Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4627/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Eyvazov Rafael Əmir oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyətinə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1108/2022 saylı qətnaməsindən Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hadıyev Fərhad Yaşılxan oğlu ilə "xxxx" ASC (hazırda hüquqi varisi Cavabdeh Bank Olmayan Kredit Təşkilatı ASC-dir) arasında xx.xx.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsi bağlanmışdır.
2. Kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı ipoteka müqaviləsinə əsasən Hadıyev Fərhad Yaşılxan oğluna məxsus olan ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
3. Hadıyev Fərhad Yaşılxan oğlu kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün "xxxx" ASC tərəfindən Biləsuvar rayon Məhkəməsində iddia qaldırılaraq, 9.825,06 ABŞ dolları əsas borc, 6.389,74 ABŞ dolları faiz, 12.716,37 ABŞ dolları dəbbə olmaqla, cəmi 28.931,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh F.Y.Hadıyevə məxsus olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldərək, həmin əmlakın açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Biləsuvar rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsi ilə ümumilikdə 17.485,8 ABŞ dolları borcun tutulması və tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi qət edilmişdir. Qətnaməyə əsasən ipoteka predmetinin hərracda ilkin satış qiyməti 49.000 manat müəyyən edilmişdir.
5. Qətnamənin icrası Biləsuvar rayon İcra Bölməsi tərəfindən həyata keçirilmiş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərara və eləcə də sifariş məktubuna əsasən ipoteka predmetinin ilkin satış qiyməti 49.000 manat olmaqla satılması üçün Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-yə sifariş edilmişdir. Bununla bağlı İcra Bölməsinin xx.xx.2013-cü il tarixli sifariş məktubu "xxxx" MMC-yə göndərilmişdir.
6. "xxxx" MMC tərəfindən Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi 49.000 manata hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir.
7. Hərracda əmlak satılmadığı üçün 15% aşağı qiymətlə, yəni 41.650 manata təkrar hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir.
8. Keçirilən təkrar hərrac baş tutmadığı üçün xx.xx.2013-cü il tarixdə əmlak tələbkara təklif edilmişdir.
9. Tələbkar qanunla nəzərdə tutulan 30 gün müddətində əmlakı əldə etməmişdir.
10. Hərrac təşkilatı xx.xx.2014-cü il tarixli 01/1964 saylı məktuba əsasən icra sənədini hərracın baş tutmaması səbəbindən Biləsuvar rayon İcra Bölməsinə geri qaytarmışdır.
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh BOKT ASC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hadıyev Fərhad Yaşılxan oğlu ilə "xxxx" ASC (hazırkı Cavabdeh BOKT ASC) arasında bağlanmış xx.xx.2010-cu il tarixli 942/10/PB saylı ipoteka müqaviləsinə xitam verilməsi, Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 saylı fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
12. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Hadıyev Fərhad Yaşılxan oğlu ilə əvvəlki "xxxx" ASC arasında xx.xx.2010-cu il tarixli 942/10/PB saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin təminatı kimi bağlanmış xx.xx.2010-cu il tarixli, 942/10/PB saylı ipoteka müqaviləsinə əsasən F.Y.Hadıyevə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,11 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Hadıyev Fərhad Yaşılxan oğlu kredit öhdəliklərini yerinə yetirə bilmədiyi üçün "xxxx" ASC tərəfindən Biləsuvar rayon Məhkəməsində iddia qaldırılaraq, 9.825,06 ABŞ dolları əsas borc, 6.389,74 ABŞ dolları faiz, 12.716,37 ABŞ dolları dəbbə olmaqla, cəmi 28.931,17 ABŞ dolları məbləğində borcun tutulması, tutmanın cavabdeh F.Y.Hadıyevə məxsus olan 0,11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldərək, həmin əmlakın açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait hesabına banka ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsi ilə ümumilikdə 17.485,8 ABŞ dolları borcun tutulması və tələbin ipoteka əmlaka yönəldilməsi qət edilmişdir. Qətnaməyə əsasən ipoteka predmetinə hərracda satışı üçün 49.000 manat ilkin satış qiyməti qoyulmuşdur. Qətnamənin icrası Biləsuvar rayon İcra Bölməsi tərəfindən həyata keçirilmiş və icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcraata başlamaq haqqında qərara və eləcədə sifariş məktubuna əsasən ipoteka predmeti ilkin satış qiyməti 49.000 manat olmaqla satılması üçün Azərbaycan Respublikası Respublika Xammal və X8 Mərkəzi "xxxx" MMC-yə göndərilmişdir. Bununla bağlı İcra Bölməsinin xx.xx.2013-cü il tarixli sifariş məktubu "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən Biləsuvar rayonu M.Ə.Sabir küçəsində mülkiyyətində olan 0,11 ha torpaq sahəsində yerləşən 59 nömrəli fərdi yaşayış evi 49.000 manata hərraca çıxarılmış və ilk hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir. İlk hərracda əmlak satılmadığı üçün 15 % aşağı qiymətlə, yəni 41.650 manat olmaqla ikinci hərraca çıxarılmış və hərrac xx.xx.2013-cü il tarixə təyin edilmişdir. Keçirilən hərraclar baş tutmadığı üçün xx.xx.2013-cü il tarixdə əmlak tələbkara təklif edilmişdir. Həmin tarixdən bu günə kimi tələbkar əmlakı qəbul etməmişdir. Hərrac təşkilatı isə xx.xx.2014-cü il tarixli 01/1964 saylı məktuba əsasən icra sənədini hərracın baş tutmaması səbəbindən Biləsuvar rayon İcra Bölməsinə geri qaytarmışdır. Artıq hərracın keçirilməsindən 7 ilə yaxın bir müddət keçməsinə baxmayaraq tələbkar əmlakı borc əvəzinə qəbul etməmişdir. Bu müddət ərzində X4 vəfat etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. İddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində əmlak ipoteka qoyulmamışdan əvvəldən yaşamış və hazırdada yaşamağa davam edirlər. Beləliklə iddiaçılar faktiki olaraq mirası qəbul etmiş və miras əmlakı idarə etməyə başlamışlar. Odur ki, bu hissədə onların ipoteka qoyulmuş, sonradan miras qalmış əmlakla bağlı subyektiv hüquqları vardır. İş materiallarına əlavə olunmuş Biləsuvar şəhər İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarilxi 8678 saylı və 8677 saylı məktublardan görünür ki, iddiaçılar həqiqətən də 2002-ci il tarixdən halhazıradək mübahisəli mənzildə yaşayır. Bu hallar iddiaçılar üçün hazırkı iddianın qaldırılmasına hüquqi əsas (subyektiv hüquq) yaradır. Biləsuvar rayon İcra Bölməsinin sifariş məktubuna əsasən ipoteka predmeti olan əmlak “İpoteka haqqında” qanunun tələblərinə uyğun olaraq hərraca çıxarılmışdır. İddianın əsaslarından və təqdim edilmiş sübutlardan da göründüyü kimi hərracın keçirilməsindən uzun bir müddət (7 il) keçsə də, tələbkar əmlakı əldə etməmişdir. Qanunun tələbinə görə isə əmlakın əldə edilməsi müddəti 30 gündür. Göründüyü kimi ipoteka predmetinin hərracda satılmamasından uzun zaman keçməsinə baxmayaraq, tələbkar ipoteka predmetini qəbul etməmişdir ki, bununla da o, həmin əmlakı qəbul etmək üçün qanunla müəyyən edilmiş subyektiv hüququnu itirmişdir. Bu səbəbdən də, ipotekanın xitamı üçün hüquqi zəmin yaranmışdır.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1108/2022 saylı qətnaməsi ilə (hakim S.Cəfərov) iddia tələbi təmin edilmişdir.
14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac təşkilatçısı olan "xxxx" MMC 04 noyabr 2013-cü il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair qiymət qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31.237 manat 50 qəpik). Lakin tələbkar qeyd olunan təklifi qəbul etməmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, ipoteka qoyan vəfat etsə də, iddiaçılar ipoteka predmeti olan fərdi yaşayış evində yaşamaqla, miras əmlaka münasibətdə hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüquqları vardır. Belə olduğu təqdirdə, iddiaçıların ipotekaya xitam verilməsi barədə tələbləri əsaslıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair) qərarına və MPM-nin sübutetmə ilə bağlı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh apellyasiya şikayəti verərək, Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1108/2022 saylı Qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçirilən hərrac barədə Banka heç bir məlumat verilməmiş, "xxxx" MMC tərəfindən hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyi üçün, tələbkar olaraq onların hərracın keçirilməsindən və əmlakın onlara təklif edilməsindən xəbərləri olmamışdır. Bu barədə onlara heç bir bildiriş çatdırılmamışdır. Odur ki, Biləsuvar rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarından şikayət vermişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(86)- 1058/2015 saylı Qərarı ilə iddiaları təmin edilməmişdir. Həmin Qərardan verdikləri apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)- 36/2016 saylı qərarı ilə təmin edilmiş və Biləsuvar rayon İcra Şöbəsinin müvafiq qərarı ləğv edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflərindən məktubla Biləsuvar rayon Məhkəməsinə müraciət edilərək xx.xx.2013-cü il tarixli, 2(022)-149/2013 saylı Qətnaməsinin icraya yönəldilməsini xahiş etmişlər. İcra prosesi təzələndikdən sonra hazırkı iş üzrə iddiaçılar məhkəməyə müraciət edərək ipoteka müqaviləsinə xitam verilməsini məhkəmədən xahiş etmişlər. Hesab edirlər ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(106)-36/2016 saylı qərarı qüvvədə olduğundan, göstərilən əsaslarla ipoteka müqaviləsinin xitam edilməsi qanunsuz və əsassızdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçılar apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.
19. Apellyasiya şikayətinə etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsini qərarı barədə məlumatsdırlar. Buna baxmayaraq, bu qərar hazırkı iş üzrə heç bir hüquqi preyudesiallıq yaratmır, eyni zamanda heç bir hüquqi tənzimləmə xarakteri daşımır. Şirvan Apellyasiya Məhkəməsinin qərarında müəyyən olunanlar heç də hərracın keçirilməməsi anlamına gəlmir. X3 heç bir araşdırma aparmadan, hərrac şirkətinə sorğu vermədən, hərrac keçirilməsi barədə qəzetdə elan verilib-verilməməsini araşdırmadan qanunsuz qərar çıxarmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin 2-ci səhifəsində “Apellyasiya şikayətinin dəlilləri” bölümündə 2-ci abzasda cavabdeh "xxxx" ASC-nin şikayətinin mahiyyəti qeyd edilmiş və şikayətin qərarda əks olunmuş mətnindən görünür ki, Bank hərracın keçirilməsi barədə nəinki məlumatlı olmuş, şikayətində bu barədə (hansı hərracın nə vaxt keçirilməsi barədə) ətraflı məlumatları qeyd etmişdir. Bundan əlavə, Bank şikayətində ümumiyyətlə hərracın keçirilməsi barədə məlumatlandırılmamasını mübahisələndirməmiş, hərrac keçirildikdən sonra “İcra haqqında” qanunun 53.3-cü maddəsinə əsasən əmlakın banka təklif olunmamasını vurğulamış, əsas olaraq yeganə bu dəlili məhkəmədə mübahisələndirmişdir. Məhkəmə isə tələbdən kənara çıxaraq hərrac barədə "xxxx" ASCyə məlumat verilməsinə dair sübutların iş materiallarında olmamasını göz önünə çəkərək, şikayətin dəlilinə heç bir münasibət bildirməmiş, mahiyyətdən kənara çıxmışdır. Məhkəmə nəzərə almamışdır ki, hərracın keçirilməsi barədə Banka məlumat verilməməsi məsələsi mübahisə predmeti olmamış və ümumiyyətlə araşdırma predmeti olmadığına görə bu məsələyə Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qiymət verilməmişdir. İddiaçı "xxxx" ASC iddianın əsası kimi yalnız “İcra haqqında” qanunun 53.3-cü maddəsinə istina edərək, hərrac bitdikdən sonra Banka təklif edilmədən icra sənədinin məhkəməyə qaytarılmasını vurğulamışdır. Eyni zamanda iddiaçı bank apellyasiya şikayətində də yalnız 53.3-cü maddəyə istinad edərək, məhz bu maddənin tətbiqi baxımından hüququnun pozulduğunu qeyd etmişdir. Nə iddiada, nə də apellyasiya şikayətində hərrac barədə məlumatsız olmalarını qeyd etməmiş, bu məsələni mübahisələndirməmişlər. İddia ərizəsində və apellyasiya şikayətində də keçirilmiş hərracın dəqiq tarixlərini qeyd etməklə, dolayısı ilə hərraclar barədə məlumatlı olmalarını açıq aşkar bəyan etmişlər. Şirvan Apellyasiya Məhkəməsi tələb edilən məqamı deyil, tələb olmayan məqamı araşdırmış və qanunsuz qərar çıxarmışdır. İş materiallarında olan bidirişlərdən də görünür ki, hərracların keçirilməsi barədə tələbkar banka məlumat göndərilib. Həmin bildirişlər Biləsuvar rayon İcra şöbəsindəki icra işinin materiallarında da vardır. Lakin uzun müddət keçdiyinə görə artıq ipotekaya xitam üçün zəmin yarandığı üçün, bank sübutları gizlətməklə məhkəmənin diqqətini yayındırmağa, əsl həqiqətin üzə çıxarılmasına mane olmağa çalışır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
23. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 24.Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
25. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
26. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 oktyabr 2014-cü il tarixli Qərarı:
27. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir.
28. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir.
29. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır.
30. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır.
31. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
32. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 217.1 Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 233.3 Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın rədd edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
44. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin mübahisənin həllinə dair gəldiyi nəticə ilə razılaşır.
45. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh Hadıyev Fərhad Yaşılxan oğlundan 17.485,8 ABŞ dollarının Azərbaycan manatına olan ekvivalenti məbləğində borc pulun tutulub "xxxx" ASC-yə ödənilməsi, tutmanın Hadıyev Fərhad Yaşılxan oğluna məxsus, ipoteka predmeti olan Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 105,4 m2 yaşayış, 176,8 m2 köməkçi sahədən ibarət olan 59 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin evin açıq hərrac vasitəsilə satılması; bankın kredit tələbinin satılmış evin hesabına ödənilməsi; evin açıq hərracda ilkin satış qiymətinin 49.000 manat müəyyən edilməsi, ev satıldıqda İddiaçı1, İddiaçı2 və evdə yaşayan digər şəxslərin bir ay ərzində həmin evi tərk etmədikləri təqdirdə onların məcburi qaydada çıxarılmaları, hüquqi yardıma görə ödənilmiş 500 manatın İddiaçı1 tutularaq "xxxx" ASC-yə verilməsi; ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı1 tutularaq "xxxx" ASC-yə verilməsinə dair Biləsuvar rayon Məhkəməsinin 11 aprel 2013-cü il tarixli 2(022)-149/2013 saylı qətnaməsi icraya yönəldikdən sonra həmin qətnamənin icrasının təmin edilməsi məqsədi ilə Biləsuvar rayon İcra Qrupu "xxxx" MMC -yə (Hərrac Mərkəzi) məktub ünvanlayaraq, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 49.000 manat olmaqla hərraca çıxarılmasını xahiş etmişdir.
46. "xxxx" MMC tərəfindən həmin əmlakın hərrac vasitəsi ilə satışı təşkil edilmiş, ilk hərrac xx.xx.2013-cü il tarixə təyin edilərək keçirilmiş, əmlak satılmadığından təkrar hərrac xx.xx.2013-cü il tarixə təyin etmişdir.
47. Əmlak təkrar hərracda da satılmadığından, hərrac təşkilatçısı 04 noyabr 2013-cü il tarixdə "xxxx" ASC-yə təklif ünvanlayaraq, 30 təqvim günü ərzində ipoteka predmeti barədə alğı-satqı müqaviləsi bağlanmasını təklif etmişdir. Təklifdə əmlaka dair təklif qiyməti qeyd edilmişdir (təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 31.237 manat 50 qəpik).
48. Lakin işin faktiki hallarından göründüyü kimi, bank tərəfindən qeyd olunan təklif qəbul edilməmişdir.
49. Beləliklə, müəyyən edilir ki, hazırkı iş üzrə mübahisəli olan ipoteka predmeti ilkin və təkrar hərracda satılmadığlndan, “İpoteka haqqında” qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş, lakin ipoteka saxlayan əmlakı qəbul etməmişdir.
50. “İpoteka haqqında” AR Qanununun 43-cü maddəsinin müddəalarına və həmin maddənin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarındakı mövqeyinə görə, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
51. Qeyd edilən hüquqi mövqedən yanaşmaqla, hazırkı işin həqiqi hallarına qiymət verdikdə müəyyən edilir ki, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan olan cavabdehin hazırkı mübahisənin predmeti olan Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi 0,11 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 105,4 m2 yaşayış, 176,8 m2 köməkçi sahədən ibarət olan 59 saylı fərdi yaşayış evini “İpoteka Haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə etmək imkanı olmuş, lakin cavabdeh bu imkandan istifadə etməmişdir. Bununla da, həmin qanunun 43.8-ci maddəsinin dispozisiya şərtinə uyğun olaraq, ipotekaya xitam verilmişdir.
52. Hazırda Cavabdeh BOKT ASC qeyd edilən hərracın keçirilməsindən xəbərsiz olduqlarını, onlara hərracla bağlı məlumat verilmədiyini, hərracın yeri və vaxtı barədə bildiriş göndərilmədiyini, habelə əmlakın onlara təklif edilməsindən xəbərsiz olduqlarına, habelə hərrac baş tutmadıqdan sonra icra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin qərarının mövcud olmasına və bu qərarında məhkəmənin qeyd edillən halları müəyyən etməsinə istinad etmişlər.
53. Məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas vermir.
54. Belə ki, Cavabdeh BOKT ASC keçirilmiş hərracdan, habelə təkrar hərrac baş tutmadıqdan sonra əmlakın onlara təklif edilməsindən xəbərsiz olduqlarını qeyd edirlər.
55. Məhkəmənin sorğusu əsasında Biləsuvar rayon İcra Qrupundan əldə edilmiş icra sənədlərinin surətindən müəyyən edilir ki, tələbkar "xxxx" ASC keçirilmiş hərracın yeri va vaxtı barədə, habelə əmlakın tələbkara təklif edilməsi barədə müvafiq bildiriş göndərilməklə məlumatlandırılmışdır.
56. Azərpoçt MMC tərəfindən verilmiş arayışdan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən göndərilən məktublar 2 saylı poct filialının 106 saylı poçt şöbəsində qəbul olunmuş, xidmət ərazisi üzrə 14 saylı poçt şöbəsinə daxil olmuş və müxtəlif tarixlərdə (06.09, 12.09, 26.09, 17.10 və xx.xx.2013-cü il tarixlərdə) "xxxx" ASC-yə çatdırılmışdır.
57. Bundan əlavə, iş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlak” qəzetinin xx.xx.2013, xx.xx.2013 və xx.xx.2013-cü il tarixli nömrələrinin müvafiq səhifələrinin surətindən görünür ki, Biləsuvar şəhəri M.Ə.Sabir küçəsi, 59 saylı fərdi yaşayış evinin müvafiq olaraq, 49.000 manat, 41650 manat və 31237 manat qiymətə hərracdan satılması barədə elanlar dərc edilmişdir.
58. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-ın 23 oktyabr 2007-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki: “MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır”.
59. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
60. Bununla da, KM-nin Plenumu hərracın keçirilməsi barədə bildirişin borcluya və ya tələbkara çatdırılmamasının hərracın mübahisələndirilməsi üçün əsas olmadığı qənaətinə gəlmişdir.
61. Göründüyü kimi, apellyasiya şikayətinin bu dəlili əsassız olmuşdur.
62. İcra məmurunun icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının mövcud olması halında hazırkı iddianın təmin edilməsinin hüquq pozuntusu olması ilə bağlı kollegiya qeyd edir ki, həmin qərar cavabdehin özünün də qeyd etdiyi kimi, icra məmurunun qərarından verilmiş şikayət üzrə qəbul edilmiş və icra sənədinin yenidən icra edilməsi üçün icra şöbəsinə qaytarılması ilə nəticələnmişdir. Həmin qərarda məhkəmənin tələbkarın hərracın keçirilməsindən xəbərsiz olmasına istinad etməsi, özlüyündə hərracın nəticələrinin etibarsızlığına səbəb olmur.
63. MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
64. Kollegiya qeyd edir ki, bu maddədə söhbət eyni tərəflərin iştirak etdiyi başqa mülki işdən getdiyi halda, hazırkı apellyasiya şikayətinin dəlilində cavabdeh icra məmurunun hərəkəti ilə bağlı qəbul edilmiş inzibati qərara istinad etmişdir.
65. Həmçinin, cavabdeh Biləsuvar rayon İcra Qrupunun sifarişi əsasında "xxxx" MMC tərəfindən keşirilmiş hərracın nəticələrini məhkəmə qaydasında mübahisələndirməmişdir.
66. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, mübahisəli ipoteka predmetinin hərracdan satılması ilə bağlı keçirilmiş ilkin və təkrar hərracın baş tutmaması, habelə həmin əmlakın ipoteka saxlayana təklif edilməsi, lakin onun tərəfindən qəbul edilməməsinə dair hərracın nəticələri mübahisəsiz olduğundan, ipotekaya xitam verilməsinə dair iddia əsaslı olmuşdur.
67. Beləliklə, kollegiya apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
68. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
69. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Bank Olmayan Kredit X7 Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1108/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.