Məhkəmə qərarları › İş №2(103)-4637/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4637/2021

09.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4637/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalatda əmək xəsarəti alması ilə əlaqədar ödənilən ödəncin miqdarının artırılması və ödənilməyən dövr üçün ödənc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub ona ödənilməsinə, 29.10.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub ona ödənilməsinə, Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № e-2(006)-1833/20) iddia təmin olunmamışdır. İddiaçı sözügedən qətnamədən apellyasiya qaydasında şikayət vermişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı əmək münasibətlərində olduğu Cavabdeh MMC tərəfindən xidməti ezamiyyətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, həmin yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, İddiaçı həmin hadisə nəticəsində xəsarət alması 27.09.2013-cü il tarixli “istehsalatda bədbəxt hadisə haqqında Akt” Na 01 İZ formalı aktla rəsmiləşdirilmiş və uçota alınmışdır. ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası onu müayinə edərək əmək zədəsi səbəbindən əmək qabiliyyətinin 80% itirildiyini müəyyən etmiş və İddiaçı müddətsiz olaraq ikinci qrup əlillik dərəcəsi vermişdir. Cavabdeh MMC 26.10.2013-cü il tarixli əmr əsasında İddiaçı müəssisədə işlədiyi dövrdə aldığı əmək haqqının 80%-i həcmində, yəni ayda 819 manat aylıq ödənc ödəyir. İddiaçının əldə etdiyi məlumata görə 2014-cü ilin sentyabr ayının 1-dən “Cavabdeh" MMC-də işləyən işçilərin əmək haqlarında kütləvi artım olub və əmək haqları orta hesabla 20% artıb. Lakin “Cavabdeh" MMC-də baş verən kütləvi əmək haqqı artımları iddiaçıya şamil olunmayıb, iddiaçı müxtəlif vaxtlarda həmin maaş artımlarının ona da şamil edilməsi barədə “Cavabdeh" MMC-nə və ƏƏSMN yanında X2 rəsmi qaydada müraciət etsə də onun müraciətləri təmin olunmayıb. Həmin artımın ona şamil olunacağı təqdirdə İddiaçı ödənilən aylıq ödənc 163,8 manat (819 manatın 20%-i = 163,8) artmalı idi. Ötən 64 ay ərzində (01.09.2014 - 31.12.2019) cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ödəncin cəmi məbləği 10.483.20 manat (163.80 x 64) təşkil edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən aparılan hesablama nəticəsində məlum olur ki, cavabdeh kütləvi maaş artımı nəticəsində ona ödənilməli olan ödənc məbləğinin gecikdirildiyi 1 gün üçün ona 1,64 manat ödəməlidir. 01.09.2014 - 31.12.2019 dövr üçün ödəncin verilmədiyi günlərin sayı 1.945 gün təşkil edir, ödəncin gecikdirilməsinə görə ona ödənilməli olan cəmi məbləğ 3.189,8 manat (1.945 x 1,64) təşkil edir. Beləliklə, hesab edir ki, cavabdehin ona ödəməli olduğu məbləğ cəmi 13.673 (10.483,20 +3.189,8) manatdır. Bundan başqa 2020ci ilin yanvar ayından cavabdehin ona ayda 163,8 manat ödəməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin 64 ay ərzində ödənilməməsinə görə 10.483,20 manat, həmin ödənişin gecikdirilməsinə görə 3.189,8 manat, cəmi 13.673 (on üç min altı yüz yetmiş üç) manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, 01.01.2020-ci ildən etibarən hər ay 163,8 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən İddiaçı ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, 29.10.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub İddiaçı ödənilməsinə, Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə İddiaçı təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin iddiaçıya ödənilməsini heç bir səbəb göstərmədən 01.07.2020-ci il tarixdən dayandırmışdır. Birinci instansiya məhkəməsində iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı "Cavabdeh" MMC-də Sahə müqavilələri bölməsində Müqavilələr üzrə mühəndis vəzifəsində işləmişdir. Onunla eyni bölmədə və eyni vəzifədə işləmiş X4 ilə bağlanmış əmək müqaviləsinə 28.01.2013-cü il tarixində, X7 ilə 01.05.2013-cü il tarixində, X3 ilə 31.05.2013-cü il tarixində, sahə müqavilələri üzrə əməliyyatçı vəzifəsində işləmiş X1 ilə 28.01.2013-cü il tarixində, X8 ilə 31.05.2013-cü il tarixində, Sahə müqavilələri üzrə qrup rəhbəri vəzifəsində işləmiş X5 ilə 31.05.2013-cü il tarixdə xitam verilmişdir. İş prosesinin daha səmərəli qurulması zərurəti yarandığına, sahə müqavilələri bölməsində iş həcmi əhəmiyyətli dərəcədə azaldığına və 2013-cü ilin may ayında həmin bölmənin İddiaçı savayı adları yuxarıda qeyd edilən bütün işçiləri əmək müqaviləsinin ləğv edilməsinə dair bir təqvim ayı qabaqcadan "Cavabdeh" MMC-ni yazılı ərizələri ilə xəbərdar etdiklərinə görə "Cavabdeh" MMC-nin rəhbərliyinin 06.05.2013-cü il tarixli, 925 nömrəli əmrinə əsasən iddiaçının da tutduğu vəzifənin ixtisara salınmasına qərar verilmişdir. Bu barədə iddiaçı rəsmi qaydada xəbərdar edilmişdir. Lakin sonradan baş vermiş qəza nəticəsində iddiaçı əmək qabiliyyətini itirdiyinə görə onunla bağlanmış müqaviləyə Əmək Məcəlləsinin 74-cü maddəsinin "c" bəndinə əsasən xitam verilmişdir. İddiaçı ilə də bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçi götürülməmiş, belə bir ştat olmamış, əmək haqqı ödənilməmişdir. Hazırda da strukturda belə bir vəzifə/peşə üzrə işləyən işçi və belə bir ştat vahidi yoxdur. Bütün yuxarıda göstərilənlər və əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınmasına dair əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsinin tətbiqinə müvafiq qaydaların Nazirlər Kabinetinin 06.06.2014-cü il tarixli, 183 nömrəli Qərarı ilə təsdiq edilməsindən sonra başlanılmışdır, İddiaçı xəsarət almasında heç bir təqsiri olmamasına rəğmən işçinin sağlamlıq və maddi vəziyyəti nəzərə alınaraq Cavabdeh MMC tərəfindən xoş niyyət nümayiş etdirilərək ona əmək haqqının 80 faizi miqdarında aylıq ödəncin verilməsi və könüllü olaraq tibb sığorta müqaviləsinin uzadılmasına qərar verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin İİ və İİİ hissələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın 1.1-ci bəndinə əsasən istər aylıq ödənclərin verilməsi, istərsə də könüllü tibbi sığortanın təqdim edilməməsi Cavabdeh MMC-nin vəzifəsi olmadığından və yalnız xoşniyyət nümayişi olduğundan İddiaçı könüllü tibb sığortadan yararlanması 2015-ci ilin dekabr ayında, aylıq ödənclərin verilməsi isə cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən dayandırılmışdır. Məhkəmədən bu fakta diqqət yetirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını kifayət qədər əsaslandırmamış və düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun olmamış, maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020ci il tarixli qətnaməsi qismən - əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı 18.05.2009-cu il tarixdə saat 01:00 radələrində xidməti ezamiyyətdə olarkən "Cavabdeh" MMC-yə məxsus avtomobildə qəzaya uğramış və xəsarət almışdır. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı 2013-cü ildə aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, bədbəxt hadisənin səbəbi yol-nəqliyyat hadisəsi kimi müəyyən edilmiş, İddiaçı həmin hadisə nəticəsində xəsarət alması 27.09.2013-cü il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında” Akt № 01 İZ formalı aktla rəsmiləşdirilmiş və uçota alınmışdır. Tərəflər arasında bağlanmış 01.04.2009-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən 26 oktyabr 2013-cü il tarixindən xitam verilmiş və işçi ilə son haqq-hesab aparılmışdır. İşin müəyyən edilmiş hallarından daha sonra görünür ki, "Cavabdeh" MMC-də işçilərin ştatının ixtisar edilməsi ilə əlaqədar 06.05.2013-cü il tarixli, 925 nömrəli əmr imzalanmış və bu barədə İddiaçı da məlumat verilmişdir. Həmin əmrə əsasən Cavabdeh MMC-nin Texnoloji Departamentinin strukturunda dəyişikliklər edilmiş və ştat cədvəlində iddiaçının tutduğu mühəndis ştatı/vəzifəsi ixtisar olunmuşdur. Lakin Cavabdeh MMC sonradan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ixtisarla bağlı deyil, yuxarıda qeyd olunduğu kimi Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndinə əsasən xitam vermiş və 26.10.2013-cü il tarixli, 2616 saylı əmrlə əmək qabiliyyətinin 80% itirilməsinə görə ona 819,28 manat məbləğində ödənc təyin edilmişdir. Məhkəmə işin araşdırılan hallarına əsasən habelə müəyyən etdi ki, əmək qabiliyyətinin 80% itirilməsinə görə 819,28 manat məbləğində ödənc 2020-ci ilin iyul ayına qədər iddiaçıya ödənilmiş, lakin həmin ilin iyul ayından Cavabdeh MMC tərəfindən bu ödənişlər dayandırılmışdır. İddiaçının hazırkı iş üzrə tələbi aşağıdakılardan ibarətdir: - istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi; - 29.10.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi; - Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli, 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və ilk iki tələbə (əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə və həmin ödənişin gecikdirilməsinə görə vəsaitin tutulması) qarşı etirazını iddiaçının tutduğu vəzifənin ixtisar olunması, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçi götürülməməsi və belə bir ştat olmadığı üçün əmək haqqı ödənilməməsi ilə əsaslandırmışdır. Cavabdeh 3-cü tələbə etirazını isə 18.05.2009-cu ildə baş vermiş istehsalat qəzasının işəgötürənin təqsiri üzündən baş vermədiyi və buna görə də əmək qabiliyyətinin 80% itirilməsinə görə ona təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən dayandırılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələblərini iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassız saymış və rədd etmişdir. Məhkəmə iddianın ilk iki tələbə - əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsi və həmin ödənişin gecikdirilməsinə görə vəsaitin tutulması hissəsi ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, artıq iddiaçının işlədiyi peşə (vəzifə) Cavabdeh MMC-də ixtisara salınmış və təbii ki, olmayan vəzifə üzrə də tarif maaşının kütləvi artımı baş verməmişdir. İxtisarlardan sonra Cavabdeh MMC-də yalnız «Əsas infrastruktur inkişafı üzrə baş Mühəndis» vəzifəsi olmuş, onun da əmək haqqısı 2014 və 2015-ci illərdə artırılmış, 2016-cı ildə də həmin vəzifədə işləyənlə əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilən vəzifə üzrə artımın isə iddiaçının cavabdeh müəssisədə işlədiyi peşə (vəzifə) ilə hər hansı aidiyyəti müəyyən edilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən, o, “mühəndis” vəzifəsində çalışmış, mövcud olmuş əmək münasibətlərinə xitam verildikdən sonra "Cavabdeh" MMC-də sahə müqavilələri üzrə mühəndis və ümumiyyətlə mühəndis vəzifəsi üzrə işçi götürülməmiş, həmin ştat ixtisara salınmışdır. Hazırda da strukturda da belə bir vəzifə/peşə üzrə işləyən işçi və belə bir ştat vahidi yoxdur. Məhkəmə iş üzrə gəldiyi nəticəni hüquqi cəhətdən əsaslandırarkən Əmək Məcəlləsinin 239, 292.2-ci maddələrinə və Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” Qaydalarına istinad etmişdir. Məhkəmə əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi tələbinin əsassızlığı ilə bağlı qənaətini əsaslandırarkən cavabdehin etirazına və MPM-nin 218.3-cü maddəsinə istinad etmiş və qeyd etmişdir ki, "Cavabdeh" MMC bu barədə məhkəməyə qarşılıqlı iddia ilə müraciət etmədiyindən və bununla da həmin məsələ araşdırılan işin baxış predmeti olmadığından hazırkı iş çərçivəsində məhkəmə tərəfindən ona münasibət bildirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iki tələblə bağlı hissədə, yəni istehsalatda əmək xəsarəti ilə əlaqədar Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilən ödəncin kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan hissəsinin ödənilməməsinə görə 25.108 manat, həmin ödənişin gecikdirilməsinə görə 6.962 manat, cəmi 32.070 manat pul vəsaitinin Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi və 29.10.2020-ci ildən etibarən kütləvi əmək haqqı artımı nəticəsində artırılmalı olan 350 manat pul vəsaitinin hər ay və müddətsiz olaraq Cavabdeh MMC-dən tutulub iddiaçıya ödənilməsi hissələrində gəldiyi nəticəni əsaslı sayaraq onunla razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni qeyd olunan hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri hazırkı iş üzrə qətnamənin həmin hissədə dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bununla yanaşı birinci instansiya məhkəməsinin əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi tələbi ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin hissədə iddianı rədd edərkən heç bir əsaslandırma aparmamış və faktiki olaraq işin müəyyən edilmiş hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmənin həmin tələbə münasibət bildirməsi üçün cavabdehin bununla bağlı qarşılıqlı iddia verib-verməmıəsinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddənin məzmunundan da göründüyü kimi prosessual qanunvericilik iddia tələblərinin hüdudlarının (həcminin) müəyyən edilməsini iddiaçının dispozitiv hüququ kimi nəzərdə tutmuşdur. İşə baxan məhkəmənin vəzifəsi iddianı əsaslı hesab etdiyi halda onu məhz iddia ərizəsində göstərilən həcmdə, yəni iddia tələbindən kənara çıxmamaqla təmin etməkdən və bu barədə qətnamə çıxarmaqdan ibarətdir. İşin müəyyən edilmiş hallarından gpründüyü kimi, iddiaçı 18.05.2009-cu il tarixdə saat 01:00 radələrində xidməti ezamiyyətdə olarkən "Cavabdeh" MMC-yə məxsus olan və MMC-nin digər əməkdaşı tərəfindən idarə olunan avtomobildə qəzaya uğramış və xəsarət almışdır. Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı 2013-cü ildə aparılmış araşdırma nəticəsində istehsalatda bədbəxt hadisənin baş verməsi faktı təsdiq olunmuş, təhqiqatın aparılmasında "Cavabdeh" MMC-nin iki əməkdaşı da iştirak etmiş, bədbəxt hadisənin səbəbi yol-nəqliyyat hadisəsi kimi müəyyən edilmiş, təhqiqat komissiyası hadisəni istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirərək onun İZ formalı aktla rəsmiləşdirilməli və "Cavabdeh" MMC-də uçota alınmalı olduğu barədə rəy vermiş, iddiaçının həmin hadisə nəticəsində xəsarət alması 27.09.2013-cü il tarixli “İstehsalatda bədbəxt hadisə haqqında” Akt № 01 İZ formalı aktla rəsmiləşdirilmiş, akt "Cavabdeh" MMC-nin baş icraçı direktoru tərəfindən təsdiq olunmuş və uçota alınmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə də məhz Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan bu əsasla, yəni əmək qabiliyyətinin fasiləsiz olaraq 6 aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyinə görə xitam verilmiş və 26.10.2013-cü il tarixli, 2616 saylı əmrlə əmək qabiliyyətinin 80% itirilməsinə görə ona 819,28 manat məbləğində ödəncin ödənilməsi təyin edilmişdir. Bu ödənc 2020-ci ilin iyul ayına qədər iddiaçıya ödənilmiş, lakin cari ilin iyul ayından Cavabdeh MMC tərəfindən bu ödənişlər dayandırılmışdır. İddiaçı ödənişin dayandırılmasını qanunsuz sayaraq pozulmuş hüququnun bərpası (müdafiəsi) üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hadisənin xidməti ezamiyyət dövründə Cavabdeh MMC-yə məxsus olan və MMC-nin başqa bir əməkdaşının idarə etdiyi avtomobildə baş verdiyini, səlahiyyətli dövlət orqanı tərəfindən həmin hadisənin istehsalatda baş verən bəbəxt hadisə kimi qiymətləndirildiyini, bu barədə İZ formalı akt tərtib olunduğunu, Cavabdeh MMC-nin bunu qəbul etdiyini, aktı təsdiq etməklə uçota aldığını, keçən müddət ərzində, yəni 01 iyul 2020-ci ilədək ödəmələr apardığını və bu ödəncin əsaslılığını mübahisələndirmədiyini, eləcə də hazırda bu ödəncin qanuniliyini şübhə altına alan hər hansı mötəbər sübut təqdim etmədiyini nəzərə alaraq bu qənaətə gəlir ki, cavabdeh 01.07.2020-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya 819,28 manat məbləğində ödəncin verilməsini dayandırmaqla onun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə maddi hüquq normalarına düzgün istinad etsə də, göstərilən hissədə onları düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği” adlı normativ hüquqi aktın: - 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. - 2.1-ci bəndinə görə istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. - 3.5-ci bəndinə əsasən istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir. Mövcud şəraitdə zərərçəkənin peşəsinin (vəzifəsinin) ad) dəyişdirildikdə və yaxud ləğv edildikdə, təqsirkar müəssisədə müvafiq peşə (vəzifə) və yaxud peşə qrupları, müəssisə üzrə orta əmək haqqından müəyyən edilərək hesablanır. - 3.12-ci bəndinə əsasən zərərin ödənilməsi ilə əlaqədar tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll edilir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin göstərilən hissədə gəldiyi nəticəni işin müəyyən edilən hallarına uyğun saymır və hesab edir ki, həmin hissədə maddi hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə həmin hissədə ləğv olunmalı və iddia təmin edilməlidir. Məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, Cavabdeh MMC əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 819,28 manat məbləğində ödəncin verilməsini İddiaçı “istehsalatda əmək xəsarəti alması ilə əlaqədar ödənilən ödəncin miqdarının artırılması və ödənilməyən dövr üçün ödənc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra, yəni hazırkı işə birinci instansiya məhkəməsində mahiyyəti üzrə baxılarkən dayandırmış və iddiaçı bu hal ona məlum olduqdan sonra prosesin gedişində iddia tələbinin həcminin artırılması barədə ərizə verərək həmin ödənişin bərpa olunması barədə də qətnamə çıxarılmasını xahiş etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə iddiaçıya təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) Cavabdeh MMC tərəfindən iddiaçıya ödənilməsi tələbinin rədd olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia təmin olunsun. Cavabdeh MMC-nin 26.10.2013-cü il tarixli 2616 saylı əmri ilə əmək qabiliyyətinin 80% itirilməsinə görə təyin edilmiş 819,28 manat məbləğində ödəncin 01.07.2020-ci il tarixdən hesablanmaqla hər ay (müddətsiz) İddiaçı ödənilməsi vəzifəsi Cavabdeh MMC-yə həvalə edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar