Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4640/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış olan xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış olan 25.000 manat məbləğində borcun icrasının təmin edilməsi üçün tutmanın ipoteka predmeti olan və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 27 kv.m olan 9 nömrəli 2 otaqlı mənzilə yönəldilməsi və ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən borc məbləği olan cəmi 25.000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının Azərbaycan manatına münasibətdə məzənnəsi nəzərə alınmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X3 ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, Tahir Hüseynov cavabdehə 25.000 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh isə həmin borcu xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. “Kredit müqaviləsinin” icrasının təminatı kimi tərəflər arasında xx.xx.2017-ci il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdeh, özünə məxsus və yuxarıda qeyd edilən mənzili Tahir Hüseynovun xeyrinə ipoteka ilə yüklü etmişdir. Tahir Hüseynov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun vərəsələri qismində arvadı X5, övladları X2, X4 və iddiaçı – İddiaçı müəyyən edilmişdir. Cavabdeh götürdüyü borcu qaytarmamışdır. Dəfələrlə cavabdehə müraciət edilsə də müraciətlərə cavab verilməmişdir. Hazırkı iddia tələbi üzrə ilk dəfə iddiaçı tərəfindən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1804/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinə” əsasən 25.000 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(103)- 51/2021 nömrəli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, 2(102)-4332/22 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsinin ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası həmin qərarında qeyd etmişdir ki, cavabdehə məxsus mənzilin kreditin təminatı üçün ipoteka ilə yüklü edilməsi barədə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması, həmçinin ipotekaya tutma yönəldilməsi barədə ipotekaqoyana qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilməsi və bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə sübutlar iş materiallarında mövcud deyildir. Bu isə tutmanın ipotekaya yönəldilməsini mümkünsüz edən hallardır. Lakin apellyasiya instansiya məhkəməsi bunu nəzərə almamışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2(103)-1367/2023 saylı qərardad ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunmasını, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə oluna biləcək vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini və iddiaçı Tahir Hüseynovun varisi (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdehə qarşı həmin hissədə iddiası baxılmamış saxlanılmasını qərara almışdır. Hazırda məhkəmələr tərəfindən verilmiş göstərişlər iddiaçı tərəfindən tam olaraq nəzərə alınmış və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bütün zəruri prosedur hərəkətlər icra edilmişdir. Belə ki, cavabdehə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair xx.xx.2023-cü il tarixli müvafiq bildiriş ünvanlanmışdır. Daha sonra iddiaçı tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsinə “tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə bildirişin qeydiyyata alınması barədə ərizə” ünvanlanmış və həmin ərizə xx.xx.2023-cü il tarixdə idarə tərəfindən qəbul edilmişdir. Bundan sonra hazırki tələblə yenidən Rayon Məhkəməsinə müraciət edilmişdir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının mərhum atası Tahir Hüseynov ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə tələbin (25.000 ABŞ dolları) cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsini, həmin mənzilin ilkin satış qiymətinin 63.200 manat müəyyən edilməklə açıq hərracdan satılmasını, ipoteka predmetinin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməsini, bundan sonra artıq qala biləcək məbləğin cavabdehə verilməsini, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsini, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın xərcinin – 100 manat məbləğində pulun cavabdehdən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bu səbəbdən də, iddiaçının mərhum atası Tahir Hüseynov ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsi” üzrə tələbin (25.000 ABŞ dolları) cavabdehə məxsus ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, mənzilin satışından əldə oluna biləcək pul vəsaiti hesabına yuxarıda qeyd edilən borcun ödənilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, mənzilin ilkin satış qiyməti 63.200 manatdır. Buna görə də, mənzil həmin ilkin satış qiyməti ilə açıq hərraca çıxarılmalıdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka predmeti olan mənzilin real dəyəri ən azı 60.000 ABŞ dolları (100.000 manat) təşkil edir. “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” formal olaraq görünüş üçün bağlanmışdır. Cavabdehə borc verilməmişdir. “İpoteka müqaviləsi” dövlət qeydiyyatından keçirilməmişdir. X6 faizə pul verən olmuşdur. Onunla müqavilələri bağlamaqda məqsədi cavabdehin mənzilinə yiyələnmək olmuşdur. Cavabdeh iddiaçını və onun atasını tanımamışdır. Borcu cavabdehin qohumu Emin Həsənov götürmüş və geri qaytarmışdır. Cavabdeh işin həqiqi hallarını bilən kimi, məsələni aydınlaşdırmaq üçün dərhal Bakı istintaq təcridxanasında saxlanılan qohumu Emin Həsənovla əlaqə saxlamışdır. Emin Həsənov isə bildirmişdir ki, həqiqətən Röya adlı şəxsin təklifi ilə ona iki dəfəyə 25.000 ABŞ dolları (10.000+15.000) pul verilmiş, elə pul verilən anda 10.000 ABŞ dollarının 10 faizi (1.000 ABŞ dolları), 15.000 ABŞ dollarının da 10 faizi (1.500 ABŞ dolları) dərhal ondan geri alınmış, həmin pullar isə 2017-ci ilin əvvələrində, yəni müqavilələrin bağlandığı tarixdən bir neçə ay əvvəl verilmiş, Emin Həsənov hələ 2017-ci ildə pulu onlara qaytarmış, onlar isə həmin pulları faizə çıxmış, həmin pullar isə 2017-ci ilin əvvələrində, yəni müqavilələrin bağlandığı tarixdən bir neçə ay əvvəl verilmiş, bundan sonra Röya adlı şəxs Emin Həsənovdan qalan borcun təminatı kimi mənzil istəmiş, daha sonra isə İddiaçı və Röya adlı şəxs Emin Həsənova təzyiq və təsir göstərərək, sonuncunun xa la s ı Cavabdeh ilə həmin müqavilələrin bağlanmasına nail olmuşlar. Halbuki, Cavabdeh 21 saylı Notariat Kontorunda müqavilələri bağlayan zaman ona müqavilələrin əsl mahiyyəti izah olunmamış, həmin vaxt İddiaçı və Röya adlı şəxs ona, iş görəcəklərini, əldə olunacaq gəlirdən ona da pay verəcəklərini demiş, bununla da Cavabdeh etibarından sui-istifadə edərək, onu aldadaraq, faktiki olaraq əmlakını ələ keçirməyə cəhd etmişlər Bundan başqa, Rayon məhkəməsinin qətnaməsinin nəticə hissəsində tutmanın cavabdehə məxsus olan mənzilə yönəldilməsi və həmin mənzil ilkin satış qiyməti 63.200 manat müəyyən edilməklə açıq hərracdan satılması göstərilsə də, qətnamənin nəticə hissəsində əldə olunan pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməsi göstərilməmişdir. Beləliklə, göründüyü kimi, Rayon Məhkəməsi həmin qətnamənin nəticəsi hissəsində yanlış nəticəyə gəlmişdir. Bundan əlavə, qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktlarırədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilsə də, bu, iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, mənzilin orta bazar qiymətinə uyğun ümumi dəyəri 70.200 manat, likvid qiyməti isə 63.200 manat məbləğində müəyyən edilir. Halbuki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 30 ünvanı yaxınlığında yaşayış binasında tam təmirli mənzilin 1 kvadrat metrinin 2017-ci ilin oktyabr ayına orta bazar qiyməti təxminən 2.500 manat (o cümlədən ümumi sahəsi 48 kv.m təşkil edən 9 saylı mənzilin yerləşdiyi ərazi nəzərə alınmaqla orta bazar qiyməti 120.000 manat təşkil edir. Rayon Məhkəməsi həmin sübutu qəbul edib, istinad etmirdisə, o halda işin obyektiv həlli üçün işə baxan məhkəmə tərəfindən iş üçün həlledici əhəmiyyəti olan bu xüsusat da aydınlaşdırılmalı, iş üzrə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilməli, ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməli idi. d) apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
7. İş üzrə tərəflər apellyasiya baxışının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, Tahir Hüseynovun əvəzinə (21 saylı Notariat Kontoru tərəfindən qeydə alınmış xx.xx.2017-ci il tarixli etibarnamə əsasında) nümayəndəsi (iddiaçı) İddiaçı ilə (cavabdeh) Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, Cavabdeh Tahir Hüseynovdan 25.000 ABŞ dolları məbləğində pulu faizsiz olaraq və xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə borc almışdır.
10. Tahir Hüseynovun əvəzinə (21 saylı Notariat Kontoru tərəfindən qeydə alınmış xx.xx.2017-ci il tarixli etibarnamə əsasında) nümayəndəsi İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli “İpoteka müqaviləsindən” görünür ki, Cavabdeh onunla Tahir Hüseynov arasında bağlanmış “Kredit müqaviləsinə” əsasən üzərinə götürdüyü öhdəliklərinin icra edilməsinin təminatı olaraq özünə məxsus mənzili Tahir Hüseynovun xeyrinə ipoteka ilə yüklü etmişdir.
11. İşdə olan xx.xx.2018-ci il tarixli AZ-İ seriyalı 974871 nömrəli “ölüm haqqında şəhadətnamədən” görünür ki, Tahir Hüseynov xx.xx.2018-ci il tarixdə ölmüşdür.
12. Bakı Şəhəri 21 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, şəhadətnamə verilən miras əmlak 21 saylı Notariat Ofisi tərəfindən borcverən olaraq iddiaçının atası Tahir Hüseynov ilə borcalan olaraq cavabdeh arasında bağlanmış və xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş 3M-328 reyestrli “Kredit müqaviləsində” göstərilmiş 25.000 ABŞ dolları borc pul məbləğindən ibarətdir.
13. İşdə olan xx.xx.2019-cu il tarixli, **********040 nömrəli ərizədən görünür ki, X4, iddiaçı atası X1 varisi qardaşı İddiaçı iştirak etməsinə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 25.000 ABŞ dolları pulu ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 27 kv 9 nömrəli iki otaqlı mənzilə yönləndirilməsinə ipoteka predmetinin açıq hərracda satılaraq satışdan əldə edilmiş pul kart hesabına borcun İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına etiraz etmir.
14. “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında” xx.xx.2023-cü il tarixli ərizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
15. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(006)-1804/2019) görünür ki, həmin qətnamə ilə mərhum Tahir Hüseynovun varisi olan İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, xx.xx.2017-ci il tarixli “Kredit müqaviləsinə” əsasən 25.000 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi ABŞ dollarının manata məzənnəsinə uyğun manat hesabı ilə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılaraq, əldə olunan vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi qət edilmişdir.
16. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə baxmış Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (iş № 2(103)-51/2021) ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
17. Cavabdehin həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı (iş № 2(102)-4332/22) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi hissəsinin ləğv edilməsini və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad (iş № 2(103)-1367/2023) ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin olunmasını, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qismən, yəni tələbin ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 62.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə oluna biləcək vəsaitdən cəmi 25.000 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini və iddiaçı Tahir Hüseynovun varisi (hazırki iş üzrə iddiaçı) İddiaçı cavabdehə qarşı həmin hissədə iddiası baxılmamış saxlanılmasını qərara almışdır.
19. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırkı mülki işə baxmış Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/8356-9/8563 saylı rəydən görünür ki, cavabdehə məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilin orta bazar qiymətinə uyğun ümumi dəyəri 70.200 manat, likvid qiyməti isə 63.200 manat təşkil edir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər (maddə 295.). Əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (maddə 317.1.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir (maddə 319.1.). İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır (maddə 319.6.).
21. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu qanunda nəzərdə tutulmuş digər hallardır (maddə 34.1.). İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır (maddə 36.1.). İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır (maddə 36.3.).
22. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdeh yuxarıda qeyd edilmiş “Kredit müqaviləsi” əsasında kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh, “Kredit müqaviləsi” əsasında kredit vəsaitinin almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borcunu ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə olan halda o, üzərinə götürdüyü öhdəliyin icra etməməsinə görə məsuliyyət daşıyır və kreditor, öhdəliyin ipoteka predmeti hesabına icra edilməsini tələb etməkdə haqlıdır.
23. MPM-in tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (maddə 82.3.).
24. Apellyasiya şikayətində cavabdeh bildirir ki, onunla Tahir İsmayılov arasında bağlanmış “Kredit müqaviləsi” və “İpoteka müqaviləsi” etibarsızdır, müqavilələr formal olaraq görünüş üçün bağlanmışlar. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır.
25. Bununla bağlı Məhkəmə bildirir ki, həmin müqavilələrin etibarlılığına yuxarıda qeyd edilən və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə qiymət verilmiş və məhkəmələr hesab etmişlər ki, müqavilələr etibarlıdır. Buna görə də, qeyd edilən dəlil hazırkı işdə yenidən araşdırıla və əsaslı hesab edilə bilməz.
26. Cavabdeh apellyasiya şikayətində həmçinin bildirir ki, ipoteka predmeti olan mənzilin real dəyəri 100.000 – 120.000 manat civarındadır. Lakin ekspertiza tərəfindən verilmiş rəyi əsas götürmüş Rayon Məhkəməsi mənzilin satış qiymətini 63.200 manat məbləğində müəyyən etmişdir ki, bu nəticə əsassızdır.
27. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Çünki cavabdeh ipoteka predmetinin qiymətinin daha yüksək olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək sübutları (məsələn: hər hansı qiymətləndiriçi tərəfindən verilmiş “Qiymətləndirmə hesabatını” və s.) məhkəmələrə təqdim etməmişdir.
28. Apellyasiya şikayətində cavabdeh daha göstərir ki, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamənin nəticə hissəsində göstərmişdir ki, satışdan əldə olunan pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməsi göstərilməmişdir ki, bu da yanlışdır.
29. Məhkəmə apellyasiya şikayətinin bu dəlilini əsaslı hesab etmir. Çünki Azərbaycan Respublikasının pul vahidi Azərbaycan manatıdır. f) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Buna görə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
35. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.