Məhkəmə qərarları › İş №2(103)-4625/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4625/2023

04.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4625/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-2285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 aprel 2022-ci il tarixli “əmək müqavilə”si imzalanmışdır. Müqaviləyə əsasən sonuncu 3 ay müddətinə QSC-də satıcı vəzifəsinə qəbul edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (işəgötürən) ilə Cavabdeh (işçi) arasında bağlanmış 01 aprel 2022-ci il tarixli “tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqavilə”nin təsdiq edilmiş surətindən görünür ki, işçi, ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirilməsini tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat əsas borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğin və 60 manat ilkin mediasiya sessiyası üzrə ödənilən məbləğin, cəmi 1.090 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 aprel 2022-ci il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək müqaviləsinin müddətinin 07 iyul 2022-ci il tarixində bitməsi razılaşdırılmışdır və müqavilədə cavabdehin əsas iş yeri kimi İddiaçı QSC, vəzifə olaraq isə satıcı qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Cavabdeh İddiaçı QSC-nin satış şöbəsində və Tiblisi prospektində yerləşən “Araz Superstore”-da əmək funksiyasını yerinə yetirdiyi müddətdə ona 14 mart 2022-ci il tarixində 1600 manat dəyərində olan “poz-qazan” biletləri təhvil verilmişdir. Biletləri təhvil aldıqdan sonra şirkətə məxsus 1150 manat dəyərində olan “poz-qazan” lotoreyalarını pozmuş lakin dəyərini ödəməmişdir. Nəticədə şirkətə 1150 manat maddi ziyan vurulmuşdur. Həmçinin cavabdeh 27 mart 2022-ci il tarixində rəsmi qaydada məlumat vermədən işdən çıxmışdır. İddiaçı QSC-yə vurulmuş maddi ziyanın kompensasiya olunması barədə cavabdehə 11 may 2022-ci il tarixində xəbərdarlıq edildikdən sonra ümumi maddi ziyandan 150 manat ödənilmiş lakin geriyə qalan 1000 manat məbləğində maddi ziyan bu günə qədər ödənilməmişdir. 23 fevral 2023cü il tarixli maliyyə arayışına əsasən cavabdehin QSC-yə olan borcu 1000 manat təşkil edir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “işçinin işəgötürənə vurduğu zərərə görə pul” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etdiyi hallara əsasən iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi təşkil edir. Həmin maddə də işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Lakin, işin halları yuxarıda qeyd edilən normanın ( maddə 199 “a”) dispozisiya şərtləri əsasında yoxlanılarkən məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan əsasların mövcudluğu müəyyən edilmədi. Belə ki, iddiaçı cavabdehin həqiqətən də şirkətə ziyan vurması barədə hər hansı mötəbər sübutu (təhvil-təslim aktı, səlahiyyətli şəxslər tərəfindən aparılmış yoxlama nəticələri, səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş vurulmuş ziyan barədə akt və sair) məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi işdə olan sübutlarla öz təsdiqini tapmadığından iddia əsassız hesab edilməli və rədd edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndi, 194, 199, 200, 202-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, mal alışına dair təhvil təslim aktının əsli Cavabdeh verildiyindən, məhkəməyə həmin aktın surəti təqdim edilmişdir və əlavə olaraq iş üzrə sübut qismində Apellyasiya Məhkəməsinə təqdim olunan mədaxil qəbzləri, birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Mülki Prosessual Məcəllənin 388-cimaddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Üzrlü səbəbdən Apellyasiya məhkəməsinə təqdim olunan yeni sübutlar (mal alışına dair mədaxil qəbzləri) birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Belə ki, lotoreya biletlərinin təhvil verilməsinə dair yeni sübutların (mədaxil qəbzlərinin) İddiaçıQSC-nin əməkdaşı tərəfindən təhvil verilməməsi nəticəsində, birinci instansiya məhkəməsinə həmin sübutlar təqdim olunmamışdır. Odur ki, yeni sübut qismində mədaxil qəbzlərini, Mülki Prosessual Məcəllənin 361.4-cü maddəsinə uyğun olaraq Apellyasiya Məhkəməsinə təqdim edilir. Həmçinin İddiaçıQSC-nin satış şöbəsinin əməkdaşı lotoreya biletlərinin təhvil alınmasına dair təhvil təslim aktının əslini Cavabdeh təqdim etdiyindən, məhkəməyə yalnız aktın surəti təqdim edilmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

10. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilini müdafiə edərək, məhkəmə təhvil-təslim aktına istinad edir, çünki yeganə sübut təhvil təslim aktıdır. O aktda işçiyə hansı məbləğin qaldığı göstərilir. Bu qəbzlər şirkətlə işçi arasında dövriyyəni göstərir. İşçiyə 1000 manatlıq mal verilib, işçi gedib 100 manatlıq malı satır, 100 manat da uduş qazanırsa, uduşu gətirib verən zaman gəlib yenə 1000 manatlıq mal məsuliyyəti yaranır. Təhvil –təslim aktı ona ilk dəfə nə qədər mal verildiyini və hesabında həmişə 1600 manatlıq malın olduğu göstərir. Sonradan müəyyən edilib ki, 550 manatlıq mal cavabdeh tərəfindən silinib. Mediasiya mərhələsində 150 manatı ödəyib. Mediasiya mərhələsində razılığa gəlməli idilər, amma cavabdeh onları aldatdı, cavabdeh mediasiyaya gəlmədi. Məcbur olub, arayış alaraq məhkəməyə müraciət ediblər. Ola bilsin ki, əmək müqaviləsi 1 aylıq bağlanmışdır. Maddi məsuliyyət 1 dəfə bağlanır, amma əmək müqaviləsi dəyişə bilər. Burada əmək müqaviləsi müddətlidir. Qəbzlərin mövcudluğundan onun xəbəri olmayıb. Onlara deyilmişdi ki, işlə bağlı bütün sübütları yığıb verin. Onlar da demişdilər ki, onlarda olan sübut təhvil-təslim aktıdır. İşçi bilməyib sənədin əslini Cavabdeh verib, surətini şirkətdə saxlayıb. Sübut bir təhvil təslim aktıdır. O, izahatdan imtina edib və iş yerindən də qaçıb gedib. Təhvil-təslim aktı olduğu üçün onlar üçün qəbzlər əhəmiyyətli olmayıb. Çünki bu onun mal varlığını göstərmir. Mal varlığını təhvil-təslim aktı göstərir.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Əmək Məcəlləsi Maddə 10, “ç” bənd. İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. Maddə 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 199 a) bənd. saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Maddə 200. 1-ci bənd İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Maddə 202. 1-ci bənd. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

13. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş ziyanın tutulmasını xahiş etmişdir.

19. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilərək ona istinad edilmişdir ki, iddiaçı cavabdehin həqiqətən də şirkətə ziyan vurması barədə hər hansı mötəbər sübutu (təhvil-təslim aktı, səlahiyyətli şəxslər tərəfindən aparılmış yoxlama nəticələri, səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş vurulmuş ziyan barədə akt və sair) məhkəməyə təqdim edə bilməmişdir.

20. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmiş, lotoreya biletlərinin təhvil verilməsinə dair xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 tarixli mədaxil qəbzlərin surətlərini təqdim edərək bildirmişdir ki, qəbzlərin əslləri şirkətin əməkdaşları tərəfindən cavabdehə verildiyi üçün sənədlərin yalnız surətlərini məhkəməyə təqdim etmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsində qeyd edilir ki, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

22. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsində qeyd edilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

23. Həmin Məcəllənin 361.4-cü maddəsinə əsasən apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

24. Hazırkı halda iddiaçı tərəfindən iddia tələbinə dair mötəbər sübutlar işə birinci instansiya məhkəməsi tərəfindən təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə birlikdə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 tarixli mədaxil qəbzləri məhkəməyə təqdim edilməsinə baxmayaraq bu sənədlərin işə birinci instansiya məhkəməsində baxılması zamanı təqdim edilməsinin qeyri-mümkün olması əsaslandırılmamış, digər tərəfdən məhkəməyə bu sənədlərin yalnız surətləri təqdim edilməklə yazılı sübutların məhkəməyə təqdim edilməsi ilə bağlı qanunvericiliyin tələbi pozulmuşdur.

25. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı tərəfindən iddia tələbinin sübut olunmaması əsası ilə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

26. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 27 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2285/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar