Məhkəmə qərarları › İş №2(103)-463/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-463/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-463/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 3608/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə dəymiş zərərin əvəzi qismində 6239,40 manat, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə isə 6569,40 manat məbləğində pulun iddiaçının xeyrinə məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 13 mart 2017-ci il tarixində 04/5490 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Sözügedən ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz istifadə etmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərinin nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 3608/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 172,80 manat dəymiş zərərin əvəzi, 89,10 manat sərfiyyat üzrə borc və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi olmaqla, cəmi 276,90 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyi halda, əsassız olaraq birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)-3608/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən zərər vurma öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı İB iddia tələbini cavabdehin barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə çoxsaylı akt və çəkilmiş fotoşəkillərlə əsaslandırmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün tərtib edilmiş aktlar üzrə iddiaçıya 6239,40 manat ziyan hesablanmışdır. Tərtib edilmiş ilk akt üzrə borc 172,80 manat təşkil edir. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 17 yanvar 2022-ci il tarixli 10/7018 saylı rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu Bilgəh kəndi Dəniz küçəsi döngə 1 ev 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Ekspert rəyindən görünür ki, abonentin evinə baxış hər iki tərəfin iştirakı ilə həyata keçirilmiş və sayğacın fotoşəkilləri çəkilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, 23.09.2016-cı il tarixdən 17.03.2020-ci il tarixədək İddiaçı İB-nin əməkdaşları tərəfindən abonent Cavabdeh Məmməd oğunun barəsində təbii qazdan istifadə qaydalarının pozulmasına görə üst-üstə 37 akt tərtib olunsa da, aktların heç biri abonent tərəfindən imzalanmamış, abonentin adının qarşısında imza qrafasında “imtina etdi” sözləri yazılmışdır. Təbii qazın talanması faktları aşkar olunduğu halda, cavabdehin inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üçün hüquq mühafizə orqanlarına müraciət olunmamış, abonentin barəsində sonuncu aktın tərtib olunmasından 1 il 1 ay sonra ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdeh tərəfindən sayğacdan kənar qaz xəttinə qanunsuz qoşulmanı təsdiq etmək üçün iddia ərizəsinə əlavə olunmuş fotoşəkillər isə keyfiyyətsiz olmaqla həmin fotoşəkillərdə olan sayğacın məhz cavabdehin evində quraşdırılmış sayğac olmasını təsdiq etmir. Apellyasiya icraatı zamanı keçirilmiş tikinti-texniki ekspertizası zamanı da Bakı şəhəri Sabunçu rayonu Bilgəh kəndi Dəniz küçəsi döngə 1 ev 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Ekspert rəyi məhkəmə tərəfindən qiymətləndirilərkən məhkəmə tikinti-texniki ekspertizasının cavabdehin barəsində təbii qazdan istifadə qaydalarının pozulması barədə sonuncu aktın tərtib olunmasından 1 il 10 ay sonra keçirilməsi, qanunsuz qoşulmaya xarakterik olan izlərin cavabdeh tərəfindən itirilməsi nəzərə alına bilər. Lakin o hal da nəzərə alınmalıdır ki, iddiaçı təşkilat tərəfindən vaxtında məhkəməyə müraciət olunmaması lazımi sübutların əldə olunmamasına şərait yaratmış, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar isə iddianın tam təmin olunmasına yetərli olmamışdır. İş materiallarından görünür ki, pozulmuş hüquqlarının bərpası ilə bağlı iddiaçı tərəfindən 300 manat məbləğində xərc çəkilməsi barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(008)- 3608/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı İB-yə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci qismində 100 manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar