Məhkəmə qərarları › İş №2(103)-4634/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4634/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4634/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, istifadə hüququnun tanınması, paylı mülkiyyətin naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-2405/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, istifadə hüququnun tanınması, paylı mülkiyyətin naturada bölünməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı iddianın təmini tədbiri barədə ərizə verərək, ünvan 1 ünvanında yerləşən fərdi evin üzərinə həbsin qoyulması və həmin fərdi evlə bağlı cavabdehə və üçüncü şəxslərə bütün sərəncamverici hərəkətlərin (satmaq, bağışlamaq, icarəyə vermək, girov qoymaq və s.) edilməsinin qadağan olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)- 2405/2021 saylı qərardadı ilə (hakim Ceyhun Tağıyev) ərizə qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi evin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Cavabdeh şikayəti – qərardadın əsassız olması, iddiaçı tərəfindən qanunsuz olaraq ona məxsus yaşayış evinin üzərində ikinci mərtəbənin inşa olunması, yaşayış evinin paylı mülkiyyətdə olması, onun özgəninkiləşdirilməsi zamanı digər paylı mülkiyyətçilərin də razılığının olması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh şikayəti müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayəti əsassız sayaraq təmin olunmamasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-in 158.1 və 158.1.2-ci maddələrinə əsasən iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Göründüyü kimi, mülki prosessual qanunvericilik qəbul ediləcək məhkəmə aktlarının gələcəkdə icrasını təmin edən müvafiq tədbirlərin görülməsinin mümkünlüyünü nəzərdə tutur. Belə tədbirlər sırasında iddianı təmin etmə tədbirləri xüsusi yer tutur. İddianın təmin edilməsi institutu ədalət mühakiməsinin həyata keçirilməsinin mühüm elementlərindən biri olmaqla, məhkəmə qətnaməsinin gələcəkdə icrasının təminatı kimi çıxış etməklə, qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İşdən görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi iddia tələbinin obyektini təşkil edir ki, iddiaçı həmin yaşayış sahəsi ilə bağlı bir neçə tələb irəli sürmüşdür. Eyni zamanda, işdə olan daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışın surətindən görünür ki, tərəflər yaşayış sahəsinin paylı mülkiyyətçiləridir. Cavabdehin şikayətdə göstrədiyi dəlillər isə əsasən iddia tələbinin mahiyyətinə aid olmaqla, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışında hüquqi qiymət verilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları, habelə iddianın təmini tədbinin müvəqqəti xarakter daşıdığını nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinin boşaldılması, istifadə hüququnun tanınması, paylı mülkiyyətin naturada bölünməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-2405/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)- 2405/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar