Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4627/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2025 saylı, 14 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və daha sonra iddia tələbinin atırılmasına dair ərizə təqdim edərək Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 və orada yaşayan digər şəxslərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsinin və sahibliyinin təmin edilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4425/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nadir Quliyev küçəsi, 1-ci döngə ünvanında yerləşən 3B saylı fərdi yaşayış evinin üzərində onun ½ hissədə payı müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. AR ƏMDK DƏDKR PHŞ-nin xx.xx.2024-cü il tarixdə verdiyi çıxarışa əsasən onun ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ½ hissədə paylı mülkiyyət hüququ ********** nömrəli ilə qeydiyyata alınmışdır. O, yaşamaq məqsədilə sözügedən ünvana getdiyi zaman ona məlum olmuşdur ki, ona məxsus evdə qanunsuz əsaslarla tanımadığı başqa şəxslər yaşayır. Həmin şəxslər evin onların istifadəsinə digər paylı mülkiyyətçi Cavabdeh1 tərəfindən verildiyini bildirmişdirlər. Həmin şəxslərə ona məxsus evi tərk etməli olduqlarını bildirsə də, onlar buna etiraz etmiş və evdən çıxmamışdırlar. Onun paylı mükiyyətində olan evin onun razılığı olmadan digər paylı mülkiyyətçi Cavabdeh1 tərəfindən başqa şəxslərin istifadəsinə verilməsi mülkiyyət hüquqlarını pozur, çünki o, bu barədə hər hansı bir razılıq verməmişdir. Buna görə də hesab edir ki, o, evin öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsini, o cümlədən həmin evdə yaşayan şəxslərin oradan çıxarılmasını tələb etmək hüququna malikdir. Cavabdeh2 bildirmişdir ki, Cavabdeh1 ona etibarnamə vermiş, eləcə də İddiaçı da razılıq vermişdir ki, həqiqətən sözügedən ev iddiaçıya məxsus deyil. Əlavə olaraq bildirmişdir ki, evin ona məxsus olması, eləcə də sözügedən fərdi yaşayış evinin Məsim və Vəfa ilə bağlılığının olmaması ilə əlaqədar məhkəməyə müraciət etmiş, lakin məhkəmə onun iddiasını təmin etməmişdir. Hazırda evdə o, oğlu və anası yaşayır. Eyni zamanda da evin bütün xərclərini, evin kreditini qalan hissəsini də hal-hazırda mütəmadi olaraq ödəyir. Bu səbəbdən də məhkəmədən verilmiş iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2025 saylı 14 may 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları; İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən maneəsiz istifadəsi və sahibliyinin təmin edilməsi; Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2025 saylı 14 may 2025-ci il tarixli qətnaməsini ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı paylı mülkiyyət hüququ əsasında müraciət etdiyi əmlak – ünvan 1 ünvanındakı fərdi yaşayış evi – hal-hazırda onun da paylı mülkiyyətindədir. İddiaçı evin digər yarısı üzrə istifadənin ona verilmədiyini və üçüncü şəxslərin orada yaşadığını əsas gətirərək çıxarılmalarını və istifadənin ona verilməsini tələb etmişdir. Halbuki bu şəxslər – Cavabdeh2 və ailə üzvləri – cavabdeh tərəfindən razılıq əsasında həmin əmlakda yerləşdirilmiş və uzun illər orada yaşamaqla bərabər, kommunal xərcləri və kredit borcunun ödənilməsini də öz üzərlərinə götürmüşlər. Məhkəmə bu faktları nəzərə almadan iddianı tam təmin etmişdir. AR Mülki Məcəlləsinin 215.1 və 215.5-ci maddələrinə görə, paylı mülkiyyətə dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Qanunvericilikdə heç bir norma digər mülkiyyətçiyə öz payına düşən hissə üzərində istifadə haqqını qadağan etmir. Evin yalnız onun payına düşən hissəsindən istifadə etməyə və ya onu istifadəyə verməyə dair sərəncam hüququnu həyata keçirmişdir. Məhkəmə bu hüququ nəzərə almadan ona əmlakdan istifadəni qadağan etmişdir ki, bu da qanunsuz müdaxilədir. Bundan əlavə, evdə istifadə olunan sahənin konkret olaraq hansı hissə olduğu müəyyən edilmədən belə qərar qəbul olunması qeyri-müəyyənlik doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, işdə iştirak etməyən tərəfin iştirakı olmadan işə baxılması yalnız onun lazımi qaydada xəbərdar olunması halında mümkündür. Halbuki işin materiallarında onun iştirakının təmin olunması üçün real səy göstərildiyinə dair sübutlar yoxdur. Onun iştirakı olmadan barəsində ciddi hüquqi nəticə doğuran qərar qəbul olunmuşdur. Bu, həm də Konstitusiyanın 60-cı maddəsi və Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququna ziddir. Məhkəmə Cavabdeh2 və onun ailə üzvlərinin həmin evdə uzunmüddətli yaşayışını, istifadə hüququnun onun razılığı ilə verildiyini və evin kommunal xərclərinin onlar tərəfindən ödənildiyini nəzərə almamışdır. Bu hallar mübahisənin ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb edir və nəticəyə birbaşa təsir edir. İddiaçı tərəfindən evdən istifadə edə bilmədiyi, fiziki olaraq maneə ilə qarşılaşdığı, onun və ya digər şəxslərin ona qarşı hər hansı təzyiq göstərdiyi sübut edilməmişdir. Eyni zamanda, iddiaçının təqdim etdiyi sübutlar yalnız hüquqi qeydiyyata dair sənədlərlə məhdudlaşmış, faktiki istifadə hüququnun pozulmasına dair heç bir əsaslı sübut təqdim olunmamışdır. Məhkəmə qətnaməsində göstərilən nəticə – ona əmlakdan istifadənin və üçüncü şəxslərin yerləşdirilməsinin qadağan olunması – işin faktiki halları ilə uyğun gəlmir. O, yalnız özünə məxsus ½ paydan istifadə etmiş və bu sahənin konkret hansı hissə olduğu göstərilmədən qərar çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi” hissəsində ləğv edilməli, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar qeyd edilməlidir ki, MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. MPM-nin 149.2.3-cü maddəsinin tələbinə görə, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. MPM-in 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 saylı “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” qərarında göstərilmişdir ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Məhkəməyə müraciət edən şəxs ərizənin qanunla müəyyən edilmiş məzmununa əməl etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə təkrar müraciət etməyə mane olmur. Azərbaycan Respublikası MPM-nin 259.0.12–ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində nəzərdə tutulmuş sənədlərin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Belə ki, iddia ərizəsindən müəyyən edildiyi kimi iddiaçı ərizənin formasına (məzmununa) dair mülki prosessual qanunvericiliyin tələblərinə lazımınca riayət etməmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən verilməli olmayan başqa şəxslərin zəruri fərdiləşdirici məlumatları iddia ərizəsində göstərməmiş, qeyrimüəyyən formada irəli sürülmüş tələb üzrə kimlərin cavabdeh qismində cəlb edilməli olmasını qeyd etməmiş, onların mübahisəli mənzilə hüquqi münasibətini əsalandırmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, ərizənin, habelə əlavə olunmuş materialların Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olub-olmaması, ərizə hakimin icraatına verilən zaman yoxlanılmalı, hakim tərəfindən mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətlər isə çəkişmə prinsipinə əməl edilməklə məhkəmə baxışının hazırlıq mərhələsinə qədər edilməsi təklif edilməlidir. Hazırkı mərhələdə, yəni apellyasiya icraatı qaydasında sözügedən qaydalara riayət edilməsinin təklif edilməsi, yeni cavabdehlərin cəlb edilməsi, iddia tələblərinin dəqiqləşdirilməsi və s. bu kimi prosessual hərəkətlərin edilməsi isə, məhkəmə prosesinin lüzumsuz şəkildə uzanması, cavabdeh qismində cəlb ediləcək şəxslərin məhkəmə müdafiəsi hüququnun lazımi qaydada həyata keçirməsi imkanlarından məhrum olması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan nöqsanların aradan qaldırılmaması mülki işə irəli sürülmüş tələblər çərçivəsində baxılmasını mümkünsüz edir, ərizənin baxılmamış saxlanılmasına da əsas yaradır. Çünki, prosessual qanunvericilik hər hansı şəxsin sonradan cavabdeh kimi işə qoşulması və s. bu kimi prosessual hərəkətlərin edilməsi müddətlərini dəqiq tənzimləmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Göründüyü kimi, iddia ərizəsinin müvafiq hissədə baxılmamış saxlanılması üçün əsaslar mövcuddur və belə olan halda, iddia ərizəsi tələblərin qeyri-müəyyən olduğu hissədə baxılmamış saxlanılmalıdır. İddiaçıya isə yuxarıda qeyd edilən nöqsanları aradan qaldırmaqla (iddia tələblərinin məzmununu və cavabdehlərin dairəsini dəqiq müəyyən etməklə, digər prosessual hərəkətləri lazımi qaydada yerinə yetirməklə) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 387.2.8-ci və 387.3-cü maddələrinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi” hissəsində ləğv edilməli, ərizə bu hissədə baxılmamış saxlanılmalıdır. İzah edilməlidir ki, iddiaçı qanunvericiliyin tələblərinə tam riayət etməklə yenidən müvafiq tələblə məhkəməyə yenidən müraciət edə bilər. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-401/2025 saylı, 14 may 2025-ci il tarixli qətnaməsi qismən – “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən başqa şəxslərin istifadəsinə və sahibliyinə verilməsinin ona qadağan edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılsın. İzah edilsin ki, iddiaçı mülki prosessual qanunvericiliyn tələblərinə tam riayət etməklə yenidən müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-4627/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4627/2025
28.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver