Məhkəmə qərarları › İş №2(103)-4634/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4634/2022

27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4634/2022 27.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(006)-226/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 6.240 manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılılır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi (müddətsiz) bağlanmışdır. Həmin əmək müqaviləsi xx.xx.2019-cu il tarixində “Əmək haqqının artırılması ilə əlaqədar olaraq” xx.xx.2019-cu il tarixli o nömrəli əmək müqaviləsinin dəyişiklik edilməsi ilə bağlı razılaşma əsasında yenilənmişdir. Cavabdeh iddiaçını Qarabağ müharibəsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər Qarabağın müharibənin olduğu ərazisinə ezam etmişdir. İddiaçı ümumillikdə 104 gün ezamiyyətdə olmağına baxmayaraq cavabdeh tərəfindən qanunla müəyyən edilmiş ezamiyyət xərcləri iddiaçıya ödənilmədən qanunsuz şəkildə xx.xx.2021-ci il tarixində işdən azad edilmişdir. İddiaçı № Fox- K2/004 saylı 14 oktyabr 2020-ci il tarixli əmrinin məzmunundan görünür ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarxli qismən Səfərbərlik haqqında qərarı və Səfərbərlik və Hərbi xidmətə Çağırışı üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciəti nəzərə alınaraq aidiyyatı üzrə bölgəyə ezam edilmişdir. İddiaçı ezamiyyətdə olduğu müddətdə fəxri fərmanla təltif edilmişdir. Qoşma hissəsində təqdim edilən xx.xx.2021-ci il tarixli N saylı Hərbi hissə tərəfindən verilmiş Arayışın məzmunundan görünür ki, iddiaçı xx.xx.2020ci il tarixindən cavabdeh tərəfindən ezam edilmiş və ümumilikdə 104 gün müddətində ezamiyyətdə olmuşdur. Cavabdeh dəfələrlə iddiaçıya ezamiyyət xərclərinin ödənilməsindən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. İddiaçı tərəfindən ezamiyyət xərclərinin alınması zəruridir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkməyə müraciət edərək, Cavabdeh MMC-dən ümumilikdə 10.530 manat maddi ziyanın (ezamiyyə xərci), 10.000 manat mənəvi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul vəsaitinin, cəmi 20.530 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(006)-226/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, ezamiyyə xərci olaraq 6.695 manat, mənəvi zərər olaraq 200 manat, cəmi 6.895 (altı min səkkiz yüz doxsan beş) manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, dövlət rüsumu kimi ödənilməli olan 30 manatın 10 manatının Cavabdeh MMC-dən tutularaq dövlət gəlirinə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-226/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ezamiyyətə göndərilmə əsasını qəbul edərkən belə, qanunvericiliyin normalarının tələblərini nəzərə almadan, müvafiq normaları kobudcasına pozaraq işçinin 103 gün ezamiyyətdə olduğunu təsdiq etmişdir. Halbuki, “X2” haqqında Qərarının İ(4)-ci bəndinə əsasən işçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz. İddiaçı həmçinin maddə üzrə nəzərdə tutulan istisna statusa malik olan şəxslər qrupuna da daxil deyildir. Habelə, Məhkəmə ümumiyyətlə nəzərə almamışdır ki, işəgötürən öz işçisini ezamiyyətə göndərən zaman onun iş fəaliyyətinə nəzarəti həyata keçirmək, eləcə də onu istənilən zaman ezamiyyətdən geri çağırmaq imkanına malik olmalıdır. Hazırkı mübahisədə isə işəgötürənin ümumiyyətlə belə bir imkanı olmamış və iddiaçı yalnız müvafiq hərbi hissə onu tərxis etdikdən sonra iş və həyat fəaliyyətinə geri qayıda bilmişdir. Belə ki, Məhkəmənin qanunvericiliyin maksimum ezamiyyət həddini (40 gün) təsbit etməsi, bu axımın 40-cı gündə kəsildiyinin və İddiaçı geri çağırmaq imkanlarının olmamasını nəzərə almaması belə bir qənaət yaradır ki, iddiaçı illərlə də “ezamiyyət”də qalsa idi, cavabdeh onun ezamiyyət xərcini qarşılamalı idi. Bu isə tamamilə absurd, məntiqsiz və qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi hissədə olduğu müddətdə və ondan bir neçə ay sonra onların işçisi olmuşdur. İddiaçı ilə əmək münasibətlərinə 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi hissədə olduğu müddətdə və ondan bir neçə ay sonra cavabdeh təşkilatın işçisi olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı əsas iş yeri kimi sürücü vəzifəsinə işə qəbul edilmiş və aylıq əmək haqqı 220 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli 10 nömrəli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli razılaşmadan görünür ki, işəgötürən – Cavabdeh MMC xx.xx.2019-cu il tarixdən başlayaraq işçiyə - İddiaçı hər ay 260 manat əmək haqqı ödəyir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış arayışdan görünür ki, İddiaçı həqiqətən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin əmri ilə Silahlı Qüvvələrə dəstək məqsədilə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissəyə ezam olunmuşdur və hal hazırda N nömrəli hərbi hissədə ezamiyyətdədir. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, FOX-K2/004 saylı əmrindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Qismən Səfərbərlik haqqında qərarı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciətini nəzərə alaraq cəmiyyətin sürücüsü İddiaçı idarə etdiyi **-JR- *** dövlət qeydiyyat nişanlı “X5 Fe” xüsusi təyinat modelli nəqliyyat vasitəsi ilə birlikdə xx.xx.2020-ci il tarixindən etibarən ölkədəki hərbi vəziyyəti nəzərə alaraq qeyri-müəyyən müddətə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci bəndinin “g” yarımbəndinə əsasən əmək haqqının hesablanmasının təmin edilməsi əmr edilmişdir. Cavabdeh MMC-nin 003/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsinin surətindən görünür ki, İddiaçı (sürücü) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin əmri ilə Silahlı Qüvvələrə dəstək qeyri-müəyyən gün müddətində (yolda olduğu vaxt nəzərə alınmadan) ezam edilmişdir. xx.xx.2020-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin mülki sürücü İddiaçı xidməti vəzifələrini yerinə yetrimək məqsədi ilə 15 oktyabr 2020-ci il tarixdən hərbi hissəyə ezamiyyətə gəlmiş hesab edilməsi əmr edilmişdir. xx.xx.2021-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti vəzifələrini yerinə yetirmək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xüsusi təyinatlı yol istismarının mülkisi İddiaçı 25 yanvar 2021-ci il tarixdən getmiş hesab edilməsi əmr edilmişdir. Gəncə rayonu Nizami RHK tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü kimi Füzuli, Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 997 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissənin tərkibində sürücü kimi Cəbrayıl və Xocavənd rayonlarında döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişdir. N nömrəli hərbi hissənin komandiri Hafiz Ağayev tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, 2696 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N saylı hərbi hissədə ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, Seyidov X1 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin Vətən müharibəsi zamanı N nömrəli hərbi hissədə Cavabdeh MMC-yə məxsus avtomobilin sürücüsü kimi işləmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı N nömrəli hərbi hissəyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarəsi vasitəsi ilə deyil, işlədiyi Cavabdeh MMC tərəfindən göndərilmişdir. Bu səbəbdən də İddiaçı N nömrəli hərbi hissədə şəxsi heyətin siyahısına daxil edilməmiş və heç bir təminata qoyulmamışdır. Ona görə də N nömrəli hərbi hissədə İddiaçı hər hansı pul vəsaiti ödənilməmişdir. Bundan əlavə, İddiaçı N nömrəli hərbi hissədə ezamiyyətdə olduğu müddətdə ona ödəniləcək ezamiyyə xərclərinin və digər formada pul vəsaitlərinin Müdafiə Nazirliyi tərəfindən "xxxx" MMC-yə ödənilməsi mümkün deyildir və belə bir ödənişlərin aparılması Azərbaycan Respublikasında mövcud olan qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9000 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan ezamiyyə xərclərinin məbləği 10,530,00 manat müəyyən edilmişdir. Əmək kitabçasının surnətindən görünür ki, iddiaçı 20 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. ƏM-nin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. ƏM-nin 181-ci maddəsinin tələblərinə görə ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifəsindən azad olunmuşdur. İddiaçı MMC-də işlədiyi dövrdə işəgötürənin xx.xx.2020-ci il tarixli, FOX-K2/004 saylı əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin müraciətinə əsasən idarə etdiyi “X5 Fe” xüsusi təyinat modelli, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə xx.xx.2020-ci il tarixindən etibarən qeyri-müəyyən müddətə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə ezam edilmişdir. Göründüyü kimi, iddiaçı ezamiyyətdə olduğu dövr üçün ona ezamiyyə xərclərinin ödənilmədiyinə istinad edərək məhkəmədən müvafiq ödənişlərin həyata keçirilməsini xahiş etmişdir. Cavabdeh isə etirazın və apellyasiya şikayətinin dəlilləri kimi iddiaçının hərbi hissəyə dövlət qurumu tərəfindən ezam edildiyini, bununla əlaqədar bütün xərclərinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ödənildiyini, onun uzun müddət ərzində hərbi hissədə qalması öz istəyi ilə bağlı olduğunu, bu müddət ərzində iddiaçının iş yerini və orta əmək haqqını saxladıqlarını, verilmiş ezam vərəqəsinin yalnız avtomobilin təyinat nöqtəsinə çatdırılması məqsədini daşıdığını göstərərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya apellyatorun dəlili ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin 003/2020 nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsinin surətindən görünür ki, sürücü İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qeyri-müəyyən müddətə (yolda olduğu vaxt nəzərə alınmadan) ezam edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən müəyyən edilir ki, İddiaçı Vətən müharibəsi zamanı N saylı hərbi hissədə Cavabdeh MMC-yə məxsus avtomobilin sürücüsü kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli idarəsi vasitəsi ilə deyil, işlədiyi Cavabdeh MMC tərəfindən ezam edilmişdir. Bu səbəbdən də iddiaçı N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməmiş və heç bir təminata qoyulmamış, ona hərbi hissədə hər hansı pul vəsaiti ödənilməmişdir. Göründüyü kimi, iddiaçı hərbi hissəyə dövlət qurumu tərəfindən deyil, işəgötürən Cavabdeh MMC tərəfindən ezam edilmiş, ezamiyyətdən qayıtdıqdan sonra da, Cavabdeh MMC-nin işçisi olmuş, yalnız xx.xx.2021-ci il tarixdə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hər hansı ödəniş edilməmişdir. Belə ki, Azərbaycan Resublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin xx.xx.2022-ci il tarixli, 1171 saylı məktubuna əsasən 2020-ci ildə Cavabdeh MMC-yə aid “Mitsubishi” markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəflərindən hərbi toplanışla əlaqədar N saylı hərbi hissəyə təhvil verilmişdir. Sözügedən nəqliyyat vasitəsinin srücüsü İddiaçı SHXÇDX-nın Yasamal rayon idarəsində hərbi qeydiyyatdan keçmədiyi üçün sonuncu barədə əmrin surəti onlarda mövcud deyildir. Kollegiya həmçinin avtomobilin təyinat nöqtəsinə çatdırılması üçün ezam olunmuş hərbi hissədə İddiaçı öz istəyinə əsasən uzun müddət ərzində qalmasına, buna baxmayaraq onun iş yerinin və orta əmək haqqının saxlanmasına dair cavabdehin irəli sürdüyü dəlillərin mülahizə xarakter daşıdığını və iddianın rədd edilməsi üçün əsas olmadığını qeyd edir. Belə ki, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, FOX-K2/004 saylı əmrinə və xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsinə əsasən iddiaçının ezamiyyətə qeyri-müəyyən müddətə göndərildiyi, avtomobilin təyinat nöqtəsinə çatdırılması barədə hər hansı qeydin olmadığı müəyyən edilmişdir. Cavabdehin İddiaçı iş yerinin və orta əmək haqqının saxlanmasına dair dəlili ilə əlaqədar isə məhkəmə Əmək Məcəlləsinin tələblərinə əsaslanaraq qeyd etməyi zəruri sayır ki, işçinin qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yerinin, vəzifəsinin (peşəsinin) saxlanılması və ona orta aylıq əmək haqqının ödənilməsindən ibarət təminatı vardır. İşçiyə bu təminatın verilməli olduğu hallara onun yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərilməsi da aid edilmişdir. Beləliklə, məhkəmə cavabdehin etirazının bu dəlili ilə əlaqədar qeyd etmişdir ki, işəgötürən tərəfindən müəyyən müddət ərzində işçinin iş yerinin saxlanılması və orta aylıq əmək haqqının ödənilməsi onun bu müddət ərzində ezamiyyətdə ola bilməməsi anlamına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “x” bəndinə əsasən işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın ezamiyyə xərci ilə bağlı hissədə qismən təmin edilərək, 6695 (103 gün x 65 manat) manat tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, Cavabdeh MMC-nin qanunsuz əməlləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 10.000 manat göstərilməsini çox olmaqla real qiymətləndirməmiş, hesab etmişdir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 200 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Kollegiya həmçinin mənəvi zərərlə bağlı hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisləndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 2(006)- 226/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar