Məhkəmə qərarları › İş №2(103)-4636/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4636/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4636/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Edrees Ali X15 cavabdeh X5 qarşı “cavabdehin bağ evindən və bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cavabdehin bağ evindən və bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X9 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Edrees Ali X15 vəkili Vəkil2 Cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Edrees Ali X15 cavabdeh X5 qarşı “cavabdehin bağ evindən və bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)- 5720/2021 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evi Edrees Ali X15, həmin bağ evinin yerləşdiyi 0,09 ha torpaq sahəsinin X2 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsi ilə X7 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsini 28 sentyabr 2023-cü il tarixədək Edrees Ali X15 icarəsinə vermişdir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X7 və Edrees Ali X19 arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının X21 Ahmed X1 xeyrinə tutulması qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Edrees Ali X19 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən 94 saylı bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, X6 vətəndaşı olan iddiaçının keçmiş tanışı olan cavabdeh qızı ilə birlikdə iddiaçının razılığı və icazəsi olmadan, ondan xəbərsiz şəkildə, mülkiyyət hüququ ilə iddiaçıya məxsus mübahisəli bağ evinə qanunsuz olaraq daxil olmuş və onun həmin bağ evində olan əmlaklarını talamışdır. Bu barədə iddiaçı özü bağ evinə quraşdırdığı video-müşahidə kamerası vasitəsilə xəbər tutmuşdur. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları ilə birlikdə bağ evinə baxış keçirilən zaman cavabdeh əsas bağ evindən çıxsa da, həyətdə yerləşən köməkçi tikilidən çıxmayacağını bildirmiş, bu addımını iddiaçı ilə aralarında guya mövcud olan razılaşma ilə əlaqədar iddiaçının ona təzminat ödəməli olması ilə əsaslandırmışdır. Cavabdehin bağ evindən çıxmamaqda məqsədi həmin əmlakı mənimsəməkdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)- 5720/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 ünvan 1 ünvanında yerləşən bağ evindən və həmin bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia predmeti olan bağ evi xüsusi mülkiyyət hüququ, evin yerləşdiyi 0,09 ha torpaq sahəsi isə icarə hüququ əsasında iddiaçıya məxsusdur. Xarici ölkə vətəndaşı olan iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərində olmuş, aralarındakı münasibət sonradan pozulmuş, çoxsaylı təkidlərə baxmayaraq, cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus evdən çıxmamış və hazırda da orada yaşamağa davam edir. Bu hal iddiaçının ona beynəlxalq və dövlətdaxili qanunvericiliklə təminat verilən mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh öz növbəsində iddiaya etirazının əsası kimi məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 157.1, 157.2, 158.1.2, 241.1, 700.1-ci, “Torpaq icarəsi haqqında” Qanunun 1-ci, Mülki Prosessual Məcəlləsinin 28.1, 77.1, 88, 217.4, 439.2, 443.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

9. Cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-5720/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, müvafiq halda məhkəmə MPM-in 9-14-cü maddələri ilə nəzərdə tutulan məhkəmə baxışının çəkişmə və digər prinsiplərinin normalarının tələblərinə əməl etməmiş, baş vermiş münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə qətnaməsində faktlar düzgün əks etdirilməmişdir. Məhkəmə həmçinin saxtakarlığa belə yol vermişdir. Belə ki, məhkəmə qətnaməsində göstərilmiş, "cavabdeh tərəf, öz növbəsində iddiaya etirazının əsası kimi, məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir " ifadəsi həqiqəti əks etdirmir. Belə ki, onlar, iddiaçı tərəfin iştirak etmədiyi məhkəmənin hazırlıq iclasında, tərəflər arasında mövcud olmuş, may 2019-cu il tarixli nikah müqaviləsini və iddianın əsassızlığına dair etiraz və mülahizələri yazılı şəkildə məhkəməyə təqdim etmişlər. Lakin nədənsə məhkəmə qətnaməsində, 2019-cu ilin may ayında bağlanmış bu müqavilə qətiyyən xatırlanmır. Belə çıxır ki, onların məhkəməyə təqdim etdikləri müqavilə və digər sənədlər iş materiallarına əlavə edilməmişdir. Halbuki, onların, iddia tələbinin əsassızlığına dair bütün dəlilləri məhz bu müqavilə üzərində qurulmuşdur. Məhkəmə qətnaməsində hətta tərəflər arasında belə bir müqavilənin mövcud olduğu belə xatırlanmır. Məsələ ondadır ki, iddiaçı özü uzun müddətdir ki, Bakı şəhərində yoxdur. Onların münasibətləri daim yaxşı olub və axırıncı dəfə Bakı şəhərində olarkən onlar normal ayrılıblar. Ona qarşı iddiaları yalnız onlayn vasitəsi ilə qiyabi qaydada meydana çıxıb və bunun səbəbləri ona dəqiq məlum deyil. İddiaçının şifahi göstərişləri ilə, ona qarşı vəkili çıxış edir. Vəkil tərəfındən özü də, özünün adından məhkəməyə təqdim edilmiş iddia ərizəsində sadalanan faktlar isə zərrə qədər də olsun həqiqəti əks etdirmir və hamısı ağ yalandır. Bu, həqiqətdən uzaq iddia ərizəsinə münasibətdə, qeyd etməyi zəruri hesab edir ki, həyat yoldaşı olan iddiaçnın adından vəkili tərəfındən tərtib edilmiş bu ərizədə göstərilən faktların hamısı yalan və böhtandır. Az da olsun, həqiqəti əks etdirmir. Təəssüf ki, məhkəmə onların aralarında olan "Nikah Müqaviləsini" qətiyyən nəzərə almadan, onun bəndlərini, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəlikləri araşdırmadan, onların bununla bağlı gətirdikləri müddəa və dəlilləri dinləmədən, heç bir fakt və hüquq norması ilə əsaslandırılmamış iddianı dərhal təmin etmişdir. Ona görə dərhal deyir ki, iddiaçı məhkəmənin hazırlıq iclasma gəlməmiş, birinci məhkəmə baxışı iclası isə cəmi 10 dəqiqə davam edərək yekunlaşmış, hakim qətnamə çıxarmışdır. Yəni, əslində, tərəflər arasında olan mülki münasibətlər araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Yalnız o fakta istinad olunmuşdur ki, mülkiyyətçi istədiyi şəxsi evdən çıxarmaqda haqlıdır. Evdən çıxarılması tələb olunan şəxsin hansı əsaslarla evdə yaşadığı, kimin tərəfindən evə köçürüldüyü-yerləşdirildiyi, orada neçə il yaşadığı, evin mülkiyyətçi ilə münasibətləri heç bir əhəmiyyət kəsb etmirmi ?! Fakt isə belədir ki, X10 vətəndaşı olan həyat yoldaşı X22 Əhməd Alamerin istəyi və şəxsi təşəbbüsü ilə 2019-cu ilin may aymda aralarında nikah müqaviləsi baglamaqla, nikah münasibətlərinə giriblər. Yəni bu müqaviləni o, yalnız öz təşəbbüsü ilə, öz ölkəsində, ərəb, ingilis və azərbaycan dillərində tərtib etdirib, hər üç dildə nüsxələrini də, imza etməklə ona verib. O dövrdən başlayaraq, onun Sabunçu rayonu Pirşağı qəsəbəsində aldığı, ünvanını yuxarıda qeyd etdiyi mənzilində onunla birgə yaşamağa başlayıb. Yaşca ondan böyük olsa da, onun və himayəsində olan uşağının maddi ehtiyaclarını təmin edəcəyinə dair üzərinə götürdüyü öhdəlikləri nəzərə alıb, onunla mülki nikah münasibətlərinə girib və həmin mənzildə onunla ər-arvad kimi yaşayıb. X18 əsas yaşayış yeri Ərəb Əmiratlığıdır. İldə bir neçə dəfə Bakıya gəlir və burada bir aydan artıq davam edən səfərləri olmaqla, birgə yaşayırlar. Başqa sözlə, il ərzində birgə yaşadıqları müddət orta hesabla 4-5 ay çəkir. Qalan dövr ərzində o, öz ölkəsində yaşayır. O isə uşağıyla birlikdə ona məxsus, nəzərə almamaqla, münasibətlər ətraflı və qanuna müvafıq qaydada araşdırılmalı və münasibətlərə düzgün hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, X20 və onu təmsil edən Emin adlı vəkil, iddia ərizəsində və məhkəmə qətnaməsinə köçürülmüş izahatında onu öz evindən ərzaq məhsullarını oğurlamaqda ittiham edirlər. Halbuki, o, bu evin xanımıdır, öz evindən ərzaq məhsulları oğurlamaqda ittiham olunmağı əsassızdır. Aralarında bağlanmış nikah müqaviləsinin tələblərinə görə də, həyat yoldaşı onun bütün maddi ehtiyaclarının ödənilməsini öhdəsinə götürüb. Məhkəmə bu açıq-aşkar faktları nəzərə almadan, iddiaçının ağ yalan olan izahatını "həlledici Quran ayəsi" hesab edərək, onun əsassız iddiasını birmənalı şəkildə təmin etmişdir. Bütün bu hallar təsdiq edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsasız olduğu qədər də ədalətsizdir. Bir daha hesab edirlər ki, şikayət etdikləri məhkəmə qətnaməsi qanunuz və əsassızdir, ləğv edilməli və əsassız iddia tələbi rədd olunmalıdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-5720/2021 nömrəli qətnaməsi qismən, yəni cavabdeh X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilmiş, həmin hissədə iddianın rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli bağ evi 04 oktyabr 2018-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, ona aid 0,09 ha torpaq sahəsi X2 mülkiyyətində qalmışdır. X7 ilə Edrees Ali X19 arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi 28 sentyabr 2023-cü ilədək sonuncuya icarəyə verilsə də, icarəçi kimi öhdəliklərini yerinə yetirmədiyindən həmin icarə müqaviləsi məhkəmə qətnaməsinə əsasən vaxtından əvvəl ləğv edilmişdir. Həmçinin icarə müqaviləsinə əsasən yaranmış torpaq üzərində hüquqlar qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və həmin reyestrdən çıxarışla rəsmiləşdirilməmişdir. Ancaq torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına isə dövlət təminat vermir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia mübahisəli torpaq sahəsinə dair hissədə tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən və torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermədiyindən tələbin bu hissəsi üzrə apellyasiya şikayətinin dəlilləri əsaslıdır və qətnamə bu hissədə ləğv edilməli və iddia həmin hissədə rədd edilməlidir. Göstərilənlərə baxmayaraq, iddia tələbi cavabdehin mübahisəli bağ evindən çıxarılması hissəsində əsaslı olduğundan məhkəmənin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, həmin hissədə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia tələbi bu hissədə haqlı sayılırdı. Ona görə də, birinci instansiya məhkəməsi bu hissədə iddianı təmin edərkən maddi və prosessual hüquq normaları pozulmamışdır.

13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.2, 140, 148.2, 149.2, 152.1, 153.4, 157.1-ci, Mənzil Məcəlləsinin 5.1, 5.3cü, Torpaq Məcəlləsinin 3.2, 3.3, 48.1, 48.3, 51.1, 51.2, 66.2, 67, 86.3, 86.4, 88.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 54.1, 54.2, 77.1, 88, 217.3, 217.4, 384.0.2, 385.1, 386, 387.1, 388, 390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır c) Kassasiya instansiyası məhkəməsindəki icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1533/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı Edrees Ali X19 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2(103)-767/2022 nömrəli qətnaməsi cavabdeh X3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmasının rədd edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. 15.1 Hazırkı işdə apellyasiya məhkəməsi iddianı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması hissəsində rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının həmin torpaq sahəsinə nə mülkiyyət, nə də ki, icarə hüquqları yoxdur. 15.2 Lakin nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyətində olan bağ evi, mübahisəli torpaq sahəsinin üzərində yerləşir. Belə olduğu halda isə, iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçisi arasında həmin torpaqdan istifadə ilə bağlı müqavilə münasibətlərinin olub-olmamasından asılı olmayaraq, Mülki Məcəllənin 241.3 və 243.1-ci maddələrinin dispozisiya şərtlərinə əsasən onun mülkiyyətində olan binanın yerləşdiyi torpaq sahəsindən istifadə hüququ vardır. 15.3 Lakin, həmin normaların dispozisiya şərtləri də, iş üçün əhəmiyyət kəsb edən halların araşdırılmasını zəruri hesab edir. O cümlədən, məhkəmə kollegiyasının qənaətinə görə torpaq sahəsinin və ya onun hər hansı hissəsinin bağ evindən normal istifadəsi üçün zəruri olması, cavabdehin torpaq sahəsində qalmaqla, iddiaçının evindən istifadəsinə maneələrin yaradıb-yaratmamasını araşdırılmalı və Mülki Məcəllənin yuxarıda qeyd olunan müddəalarının hazırki mübahisəyə tətbiqinin mümkünlüyünə hüquqi qiymət verilməlidir. 15.4 Həmçinin məhkəmə kollegiyası hesab edir ki, işin tam və ədalətli araşdırılması, o cümlədən cavabdehin mübahisəli torpaq sahəsində qalmasının əsaslarının olubolmamasının müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin mülkiyyətçisi olan X2 hazırki tələb üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi də tərəflərlə müzakirə olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar

17. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, onlar hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır və qətnamə tamamilə ləğv edilməlidir. Hüquqlarını müdafiə etdiyi şəxs mübahisə predmeti olan evdə uzun müddətdir ki, yaşamır. Əvvələr yaşasa da, sonradan yaşamamışdır. İddiaçı ilə aralarında sadə formada nikah müqaviləsi bağlanmışdır. Müəyyən pul məbləğində aylıq təminat ödənilməli idi. Öhdəliklər bir neçə ay edilsə də, daha sonra pul ödənilməmişdir. İddia verilənə qədər, iddia verilən zaman iddiaçı orada yaşamayıb. Bu torpaq sahəsi predmeti mübahisəsi deyil. Əvvəlki işlər üzrə icarə müqaviləsi bağlanmışdı amma, icarə haqqı ödənilmədiyinə görə ləğv edilmişdir. Bu barədə qətnamə də artıq qanuni qüvvəyə minmişdir. Qətnamənin hazırkı işə təsiri də var. Elçin Əliyev və iddiaçı arasında bağ evinin satılması barədə müqavilə olmuşdur. Bununla bağlı iddiaçı çıxarış da almışdır. Torpaq da icarəyə verilmişdir. İşə 2 dəfə məhkəmədə baxılıb. 1 qətnamə qüvvəyə minib, Fuad Abdıyevin baxdığı işdəki qətnamə isə hələ qüvvəyə minməyib. Həmin işdə Dilrubə tərəf deyil. Torpaq sahəsi ümumiyyətlə Dilrubəyə məxsus deyil. Nəinki Dilrubə ilə bağlı digər şəxslərə də qadağandır. Şəxs fakt olmayan hallara istinad edir. Hesab edir ki, işin yubandırmasına gətirə bilər. Mülkiyyətçi cəlb edilməyə də bilər.Torpaq sahəsində qalmaqla bağlı isə heç bir qadağa yoxdur. Şəxs subyektiv hüquqa malik deyil ki, tələb edilsin. Həmin bağ evinin satılması zamanı şirkətin adına keçə bilməzdi, çünki iddiaçının şirkəti 25 gün sonra təsis edilib. Buna görə də icarə müqaviləsi bağlanılıb. İcarə müqaviləsinin tələbləri pozulub, icarə haqqı ödənilmədiyinə görə ləğv edilib.Torpaq satış predmeti deyil. Əcnəbinin Azərbaycan Respublikası ərazisində mülkiyyətçi olma hüququ yoxdur. Bu torpaqla bağlı predmetləşmə ola bilər, çünki iddiaçı və üçüncü şəxs arasında bağ sahəsi var. İddiaçının adına çıxarış da alınıb, eyni zamanda torpaq isə icarəyə verilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdırlar. Cavabdeh o mənzildə qalmırdı ki, mənzildən də çıxarılsın. İddiaçı birinci instansiya məhkəməsinə cavabdehin orada qalması ilə bağlı məhkəməyə yetərli sübutlar təqdim etməmişdir. Əvvəl onların arasında nikah münasibətləri olan zaman cavabdeh orada yaşayırdı. Cavabdeh hazırda orada qalmır. Onların arasında faktiki nikah münasibətləri olmuşdur və nikah müqaviləsi də var. Nikah münasibətlərinin davamı kimi iş üzrə iddiaçı cavabdehə aylıq 300-500 dollar pul ödəyirdi. O ərazidə təkcə iddiaçının yox, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin də yaşamaq hüququ var. Torpaq sahəsində başqa tikililər də var. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin də orada qalmaq hüququ var. Yəni, Dilrubənin torpaqda yaşamaması üçün heç bir qadağa ola bilməz. Ali məhkəmə qərarında Mülki Məcəllənin 234-cü maddəsinə istinad edir. İş üzrə cəlb olunmalı olan üçüncü şəxslə iddiaçının arasında alqı-satqı müqaviləsi bağlanılıb. Dilrubə əvvəlcədən o evə xadimə kimi getmişdir, sonradan iddiaçı gəlməmişdən əvvəl şəxsi münasibətləri yaranmışdır. Üçüncü şəxs məxsus digər tikililər də var ki, cavabdeh sərbəst olaraq gedə bilər, yerləşə bilər. İddiaçı servitut hüququnun tanınması üçün məhkəməyə müraciət edə bilər. Lakin, hazırda iddia predmeti cavabdehin həm bağ evindən çıxıb, həm də torpaq sahəsindən çıxarılmasıdır. Cavabdehin də, üçüncü şəxsin də torpaqda qalmaq hüququ var. İşdə olan sübutlar kifayət edir. Nikahda qalmaq deyəndə, cavabdeh evdə həyat yoldaşı kimi yaşayırdı, onların arasında faktiki nikah münasibətləri olub. Nikah müqaviləsi iddiaçının da başa düşməsi üçün iki dildə bağlanılmışdır. İddiaçı ona pul ödəmədi, münasibət davam etdirilmədi və cavabdeh də evi tərk etdi. Cavabdeh heç evə hazırda yaxınlaşmır. Elçin Əliyevi tanımıram, hazırda harda olması barədə məlumatım da yoxdur.

18. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı Edrees Ali X15 vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, izahatında bildirmişdir ki, iddiaçı Azərbaycana gəlib, Elçin Əliyev transfer şirkətində sürücü işləyib və iddiaçını gətirib-aparanda tanış olub, iddiaçının etibarını qazanmışdır. Otellərdə iddiaçı qalanda ona deyib ki, əlavə xərc etmə, şəxski mülk al və özünün villan olsun. İddiaçı da razılaşıb. Ölkəsinə gedəndən sonra Elçin Əliyevin atası Qurbanov Məmmədəlinin adına 300.000 manat pul yükləyir. Ata-oğul və qadın mütəşəkkil dəstədilər. Torpağı alıblar və rəsmiləşdirmə əvəzinə, icarə müqaviləsi bağlayıblar. Torpağı heç olmasa şirkətin adına keçirərdilər. Tamah buna icazə verməyib. Ev iddiaçının hesabına tikilir daha sonra alğısatqı edilir. İcarə müqaviləsi ilə rəsmiləşdirilir. İddiaçıya notariatda tərcüməçi belə verilməyib. Hətta 250 manat da iddiaçıdan istəyiblər. Tərəfin hüquqları pozulub. Xarici vətəndaşla danışanda utanc keçirir. Eyni hadisəni iddiaçının tanışı Əli Həsən adlı şəxsə də Saray qəsəbəsində bu oyunu ediblər. Dilrubə də gedib oturub bağda çıxmır ki, bura onundur. Son vaxtlarda görüb ki, məsələ ciddiləşir, gəlib-getmir. Hazırda cinayət işi korrupsiyadadır. Araşdırma gedir. İddiaçının etibarından sui-istifadə edirlər. Oğluna münasibətdə olan iş üzrə isə Abşeron rayon prokurorluğunda cinayət işi qaldırılıb. Hazırda iş nəzarətə götürülüb. İddiaçı istəmir ki, cavabdeh orada yaşasın. Saxta nikah müqaviləsi hazırlayıblar. İcarə müqaviləsinin etibarsız hesab edilməsinə dair işə baxılmışdır. Torpaq sahəsi iddiaçınındır. Həmçinin, cavabdehin həmin ünvanda qeydiyyatsız yaşaması barədə inzibati protokol tərtib edilib. Bu barədə qanuni qüvvəyə minmiş qərar da var. İddiaçı da hazırda gəlib burada dincələ bilmir, kapital qoya bilmir. Elçin Əliyev hazırda Kanadadır. 3cü şəxs kimi cəlb edilməsinə etiraz etmir. Amma iddiaçının pullarını götürüb qaçmışdır. Kanadada öz kariyerasını qurmuşdur. Onlar şikayəti Qurbanov Məmmədəli və oğlu Elçin Əliyevə qarşı veriblər. Dilrubə onların göstərişləri ilə hərəkət edən insandır. İş hələ də araşdırılır. Nikah müqaviləsindəki iddiaçının imzası saxta imzadır və iddiaçının imzası deyil. Saxta sənəddir. İddiaçıya qarşı qurulmuş bir tələ olmuşdur. Bu hadisə belə ortaya çıxdı ki, iddiaçı öz ölkəsində olan zaman ona zəng edərək bildirdi ki, evə kimsə daxil olub, kameralar söndürülüb. Onlar polisə müraciət ediblər ki, evə cinayətkar daxil olub. Sonradan müəyyən edilib ki, evə Dilrubə daxil olub. Dilrubə ehtiyat açarları özündə saxlayıb. Dəfələrlə mühafizəyə müraciət edilib ki, evin təhlükəsizlik kameralarına müdaxilə edilib. Onlarla sayğacla bağlı müraciət də ediblər, əgər lazımdırsa mühafizəçinin iştirakını təmin edə bilər. Dilrubə xanım barəsində müraciət də edilib. Onlar mütəşəkkil dəstə kimi birləşib iddiaçını aldadıblar. Eyni hadisəni iddiaçının qohumunun da başına gətiriblər. Sonra bu işlə bağlı Abşeron Rayon Polis idarəsinə müraciət edilib. Orada cinayət işinin başlanması ilə bağlı rədd qərara alınıb, sonradan məhkəmə rədd qərarını ləğv edib və istintaqa göndərilib. Giriş-çıxış həmin darvazadan olub. İddiaçı 176.000 dolları göndərməyib ki, bir tikiliyə mənsub olsun. Başqa özbaşına tikili də var, cavabdeh orada məskunlaşıb. Onlar hər şeyi detalına qədər fikirləşiblər, əsas tikilidən yəni,çıxarışı olan evdən cavabdehi çıxara bildilər, amma özbaşına tikilidən çıxarda bilmədilər. Dilrubə əraziyə daxil olaraq sayğaclara müdaxilə edir, kameraları söndürür və bu da iddiaçıya maneə yaradır. Bütün saydıqları torpaq sahəsində yerləşir. Başqa tikili də iddiaçıya məxsusdur. Torpaq hazırda qanunsuz olaraq Elçin Əliyevin adınadır. Çünki, iddiaçını aldadıblar. İddiaçının tərcümə hüququ təmin edilməyib. Başqa tikili iddiaçı tərəfindən ödənilib, alınıb. İddiaçı Elçin Əliyevə 176.000 dollarpulu boşuna göndərməmişdi.

19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası üçüncü şəxs X2 üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə baxmayaraq üçüncü şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

20. Mülki Məcəllə

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Maddə 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. Maddə 243.1. Başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malikdir. Maddə 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

23. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini qismən ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “cavabdeh X3 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.

25. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evi Edrees Ali X15 mülkiyyətindədir.

26. Bununla yanaşı iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 saylı bağ evi ünvanında yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsi X2 mülkiyyətindədir və xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Edrees Ali X19yə xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir.

27. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə X7 və Edrees Ali X19 arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi və icarə müqavilə üzrə ödənilməmiş 6600 manat icarə haqqının X21 Ahmed X1 xeyrinə tutulması qət edilmişdir

28. İddiaçı iddia tələbində cavabdehin ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. İddia tələbi təmin edilsə də birinci apellyasiya baxışında qətnamə cavabdehin torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilərək iddia tələbi rədd edilmişdir. Lakin kassasiya instansiya məhkəməsi cavabdehin torpaq sahəsindən çıxarılması tələbinin rədd edilməsi hissəsində apellyasiya məhkəməsinin qətnaməsini ləğv edərək işi həmin hissədə baxılması üçün qaytarmışdır.

29. Kassasiya instansiya məhkəməsinin göstərişinin icrası məqsədilə torpaq sahəsinin mülkiyyətçisi X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, məhkəmə iclasının vaxt və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İşə təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi torpaq sahəsinin mülkiyyətçisi X2 iddiaçının pullarını götürüb ölkə sərhədini tərk edərək – Kanadaya qaçdığını qeyd etmişdir.

30. Həmçinin kassasiya instansiya məhkəməsinin göstərişinin icrası məqsədilə araşdırma zamanı müəyyən edilmişdir ki, bağ evinə giriş-çıxış üçün torpaq sahəsindəki darvazadan istifadə edilir, cavabdeh mübahisə predmeti olan torpaq sahəsinə daxil olaraq sayğaclara müdaxilə etməklə, kameraları söndürməklə iddiaçıya maneə yaradır.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X8 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 94 ünvanda yerləşən ümumi sahəsi 0,09 ha olan torpaq sahəsindən çıxarılmalıdır.

32. İşə baxılması zamanı birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etsə də, maddi hüquq normalarını düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi torpaq sahəsindən cavabdehin çıxmalı olduğu qənaətinə gələrkən ona istinad etmişdir ki, torpaq sahəsi icarə hüququ əsasında iddiaçının istifadəsində olduğu üçün iddia təmin olunmalıdır.

33. Məhkəmə kollegiyası isə hesab edir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalıdır. Çünki, mübahisə predmeti olan torpaq sahəsində yerləşən bağ evi iddiaçının mülkiyyətindədir. Həmin bağ evindən cavabdehin çıxarılması tələbi artıq təmin edilmişdir. Sözügedən torpaq sahəsi X2 mülkiyyətindədir. Cavabdehin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, X4 tanımır. Habebə, apellyasiya şikayətinin dəlili də odur ki, iddiaçı ilə cavabdehin arasında nikah münasibətləri olduğundan cavabdeh mübahisəli yaşayış sahəsindən istifadə edirdi. Məhkəmə kollegiyası izahatları və işin hallarını nəzərə alaraq o qənaətə gəlir ki, cavabdeh həmin torpaqda yerləşən bağ evindən çıxarıldığından, həmin torpaq sahəsində onun qalmasının hər hansı hüquqi əsasının olması müəyyən edilmədiyindən, onunla həmin torpaq sahəsində yerləşən bağ evinin mülkiyyətiçisi arasında münasibətlər gərgin olduğundan iddiaçının tələbi təmin edilməlidir.

34. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində qeyd edilir ki, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

35. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)-5720/2021 tarixli qətnaməsi qismən – “cavabdeh X8 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh X8 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılmalıdır.

36. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(008)- 5720/2021 tarixli qətnaməsi qismən – “cavabdeh X8 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilsin. Cavabdeh X8 ünvan 1 ünvanında yerləşən bağ evinin yerləşdiyi torpaq sahəsindən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar