişdir. Bu minvalla ona 30000 manat mənəvi zərər dəymişdir. Beləliklə, ona 25150 manat maddi zərər, 30000 manat mənəvi ziyan və 20000 manat əldən çıxmış fayda, cəmi 75150 manat zərər dəymişdir. Ona dəymiş bu zərər mülki qanunvericiliyin tələblərinə əsasən İddiaçı MTK tərəfindən tam məbləğdə ödənməlidir. Bununla yanaşı İddiaçı MTK alqı-satqı barədə onun şərtlərinə razı deyilsə, həmin MTK ilə alqı-satqı müqaviləsi bağlamağı məqbul hesab etmir. Qanunvericiliyin bu tələblərinə əsasən onun qeyri-yaşayış sahəsinin ərazisi 30%, yəni 215,54x30%=64,6 kv.m əlavə olunaraq 280,2 kv.m hesablanmalıdır. Bunun da hər kv.m-i 3500 manatdan 980700 manat təşkil edir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1065/2025 saylı, 07 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ü.Yusifova) ilk iddia təmin edilmiş, Cavabdeh2 tərəfindən ona məxsus ünvan 1 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsinin boşaldılaraq İddiaçı MTKya təhvil verilməsi, həmin qeyri-yaşayış sahəsinin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 m2 qeyri-yaşayış sahəsinin verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə əsassız sayılaraq rədd olunmuşdur.
12. Məhkəmə ilk iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 47/13 saylı yaşayış binasının texniki vəziyyəti barədə 19 sentyabr 2024-cü il tarixli rəydən görünür ki, həmin ünvanda yerləşən binanın vəziyyəti qeyri-qənaətbəxşdir, şəhərsalma və tikinti normalarına cavab vermir.
13. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, ilk iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh2 tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13 ünvanda olan 122,3 m2 yararsız vəziyyətdə olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı MTK-ya təhvil verilməli, qeyriyaşayış sahəsinin əvəzinə ona İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə inşa olunacaq 1 saylı binada 160 m2 qeyri-yaşayış sahəsi verilməlidir.
14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tələbini yetərincə əsaslandırmamış və məhkəməyə sübutlar təqdim etməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 4.1, 17.1, 17.3-cü maddələrinə və digər normalara və məhkəmə qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən ilkin idddia üzrə cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh2 apellyasiya şikayəti vermiş və ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ona dəymiş 25.150 manat mləğində maddi ziyan, 20.000 manat məbləğində əldən çıxmış fayda və 30.000 manat məbləğində mənəvi ziyanın “Kursus Nizami MTK” tərəfindən ödənilməsi, 280.2 kvm qeyri-yaşayış sahənin hər kv.m-i üçün 3500 manatdan, cəmisi 980700 manat məbləğində ödənməsi barədə alqı-satqı müqaviləsi bağlanması, əks təqdirdə müqavilə bağlamaqdan imtina edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə tam, obyektiv və ədalətli baxmamış, birtərəfli və ədalətsiz baxaraq qətnaməni yalnız “Kursus Nizami MTK”-nın maraqlarını müdafiə etmək, iddiaçının mənzil hüquqlarını isə yalnız kobud surətdə məhdudlaşdırmaq istiqamətini götürmüş və bütün normativ aktlara da bu niyyətlə müraciət etmişdir. Mənzil hüquqlarının hansı səbəbdən məhdudlaşdırmağın zəruri olmasını əsaslandırmamışdır. Hansı zərurət yaranmışdır ki, onun əsas qanunda birbaşa təsbit olunmuş, əmlakının dəyəri kimi kompensasiya almaq barədə konstitusion hüququ kobud surətdə pozularaq, yalnız özlərinin də təsdiq etdiyi kimi külli miqdarda qazanc əldə etmək məqsədində olan “Kursus Nizami MTK”-nın mənafeyini müdafiə etmişdir. Burada nə dövlət mənafeyi, nə hərbi məqsəd, nə də ki, qanunda göstərilən digər zəruri vəziyyət mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatların heç biri araşdırılmamış, yalnız tərəflərin izahatları alınaraq səthi qətnamə qəbul edilmişdir. Əldən çıxmış faydanın mövcudluğu, ona məxsus olan toxucu sexinin MTK nümayəndələri tərəfindən özbaşına dağıdılması, toxucu dəzgahlarının oğurlanması, ərazinin sökülüb dağıdılması faktı təsdiq olunduğu halda, məhkəmə bu faktları qətiyyən araşdırmamış və onların əməlinə lazımi hüquqi qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh və onun nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
20. İddiaçının nümayəndələri isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
22. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Maddə 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır: Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi; Maddə 17.1. Bu Məcəllənin ərazi planlaşdırılmasına dair müddəaları Azərbaycan Respublikasının bütün ərazisinin, o cümlədən ərazi hissələrinin (regionların, inzibati ərazi vahidlərinin), şəhərlərin və başqa yaşayış məntəqələrinin ərazilərinin planlaşdırılması, həmin ərazilərdəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləyir. Maddə 17.2. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Maddə 17.3. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarı: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir”.
26. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı: Zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı apellyasiya şikayətində qətnamə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən və ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunduğundan qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən əsaslı sayır və hesab edir ki, qətnamə ilkin iddia ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalı, qarşılıqlı iddia tələbi hissəsində isə qismən - əldən çıxmış faydanın ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə qarşılıqlı iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia ilə bağlı qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır və ilk növbədə ilkin iddia tələbi ilə bağlı mövqeyini açıqlayır.
31. “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016- cı il tarixli 86 saylı Qərarı ilə müvafiq icra hakimiyyəti orqanlarına 5 il müddətinə qəzalı vəziyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi və s. hərkətlərin edilməsi tapşırılmışdır.
32. Nazirlər Kabinetinin bu Qərarına uyğun olaraq və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2021- ci il tarixli rəyini də nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2021-ci il tarixli, 338 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün İddiaçı Mənzil Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir.
33. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin xx.xx.2021-ci il tarixli, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İmadəddin Nəsimi küçələrinin kəsişməsindəki 2519-cu məhəllədə yerləşən binaların texniki vəziyyəti barədə” Rəydə qeyd edilir ki, binaların yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulun tökülməsi, döşəmələrin ağac elementlərində müxtəlif deformasiyalar, bioloji zədələmələr, yaranmış, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcud olduğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülüb, armatur karkası korroziyaya məruz qalıb, dam örtükləri yararsız vəziyyətdədir. Şiferlər sınıb, köhnəlib, müəyyən sahələrdə yerdəyişmələr, çardağın ağac elementlərində çatlar, əyintilər, yumşaq örtüklü damlarda çoxsaylı zədələr yaranıb, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlılığı yolverilməzdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir.
34. İş materiallarında olan Azərbaycan Respublikası FHN Tikintidə X6 Agentliyi “Azərdövlətlayihə" Azərbaycan Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 47/13 saylı yaşayış binasının texniki vəziyyəti barədə 19 sentyabr 2024-cü il tarixli rəydən də görünür ki, həmin ünvanda yerləşən binanın vəziyyəti qeyriqənaətbəxş olmaqla şəhərsalma və tikinti normalarına cavab vermir.
35. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı Mənzil Tikinti Kooperativi tərəfindən ünvan 1 ünvanında yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılaşma əldə olunmuş və 20 % əlavə sahə təklif edilməklə müvafiq müqavilələr bağlanmışdır. Yeganə razılıq əldə olunmayan şəxs həmin binanın zirzəmisində yerləşən 122,3 kvm qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2dur. İddiaçı MTK həmin qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh2 160 kvm ölçüdə, yəni 37,7 kvm artıq qeyri-yaşayış sahəsi təklif edir ki, bu da hüquqmüəyyənedici sənədlərə əsasən ona məxsus olan sahədən 30 %-dən çoxdur. Cavabdeh2 isə təklif olunan sahəni qaneedici saymır və apellyasiya baxışı zamanı da bildirdiyi kimi son nəticədə ona 215 kvm qeyri-yaşayış sahəsi verilməsini, yaxud həmin qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun dəyərinin ödənilməsini tələb edir. Cavabdeh bu tələbini onunla əsaslandırır ki, mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsi hesablanarkən yükdaşıyan çöl divarların sahəsi də ümumi sahəyə daxil edilməli, yəni sahə çöldən-çölə hesablanmalı və yeni tikiləcək binada həmin sahəyə uyğun qeyri-yaşayış sahəsi verilməlidir.
36. Göründüyü kimi, tərəflər arasında sökülməli olan qeyri-yaşayış sahəsinin ölçüsü və əvəzində veriləcək qeyri-yaşayış sahəsinin ölçüsünə uyğun veriləcək kompensasiya məbləği barəsində mübahisə vardır.
37. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq ilk iddia tələbini əsaslı saymışdır.
38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının cavabdehə təklif etdiyi 122,3 kvm qeyriyaşayış sahəsinin əvəzinə təklif olunan 160 kvm qeyri-yaşayış sahəsi mövcud təcrübəyə uyğun olmaqla, kifayət qədər ədalətli və ağlabatandır.
39. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, cavabdeh bu davranışı ilə öz əmlak hüquqlarından sui-istifadə edir. Belə ki, həmin binanın əksər sakinləri ilə iddiaçı arasında razılıq əldə edildiyi və iddiaçının hər ay onlar qarşısında üzərinə düşən öhdəliyini icra etməyə məcbur olması cavabdehə məlumdur. Əgər iddiaçı üzərinə götürdüyü öhdəliyini icra edə bilməzsə, həmin şəxslərin hüquqları pozulacaqdır. Bununla belə, cavabdeh öz davranışları ilə iddiaçının digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun sərəncamdan irəli gələn hüquqlarının həyata keçirməsinin qarşısını alır, digər çoxsaylı sakinlərin mənzil hüquqlarının vaxtında təmin olunmasına əngəl törədir, qeyri-yaşayış sahəsinə görə aşkar tənasübsüz əvəz əldə etməyə məcburetməyə çalışır.
40. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93).
41. Şəhərsalma və Tikinti Məcəlləsinin 17.5-ci maddəsinə əsasən, ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır.
42. Avropa İnsan Hüquqları Məhkəməsi Lyudmila Yuryevna Siqunova və X1rşı iş üzrə 12 fevral 2019-cu il tarixində qərarında da oxşar iş üzrə eyni nəticəyə gəlmiş və qeyd etmişdir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar, bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir və bu baxımdan tədbir mütənasib və uyğundur. Avropa Məhkəməsi həmin qərarında məhz bu mütənasibliyi nəzərə alaraq şikayətin açıq-aşkar əsaslandırılmadığı qənaətinə gəlmiş və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq ərizəçilərin şikayətini rədd etmişdir.
43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar(maddə 5.3). Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir( maddə 16.1). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6). Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (maddə 560.1-560.2).
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin ilk iddia ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, həmin hissədə məhkəmənin gəldiyi nəticə işin müəyyən edilən hallarına uyğundur və həmin hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya eyni zamanda birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi ilə bağlı hissədə gəldiyi nəticəni də əldən çıxmış faydanın ödənilməsi hissəsi istisna olmaqla qanuni və əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissələrdə də dəyişdirilmədən saxlanımalıdır.
46. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi qarşılıqlı iddianın əldən çıxmış faydanın ödənilməsi hissəsini tamamilə rədd etməklə həmin hissədə yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, hələ 01 iyul 2017-ci il tarixdə mübahisəli 122,3 kvm qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair Cavabdeh2 ilə X8 arasında müqavilə bağlanmış və həmin müqavilədə aylıq icarə haqqının 1000 (min) manat olduğu qeyd edilmişdir.
47. Məhkəmə kollegiyası iş materiallarına, o cümlədən X3 mülki işə əlavə olunmuş ərizəsində (1-ci cild, i.v.184) göstərilənlərə əsasən müəyyən etdi ki, onların arasında olan bu icarə münasibətləri mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın söküntüsünə başlanana qədər davam etmişdir. Bu isə o deməkdir ki, binada söküntü işlərinə başlanılması və binanın istifadə üçün tam yararsız vəziyyətə düşməsi nəticəsində Cavabdeh2 1000 manat aylıq icarə haqqından məhrum olmuşdur və bu, onun üçün əldən çıxmış fayda əhəmiyyəti daşıyır.
48. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
49. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə isə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlilərdən məhrum olması başa düşülür.
50. Məhkəmə kollegiyası hesab edir ki, 160 kvm qeyri-yaşayış sahəsi Cavabdeh2 təhvil verilənədək 1000 manat aylıq icarə haqqı əldən çıxmış fayda kimi hər ay "Kursus-Nizami” MTK-da tutulub ona verilməlidir.
51. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi əvvəllər icarəyə verilməmiş olsaydı belə, bu, MTK-nı sahə mülkiyyətçisinə dəyən zərəri ödəmək vəzifəsindən azad etmir.
52. 1000 manat aylıq icarə haqqının tutulmasının əvvəlinin hansı vaxtdan hesablanmasına gəldikdə isə Məhkəmə kollegiyası hesab edir ki, bu tarix 21 oktyabr 2024-cü il kimi qəbul edilməlidir. Belə ki, hazırkı işə əlavə olunmuş digər əlaqədar işlər üzrə məhkəmə qərarlarından da görünüdüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2024-cü il tarixli, e-16(007)-270/2024 nömrəli qərardadı ilə "Kursus-Nizami” MTK-nın müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin olunaraq Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının əlavə tikililərlə birlikdə istismarının dərhal dayandırılması, bu barədə əlaqədar təşkilatların məlumatlandırılması, 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının sakinləri binalardan və onların mənzillərindən köçürülməsi, həmin mənzillərin tam boşaldılması, binalara giriş qadağan edilməsi və binaların ətrafının şərti olaraq çəpərlənməsi və müvafiq xəbərdarlıq nişanları qoyulması, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və 47/13 saylı yaşayış binalarının mövcud sakinlərinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin "xxxx" MTKya həvalə olunması qərara alınmışdır. Həmin qərardad sonradan ləğv edilsə də, ləğv edilənədək onun icrası istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş və nəticə etibarilə 21 oktyabr 2024-cü il tarixdən etibarən sakinlər binanı tərk etmişlər.
53. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı mübahisəli qeyri-yaşayış sahəsinə baxış keçirərəkən bu halın həqiqətən baş verdiyini müəyyən etdi. Belə ki, baxış zamanı binanın yarıuçuq, dağılmış vəziyyətdə olduğu, mübahisəli qeyri-yaşayış sahəsindən istifadənin qeyri-mümkün olduğu müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia əldən çıxmış fayda hissəsində qismən təmin edilməli, 21 oktyabr 2024-cü il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günədək "Kursus-Nizami” MTK-dan Cavabdeh2 xeyrinə hər ay 1000 manat məbləğində icarə haqqı tutulmalıdır.
55. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin digər hissələrinə münasibətdə qarşılıqlı iddia üzrə iddiaçının tələbini sübuta yetirə bilməməsi nəticəsi ilə razılaşır.
56. Həmçinin, apellyasiya baxışı zamanı Nizami Rayon Prokrorluğuna edilən sorğuya cavabdan aydın olur ki, həmin prokurorluqda Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 47/13 ünvanında yerləşən qeyri-yaşayış sahəsində İddiaçı MTK tərəfindən qanunsuz söküntü işlərinin aparılması və oğurluq hadisəsinin baş verməsi barədə müraciəti üzrə araşdırma aparılır.
57. Göstərilənləri nəzərə alaraq Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə apellyasiya baxışının predmeti olan qarşılıqlı iddianın təmin olunmamış - əldən çıxmış fayda tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin edilməli, 21 oktyabr 2024-cü il tarixdən başlayaraq qeyri-yaşayış sahəsi təhvil verilən günədək "Kursus-Nizami” MTKdan hər ay 1000 manat məbləğində icarə haqqı alınıb Cavabdeh2 ödənilməli, mübahisələndirilən qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir (maddə 388).
59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayom Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın əldən çıxmış fayda tələbinin rədd olunması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı əldən çıxmış faydanın ödənilməsi tələbi qismən təmin edilərək, 21 oktyabr 2024-cü il tarixdən başlayaraq 160 kvm qeyri-yaşayış sahəsi təhvil verilən günədək "Kursus-Nizami” Mənzil Tikinti Kooperativindən hər ay 1000 (bir min) manat məbləğində icarə haqqı tutulub Cavabdeh2 ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.