Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4624/2023 25.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı iş üzrə (Açar sözlər: məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi; evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi tələbinə dair” ilkin və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 və İddiaçı2 qarşı “evə istifadə hüququnun tanınması, məcburi qaydada evə köçürmə, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadə etməyə maneə yaratmağın cavabdehlərə qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli 2(001)-2586/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışa görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsi xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə İddiaçı1, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə 1/6 hissəsi isə Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 adına qeydə alınmışdır.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-171/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payının naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 İddiaçı1 qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədə qeyd olunur ki, “Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətlərində olan torpaq sahəsində ilk İddiaçı1 tərəfindən eni 7 metr, uzunluğu 11 metr olan bir mərtəbəli fərdi yaşayış evi inşa olunmuş, lakin həmin tikiliyə dair hüquqları qeydə alınmamışdır”.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə məcburi qaydada köçürülməkləri, cavabdehlər tərəfindən qeyd edilən evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması və evdən istifadəyə maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Eyni zamanda Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddialarının təmin olunaraq yaşayış sahələrinin onların ailəsinə yetməməsi səbəbindən onların, ailələri ilə birlikdə mümkün ümumi birgə paylı mülkiyyət olduğunu nəzərə alaraq, qarşı tərəfin istifadəsində olan Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsinə istifadə hüquqlarının tanınaraq köçürülmələri, evdən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və evdən istifadəyə maneə yaratmağın cavabdehlərə, yəni İddiaçı1 və İddiaçı2 qadağan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2018-ci il tarixində ********** nömrə ilə qeydiyyata alınmış, **********37-10301 reyestr nömrəli Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evin və onun yerləşdiyi 0,0404 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı1 mülkiyyətindədir. Lakin həmin evdə yaşayan və evin digər ½ hissəsinin mülkiyyətçiləri olan cavabdehlər ½ hissəsi İddiaçı1 mülkiyyətində olan evə sahiblik və ondan istifadə etməyə imkan vermir və buna maneələr yaradırlar. Bununla bağlı dəfələrlə aralarında danışıqlar olsa da bu günə qədər hər hansı bir nəticə əldə etmək mümkün olmamışdır. Bunun da nəticəsində onların hüquqları kobud şəkildə pozulmuşdur.
6. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Musabəyov küçəsində yerləşən 59 nömrəli ev babası Cavabdeh2 Ramazan oğluna məxsus olmuşdur. Babası 1990-cı ildə vəfat edəndən sonra onun iki vərəsəsi olan X3 və İddiaçı1 öz ailə üzvləri ilə həmin ünvanda yaşamışlar. Babası sağlığında ikən vərəsələrin yaşayış yerlərini özü müəyyən etmişdir. Evin yerləşdiyi torpaq sahəsindən oğlu İddiaçı1 torpaq sahəsi ayırmış ki, özünə ev tiksin. O zaman ailənin birgə vəsaitləri hesabına həmin sahədə İddiaçı1 üçün ev tikilmiş və təxminən 40 ildir ki, İddiaçı1 öz ailəsi ilə birgə həmin, heç bir hüquq müəyyənedici sənədi olmayan evdə yaşayır. Eyni zamanda, hazırda mübahisə predmetinə çevrilmiş iki mərtəbəli, dörd yaşayış otağından ibarət olan ev mərhum atası X1 və ailəsinə verilmişdir. Babasının vəfatından sonra hər iki vərəsə (qardaşlar) öz yaşadıqları tikililəri faktiki olaraq qəbul etmiş və həyətyanı sahədən birgə istifadə etmişlər. Ailələrin tələbatları artdıqca keçən illər ərzində hər bir qardaş öz vəsaiti hesabına öz yaşayış sahəsini yaxşılaşdırmağa çalışmışlar. İddiaçı olan əmisi öz yaşayış hissəsini artıraraq əlavə otaqlar inşa etdirmişdir. Mərhum atası isə Rüstəmov Rüstəm babasından qəbul edilən dörd otaqlı tikilini özününkü hesab edərək, altı otağa artırmış, evdə əlavə dəhliz tikdirmiş, iki hamam-tualet inşa etdirmişdir. Ümumiyyətlə əlavə tikililər evin əvvəlki vəziyyətini tamamilə dəyişdirmişdir. Öncə bu proses qarşılıqlı razılıq əsasında aparılıb, sonradan qardaşlar arasında fikir ayrılığı yaranmağa başlayıb. İlk dəfə iddiaçı qismində çıxış edən əmisi İddiaçı1 məhkəməyə yazdığı iddia ərizəsində qeyd etmişdir ki, atalarından qalmış torpaq sahəsində iki tikili vardır. Bir tikilidə özü, digər tikilidə isə onlar yaşayırlar. Həyət ümumi istifadədədir. Onlar ona maneələr yaratdıqlarına görə məhkəmədən xahiş edirdi ki, kim hansı tikilidə yaşayırsa, həmin tikili onun istifadəsində qalsın, məhkəmənin 08 noyabr 2000ci il tarixli qətnaməsi ilə iddia təmin edilir. Bakı Apellyasiya Məhkəməsi özbaşına tikililərin olmasından və heç bir hüquq müəyyənedici sənədlərin olmaması səbəbindən iddianı rədd edir və iş üzrə icraata xitam verir. Mübahisənin həlli üçün qardaşlar yaşadıqları tikililərə hüquqmüəyyənedici sənədləri alıb və bununla həyətyanı sahəsinə bölgüsünə nail olmalıydılar. Göründüyü kimi əmisi İddiaçı1 özüöz ərizəsində sözügedən ünvanda faktiki olaraq iki yaşayış tikilisinin olmasını və onlara məxsus olan tikilidə yaşamadağını, bir vərəsə kimi o evi nə faktiki qəbul etmədiyini, nə də notariusa vaxtında müraciət etmədiyini təsdiqləyir. Amma buna baxmayaraq, atasının vəfatından sonra, əmisi 2018-ci il dekabr ayının 17-də məhz onların yaşadıqları evin ½ hissəsini öz adına qeydiyyata aldırmış və öz adına çıxarış almışdır. Onlar həmin evdə yaşadıqları halda bundan xəbərləri olmamışdır. Əmisi Binəqədi Rayon Məhkəməsində onlara qarşı iddia qaldıraraq, məhz onların uzun illər zəhmətlə artırdıqları və yaşadıqları evin naturada bölünməsini və əlavə tikililərin boşaldılmasını tələb etmişdir. 2(001)-4528/2019 nömrəli işin icraatı zamanı 12 iyun tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin cavabında bildirilmişdir ki, tədqiqat obyektinə baxış keçirdikdə müəyyən edilmişdir ki, tədqiqat olunan fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililər inşa edildiyindən, evin texniki pasportu ilə faktiki vəziyyəti uyğun olmadığından qərardadla qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu səbəbdən qanunvericiliyin müvafiq tələblərinə əsaslanaraq mülki iş materialları Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10,5110 saylı rəyindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi Musabəyov küçəsi 59 saylı xüsusi mülkiyyətdə olan evin ilkin vəziyyətdə saxlanılmadığına, əlavə tikinti işləri aparıldığına, texniki pasportda öz əksini tapan tikililərdə daxili konstruktiv dəyişikliklər olduğuna görə iddiaçılar tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçilərinin payına uyğun naturada bölgüsünün aparılmasının mümkün olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-171/2022 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ona aid ½ hissədə payını naturada bölgüsünün aparılaraq zəbt olunmuş ərazinin sökülüb ona təhvil verilməsinə dair ilk iddia ərizəsi təmin edilməmişdir. Mübahisəli yaşayış sahəsində hal-hazırda olmaqla 3 ailə yaşayır. Çoxsaylı keçirilmiş ekspertizaların rəyindən də göründüyü kimi burada növbəti ailənin yerləşdirilməsi mümkün deyildir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 may 2023-cü il tarixli 2(001)-2586/2023 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) ilk iddia təmin edilmiş, İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evə köçürülməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli evdən İddiaçı1 və İddiaçı2 istifadəsinə yaradılan maneələrin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən aradan qaldırılmaqla, həmin evdən istifadəyə maneələrin yaradılmasının onlara qadağan edilməsi, ilk iddia üzrə İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun Cavabdeh2 özünə aid edilməsi qət edilmişdir.
8. Məhkəmə göstərmişdir ki, digər paylı mülkiyyətçilər kimi İddiaçı1 da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olduğundan, həmin fərdi yaşayış evinə köçürülərək, cavabdehlər tərəfindən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı və evdən istifadəyə maneələrinin yaradılması cavabdehlərə qadağan edilməlidir. Eyni zamanda digər İddiaçı2 da paylı mülkiyyətçi olan İddiaçı1 ailə üzvü, yəni arvadı olduğuna görə, onunla bərabər mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır.
9. Qarşılıqlı iddia tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən eni 7 m, uzunluğu 11 metr olan 1 mərtəbəli fərdi yaşayış sahəsi özbaşına tikilidir, müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və həmin fərdi yaşayış evi qarşılıqlı iddia üzrə cavabdehlərin istifadəsindədir. Özbaşına tikili qarşılıqlı iddia üzrə cavabdehlərin istifadəsindədir və uzun müddətdir ki, onlar həmin tikilidən istifadə eliyirlər. Bu hal həm tərəflərin izahatları, məhkəmə qətnaməsi, həmçinin qarşılıqlı iddia ərizəsində öz təsdiqini tapmışdır. Qarşılıqlı iddiaçılar özbaşına tikiliyə köçürülmələrini yaşayış sahələrinin onların ailəsinə yetməməsi səbəbi ilə əsaslandırmış olsalar da, göstərilən dəlil qarşılıqlı iddiaçıların vəsaiti hesabına tikilməyən və təmir edilməyən yaşayış sahəsinə köçürülmələri üçün əsas ola bilməz. Çünki iddiaçılar paylı mülkiyyətçilərdir və onların hazırda mübahisəli tikiliyə köçürülmələri ilkin iddiaya qarşılıq olaraq formal verilmişdir. Əks təqdirdə iddiaçılar hazırki vaxta qədər mübahisəli tikiliyə köçürülmə ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin işdə olan sübutlardan görünür ki, iddiaçılar bu tələblə deyil, əksinə həmin evin sökülməsini tələb etmişlər. Göründüyü kimi iddiaçılar yaşayış üçün zərurət yarandığından deyil, onlara qarşı iddia irəli sürüldüyündən hazırki tələblə məhkəməyə müraciət ediblər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 5.3, 11.1, 152.1, 152.5, 157.4, 180.1, 180.2, 213.1, 213.2, 213.3, 215.4, 228.5, Mənzil Məcəlləsinin 30.1, 30.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Əsasları qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
15. İddiaçı tərəf isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
19. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
20. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
21. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
22. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə yalnız ilkin iddia tələbinə aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halıdır ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən 59 nömrəli fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı1, 1/6 hissəsi Cavabdeh2, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh3 adına qeydə alınmaqla paylı mülkiyyətdədir.
32. Qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətdə olan əmlakla əlaqədar hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
33. Məhkəmə haqlı olaraq göstərmişdir ki, digər paylı mülkiyyətçilər kimi İddiaçı1 da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ olduğundan, həmin fərdi yaşayış evinə köçürülərək, cavabdehlər tərəfindən istifadəyə yaradılan maneələr aradan qaldırılmalı və evdən istifadəyə maneələrinin yaradılması cavabdehlərə qadağan edilməlidir. Eyni zamanda digər İddiaçı2 da paylı mülkiyyətçi olan İddiaçı1 ailə üzvü, yəni arvadı olduğuna görə, onunla bərabər mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır.
34. Göründüyü kimi texniki pasportda yalnız “A” tikilisi öz əksini tapmışdır.
35. İddiaçı mübahisəli evin paylı mülkiyyətçisi olduğundan hazırki tələbi haqlı olmuşdur, onun istifadəsində digər özbaşına tikililərin olması hazırki iddia tələbini rədd etməyə əsas vermir. Çünki yuxarıda da qeyd edildiyi kimi digər paylı mülkiyyəçilərlə bərabər onun da mübahisəli fərdi yaşayış evindən istifadə hüququ vardır.
36. Cavabdeh2 apellyasiya şikayəti əsassız olmaqla qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə və dəyişdirilməsinə əsas vermir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2586/2023 saylı iş üzrə 15 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.