Məhkəmə qərarları › İş №2(103)-4641/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4641/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4641/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 və cavabdehin nümayəndəsi (atası) X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Cavabdeh Rusiya Federasiyasında taxıl idxalı ilə məşğul olur. Fərdi sahibkar statusuna malki olan fiziki şəxs İddiaçı özünə məxsus VÖEN-dən istifadə edərək cavabdehə müxtəlif vaxtlarda pul göndərmiş, əvəzində isə cavabdeh tərəfindən taxıl idxal edilmişdir. Hazırda iddiaçı cavabdehə göndərilən pul vəsaitinin, həmçinin cavabdeh tərəfindən mallar idxal edilmədiyinə görə onun adına olan cərimə məbləğinin, həmçinin ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasını tələb edir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 83.724 manat, məhkəmə cərimələrinə görə 13.102,56 manat və dövlət rüsumu kimi ödədiyi 438 manat (370+68), cəmi olaraq isə 97.264,56 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ildən başlayaraq Rusiya Federasiyasında fəaliyyət göstərən Cavabdeh ilə iş birliyi qurmuşdur. Belə ki, o, «Urojay» şirkətinin direktoru idi və bir neçə dəfə nəğd hesablaşma və yaxud bank hesabı ilə Rusiya Federasiyasından taxıl məmulatı göndərməklə onun etibarını qazanmışdır. Aralarında olan müqaviləyə əsasən cavabdeh ona Rusiya Federasiyasından taxıl məhsullarını vaqonlarla göndərirdi. İddiaçı tərəfindən cavabdehə xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci ildə ******* rubil, xx.xx.2018-ci il tarixdə 864470 rubil, xx.xx.2018-ci il tarixdə ******* rubil, xx.xx.2018-ci il tarixdə 600000 rubil, xx.xx.2018-ci il tarixdə 615100 rubil ödəməklə, ümumilikdə Cavabdeh rəhbərlik etdiyi şirkətə 11278570 rubil məbləğdə pul ödənilmişdir. Cavabdeh ona xx.xx.2018-ci il tarixdə 2262445,44 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 573916,96 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 532388,96 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 574332,24 rubil dəyərində, xx.xx.2018ci il tarixdə 2271581,6 rubil dəyərində, xx.xx.2018-ci il tarixdə 1146172,8 rubil dəyərində taxıl göndərmişdir. Ümumilikdə, «Urojay» şirkətinin direktoru Cavabdeh ona ******* rubil dəyərində taxıl göndərmişdir. Lakin ona göndərdiyi ******* rubl dəyərində taxılı göndərməmiş, nə də həmin pulu bu günə qədər qaytarmamışdır. Bakı şəhərində müxtəlif yerlərdə dəfələrlə görüşləri olmuş, cavabdeh pulları qaytaracağını vəd etsə də, verdiyi vədə əməl etməmişdir. Dəfələrlə ona etdiyi xəbərdarlığa cavabdeh məhəl qoymamışdır. Hətta cavabdehə göndərdiyi 3.917.732 rublun Azərbaycan manatına olan kursu ilə hesablandıqda 83724 manat pula görə Rusiyadan taxıl vaxtında gəlmədiyi və ödənilən pullar banka geri qaytarılmadığı üçün məhkəmənin qərarı ilə inzibati qaydada həmin məbləğin 10% həcmində, yəni 8372 manat məbləğində cərimə olunmuşdur. Cavabdehə göndərdiyi pul onun əmlakıdır və həmin əmlakın cavabdehə qanuni qaydada taxılın alınması üçün verilsə də, sonuncu pulu almasına baxmayaraq nə taxılı göndərməmiş, nə də göndərdiyi pulu qaytarmamışdır. Bu hərəkəti ilə cavabdeh ona göndərdiyi öz əmlakından, yəni ******* rublun Azərbaycan manatına olan kursu ilə hesablandıqda 83724 manat puldan hazırki vaxta kimi mülahizəsinə görə istifadə edə, ona sərəncam verə, bir sözlə faydalana bilmir. Əksinə, məhkəmə tərəfindən 8372 manat cərimə olunmaqla da əlavə zərərə də düşmüşdür. Həmin 92.462,29 manat tələbin 8.372 manat hissəsini cavabdehə göndərdiyi 3.917.732 rublun Azərbaycan manatına olan kursu ilə hesabladıqda 83.724 manat pula görə Rusiyadan taxıl vaxtında gəlmədiyi və ödənilən pullar banka geri qaytarılmadığı üçün məhkəmənin qərarı ilə inzibati qaydada həmin məbləğin 10% həcmində, yəni 8.372 manat məbləğində cərimə olunmağı ilə əsaslandırmışdır. İnzibati qaydada cərimələndiyi məbləği səhv göstərmişdir. Əslində bu məbləğ 13.102,56 manatdır. Yəni, cavabdeh iki dəfə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə və ya ödənilən pulları banka qaytarmadığına görə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə cərimə olunmuşdur və bu hal ərizəyə əlavə etdiyi Asan Ödəniş proqramında öz əksini tapmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-2110/24) iddia rədd edilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı bu iddianı (83.724 manat məbləğinə münasibətdə) qaldırmaq üçün subyektiv hüququ olmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində və izahatında göstərdiyi faktiki hallardan və eləcə də məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də aydın olur ki, iddiaçının cavabdehdən tələb etdiyi pul vəsaiti (83.724 manat məbləğinə münasibətdə) əslində Şahid1 və Şahid2 İbrahim oğluna məxsus olmuş, məhz həmin pul vəsaiti iddiaçının adına açılan VÖEN-dən istifadə edilərək cavabdeh tərəfindən taxıl göndərilməsi məqsədilə cavabdehə göndərilmişdir. Yəni, başqa sözlə, hazırkı iddianın predmeti olan pul vəsaiti iddiaçının özünə məxsus olmamışdır. Hazırkı mübahisə də iddiaçının adına olan VÖEN-dən istifadə edilərək cavabdehin adına olan hesaba ödənilmiş iddia tələbində qeyd edilən pulun və cavabdeh tərəfindən mal vaxtında idxal edilmədiyinə görə iddiaçıya vurulan cərimə məbləğinin tələb edilməsi ilə əlaqədar yaranmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə (83.724 manat məbləğinə münasibətdə) dair iddia irəli sürmək üçün subyektiv hüququ olmadığından, tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin məhkəmə cərimələrinə görə 13.102,56 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassızdır. Belə ki, işin faktiki hallarından və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də müəyyən edildi ki, cavabdeh X3 “Urojay-S”-in direktorudur və iddiaçının adına açılan VÖEN vasitəsilə cavabdehə göndərilən pul vəsaiti əslində məhz həmin şirkətə göndərilmiş və vaxtında mal idxal edilmədiyinə görə iddiaçının adına cərimə hesablanmışdır. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, cərimə məbləğinin tutulması Cavabdeh yox, pulun rəsmi qaydada göndərildiyi OOO “Urojay-S” şirkətindən tələb edilməlidir. İddiaçının adına olan 13.102,56 manat cərimə məbləği Cavabdeh yox, “Urojay-S” şirkətindən tələb edilməli olduğu üçün iddia tələbi həmin hissədə də rədd edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarı, istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir.

8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Sahibkarlıq fəaliyyəti ilə əlaqədar bütün əməliyyatlar iddiaçının VÖEN-ni vasitəsi ilə hayata keçirilmiş, bütün rəsmi sənədlərdə sahibkarlıq fəaliyyətinin subyekti iddiaçı hesab edilmişdir. Yəni, həyata keçirilmiş sahibkarlıq fəaliyyətinə dair bütün risq iddiaçıya aid olmaqla, bu funksiyalar rəsmi qaydada onun tərəfindən həyata keçirilmişdir. Hətta qeyd edilən risqin nəticəsi olaraq, iddiaçı məhkəmənin qərarı ilə inzibati qaydada iki dəfə cərimələnməklə 13.102,56 manat məbləğində maddi zərərə məruz qalmışdır. Lakin, məhkəmə sadəcə subyektlərin məhkəmə prosesi zamanı verdiyi ifadələrə əsaslanmaqla yekun nəticəyə gəlmiş, iş üzrə digər sübutları araşdırmağa, hətta həmin sübutları ifadələrlə yanaşı dəyərləndirməyə, aralarında olan ziddiyyətləri analiz etməyə cəhd etməmişdir. Məhkəmənin öz qərarının əsası kimi istinad etdiyi sübut şəxslərin dəyişə bilən iradə ifadəsindən başqa bir şey olmamış, həmin şəxslərin fikirlərini, həmin fikirlərə dair verdikləri ifadələri dəyişə bilməsi, onlardan əlavə məsələyə dair ifadə verə biləcək hər hansı digər şəxsin olması, həmin şəxsin onlardan fərqli ifadə verə bilməsi halı isə heç nəzərə alınmamışdır. Verilmiş ifadələr məhkəmə tərəfindən kor-koranə halda, araşdırılmadan nəzərə alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etsə də, xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında izahat verərkən apellyasiya şikayətini müdafiə etmiş və onun təmin olunmasını xahiş etmişdir.

11. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

13. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı:

“mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006cı il tarixli Qərarı

“məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd olunduğundan, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni 83.724 manat pul tələbinin rədd edilməsi hissəsində düzgün həll etməmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməlidir.

18. Hazırkı iş üzrə iddiaçının tələbi iki hissədən ibarətdir:

19. 1) cavabdehdən 83.724 manat zərərin

20. 2) məhkəmə cərimələrinə görə 13.102,56 manat və dövlət rüsumu kimi ödədiyi 438 manat (370+68) pulun alınaraq ona verilməsi

21. Birinci tələbə münasibədə Kollegiya aşağıdakıları qeyd edir.

22. İddiaçı iddia edir ki, Cavabdeh ödədiyi 83.724 manat pulun müqabilində ona taxıl göndərməmiş, ödədiyi pulu da ona geri qaytarmamışdır.

23. Birinci instansiya məhkəməsi isə iddiaçının tələb etdiyi məbləğin ona məxsus olmaması, həmin pul vəsaitinin iddiaçının adına açılan VÖEN-dən istifadə edilərək cavabdeh tərəfindən taxıl göndərilməsi məqsədilə cavabdehə göndərilməsi və iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iddianı rədd etmişdir.

24. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.

25. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

26. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şahid ifadələri təqdim etmişdir. Şahidlər Şahid1, Şahid4, Şahid2 İbrahim oğlu, Şahid3 Sucəddin oğlu məhkəmə iclasında verdikləri ifadələrində iddiaçının VÖEN-ni ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, “Urojay”ın hesabına pulu göndərsələr də, göndərdikləri pulun dəyərinə uyğun buğda göndərilmədiyini, Cavabdeh “Urojay”ın direktoru olduğunu, danışıqların sonuncu ilə aparıldığını bildirmişlər.

27. Eyni zamanda iş materiallarından görünür ki, Bank VTB (Azərbaycan) ASC tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 863470 və ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən ******* rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 615100 rubl, xx.xx.2018-ci il tarixli, 01 nömrəli köçürmə ərizəsindən görünür ki, İddiaçı tərəfindən 600000 rubl pul köçürülmüşdür.

28. Beləliklə, şahid ifadələri və köçürmə ərizəsindən görünür ki, İddiaçı ilə “Urojay-S” şirkəti ilə bağlanmış müqavilə əsasında işgüzar münasibətlər olmuş, Şahid1, Şahid4, Şahid2 İbrahim oğlu, Şahid3 Sucəddin oğlu ilə birlikdə çalışmış, sahibkarlıq subyekti kimi məhz iddiaçı çıxış etmişdir.

29. Şahid1 ifadəsində İddiaçı bu işlərə onun cəlb etdiyini, onun VÖEN-dən istifadə etməkləri müqabilində ona da əldə etdikləri qazancdan pul verəcəkləri ilə razılaşmışlar. X8 Məmmədov, nə Şahid2, nə də digərləri hazırkı iş üzrə iddiaçının tələb hüququnu, tələb hüququnun iddiaçıya deyil onlara məxsus olmasını mübahisələndirməmişlər.

30. Məhkəmə kollegiyası hesab edir ki, “Urojay-S” şirkəti ilə müqavilələr məhz iddiaçı ilə bağlandığından, sahibkarlıq subyekti kimi iddiaçı çıxış etdiyindən və digər şəxslər bunu mübahisələndirmədiyindən iddiaçı belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar bütün əməliyyatlar iddiaçının VÖEN-ni vasitəsi ilə hayata keçirilmiş, bütün rəsmi sənədlərdə sahibkarlıq fəaliyyətinin subyekti iddiaçı hesab edilmişdir. Yəni, həyata keçirilmiş sahibkarlıq fəaliyyətinə dair bütün risq iddiaçıya aid olmaqla, bu funksiyalar rəsmi qaydada onun tərəfindən həyata keçirilmişdir. Hətta qeyd edilən risqin nəticəsi olaraq, iddiaçı məhkəmənin qərarı ilə inzibati qaydada iki dəfə cərimələnməklə 13.102,56 manat məbləğində maddi zərərə məruz qalmışdır.

32. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı 83.724 manat pul tələbini irəli sürməkdə subyektiv hüquqa malik olsa da, tələbini düzgün olmayan cavabdehə - Cavabdeh yönəltmişdir.

33. Belə ki, İddiaçı (VÖEN **********) və OOO “Urojay-S” arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 01/18 saylı müqavilə əsasında ödənilmiş məbləğlər və idxal olunmuş mallar haqqında Arayışdan görünür ki, İddiaçı tərəfindən Bank VTB (Azərbaycan)-dakı AZ07VTBA**********0000RUB004 hesabından xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018- ci il tarixində 863470 rub, xx.xx.2018-ci il tarixində ******* rub, xx.xx.2018-ci il tarixində 600000 rub, xx.xx.2018-ci il tarixində 615100 rub olaraq, cəmi 11278570 rubl vəsait ödənilmişdir. Bu ödənişlərin müqabilində xx.xx.2018-ci il tarixli ******* rub, xx.xx.2018-ci il tarixli ******* rub, xx.xx.2018-ci il tarixli ******* rub, yəni cəmi ******* rubl ödənişin müqabilində ******* rubl dəyərində OOO “Urojay-S” tərəfindən mal göndərilmişdir. Qalan ödənişlərin, yəni xx.xx.2018, xx.xx.2018, xx.xx.2018-ci il tarixlərində ödənilmiş məbləğlərin müqabilində heç bir mal göndərilməmişdir. OOO “Urojay-S”-in hal-hazırki tarixə İddiaçı borcu ******* rubl, cari valyuta kursu ilə 83724 manat təşkil edir.

34. İşin faktiki hallarından və məhkəmə iclasında dindirilən şahidlərin ifadələrindən də müəyyən edildi ki, cavabdeh X3 “Urojay-S”-in direktorudur və iddiaçının adına açılan VÖEN vasitəsilə cavabdehə göndərilən pul vəsaiti əslində məhz həmin şirkətə göndərilmişdir. Bu səbəbdən də Kollegiya hesab edir ki, tələb Cavabdeh yox, pulun rəsmi qaydada göndərildiyi OOO “Urojay-S” şirkətinə yönəldilməlidir.

35. MPM-ə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər (54.1.). İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır (54.2.).

36. Baxılan iş üzrə iddiaçı tərəfindən cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə ərizə verilməmiş, bu məsələ müzakirə predmeti olmamışdır.

37. İddiaçı işə baxılması zamanı cavabdehin əsl cavabdehlə əvəz olunması barədə vəsatət verməmişdir. Həmçinin işə baxan birinci instansiya məhkəməsi əsl cavabdehi işə cəlb etmədən, həmin tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə mahiyyəti üzrə qiymət verərək iddianı rədd etmişdir.

38. Digər tərəfdən, cavabdehin düzgün müəyyən olunması işin məhkəmə aidiyyətinin də dəyişdirilməsinə səbəb olacaqdır. Belə ki, iddiaçı fərdi sahibkar statusuna malik fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğu halda işə məhkəmə aidiyyəti üzrə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılacaqdır. Əslində, hazırkı işin və tərəflər arasındakı münasibətlərin xarakteri də bunu tələb edir.

39. MPM nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1).

40. Mülki prosessual qanunvericiliyə əsasən cavabdehin əsl cavabdehlə əvəz edilməsi birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilənədək mümkün olduğundan hazırkı icraat çərçivəsində həmin məsələnin müzakirəsi və həlli mümkün olmamışdır. Əks yanaşma işə yeni qoşulan cavabdehi bir sıra mühüm prosessual hüquqlardan, o cümlədən üçpilləli məhkəmə müdafiəsi hüququnda məhrum etmiş olmaqla, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsiplərinə zidd olardı. Bu, həmçinin apellyasiya instansiya məhkəməsinin əsas təyinatı olan birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının yoxlanılması baxımından da yolverilməzdir.

41. Ona görə də apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi 83724 manat pul tələbi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməməlidir.

42. İddia tələbinin məhkəmə cərimələrinə görə 13.102,56 manat pulun tutulması ilə bağlı hissədə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

44. MPM-ə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır (maddə 385.1.1, 385.1.4). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur (390).

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 may 2024-cü il tarixli qətnaməsi qismən - 83724 manat pul tələbinə aid hissədə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 83724 manat pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar