Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4639/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Baqauddinoviçin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb edildiyinə və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyinə görə ona maddi zərərin əvəzi kimi 23.207 manat, mənəvi zərərin əvəzi kimi 20.000 manat kompensasiya ödənilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, mənəvi zərərin əvəzi kimi 2.000 manat Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçıya ödənilsin, iddianın qalan hissəsi təmin edilməsin. İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cinayət təqdibinə məruz qalmışdır. Belə ki, o, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) başlanmış, daha sonra cinayət işi üzrə cinayət əməli Cinayət Məcəlləsinin 206.1 -ci maddəsinə (qaçaqmalçılıq) tövsif edilmişdir. Lakin iddiaçının təqsiri sübuta yetirilmədiyindən barəsində cinayət təqibinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin istintaq və təhqiqat idarəsinin istintaq şöbəsinin böyük müstəntiqi tərəfindən qəbul olunmuş 31.05.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Bununla da iddiaçının “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun müddəalarına əsasən ziyanın ödənilməsi hüququ yaranmışdır. İddiaçıya maddi zərər vurulması sübut olunmur, birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə tələbi rədd etməklə düzgün nəticəyə gəlmişdir. Mənəvi zərərin əvəzi kimi 2.000 manat tutulması düzgündür, bu ağlabatan məbləğdir. Belə ki, iddiaçı heç bir təqsiri olmadığı halda cinayət təqibinə məruz qalmış və barəsində qətimkan tədbiri seçilmiş, nəticədə mənəvi sarsıntı keçirmiş və iztirab çəkmişdir. Beləliklə, məhkəmə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanunun 5, 7 və 12-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı apellyasiya şikayəti rədd olunsun. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 16.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4639/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4639/2021
11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver