Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4625/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi Anar Məsimlinin iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmanətə görə faizin, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı mübahisə bank əmanəti müqaviləsindən əmələ gəlib. Həmin müqavilə 11.10.2018-ci ildə bağlanıb (iş v. 17). İddiaçı bu müqaviləyə əsasən banka 135.000 manat əmanət (depozit) yerləşdirib, depozitin müddəti 36 ay, depozitin illik faiz dərəcəsi 10 faiz müəyyən edilib. Depozitə görə hesablanan faiz hər ay bank tərəfindən iddiaçının kart hesabına köçürülüb. 2019-cu ilin noyabr və dekabr aylarına görə faiz kimi hesablanmış 2.270 manat kart vasitəsilə başqa şəxs tərəfindən götürülüb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, əmanətə (depozitə) görə 2019-cu ilin noyabr və dekabr ayları üçün ödənilməli olan faiz kimi 2.270 manat, mənəvi zərərin əvəzi kimi 10.000 manat, maddi zərərin əvəzi kimi 1.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, maddi zərərin əvəzi kimi 2.270 manat, mənəvi zərərin əvəzi kimi 200 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi kimi 7 manat, cəmi 2.477 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd olunsun. Şikayət və izahatlar: İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin əsaslı olduğunu, əks tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Üçüncü şəxs – iddianın əri X1 məhkəmə iclasına gəlməmişdir. Qətnamənin yoxlanılması: İddiaçı ödəniş kartının bloklanması üçün banka müraciət edib. Bank təsdiq edir ki, ödəniş kartı iddiaçının müraciəti əsasında 11.12.2019-cu il tarixdə qeyri-müəyyən müddətə bloklanıb (iş v. 7). Lakin 14.01.2020-ci il tarixdə ödəniş kartı aktivləşdirilib. Həmin gün – 14.01.2020-ci il tarixdə başqa şəxs iddiaçının ödəniş kartından istifadə etməklə ATM-dən 2.000 manat, növbəti gün – 15.01.2020-ci il tarixdə isə 270 manat çıxarıb. Bank bildirir ki, 14.01.2020-ci il tarixdə bankın zəng mərkəzinə edilmiş telefon zəngi əsasında ödəniş kartı aktivləşdirilib. İddiaçı isə bildirir ki, o, ödəniş kartının aktivləşdirilməsi üçün banka zəng etməyib. Pulu əri X1 götürüb, əri ona “pulu mən çıxartmışam, yaxşı etmişəm” deyib. O, məhz əri ilə münasibətlərinin pozulmasına görə kartın bloklanması üçün banka müraciət etmişdi. Bank bildirir ki, ödəniş kartının aktivləşdirilməsi üçün banka zəng edilərkən eyniləşdirmə üsulları tətbiq edilmiş və ödəniş kartı aktivləşdirilmişdir. Lakin məhkəmə hesab edir ki, banka zəng edən şəxsin əmanətçinin şəxsiyyəti barədə məlumatları bildirməsi “eyniləşdirmə üsulu” kimi qəbul oluna bilməz. Çünki əmanətçinin şəxsiyyəti barədə məlumatları onun ailə üzvləri, qohumları və iş yoldaşları bilir, o cümlədən kənar şəxslər də əmanətçinin şəxsiyyəti barədə məlumatları əldə edə bilər. Bank, zəng edən şəxsdən tələb etməli idi ki, məxfi sözü bildirsin, çünki məxfi sözü yalnız əmanətçinin özü bilir. Lakin bank məxfi sözün bildirilməsini tələb etmədən ödəniş kartını aktivləşdirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı telefon danışığının səs yazısı dinlənilmiş, iddiaçı səsin ona məxsus olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçının almalı oduğu 2.270 manat pulu bankın təqsiri nəticəsində başqa şəxs götürüb. Mülki Məcəllənin 948.1-ci maddəsinə görə bank əmanətçiyə əmanətin məbləği üçün bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilmiş miqdarda faizlər ödəyir. Ona görə də bank 2.270 manatı iddiaçıya ödəməyə borcludur. Bank pulu qanunuz ələ keçirən şəxsdən onun geri qaytarılmasını tələb edə bilər. Belə ki, əmanətin faizi (pul) əmanətçiyə verilənə qədər bankın mülkiyyəti sayılır, çünki pul növ əlamətinə görə müəyyən olunan əşyadır. 2.270 manat pul iddiaçıya verilənə qədər başqa şəxs tərəfindən ələ keçirildiyinə görə zərər çəkən əmanətçi deyil, bank sayılır. Mənəvi zərərin əvəzi kimi pul tutulması düzgündür. Belə ki, iddiaçıya çatmalı olan pulun başqa şəxs tərəfindən götürülməsinə bankın şərait yaratması onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, çünki o, banka etibar edərək əmanət yerləşdirib. Məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 03.11.2008-ci il tarixli qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Mənəvi zərərin əvəzinin 200 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. İddiaçı maddi zərərin əvəzi kimi 1.000 manat tələb edir. O, maddi zərəri belə izah edir ki, sarsıntı, həyacan və stres keçirdiyinə görə tibbi müayinəyə və müalicəyə xərc çəkmişdir. Lakin həmin xərc ilə bankın davranışı arasında səbəbli əlaqə yoxdur. Ona görə də məhkəmə Mülki Məcəllənin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, maddi zərərin əvəzi kimi 1.000 manat ödənilməsi barədə tələb əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4625/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4625/2021
25.06.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver