Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4636/2022 14.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından kompensasiya verilmədən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçının həmin qərardaddan verdiyi şikayət rayon məhkəməsi tərəfindən təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət qismən təmin edilməli, qərardad qismən, cavabdeh X2 aid hissədə ləğv edilməli və həmin hissədə mahiyyəti üzrə baxılması üçün mülki iş materialları rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə icraata xitam verən rayon məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna istinad edərək göstərmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması, onun həmin yaşayış sahəsinə istifadə hüququnun olmadığı təqdirdə, inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası ilk növbədə bildirir ki, cavabdeh X1 iddiaçının oğlu, Cavabdeh2 isə iddiaçının gəlini olması hazırkı işin mübahisəsiz halıdır. Hazırkı halda, Kollegiya Cavabdeh2, yəni iddiaçının gəlininə münasibətdə rayon məhkəməsinin mövqeyi ilə razılaşsa da, cavabdeh X2, yəni iddiaçının oğluna münaibətdə məhkəmənin mövqeyini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Rayon məhkəməsi cavabdeh K.Abdullayevin istifadə hüququna xitam verilməsi ilə bağlı tələb üzrə də icraata xitam verərkən, onun həmin evdə yaşamadığına istinad etmişdir, halbuki cavabdeh K.Abdullayevin iddiaçının oğlu olması səbəbindən onun qüvvədə olan qanunvericiliyə əsasən istifadə hüququ mövcuddur. Mülki Məcəllənin 15.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Belə olan halda məlum olur ki, hətta rayon məhkəməsinin qeyd etdiyi kmi cavabdeh K.Abdullayevin iddiaçıya məxsus mənzildə yaşamaması öz-özlüyündə onun həmin mənzildən istifadə hüququna xitam verilməsinə səbəb ola bilməz. Ən azından cavabdeh K.Abdullayevin həmin mənzildən istifadə hüququnun olması ilə bağlı məsələnin mübahisəliliyi şəksizdir. Beləliklə, Kollegiya hesab edir ki, rayon məhkəməsi cavabdeh K.Abdullayevə münasibətdə iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası hesab edir ki, rayon məhkəməsi tərəfindən maddi normanın tətbiq və təfsirində səhvə yol verildiyindən, şikayət qismən təmin edilməli, qərardad cavabdeh K.Abdullayevə münasibətdə ləğv edilməli və mülki iş materialları həmin hissədə mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməli, qərardad mübahisələndirilən qalan hissədə, yəni Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan yalnız Cavabdeh2 aid hissədə kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Nəsimi Rayon Məhkəməsinin 2(006)-5109/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı qismən, cavabdeh K.Abdullayevə münasibətdə ləğv edilsin və mülki iş materialları həmin hissədə mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilsin. Qərardad mübahisləndirilən qalan hissədə, yəni Cavabdeh2 aid hisədə dəyişdirilmədən saxlanılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə cavabdeh yalnız Cavabdeh2 aid hissədə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Şeyda Məhərrəmova Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4636/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4636/2022
14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver