Məhkəmə qərarları › İş №2(103)-4636/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4636/2020

31.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4636/2020 31.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), x6 və x2 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsindən çıxarılması, iddiaçıların yaşayış sahəsinə köçürülməsi və onlara qarşı maneələrin aradan qaldırılması tələbi barədə” iddialarına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı1, onun vəkili x7 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar cavabdehə qarşı irəli birgə iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək cavabdehin onlara məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, x ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, özlərinin və (İddiaçı2 arvadı) x1 həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayış evi 2003-cü ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. Evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur. İddiaçı1 özü, onun övladları (digər iddiaçı) İddiaçı2 və (iş üzrə tərəf olmayan) x münasibətlərinə daxil olmuş və cavabdehi evə gəlin gətirmişdir. 2015-ci ildə x ilə cavabdehin münasibətləri pozulmuş, lakin cavabdeh evdə yaşamaqda davam etmişdir. 20.10.2018-ci il tarixdə isə (iddiaçı) x10 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onlar da, mübahisəli mənzildə yaşamaq istəsələr də, 21.11.2018-ci il tarixdən etibarən cavabdeh nə iddiaçıları, nə də ki, x i evə buraxmamışdır. Hazırda ev cavabdehin qanunsuz sahibliyindədir. İddiaçılar evin boşaltmasını cavabdehdən dəfələrlə tələb etsələr də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirir. Göstərilənlərə əsasən iddiaçılar hesab edirlər ki, cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılmalı, özləri isə, ilə birlikdə evə köçürülməlidirlər. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 23.07.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçılar x və İddiaçı2lərin mübahisəli evə köçürülmələrini, qalan hissədə isə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları ondan ibarətdir ki, iddiaçılar heç vaxt həmin mənzildə yaşamamış, onların orada yaşaması ilə bağlı heç bir sübut mövcud deyil. Lakin işə baxmış Rayon Məhkəməsi buna əhəmiyyət verməyərək iddiaçıları evə köçürülmələrini qət etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi x-cu il tarixli qətnamə (İş № x) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi 11.02.2019-cu il tarixli qərar (İş № x) ilə kassasiya şikayətini təmin etmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Bu səbəbdən hazırki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) tərəfindən yenidən baxılır. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və bildirdi ki, mübahisəli ev özbaşına tikilidir. Tikilinin yerləşdiyi torpaq sahəsi zəbt olunmuşdur. Həmin əmlakı anası 2010-cu ildə almışdır. Ailə qurduqdan sonra həmin yaşayış sahəsinə köçmüş, anası, əri və uşaqları ilə birlikdə orada yaşamışdır. Daha sonra yoldaşından ayrılmış, hazırda həmin yaşayış sahəsində anası və uşaqları ilə birlikdə yaşayır. İddiaçılar həmin evdə heç vaxt yaşamamışlar. İddiaçı1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikili olsa da, onun şəxsi vəsaiti hesabına inşa edilmiş və onun özünə məxsusdur. Cavabdeh onları evə buraxmayanadək, yəni 21.11.2018-ci il tarixədək onlar həmin evdə yaşamışlar. İddiaçı1 vəkili apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. O, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına və məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, mübahisəli ev özbaşına tikili olsa da, İddiaçı1 vəsaiti hesabına inşa edilmişdir. Cavabdehdən fərqli olaraq iddiaçılar yaşayış yeri üzrə mübahisəli evdə qeydiyyatdadırlar. İddiaçılar 2003-cü ilin dekabr ayından etibarən 21.11.2018-ci il tarixədək həmin evdə yaşamışlar. Bu hal iddiaçıların qonşuları 14.05.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş birgə ərizələrindən müəyyən edilir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. İddiaçı tərəfin bildirdikləri ilə bağlı cavabdeh göstərdi ki, həqiqətən də, iddiaçılar mübahisəli evə Nərimanov Rayon Polis İdarəsi tərəfindən yaşayış yeri üzrə qanunsuz olaraq qeydiyyata alınmışlar. O bu barədə 2019-cu ilin əvvəlində xəbər tutmuş və RPİ-nin qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Müraciətinə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən ona verilmiş 24.04.2019-cu il tarixli, cavab məktubunda bildirilmişdir ki, iddiaçıların həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə RPİ-nin rəisinə tapşırıq verilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı1 vəkili qeyd etdiyi ərizəni imzalamış şəxslər İddiaçı1 qohumlarıdır və belə olan halda təbiidir ki, onlar iddiaçıların tərəfini saxlayacaqlar. İş üzrə digər İddiaçı2 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Göstərilənləri nəzərə alan Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçılar iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişlər. Qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən verilmişdir. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, iddianın bir qisminin təmin edilməməsi barədə nəticəni mübahisələndirmir. O, iddiaçıların mübahisəli evə köçürülmələri barədə tələbin təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmır. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənlərinə əsaslanan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxısının predmeti olan hissədə, yəni iddiaçılar Ələmdar və İddiaçı2lərin mübahisəli evə köçürülmələri barədə hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərə və tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, mübahisəli ev özbaşına tikilidir. İddiaçılar 17.12.2018-ci il tarixdən həmin tikilidə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Cavabdeh isə orada qeydiyyatda deyil. Hazırda orada cavabdeh, onun anası və azyaşlı övladları yaşayırlar. İddiaçılar iddia edirlər ki, ev 2003-cü ildə onlar tərəfindən inşa edilmiş və onlar 2018-ci ilin sonlarına kimi orada yaşamışlar. 21.11.2018-ci il tarixdən isə cavabdeh onları evə buraxmır. Bununla da, cavabdeh, onları yaşayış sahəsindən qanunsuz olaraq məhrum etmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Qeyd edilən normanı nəzərə alan Məhkəmə hesab edir ki, mübahisənin həlli üçün ilk əvvəl həmin tikilinin iddiaçıların yaşayış yeri olması müəyyən edilməlidir. İddiaçılar tələblərinin əsası kimi x4, x5, x3 və oğlunun 14.05.2019-cu il tarixdə notarial qaydada təsdiq edilmiş birgə ərizələrinə istinad edirlər (iş v. 71). İş materiallarından və Rayon Məhkəməsi tərəfindən tərtib edilmiş məhkəmə iclas protokollarından görünür ki, qeyd edilən həmin ərizə iddiaçılar tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş, lakin iddiaçılar ərizədə adları qeyd edilən şəxslərin şahid qismində dindirilməsi barədə vəsatət verməmiş, həmin şəxslər şahid qismində Rayon Məhkəməsinə ifadələr verməmişlər. Müzakirə edilən məsələ ilə bağlı Məhkəmə bildirir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 76-cı maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1.). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2.). MPM-nin 104-cü maddəsinə görə, şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir (maddə 104.1.). Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər (maddə 104.2.). MPM-nin 78-ci maddəsinin tələbinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1.). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (maddə 78.2.). Qeyd edilən prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, işə əlavə edilmiş ərizə (iş v. 71) sübut kimi qəbul və şahid ifadəsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, mübahisəli tikilinin iddiaçılar tərəfindən inşa edilməsi və tikilinin iddiaçıların yaşayış yeri olması sübuta yetmir. Rayon Məhkəməsi həmin ərizəni sübut kimi qəbul edərək ona əsasən apellyasiya baxışının predmeti olan tələbi əsaslı hesab etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin bildirir ki, həmin ərizəni imzalamış şəxslər artıq apellyasiya araşdırılması zamanı şahid qismində dindirilə bilməzlər, çünki MPM-nin 371-ci maddəsinin tələbinə görə, yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçıların həmin tikilidə qeydiyyatda olmaları ilə bağlı Məhkəmə qeyd edir ki, həmin faktın mövcudluğu özü özlüyündə mübahisəli mənzildə yaşamaq hüququ yaratmır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin mənasına görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və sübuta yetmir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır. Odur ki, MPM-nin 385.1-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384.0.1ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş x tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, x ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, x ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə tələb təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar