Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4640/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: “özbaşına tikili olan evdən çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1149/2025 saylı, 17 iyun 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 1ndə yerləşən ö/t 7 saylı fərdi yaşayış evi öz hüquqi statusuna görə özbaşına tikilidir və daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 İslam qızı isə onun keçmiş gəlinidir. Onlar xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuş, 2023-cü ildən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etsə də, cavabdeh orada yaşamağa davam edir. İddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehlərin oradan çıxarılması, özünün ora köçürülməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İslam qızının əşyaları ilə birlikdə ünvan 1 ünvanında yerləşməklə onun sahibliyində olan 7 nömrəli mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, o, 2023-cü ildə hazırkı iş üzrə mübahisə predmeti olan ünvan 1, 7 nömrəli özbaşına tikilini almışdır. Həmin ev 2 otaq, 1 zaldan ibarətdir. Ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun sahibliyindəndir, kommunal xərclər onun tərəfindən ödənilmişdir. Hazırkı iş üzrə Cavabdeh1 onun oğlu, Cavabdeh2 İslam qızı isə onun keçmiş gəlinidir. Onlar 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikahlarını xx.xx.2014-cü il tarixdə Bakı “ASAN xidmət” mərkəzində qeydə aldırmışlar. Cavabdehlərin yaşamağa evləri və kirayədə qalmağa maddi imkanları olmadığından o, öz evini müvəqqəti yaşamaq üçün onlara vermişdir. Onların birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı 3 övladları doğulmuşdur. Cavabdehlərin arasında münasibətlər son dərəcə kəskinləşmiş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-2308/2024-006 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Lakin onlar onun evində yaşamaqda davam edirlər. Onların mübahisə və münaqişələri onun sahibliyində olan əmlakından normal şəkildə istifadə etmək imkanını aradan qaldırır. Buna görə də o, onların evdən çıxmalarını tələb edir. Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 45-də, Cavabdeh2 İslam qızı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət döngəsi, ev 33 “b”-də qeydiyyatdadır. Cavabdehlə dəfələrlə xəbərdarlıq edərək evdən çıxmalarını, mənzilin boşaltmaları tələb etmişdir. Lakin onlar mənzildən çıxmaq, əşyalarını evdən çıxarmaq istəmirlər. Mübahisəli mənzili o 2023-cü ildə almışdır. Özü rayonda yaşadığından, müvəqqəti olaraq evi oğlu və gəlinin yaşaması üçün onlara vermişdir. Hazırda o rayondan Bakıya köçüb gəlmək istəyir və ailə qurub orada yaşamaq istəyir, ona görə də cavabdehlərin mənzildən çıxarılmasını istəyir. Cavabdehlər artıq boşanmışlar. Mübahisəli evin alınmasına çəkilən xərcin hamısı onun tərəfindən verilmişdir. Bankdan kredit götürülmüş, ev girov qoyulmuş, eyni zamanda daşınmaz əmlaklar satılmışdır. Evin alınmasına verilən pulu onu satan qadın - Nəzakət Kərimova da təsdiq edə bilər.
4. Cavabdeh1 iddianı qəbul edərək bildirmişdir ki, mübahisəli evi atası 2023-cü ildə almışdır. Onlar kirayə qalmışlar, kirayə pulunu ödəyə bilmədiyindən atası evi müvəqqəti olaraq onlara vermişdir. Evi onların yaşaması üçün alınmış və demişdir ki, “pulunuz olanda özünüzə ev alarsınız”. Onlar ipotekaya ev almış, ödəniş edə bilmədikləri üçün 23.000 manata satmışlar, həmin pulun 3000 manatı işə düzəlmək üçün vermiş, 3.000 manatı polisə vermişdir, qalan məbləği isə ailənin borclarının ödənilməsi üçün vermişdir. Evi atası almışdır 45.000 manata, ilkin olaraq kommunal xidmətlər üzrə müqavilələr ona görə onunla bağlanılmışdır ki, atasının həmin vaxtı şəxsiyyət vəsiqəsi itmişdir.
5. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, ailə həyatı qurduğu vaxtdan ailəni o, saxlamışdır. 3 övladı var. Özü tibb müəssisəsində işləyir, 1000 manat maaş alır, əlavə iş görərək qazanc əldə edir. Xırdalanda yerləşən evi ipotekaya götürmüşlər. Həyət evində yaşamaq istədikləri üçün həmin evi satmışlar, hazırkı evə baxıb bəyənmişlər, satıcı Nəzakət xanım əvvəl 70.000 manata satdığını bildirmiş, sonra Mehman təkid edərək evin qiymətini aşağı salmış və 45.000 manata alınmışdır. Kirayədə 1 ilə yaxın yaşamışlar, təmir müddətində. Evin pulu ona məxsusdur. Pulu Mehman taxtanın altında gizlətmişdir. Qayınatası Aslan həmin evi almamışdır, 2-3 min manat kömək etmişdir. İndi 3 uşaqla onu çölə atmaq istəyirlər.
6. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, evin iddiaçı tərəfindən əldə edilməsi barədə məhkəməyə təqdim edilən sübutlar mötəbər deyil, ev 2023-cü ilin iyun ayında alınmışdır. İddiaçı tərəfindən isə əmlakın satılması barədə alqı-satqılar həmin aydan sonra bağlanılmışdır. Kredit isə iddiaçı digər oğluna ev almaq üçün götürmüşdür. Evin pulu nümayəndəsi olduğu cavabdehə məxsus olmuşdur. Mehman heç bir yerdə işlməməmişdir, ailəni də Lamiyə saxlamışdır. Evin pulunun bir hissəsi ipotekayaya götürülən evin satışından əldə olunan pul vəsaiti, digər hissəsi Lamiyənin qazandığı pul vəsaiti olmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli 2(009)-1149/2025 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə müəyyən etmişdir ki, özbaşına tikili olan mübahisəli əmlakın alınmasında ödənilən pul vəsaitinin bir hissəsi iddiaçı tərəfindən verilsə də, bir hissəsi ailənin ipoteka ilə əldə etmək istədiyi, lakin sonradan satılaraq satışdan əldə edilmiş pul vəsaiti və ailənin büdcəsində olan pul vəsaiti hesabına alınmışdır.
9. Həmçinin məhkəmə, iddiaçının mübahisəli daşınmaz əmlakın yalnız onun pul vəsaiti hesabına əldə olunması, müvəqqəti oğlunun ailəsi üçün istifadəyə verilməsi ilə əlaqədar dəlilləri üzrə qeyd etmişdir ki, hətta əmlakın əldə olunmasına iddiaçı tərəfindən müvafiq pul vəsaiti verilsə də, bu hal iddiaçının həmin əmlakın tək sahibi kimi qəbul edilə bilməz. Əksinə məhkəmə iddiaçının rayonda yaşayaraq, daşınmaz əmlaka malik olmasını nəzərə alaraq hesab etmişdir ki, pul vəsaiti məhz oğlunun ailəsi üçün ev alınması məqsədi ilə verilmiş, bu hal eyni zamanda ilkin kommunal xidmətlərlə bağlı müqavilənin oğlunun adına bağlanılması və hazırkı tələblə müraciət edilməmişdən qısa müddət əvvəl oğlunun müraciəti əsasında iddiaçının adına keçirilməsi ilə də təsdiq olunur.
10. Məhkəmə iddiaçının oğlunun ailə üzvünə məxsus pul vəsaitinin evin alınmasına sərf edilməsini, atası tərəfindən verilən pul vəsaitinin hədiyyə şəkilində məhz ailənin yaşaması üçün mübahisəli evin alınması məqsədi ilə verilməsinin məntiqli olmasını nəzərə alaraq hesab etmişdir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
11. Məhkəmə gəldiyi nəticəni A zərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
12. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2(009)-1149/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəzakət Kərimovanın etibarnamə üzrə nümayəndəsi oğlu Kərimli Alim faktiki alqı-satqı və kommunal xidmətlərin addan-ada keçirilməsində iştirak etmişdir. O, bankdan 20.000 manat kredit götürmüş, həmin vaxt özünə məxsus torpaq sahələrini alıcı ilə qarşılıqlı razılaşma qaydasında alıcıdan həmin vaxt pul olaraq torpağı faktiki ona təqdim etdiyi üçün, ondan öncədən pul almış və şəxsi təsərrüfatından heyvan satmaqla, evin 45.000 manat razılaşdırılmış dəyərini satıcıya şəxsən ödəmişdir. Özbaşına tikili olan evin tam dəyərini özü ödəmişdir. Evi aldıqdan sonra, zərurət olduğu üçün həyətində beton tökdürülməsi və bununla əlaqədar zəruri işləri o icra etmişdir. Otaqlarda yalnız “oboy” vurulmasını bu cütlük evə köçəndən sonra Cavabdeh1 özü divara bərkitmişdir. Oboyları o özü almışdır. Məhkəməyə kredit razılaşması, əmlak alqı-satqısı müqaviləsinin surətləri təqdim edilmişdir. Avropa Məhkəməsinin presedentlərindən məlum olur ki, bir sıra qərarlarında Avropa Məhkəməsi belə qənaətə gəlmişdi ki, şəxslərin hətta dövlətə məxsus torpaq sahəsində heç bir icazə almadan inşa etdikləri tikililərə dövlətdən reaksiya olmursa, Avropa Məhkəməsi dövlətin susmaqla həmin tikiliyə şəxsin mülkiyyət hüququnu tanıması kimi qiymətləndirmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli əmlak özbaşına tikilidir. Özbaşına tikilinin ilkin sahibi İddiaçıdır. Bu məsələyə birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. İddiaçı həm öz oğlunu, həm də keçmiş gəlinini məhkəməyə vermişdir. İddiaçı 43 min manat verərək evi almış, evi alan zaman şəxsiyyət vəsiqəsini itirdiyi üçün aldığı evin kommunal xidmətlərini oğlunun adına keçirmişdir. İddiaçı həmin evi təmir etdirmişdir. Həmin vaxt iddaçının oğlu və gəlini kirayədə yaşayırdılar, lakin kirayə pulunu çatdırmadıqları üçün iddiaçı onların öz evində yaşamağa icazə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirmək istədiyi şəxsin oğlu iştirak etmişdir. Cavabdeh tərəf qəbul edir ki, mübahisli evi almamışdır.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, nə o, nə də digər cavabdeh həmin evin alınmasında iştirak etməmişdir. Cavabdeh2 ilə 2013-cü ildən nikahdadır. Birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. 2013-cü ildən bu evə köçənə qədər kirayədə yaşamışlar. 2019-cu ilə qədər Cavabdeh2 öz atasının evində yaşamışdır, o isə rayonda yaşayırdı. Ailəsi Cavabdeh2 qəbul etmirdi. Daha sonra qohumların köməkliyi ilə ailəsi qəbul etdi. 2019-cu ildən 2021-ci ilə qədər kirayədə yaşamışlar. 2019-cu ildən sonra o, rayondan gəlmiş və ayrıca kirayəyə çıxmışlar. 2021-ci ildən sonra isə atası maşınını, heyvanı və s. satdı, ilkin ödəniş olaraq 13 min manat ödəyərək evi götürdü. Həmin ev onun adına idi, kreditdə idi. Müqavilə onun adına bağlanmışdır. Daha sonra krediti ödəyə bilmədilər. Atası faktiki olaraq pulu ona vermişdi ki, ev alsın. Həmin evi atası almışdı. Krediti atası ödəyirdi, bəzən isə o ödəyirdi. Daha sonra həmin evi 23 min manata satdılar. Həmin pulun 4 min manatı banka ödənildi. Qalan pulu isə Cavabdeh2 borclarının ödənilməsinə sərf edildi. Həmin ev 2023-cü ildə, təqribi olaraq mart-aprel aylarında satıldı. Daha sonra kirayəyə köçdülər. Mübahisli ev 2023-cü ilin may-iyun aylarında alınmışdır. Həmin evi atası almışdır, daha sonra onlar həmin evə köçdülər. Həmin ev təmirli idi, onlar həmin evə köçən kimi yaşamağa başladılar. Həmin ev 45 min manata alınmışdır. Torpaq və ev satılaraq mübahisəli ev alındı. Daha sonra onlar cavabdehlə yenidən yola getmədilər. Evin pulunu atası vermişdir, alğı-satqıda da onlar iştirak etməmişlər. Atası evi onlara bağışlamamışdır. Atasının şəxsiyyət vəsiqəsi itdiyinə görə onun təklifi ilə kommunal xidmətlər öz adına keçirildi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 2013-cü ilin may ayında onların toyu oldu. 2014-cü ilin fevral ayında isə rəsmi nikaha daxil oldular. Cavabdeh1 9 il evə gəlmədi, onları atası saxladı. O, özü tibb bacısı işləmişdir, eyni zamanda başqa işlərdə də işləmişdir. O, atasının köməkliyi ilə pul yığmışdır. Atası həyətdə ev tikmişdi, İddiaçı isə ayda bir dəfə evə gəlirdi. İddiaçı onları danışdırmırdı. Həmin evə 17 min manat pul verilmişdir, ev tam təmirsiz idi, quru divarlar idi. İddiaçı heç zaman işləməmişdir. Daha sonra ev satılmışdır. Onların evi satmaqda məqsədi həyət evi almaq idi. Evi onlar almışdılar, heç iddiaçının bundan xəbəri yox idi
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsivəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 cavabdeh kimi cəlb olunması, hazırda onun bu məhkəmədə etirafedici ifadə verməsi yaradılmış bir hüquqi səhnədir. Birinci instansiya məhkəməsinə kifayət qədər sübutlar təqdim olunmuşdur. İddiaçı əmlakın alınmasında yalnız böyük kimi iştirak etmişdir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, X1 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması, iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
23.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 24.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
25.159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 26.163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 27.164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 28.164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. 29.165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 30.165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 31.166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 32.180.1-180.3-cü maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 33.560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdanyalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 34.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
35. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
36.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 37.İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarına görə mübahisəli ev özbaşına tikilidir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının oğlu, Cavabdeh2 İslam qızı isə onun keçmiş gəlinidir. Onlar xx.xx.2014-cü il tarixdən xx.xx.2025-ci il tarixədək rəsmi nikah münasibətlərində olmuş, 2023-cü ildən mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışlar. Nikah pozulduqdan sonra iddiaçının oğlu həmin tikilini tərk etməyə razı olsa da, digər cavabdeh orada yaşamağa davam edir. İddiaçı mübahisəli tikilinin ona məxsus olduğunu iddia edərək cavabdehlərin oradan çıxarılması, özünün ora köçürülməsini tələb edir. 38.Hazırki iddia iddiaçının oğlu ilə cavabdehin nikah münasibətləri pozulandan, onlar arasında məhkəmə çəkişmələri başlayandan sonra qaldırılmışdır. Cavabdeh iddiaya etirazının əsası kimi tikilini digər cavabdeh ilə birgə nikah dövründə birgə vəsaiti hesabına əldə etdiyini, iddiaçının, yalnız oğlu ilə ayrıldıqdan sonra aralarında yaranmış əmlak mübahisəsi ilə əlaqədar hazırki iddianı qaldırdığını bildirmiş, Xırdalanda yerləşən evi həyət evində yaşamaq istədikləri üçün satdıqları, hazırkı evi satıcı Nəzakət xanımdan 45.000 manata aldıqları, təmir müddətində bir ilə yaxın kirayədə yaşadıqları, iddiaçının cəmi 2-3 min manat kömək etdiyi, yaşadığı evlə bağlı bütün kommunal xəttlərə dair sənədlərin əvvəldən keçmiş ərinin adına olduğu, daha sonra isə (hazırkı tələblə müraciət edilməmişdən qısa müddət əvvəl Cavabdeh1 müraciəti əsasında) iddiaçının adına keçdiyinə istinad etmişdir. 39.İddiaçının müraciət etdiyi apellyasiya şikayətinin dəlillərini iddia tələblərinin əsası kimi istinad etdiyi hallar təşkil edir. 40.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etməyi zəruri sayır ki, birinci instansiya məhkəməsi hazırkı işin hallarını araşdırmış, işdə olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymət verərək, iddiaçının təqdim etdiyi sübutların, o cümlədən cavabdehlərdən oğlunun etiraf izahatının mübahisəli tikilinin sırf onun vəsaiti hesabına əldə edilməsinin müəyyən edilməsi üçün işin əhəmiyyəti baxımından yetərli olmadığı, iddianın əsassız olması əsası ilə rədd edilməli olduğu barədə düzgün nəticəyə gəlmişdir. 41.Məhkəmə kollegiyası qeyd edir ki, özabşına tikili olan evdən cavabdehlərin, mübahisəli əmlakı birgə nikah dövründə birgə vəsait əsasında əldə etmədikləri əsası ilə çıxarılması barədə iddianın, məhz cavabdehin həyat yoldaşı ilə münasibətlərinin pozulmasından sonra irəli sürülməsi, əslində cavabdehin həmin evə olan sahiblik hüququnun aradan qalxmasına yönəlməsini (çünki cavabdehin dəlillərindən biri bu tələbin irəli sürülməsi birgə nikah müddətində birgə vəsait əsasında əldə edilmiş mübahisəli evdən onun məhrum edilməsi ilə bağlı olmasını) göstərir.
42. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub-olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
43. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması ilk öncə həmin hallara istinad edən iddiaçının birbaşa vəzifəsidir. Onun istinad etdiyi hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı olmayan kimi məhkəmə tərəfindən rədd edilməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
45. Beləliklə də birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 46.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 47.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1149/2025 saylı 17 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev