Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4641/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2011-ci il tarixli, 161 saylı arayışından görünür ki, İddiaçı “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmişdir. Həmin travma hərbi xidmət dövründə alınmışdır.
2. Həmin arayışa əsasən, İddiaçı “neyrosirkulyator asteniya, kardial tip, cüzi dərəcədə ifadə olunmuş vegetativ damar pozulmaları ilə” diaqnozu təyin edilmişdir. Həmin xəstəlik hərbi xidmət dövründə alınmışdır.
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 822 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olmuşdur. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissənin tərkibində 2-ci Qarabağ Vətən müharibəsində hərbi xidmətdə olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsində hərbi qeydiyyatdadır.
4. İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətindən ona çatası sığorta məbləğinin verilməsini xahiş etmişdir. Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.
5. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli, 26-06079- 2021 saylı məktubundan görünür ki, İddiaçı sağlamlığına həqiqi hərbi xidmət dövründə alınmış xəstəlik nəticəsində yüngül və ya ağır xəsarət dəyməsi yaxud həmin səbəbdən barəsində əlillik dərəcəsinin təyin edilməsi öz təsdiqini tapmadığı üçün baş vermiş hadisə Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən sığorta hadisəsi sayılmadığından sığorta ödənişinin verilməsi nəzərdə tutulmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsinə görə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən onun xeyrinə 2.750 manat sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olarkən hərbi təlimlərdə iştirak edən zaman tank əleyhinə maneə olaraq hazırladıqları beton dirəyin qismən aşması nəticəsində sol körpücük sümüyü sınmışdır. O, ağrıların əzilmə səbəbindən olduğunu düşünərək həkimə müraciət etməmişdir. Lakin daha sonra sol çiyin nahiyəsində ciddi deformasiya olduğunu görüb hərbi hissənin tibb məntəqəsinə müraciət etmiş və sol körpücük sümüyünün sındıqdan sonra düzgün olmayan formada bitişdiyi müəyyən olundu. Müalicə olunmaq üçün aidiyyəti üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və xx.xx.2011-ci il tarixdə “sol körpücük sümüyü korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi” cərrahi əməliyyatı keçirmişdir. Həmin əməliyyatdan sonra sığorta ödənişinin verilməsi üçün Hərbi Hissə komandanlığına müraciət etsə də, müraciətindən yayınmaqla cavab verilmədi. Müddətli həqiqi hərbi xidməti bitirdikdən sonra da, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsi üçün bir neçə dəfə aiddiyyəti üzrə müraciətlər etmiş, lakin həmin müraciətlərinə də cavab verilməmişdir. Növbəti dəfə 2021-ci il ərzində eyni məzmunda və müvafiq arayışlarla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinə müraciət etmişdir. Həmin müraciətinə Dövlət Sığorta Kommersiya Şirkətinin xx.xx.2021-ci il tarixli cavab məktubunda, ''Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsi ilə sığorta hadisəsi günündən 3 il keçənədək müəyyən olunmuş müddəti ötürdüyü üçün müraciətinə müsbət cavab verilməmişdir. Eyni məzmunda şikayət xarakterli müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankı xx.xx.2021-ci il tarixli cavab məktubu ilə imtina cavabı bildirmişdir. Hərbi xidmət dövründə baş vermiş sığorta hadisəsinə görə qanunla müəyyən olunmuş sığorta ödənişini ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh orqanın və Milli Bankın müraciətlərinə verdiyi cavablar əsassızdır. Odur ki, müddətli həqiqi hərbi xidmət dövründə aldığı yuxarıda göstərilən hadisəyə görə cavabdeh orqan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 2.750 manat məbləğində sığorta ödənişi verilməlidir.
8. Birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmənin aidiyyəti orqanlara ünvanladığı sorğularına cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyandan daxil olmuş xx.xx.2021-ci il tarixli, 1904 saylı məktubundan görünür ki, İddiaçı barəsində Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyanın arxiv bazasında heç bir məlumatın olmadığı bildirilmişdir, İddiaçı dair yalnız iş materiallarında mövcud olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2011-ci il tarixli, 161 saylı arayışının təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, 23 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2011-ci il tarixli, 161 saylı arayışı ilə ona “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və həmin travmanın hərbi xidmət dövründə alındığı qeyd edilsə də, sözügedən arayışda İddiaçı aldığı xəsarətin dərəcəsi təyin edilməmişdir (Qanuna əsasən yüngül və yaxud ağır dərəcəli xəsarət). Məhkəmə tərəfindən iddiaçının aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqanlara müraciət edilsə də, qənaətbəxş cavab əldə etmək mümkün olmamış, yalnız iş materiallarında mövcud olan arayış məhkəməyə təqdim olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, istinad edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, sığorta hadisəsinə hərbi qulluqçuların xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması aiddir. Qeyd edilən sığorta hadisəsi baş verdikdə, sığorta olunana sığorta məbləği (ödənişi) ödənilir. Lakin hazırda iddiaçı tərəfindən aldığı xəsarət ilə əlaqədar sığorta ödənişinin ödənilməsi tələb edilsə də, iş materiallarından göründüyü kimi, İddiaçı hansı dərəcədə xəsarət alması iş materialları ilə öz təsdiqini tapmamışdır. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddia təmin edilə bilməz.
11. Məhkəmə gəldiyi nəticəni xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 4-cü, 5-ci, 7-ci maddələrinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarına və Avropa İnsan Hüquqları Məhkəməsi «Qavazov Bolqarıstana qarşı» qarşı 06 mart 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsasandırılmışdır ki, cavabdeh orqan sığorta ödənişinin verilməsindən, sığorta ödənişinin verilməsi üçün müəyyən olunmuş müddətin ötürülməsini bildirirərək imtina cavabı vermişdir. Lakin məhkəmə gedişi zamanı cavabdeh orqan iddia tələbinə etiraz edərək, sığorta hadisəsinin xəsarət dərəcəsinin müəyyən olunması barədə arayış təqdim olunmadığını bildirərək ilkin imtina cavabından fərqli formada cavab bildirmişdir. Bundan sonra xəsarətin ağırlıq dərəcəsinin müəyyən olunması barədə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş vəsatət həll edilmədən məhkəmə yekun aktını qəbul etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 337.5-ci, 339.6-cı, 346-cı və 354-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı mülki iş üzrə icraat dayandırılmış, 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, iddiaçının xəsarət alması iş materialları ilə müəyyən edilsə də, xəsarətinin dərəcəsi müəyyən edilməmişdir. Həmçinin iddiaçıya sığorta ödənişinin verilməsindən imtinaya əsas kimi əlilliyin təyin edilməsi zamanı müəyyən edilmiş 3 illik müddətin iddiaçı tərəfindən ötürülməsinə istinad edilmişdir.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
19. «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.
20. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir.
21. Həmin Qanunun 5-ci maddəsinə əsasən sığorta hadisələri baş verdikdə Sığorta məbləğinin faizlə aşağıdakı Sığorta ödənişləri verilir: a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz; b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz; c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz; ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə — 80 faiz; - İİ dərəcə əlilliyə görə — 60 faiz; - İİİ dərəcə əlilliyə görə — 40 faiz; d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.
22. Həmin Qanunun 7-ci maddəsinə əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: c) ağır, yaxud yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması halında: - xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı həqiqi hərbi xidmətdə olmuş, hərbi vəzifələrini icra edərkən xəsarət almış, ağrıları olmuş, daha sonra Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının xx.xx.2011-ci il tarixli, 161 saylı arayışı ilə ona “sol körpücük sümüyünün diafizinin orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığına görə aparılmış korreksiyaedici osteotomiyası, İlizarov üsulu ilə osteosintezi (19.01.11) cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu təyin edilmiş və həmin travmanın hərbi xidmət dövründə alındığı qeyd edilsə də, sözügedən arayışda İddiaçı aldığı xəsarətin dərəcəsi təyin edilməmişdir.
28. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçının aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqanlara müraciət edilmiş, lakin qənaətbəxş cavab əldə edilməmiş və yalnız iş materiallarında mövcud olan arayış məhkəməyə təqdim olunmuşdur.
29. Halbuki istinad edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, sığorta ödənişlərinin alınması üçün xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) dərəcəsi və səbəbi haqqında hərbi-həkim komissiyasının arayışı təqdim edilməlidir.
30. İş materiallarında isə İddiaçı hansı dərəcədə xəsarət alması müəyyən edilməmişdir.
31. Göründüyü kimi hazırda iddiaçı tərəfindən aldığı xəsarət ilə əlaqədar sığorta ödənişinin ödənilməsi tələb edilsə də, İddiaçı hansı dərəcədə xəsarət alması iş materialları ilə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçıya - həqiqi hərbi xidmət dövründə aldığı xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə aidiyyəti orqana müraciət etməsi, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməsi barədə izah vermişdir.
33. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya aldığı xəsarət dərəcəsi müəyyən edildikdən sonra yenidən «sığorta ödənişinin verilməsi» tələbinə dair məhkəməyə müraciət edə bilər.
34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə İddiaçı hansı dərəcədə xəsarət alması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini rədd etmişdir. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmuşdur.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə isə iddianın qiyməti 2750 manat olmaqla beş min manatdan olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5375/2021 saylı, 23 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov