Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4632/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh1 MMC və X4 qarşı iş üzrə (Açar sözlər “komendantlığın ləğv edilməsi, kommunal xidmətlərlə bağlı müqavilənin etibarsız sayılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı5 və onların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3, İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC və X4 qarşı “komendantlığın ləğv edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-720/2023 nömrəli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli bina Cavabdeh1 MMC tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmiş, sakinlər mənzillərə mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışlar almışlar.
2. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC ilə fərdi sahibkar X8 arasında 5 il müddətinə müqavilə bağlanmış, müqavilənin predmetini həmin binada bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi, həmin xidmətlərin qarşılığında aylıq xidmət haqqının, hər kv.m 30 qəpik olmaqla, yığılması, xərclənməsi, habelə bu işlərlə əlaqədar idarə və müəssisələrlə müqavilələrin bağlanmasının Cavabdeh1 MMC tərəfindən sahibkar X4 həvalə edilməsi təşkil etmişdir. Həmin müqavilə ilə Cavabdeh1 MMC-nin yaşayış binasının həyətində yerləşən 56 kv.m qeyri-yaşayış sahəsi sahibkar fiziki şəxs X3 istifadəsinə verilmişdir.
3. Cavabdeh1 yaşayış binanısının komendantı kimi Zakir Məmmədov tərəfindən sakinlərə bildirişlər təqdim edərək kommunal borların ödənilməsini xahiş olunmuşdur.
4. Binanın sakinləri xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirərək lehinə 442 nəfər səs verməklə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul etmişlər, MMMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı bir neçə dəfə nazirliyə müraciət olunmuş, lakin sənədlər qanunvericiliyin tələblərinə zidd tərtib olunduğundan Azərbaycan Respublikası Ədliyyət Nazirliyi tərəfindən geri qaytarılmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 MMC-yə və X4 qarşı “komendantlığın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən ünvan 2 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlığın ləğv edilməsi, cavabdeh - fərdi sahibkar X3 həmin binada sahibkarlıq fəaliyyətinin qanunsuz hesab edilməsi və onun ünvan 3 ünvanından çıxarılmaqla onunla bağlanan xidmət müqavilələrinin ləğv edilməsi, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışının iddiaçılara təqdim edilməsinin Cavabdeh1 MMC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilərək payçıların istifadəsinə verilmişdir. Qeyd edilən bina tam hazır olduğundan aidiyyatı dövlət orqanları tərəfindən istismara qəbul edilmiş və sakinlərə xüsusi mülkiyyət hüququ haqqında reyestrdən çıxarışlar da verilmişdir. Lakin binanın sahə mülkiyyətçiləri olmağına baxmayaraq Cəmiyyət hələ də ləğv edilməmiş, əlavə və qanunsuz olaraq idarəetmə (komendantlıq) yaradılaraq binaya buna iddiaçıların icazəsi və ya razılığı olmadan komendant təyin edilmişdir. Bunlar qanunsuz olaraq mülkiyyətçilərdən guya binanın saxlanılması üçün əlavə ödənişlər yığmaqla məşğuldurlar. Halbuki, mənzil qanunvericiliyinin tələblərinə əsasən binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Mənzil Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməli olduğu halda, Cəmiyyət tərəfindən bununla bağlı heç bir addım atılmamış və qanunvericiliklə tənzimlənən MMMCnin yaradılmasına qəsdən maneələr törədilməkdə davam edilir. Əldə edilmiş sənədlərdən görünür ki, fiziki şəxs kimi dövlət qeydiyyatından keçmiş X8 adlı şəxs sahə mülkiyyətçilərindən buna hər hansı əsas olmadan kommunal xərclər adı ilə pul yığmaqla varlanır, mülkiyyətçilərin tələb etməsinə baxmayaraq yığılmış pulların haraya xərclənməsi barədə hesabat verməkdən qərəzli şəkildə boyun qaçırır. Bununla bağlı isə aidiyyəti dövlət orqanlarına müraciətləri isə hələ də öz həllini tapmır, bu qanunsuzluqlar davam edir. Aidiyyəti icra hakimiyyəti orqanı isə buna göz yumaraq, sanki belə bir problemlərin olmamasını bildirir.
7. Məhkəmənin baxış iclasında İddiaçı7 və İddiaçı6 məhkəməyə ərizə ilə müraciət edərək hazırkı mülki iş üzrə iddiaçı qismində tanınmalarını xahiş etmiş, məhkəmə iclasında İddiaçı7 və İddiaçı6 birgə iddiaçılar qismində tanınmışdırlar.
8. X1, X9, X5, X10, X7, X11 qismində tanınmalarını barədə məhkəməyə vəsatət versələr də, məhkəmə prosesində iştirak etmədiklərinə görə vəsatətləri təmin edilməmişdir.
9. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinin texniki səhv nəticəsində göstərildiyini qeyd etməklə yanaşı, tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)- 720/2023 nömrəli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddianın təmin edilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlığın ləğv edilməsi, cavabdeh X3 "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilməsi, cavabdeh X8 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdeh X8 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması, Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, mənzil məcəlləsi binanın idarəetmə üsullarının seçilməsi hüququnu binanın sahə mülkiyyətçilərinə aid etmişdir və həmin üsulların arasında komendatlıq formasında idarəetmə üsulu nəzərdə tutulmamışdır. Bununla yanaşı, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi heç bir halda mənzil-tikinti kooperativi tərəfindən bağlanıla bilməzdi.
12. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis yığıncağının keçirilməsi, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi və qərarda göstərilən digər məsələlərlə bağlı qərarların qəbul edilməsi müəyyən edilsə də, məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən keçirilmiş təsis yığıncağı mənzil qanunvericiliyində nəzərdə tutulmuş qaydalara əməl edilməməklə həyata keçirilmişdir. Belə ki, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətlərinə və qaydasına əməl edilməmiş, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edildiyi halda, hazırki iş üzrə iddiaçılara (çoxmənzilli binanın sahə mülkiyyətçilərinə-hazırki iş üzrə iddiaçılara) ümumiyyətlə məlumat verilməməklə keçirilmişdir. Məhkəmə nəzərə alır ki, "xxxx" MMMC sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılsa da, mübahisə olduğu üçün dövlət qeydiyyatına alınmamışdır. Əksi isə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşdüyü halda, cavabdeh tərəfindən həmin sübutlar ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir.
13. Bununla yanaşı işdə olan sübutlarla, iddiaçıların verdiyi izahatlarla, həmçinin iddiaçı qismində qoşulmasalar da, məhkəmə proseslərində iştirak edən mübahisəli binanın digər sakinlərinin açıq nümayiş etdirdikləri narazıçılıq mövqelərindən (işin bu halı məhkəmə iclaslarınn video çəkilişləri ilə təsdiq edilir) müəyyən edilmişdir ki, həmin binada yaşayan (bəzilərinin həmin binada 2 və daha çox mənzilləri mövcuddur) sakinlərə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi barədə məlumat verilməmiş, onlar məcburi qaydada yaşadıqları binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı xərcləri sahibkar X4 ödənilməsinə məcbur edilmişdirlər.
14. Məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh1 MMC tərəfindən bağlanmış müqavilə Mülki Məcəllədə və Mənzil Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından, mülki yaxud mənzil qanunvericiliyində komendatlıq formasında idarəetmə üsulu nəzərdə tutulmadığından etibarsız hesab edilməli, həmin müqavilə etibarsız hesab edildiyindən Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlıq ləğv edilməli, cavabdeh X3 həmin binada binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyəti qanunsuz hesab edilməli, cavabdeh X8 Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılmalıdır.
15. Bununla yanaşı iş materiaları və iddiaçıların izahatları ilə təsdiq edilir ki, iddiaçılar və binanın digər sakinləri MMMC-nin təsis edilməsi ilə əlaqədar zəruri sənədlərin təqdim edilməsi ilə bağlı dəfələrlə Cavabdeh1 MMC-yə müraciət etsələr də, cavabdeh tərəfindən həmin sənədlər onlara təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, həmin sənədlər Cəfər Məmmədova təqdim edildiyinə görə digər sakinlərə verilməmişdir. Məhkəmə həmin hissədə də iddianı əsaslı hesab edərək, belə qənaətə gəlir ki, iddiaçılar həmin sənədlərin tələb edilməsi ilə bağlı hüquqlara malik olduqlarından həmin hissədə də iddia əsaslı olduğu üçün təmin edilməli, MMMC-nin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyriyaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyi Cavabdeh1 MMC-nin üzərinə qoyulmalıdır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109.1, 337, 389-ci, Mənzil Məcəlləsinin 44.1, 43-45, 109.4, 109.5, 136.2, 137.4, 137.7, 141, 141- 1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Resbublikası Mülki Məcəlləsinin 109.1-ci, daha sonra da Mənzil məcəlləsinin 109.1-ci, 141-1-ci,109.4 və 109.5-ci maddələrinə, daha sonra da 142-ci maddəsinə istinad edərək “kooperativ”lə bağlı geniş şərhlər verilmişdir. Halbu ki, hazırkı mübahisə ilə bağlı məsələnin həllinin ümumiyyətlə “kooperativ”lə heç bir bağlılığı yoxdur. Belə ki, cavabdeh "xxxx" MMC-dir, cavabdeh X8 fərdi sahibkar olaraq kommunal xidmətlər göstərmək fəaliyyəti ilə məşğuldur. İddiaçılar da idarəçiliyi onların səlahiyyətində olan MMMC yaratmaq istəyindədirlər. Məlum məsələdir ki, bunların heç birinin və öz aralarıdakı münasibətlərin belə “kooperativ”lə hər hansı bağlılığı yoxdur. Bu da şikayət olunan qətnamənin maddi hüquq normaların tətbiqi baxımından əsassızlığını göstərir. İddiaçılar tərəfindən tələb olunan və hazırkı qətnamə ilə verilməsi qət edilmiş MMMC-nin təsisi üçün bütün sənədlər artıq aidiyyəti üzrə müvafiq icra hakimiyyətinə, bu halda Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim edilmişdir. Bina sahələrinin xüsusi mülkiyyətçilərin olan 690 nəfərdən 360 nəfəri həmin MMMC-yə vermiş,305 nəfər isə bitərəf qalmaqla qərar qəbul edilmişdir. Hazırkı iş üzrə 5 nəzər iddiaçı, MMMC-nin yaradılması ilə bağlı iclasda iştirak etməyən 30 nəfərdən 5-dir. Lakin bu əsas vermir ki, onlar iştirak etmədiyi üçün yığıncaq da keçirilməməlidir. Bundan başqa, məhkəmə qətnaməsində "xxxx" MMC tərəfindən komendantlıq yaradıldığı və Zakir Məmmədovun komendant qoyulduğuna istinad edərək, mübahisəni bu yönümdə də həll etmişdir. Lakin “komendant” və ya “komendantlıq”la bağlı iş üzrə ümumiyyətlə hər hansı hal mövcud deyil. Cavabdeh Zakir Məmmədov sahibkar fəaliyyəti ilə məşğul olur və adı çəkilən bina kompleksinə xidməti xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC ilə bağlanmış müqavilə əsasında həyata keçirir. Məhkəmə bir məsələni də unutmuşdur ki, "xxxx" MMC bina kompleksini inşa edən olaraq, binaya xidmət göstərən deyildir. Bu xidməti həmin sahədə fəaliyyət göstərən şəxslər tərəfindən həyata keçirilir. Bina sakinlərinin də MMMC-nin yaradılması üçün müəyyən vaxt tələb olunur və bu müddət üçün də binaya kommunal xidmətlərin göstərilməsi vacibdir. Məhz həmin arada qalan boşluğu doldurmaq üçün bina kommunal xidmətin göstərilməsinin təmin edilməsi üçün bu sahədə fəaliyyət göstərən olaraq cavabdeh Zakir Məmmədovun xidmətlərindən istifadə edilməsi üçün onunla bu barədə müqavilə bağlanmışdır. Təsis edilmiş MMMC-nin qeydiyyata alınması üçün də müraciət edilmişdir. Qeydiyyata alınandan sonra da xidmətlə bağlı məsələnin həlli də onun səalahiyyətlərinə aid olacaq. MMMC-də binaya xidmət göstərilməsi üçün bu sahədə fəaliyyət göstərən üçüncü şəxslə müqavilə bağlayacaqdır. Tərəflər arasında istənilən razılaşma əsasında müqavilə bağlanıla bilər və bu müqavilə azadlığı hüququ ilə bağlıdır. 390 nəfər bina sakinlərindən 5 nəfəri binaya göstərilən kommunal xidmətinə görə onlara düşən ödənişləri etmək istəməməsi, yerdə qalan 285 nəfər bina sakini zir-zibil içində qalmaq məcburiyyətində saxlanılması üçün əsas olmasını düşünmək belə məntiqsizdir. Lakin şikayət olunan qətnamə mahiyyət etibarı ilə bu məcburiyyəti qət etmişdir. Qeyd olunan müqavilə bağlanılan zaman Mülki Məcəllənin hansı norması pozulmuşdur? Və ya bu xidmət müqavilənin hansı hissəsində Zakir Məmmədov komentant təyin edilmiş və ya komendantlıq yaradılmışdır? Bunun üçün müqavilə yox, MMC-nin qərarı olmalı idi. Olmayan halları məhkəmə qətnaməyə yazmış, lakin iş üzrə müəyyən edilən hallara istinadən əsaslandırılmalıdır. Bundan başqa, məhkəmə Zakir Məmmədovun ünvan 5 ünvanında yerləşən binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qənaəti ilə çıxış etmişdir. Lakin həmin tikilinin kimə məxsus olduğu aydınlaşdırmamışdır. Məhkəmə o halda cavabdehin çıxarılmasını təmin edə bilərdi ki, həmin sahə iddiaçılara aid olsun. Həmin qeyri-yaşayış sahəsi Cəfər Məmmədovun mülkiyyətindədir, onun da Zakir Məmmədovun həmin sahədən çıxarılmasına dair tələbi yoxdur. Binaya heç bir aidiyyəti olmayan və ondan kənarda yerləşən tikilidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, apellyatorun dəlilləri tam əsassız olmaqla işin halları ilə uyğunsuzluq təşkil edir. Belə ki, Cavabdeh1 MMC tərəfindən ünvan 2 ünvanında yerləşən ərazidə hündürmərtəbəli yaşayış binası inşa edilərək payçıların istifadəsinə verilmişdir. Qeyd edilən bina tam hazır olduğundan aidiyyatı dövlət orqanları tərəfindən istismara qəbul edilmiş və sakinlərə xüsusi mülkiyyət hüququ haqqında reyestrdən çıxarışlar da verilmişdir. Lakin, binanın sahə mülkiyyətçiləri olmağına baxmayaraq MMC hələ də ləğv edilməmiş, əlavə və qanunsuz olaraq idarəetmə (komendantlıq) yaradılaraq binaya buna iddiaçıların icazəsi və ya razılığı olmadan komendant təyin edilmiş, bunlar qanusuz olaraq mülkiyyətçilərdən güya binanın saxlanılması üçün əlavə ödənişlər yığmaqla məşğuldurlar. Bina sakinləri, xüsusən də iddiaçılar tərəfindən etirazlara səbəb olmasına baxmayaraq, Cəmiyyət qanunsuz olaraq komendantlıq yaradaraq qanunsuz və buna hər hansı hüquqi əsas olmadan pul yığımları ilə məşğul olmaqla külli miqdarda qazanc əldə etmiş, bununla bağlı bina sakinlərinin hesabat təqdim edilməsinə etiraz etmişdir ki, bu da öz növbəsində bu yığımların növbəti dəfə əsassız olmasına dəlalət edir. Həmçinin, X8 ilə Cəmiyyət arasında bağlanan müqavilə hüquqi əhəmiyyəti olmadığına görə də etibarsız hesab edilmiş, bu da onu deməyə əsas verir ki, uzun illər komendantlıq adından yığılan pullar tam qanunsuz olmuşdur. Bundan başqa, Cəmiyyət növbəti qanunsuzluğa yol verərək bina mülkiyyətçilərin adından MMMC-nin təsis edilməsi üçün aidiyyatı dövlət orqanına müraciət etmiş, lakin mülki mübahisənin olduğundan ona imtina edilmişdir. Burada isə maraqlı hal ondan ibarətdir ki, qanunvericiliyin tələbinə görə MMMC-nin təsis edilməsi ilə bağlı tələb olunan sənədlər siyahısında yekun protokola mülkiyyətçilərin imazaları olmasına baxmayaraq Cəmiyyət növbəti saxtakarlığa yol verərək ümumiyyətlə MMMC təsisçiliyi ilə bağlı umumi yığıncağı çağırmamış, binada bir neçə mənzili olan sakinlərə bununla bağlı hər hansı rəsmi məlumat verməmişdir. Digər bir qanunsuzluq bundan ibarətdir ki, Cəmiyyət binanın idarəetməsini öz əlində saxlamaqdan ötrü mülkiyyətçilərin israrlı tələblərinə zidd olaraq müstəqil MMMC-nin təsis edilməsi üçün sənədlər siyahısından əsasını təşkil edən binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışının verilməsi cavabdeh Cəmiyyət tərərindən təmin edilməmişdir. Bu isə öz növbəsində qanun pozuntusu olmaqla mənzil mülkiyyətçilərinin hüquqlarının pozulmasına, Cəmiyyətdən ayrılmaqla müstəqil şəkildə binanın idarə edilməsinə maneə yaratışdır ki, nəticədə mülkiyyətçilər öz şəxsi vəsaitləri hesabına binada zəruri işləri görəməyə məcbur qalmışlar. Halbu ki, cavabdehlər mülkiyyətçilərin ilk tələbi ilə həmin mənzillərdən yığılmış pullar hesabına bu işləri görməli idilər. Hesab edir ki, apellyasiya şikatəti qanunsuz və əsassız olduğundan, təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, imzaların saxta yol ilə yığılmasının MMC-yə aidiyyəti yoxdur. Onlara müraciət olunub və arayışlar təqdim edilib. Məmmədov Cəfəri sakinlər özləri seçiblər. MMC ilə Zakir Məmmədov arasında bağlanmış müqavilənin müddəti artıq bitmişdir. Əgər həmin müqavilənin heç bir hüquqi qüvvəsi yoxdursa, o necə etibarsız hesab edilər bilər. Birinci instansiya məhkəməsi ikinci baxış iclasında ərizələr əsasında yeni iddiaçıları cəlb etmişdir. İş materiallarında komendantlığın mövcudluğuna və təyin olunmasına dair hər hansı sənəd yoxdur. MMC binanı sahinlərə təhvil vermiş, xidmət göstərilməsində də marağı olmamışdır. Binanın sakinlərinə MMMCnin yaradılması təklif olunmuşdur. MMC bəzi mənzillərin satılmadığı və MMMC-nin yaradılmadığı səbəbindən həmin binada fəaliyyət göstərirlər. Bu məqsədlə xidmət müqaviləsi bağlanmışdır. Həmin şəxslə sakinlər arasında fərdi qaydada xidmət müqavilələri bağlanılmışdır. Həmin müqavilələr əsasında xidmət göstərilmiş və pullar yığılmışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, binada yaşayan və iki-üç mənzili olan sakinlərin məlumatı olmadan necə MMMC-nin yaradılması ilə bağlı iclas keçirilə bilər? İlk olaraq tərəflərindən MMMC-nin yaradılması ilə bağlı müraciət olunmuş, müxtəlif orqanlara sənədlərin əldə edilməsi ilə bağlı müraciətlər etmişlər. Lakin həmin sənədləri əldə edə bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Binada yaşayan istənilən sakindən MMMC-nin yaradılması ilə bağlı ondan sənəd alınıb-alınmadığını soruşsalar, onlar MMMC-nin yaradılması ilə bağlı onlardan sənəd alınmadığını bildirəcəklər. Çünki sakinlərdən aldadılaraq istilik sistemi adı altında sənədlər alınmışdır. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, onlar cavabdeh Zakir Məmmədovun binaya münasibətdə sahibkarlıq fəaliyyətinin qeyri-qanuni hesab olunmasını nəzərdə tuturlar. İlk dəfə iddia ilə məhkəməyə müraciət edəndə xidmət müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişlər, daha sonra MMC ilə Zakir Məmmədov arasında bağlanmış müqavilənin etibarsız hesab olunmasını tələb etdilər.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, hazırda da binada qanunsuz olaraq pul yığılır və heç bir xidmət göstərilmir. Əvvəllər binada mərkəzləşdirilmiş istilik sistemi var idi və əvəzi hər ay ödənilidri. MMMC-nin idarə heyyətinin üzvlərindən Sevinc adlanan şəxs süpürgəçi, Seymur adlanan şəxs isə fəhlədir və onlar həmin binada kirayədə yaşayırlar. X13 xidməti müqavilələr bağlamamışlar.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı: Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Hazırkı işdə iddia tələbi tam təmin edildiyindən və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir.
30. İşdə olan sənədlərdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli bina Cavabdeh1 MMC tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmiş, sakinlər, o cümlədən iddiaçılar mənzillərə mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışlar almışlar.
31. xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC ilə fərdi sahibkar X8 arasında müqavilə bağlanmış, müqavilənin predmetini həmin yaşayış binasında bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi, həmin xidmətlərin qarşılığında aylıq xidmət haqqının, hər kv.m 30 qəpik olmaqla, yığılması, xərclənməsi, habelə bu işlərlə əlaqədar idarə və müəssisələrlə müqavilələrin bağlanmasının Cavabdeh1 MMC tərəfindən sahibkar X4 həvalə edilməsi təşkil etmişdir. Həmin müqavilə ilə Cavabdeh1 MMC-nin yaşayış binasının həyətində yerləşən 56 kv.m qeyri-yaşayış sahəsi sahibkar fiziki şəxs X3 istifadəsinə verilmişdir.
32. Cavabdehin nümayəndəsi və vəkili müqavilənin müddətinin artıq bitdiyini bildirsə də, müqavilədən görünür ki, müqavilənin müddəti 5 ildir (xx.xx.2024-cü il tarixinədək).
33. Binanın sakinləri xx.xx.2023-cü il tarixdə ümumi yığıncaq keçirərək Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) təsis edilməsi barədə qərar qəbul etmişlər, MMMC-nin dövlət qeydiyyatına alınması ilə bağlı bir neçə dəfə nazirliyə müraciət olunmuş, lakin sənədlər qanunvericiliyin tələblərinə zidd tərtib olunduğundan Azərbaycan Respublikası Ədliyyət Nazirliyi tərəfindən geri qaytarılmışdır.
34. Yuxarıda istinad olunan mənzil qanunvericiliyinin tələblərinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək ümumi yığıncağın səlahiyyətlərinə aiddir. Qanunvericiliklə binanın idarə edilməsi üsullarına binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi aid edilmişdir.
35. Göründüyü kimi, cavabdeh "xxxx" MMC buna səlahiyyəti olmadan digər cavabdeh X8 ilə xx.xx.2019-cu il tarixli müqavilə bağlayaraq çoxmənzilli binanın idarəedilməsini sonuncuya həvalə etmişdir. Nəticə etibarilə, MMC tərəfindən binanın idarəçiliyi hüquqi əsaslar olmadan həyata keçirilir. Həmin müqavilə iddiaçıların hüquq və mənafelərinə bilavasitə təsir etdiyindən onların müqavilənin etibarsız hesab edilməsi barədə iddia irəli sürməyə subyektiv hüquqları vardır.
36. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. Cavabdeh MMC apellyasiya şikayətində “komendant” və ya “komendantlıq”la bağlı iş üzrə ümumiyyətlə hər hansı halın mövcud olmadığını bildirsə də, işdə olan binanın sakinlərinə ünvanlanmış bildirişlərdən görünür ki, onlar Cavabdeh1 yaşayış binasının komendantı Zakir Məmmədov tərəfindən imzalanmışdır. Bu isə onu göstərir ki, həqiqətən də binanın idarəedilməsi komendant tərəfindən həyata keçirilir.
38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi qətnaməsinin əsaslandırıcı hissəsində cavabdeh X3 binanın bütün idarəetmə işinin təşkili və əhaliyə müvafiq xidmətlərin göstərilməsi ilə bağlı sahibkarlıq fəaliyyətini qanunsuz hesab etmişdir.
39. Bunun məntiqi davamı olaraq cavabdeh X3 binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması da qət edilmişdir. İşdən görünür ki, həmin qeyriyaşayış sahəsi Cavabdeh1 MMC ilə onun arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərilməsi üçün sonuncunun istifadəsinə verilmişdir, başqa məqsədlər üçün deyil.
40. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi vacib hesab edir ki, məhkəmənin gəldiyi bu qənaət X3 həmin qeyri-yaşayış sahəsində gələcəkdə başqa sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına qadağa kimi qəbul olunmamalıdır.
41. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh MMC apellyasiya şikayətində həmin sahənin başqa şəxsin mülkiyyətində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, onunla Zakir Məmmədov arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə isə qeyd olunmuşdur ki, həmin sahə məhz MMC tərəfindən Zakir Məmmədovun istifadəsinə verilir.
42. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh X8 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 2944-cü məhəllə ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında təsis edilmiş komendantlığın ləğv edilməsi, cavabdeh X3 "xxxx" MMC tərəfindən həmin binada sahibkarlıq fəaliyyətinin qanunsuz hesab edilməsi, cavabdeh X3 binanın həyətindəki 56 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
43. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin MMMC-nin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyri-yaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə gəldiyi nəticə səhv olmuşdur.
44. Belə ki, işdə olan sənədlərə əsəsən müəyyən olunur ki, binanın sakinləri xx.xx.2023-cü il tarixində ümumi yığıncaq keçirərək səs çoxluğu ilə MMMC-nin təsis edilməsi barədə qərar qəbul etmişlər. Qeyd olunan sənədlər də ümumi yığıncağa Cavabdeh1 MMC tərəfindən təqdim edilmişdir.
45. İddiaçılar ümumi yığıncağın qeyri-qanuni keçirildiyini iddia etsələr də, bununla bağlı hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Eyni zamanda həmin ümumi yığıncağın qəbul etdiyi qərarın qanuniliyi iddiaçılar tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan sənədlər cavabdeh MMC tərəfindən ümumi yığıncağa təqdim edildiyindən yenidən həmin öhdəliyin sonuncunun üzərinə qoyulması əsaslı hesab edilə bilməz. İddiaçılar həmin sənədləri ümumi yığıncağa müraciət etməklə əldə edə bilərlər.
47. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və vəkilinin birinci instansiya məhkəməsi tərəfindən ikinci baxış iclasında ərizələr əsasında yeni iddiaçıların cəlb edilməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, həmin şəxslərin də bu işdən kənar eyni iddianın qaldırılması nəticə etibarilə mübahisənin lüzumsuz olaraq uzanması, eyni zamanda cavabdehlərin də yenidən məhkəmə mübahisələrinə cəlb edilməsi ilə nəticələnəcək idi. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericiliyə əsasən prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların yuxarıda göstərilən əsas tələbləri təmin edildiyindən qətnamənin ləğvi üçün əsas qalmır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-720/2023 nömrəli qətnaməsi qismən – “Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin təsis edilməsi ilə əlaqədar binanın istismara qəbul aktı və həmin binanın yaşayış və qeyriyaşayış sahələri olmaqla neçə blok, mərtəbə, mənzil və qeyri-yaşayış sahəsindən ibarət olması haqqında arayışın iddiaçılara təqdim edilməsi öhdəliyinin cavabdeh "xxxx" MMCnin üzərinə qoyulması” hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.