Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4633/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, cavabdeh Abbasova (Gözəlova) Rəna Gülağa qızının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Abbasova (Gözəlova) Rəna Gülağa qızına qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 25 dekabr 2004-cü il tarixdə ailə həyatı qurmuş, həmin nikahdan 21 sentyabr 2006-cı il tarixdə Leyla, 11.04.2010-cu il tarixdə Mircəfər adını verdikləri uşaqları dünyaya gəlmiş, bir müddət ailə həyatları normal getsə də, sonradan münasibətləri pozulmuş, bu səbəblə cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. 2011-ci ildə ipoteka krediti ilə ünvan 2 ünvanında cavabdehin adına ev almış, evin alındığı 7 il ərzində bütün aylıq ödənişlər tərəfindən əmək haqqı kartı vasitəsilə ödənilmiş, evə qeydiyyata alınmaqla qanunsuz şəkildə çıxarıldığı günə kimi orada yaşamışdır. Cavabdeh Nazim qızı 19 iyun 2018-ci il tarixdə onun və iki övladının bütün əşyalarını onların şəhər kənarında olmalarından istifadə edərək, xəbərləri və icazələri olmadığı halda evdən çıxardaraq onun ata evinə göndərmiş, evin birgə istifadələrində olan kilidinin dəyişdirərək onun və övladlarının birgə mülkiyyətləri olan, qeydiyyatda olduqları və yaşamaq hüquqları olan evdə yaşayışlarını qanunsuz olaraq məhdudlaşdırmışdır. Dəfələrlə qeydiyyatda olduqları və 7 il ərzində yaşadıqları mənzilə girmək istəsə də cavabdeh buna mane olmuş və polis çağırmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu hadisədən sonra iki övladı ilə birlikdə evsiz qalmışlar və gündə bir qohum evinə sığınırlar, bu da onun və uşaqlarının həyat tərzinə, normal yaşayışına, həmçinin psixoloji vəziyyətlərinə çox mənfi təsir edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 35 saylı evin 33 saylı mənzilinin özünə məxsus ½ hissəsinə köçürülməsi, iddianın digər hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyi, irəli sürdüyü dəlillərə ümumiyyətlə münasibət bildirmədiyi, mülkiyyətçi olmayan iddiaçını mülkiyyətçi kimi qiymətləndirməklə yanlış nəticəyə gəldiyi, tətbiq olunmalı maddi hüquq normalarını tətbiq etmədiyi, arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmə iclasında iştirak edən vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdeh isə məhz həmin hissədən şikayət vermişdir. Başqa sözlə qətnamə, iddianın təmin edilmədiyi hissədə yoxlanılmır. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən İddiaçı ilə Cavabdeh 25 dekabr 2004-cü il tarixdə nikaha daxil olmuş, ünvan 3 ünvanında yerləşən 33 saylı mənzil 10 noyabr 2011-ci il tarixli “Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi” əsasında Cavabdeh adına qeydiyyata alınmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə həmin mənzilin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə Cavabdeh pay hüququnun tanınması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13.01.2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış (sözügedən hissədə), Azərbaycan Respublikası Ali Məhkəməsinin 02.07.2020-ci il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, tərəflər arasında gərgin münasibətlər mövcuddur və cavabdeh iddiaçının həmin mənzildə yaşamasına maneə yaratmaqdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının mənzil üzərində mülkiyyət hüququ qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuşdur və digər mülkiyyətçi olan cavabdehin onun mənzildə yaşamasına maneələr törətməsi, iddiaçının əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Apellyatorun müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, buna görə də birinci instansiya məhkəməsi iddia tələbini haqlı olaraq qismən təmin etmişdir. Mübahisəsi gedən mənzillə bağlı hüquq münasibətlərinin 2011-ci ildə yarandığı, ailə münasibətlərinə xitam verildiyindən Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən iddiaçının mənzildın istifadə hüququnun qalmadığı barədə cavabdehin apellyasiya şikayətində irəli sürülənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin arqumentlər iddiaçının (mülkiyyətçinin) hazırkı iddiası baxımından əhəmiyyətli deyildir; Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış prinsipə əsasən isə, məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-121/2020 saylı iş üzrə 30 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4633/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4633/2021
27.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver