Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4636/2021 21.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3134/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı “xxxx” Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” KB ASC hərrac vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 05.02.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılaraq, "xxxx“ KB ASCnin mülkiyyət hüququ təsdiq edilmişdir. AR Ədliyyə Nazirliyinin “Elektron notariat” X1 çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Bakı şəhəri. Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilində hal- hazırda iş üzrə Cavabdeh qeydiyyatdadır və cavabdehin mübahisəli evdə qeydiyyatda qalması iddiaçı “xxxx” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi cavabdehin iradəsindən asılı edilməkdədir. Lakin qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehin həmin fərdi yaşayış evinə heç bır hüququ yoxdur. Bu səbəbdən cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilində qeydiyyatda olması və orada yaşaması qeyriqanunidir. Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Nəzərə almaq lazımdır ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilinin mülkiyyətçisi “xxxx” KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3134/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsi ilə ddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 56 saylı evin 22 saylı mənzilindən istifadə hüququna xitam verilməsi qət edilmişdir (sədrlik edən: Cəmilə Musayeva). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3134/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə cox ciddi maddi və prossesual qanun pozuntuları ilə çıxarıldığı üçün ləgv edilməlidir. Belə ki, hərracın nəticələrinin etibarsız sayılması tələbi ilə bağlı məhkəmə hələ yekunlaşmayıb. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hala və Mülki Prosessual Məcəllənin 385 və 387-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 56 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə “xxxx” Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 05.02.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5461/2018 saylı 06.09.2018-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (iş № 2(006)-287/2017, hakim E.Ə.Mehdiyev) “xxxx" ASC-nin X3 və Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, Vilayət Quliyevdən 25,912 manat əsas, 3.835 manat faiz borcu, 300 manat cərimə olmaqla, cəmi 30.047 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, tələbin Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində istifadədə olan 0,14 ha torpaq sahəsində yerləşən 56 nömrəli evin 22 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin İlkin satış qiymətinin 74.300 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan vəsaitin Cavabdeh qaytarılması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ən gec 1 ay ərzində cavabdehlərin həmin mənzildən çıxarılmaları qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-3700/2018, hakimlər X.A.Cəmilova, A.Q.Hüseynov, İ.K.Xəliiov) X2 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli qətnaməsi iddianın X3 qarşı təmin edilmiş faiz və cərimə borcunun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Vilayət Quliyev verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5461/2018 saylı 06.09.2018-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin Hərracın yekunları barədə 178 nömrəli protokolunun surətindən görünür ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında, “xxxx” MMC-nin təşkilatçılığı ilə 26.12.2018-ci il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 56 saylı evin 22 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 74.300 manat qiymətləndirilmiş və 25% endirimlə 47366,25 manat olmaqla “xxxx” Kommersiya Bankı ASC-yə satılmışdır. 26.10.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, “xxxx” MMC tərəfindən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 56 saylı evin 22 saylı mənzili hərracın nəticələri barədə yekun protokoluna əsasən 47366,25 manata alıcı “xxxx” Kommersiya Bankı ASC-yə satmışdır. Hüquqi dəyərləndirmə: İşin hallarına əsasən müəyyən olunur ki, Nəsimi rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında, “xxxx” MMC-nin təşkilatçılığı ilə 26.12.2018-ci il tarixdə Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 56 saylı evin 22 saylı mənzili ilə əlaqədar hərrac keçirilmiş, mənzilin ilkin hərrac qiyməti 74.300 manat qiymətləndirilmiş və 25% endirimlə 47366,25 manat olmaqla “xxxx” Kommersiya Bankı ASC-yə satılmış və həmin tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Kollegiya hesab edir ki, mənzil satıldıqdan sonra cavabdehin qeydiyyatdan çıxmaması onun, satılan əmlakı alıcının sahibliyinə və istifadəsinə vermək üzrə müqavilə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.1-ci və 152.5-ci maddələrinə müvafiq olaraq mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini, onun mənzildən çıxarılmasını, mənzilin özünə təhvil verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdeh isə mənzildən könüllü qaydada çıxmamaqla, müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Cavabdeh apellyasiya şikayətində hərracın nəticəsinin mübahisələndirilməsini və yekun məhkəmə aktının qəbul edilmədiyini qeyd etmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının hazırda cavabdehin istifadə hüququna xitam verilməsini tələb etdiyi yaşayış sahəsinə mülkiyyət hüququna dair məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından, hərrac nəticəsinin mübahisələndirilməsi ilə bağlı mülki iş hazırki işin dayandırılmasına əsas deyildir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3134/2020 saylı, 16.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4636/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4636/2021
21.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver