Məhkəmə qərarları › İş №2(103)-4630/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4630/2025

06.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4630/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 Şıxverdi qızı, Cavabdeh2, Cavabdeh3 qarşı “evə köçürülmə, evdə yaşamağa, ondan istifadəyə dair yaradılmış əngəllərin aradan qaldırılması, quraşdırılmış kamera avadanlıqlarının sökülməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və orada yaşayan digər şəxslər tərəfindən iddiaçılara Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən 36 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsindən, həmçinin həmin torpaq sahəsinin üzərində inşa edilmiş bütün tikililərdən istifadə etmələrinə dair istənilən maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi və həmin tikililərdən iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirərək istifadə etmələrinin təmin edilməsi; Cavabdeh2 yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən 36 saylı fərdi yaşayış evindən və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsindən çıxarılmaları; Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən 36 saylı fərdi yaşayış evində və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsində cavabdehlər tərəfindən quraşdırılmış kamera avadanlıqlarının cavabdehlərin şəxsi vəsaiti hesabına sökülməsi və İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən 36 saylı fərdi yaşayış evinə, evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş digər tikililərə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)- 8084/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-762/2025 saylı mülki işi üzrə icraat dayandırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 xx.xx.2025-ci il tarixində şikayət verərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-762/2025 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, İnzibati Məhkəmənin icratında olan iş üzrə iddiaçı və ya cavabdehər hazırki iş üzrə eyni şəxslər deyildir. Qanunun dispozisiyasından da göründüyü kimi, burada eyni tərəflər arasında olan mülki mübahisədən söhbət gedir. Lakin cavabdehin təqdim etdiyi bildirişdə isə inzibati işdə iddiaçısı Oruczadə Ökbə olan vətəndaşın inzibati işinin hazırkı işə aidiyyətinin olması və guya o işin nəticəsinin bu işin həlli üçün olduqca vacib olması və bu səbəblə işin icraatının dayandırılmalı olması bildirilmişdir. Məhkəmə də həmin inzibati iş üzrə iddiaçının şəxsiyyəti (Oruczadə Ökbənin kim olmasını) araşdırmadan (hazırkı iş üzrə iddiaçılar onu ümumiyyətlə tanımır), həmçinin hazırkı mülki iş üzrə tərəf olmadığını nəzərə almadan əsassız olaraq icraatın dayandırılması haqqında qərar qəbul etmişdir. İşin dayandırılmasına səbəb olmuş e-2- 1(112)-8084/2025 saylı işin e-mehkeme portalı vasitəsilə hüquqi vəziyyətinə baxdıqda da oradan görünür ki, həmin iş üzrə iddiaçının hazırkı iş üzrə iddiaçılara məxsus sənədə dair iddia qaldırmaq hüququ mübahisələndirilir. Belə ki, xx.xx.2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclası iddiaçının iddiasının mümkünlüyünün yoxlanılması məqsədilə təyin edilmişdir. Buradan da aydın olur ki, iddianın mümkün olub-olmamasının İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən təyin edilmiş məhkəmə iclasında məhkəmə müəyyən edəcəkdir. Bundan başqa məhkəmə həmçinin icraatın dayandırılmasına səbəb olacaq ərizəyə və məhkəməyə verilmiş iddiaya baxarkən iddianının perspektivliliyinə də diqqət yetirməli idi. Yəni məhkəmə çəkişməsinin süni yubadılmasına hesablanmış və heç bir perspektivi olmayan iddianın məhkəməyə verilib daha sonra icraatın dayandırılması tələb edən cavabdehin hüquqlarından sui istifadə etmə kimi hallara yol verə bilməsi ehtimalı dəyərləndirilməli idi. Belə ki, Bakı İnzibati Məhkəməsinə verilmiş iddiada tələb İddiaçı2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan anasından miras qalmış əmlakın əvvəlki sənədinin üzərində ad və familiya yazısı hissəsində xəttin olması və bunun guya şübhəli hal olması səbəbilə həmin sənədin ləğv edilməli olması mübahisələndirilmişdir. Məhkəmə də bu əsassız iddianı ciddi və perspektivli iddia kimi dəyərləndirərək buna görə icraatın dayandırılmalı olması qənaətinə gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh tərəfindən təqdim edilən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qəzənfər Musabəyov küçəsində yerləşən 36 saylı fərdi yaşayış evində və evin yerləşdiyi 0.0465 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixdə X3 adına ilkin qeydiyyatının ləğv edilməsi və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin və miras payının bağışlanması müqaviləsinin etibarsəz hesab edilməsi onlar əsasında xx.xx.2017-ci il tarixdə İddiaçı2 adınma daşınmaz əmlakın dövlət reyestrində aparılmış hüquqların dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilən elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, e-2-1(112)-8084/2025 saylı iş Bakı İnzibati Məhkəməsində icraatdadır. Kollegiya qeyd edir ki, iş üzrə icraatın dayandırılması işin baxılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaqla, həmin müddətin daha səmərəli istifadəsinə yönəlmişdir və dayandırılma üçün əsaslar aradan qalxdıqdan sonra iş üzrə icraatın təzələnməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hazırki iş Bakı İnzibati Məhkəməsində icraatda olan e-2-1(112)-8084/2025 nömrəli iş ilə əlaqədar olduğundan, Bakı İnzibati Məhkəməsində icraatda olan e-2-1(112)-8084/2025 nömrəli işə baxılıb yekun qərar çıxarılanadək hazırki mülki iş üzrə icraatın dayandırılmasında birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-762/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar