Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4642/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı X13 nümayəndəsi (vəkili) - Vəkil, Cavabdeh nümayəndəsi - X1, Cavabdeh nümayəndəsi (vəkili) - X6 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X13 və Cavabdeh ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X18 Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekt, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması, cavabdehdən iddiaçının xeyrinə 141.600,0 manat məbləğində cərimənin, 1.045.008,0 manat məbləğində əldən çıxmış faydanın, 696.672,0 manat məbləğində devalvasiyaya görə dəymiş ziyanın və 300.000,0 manat məbləğində mənəvi ziyanın, cəmi 2.183.280,0 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X18 iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında 25 yanvar 2010-cu il tarixdə müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini, hər bir kvadrat metri 1500 manatdan hesablanmaqla ******* manat müqabilində iddiaçı satmışdır. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə icra edilmiş və cavabdeh tərəfindən iddiaçının adına xx.xx.2012-ci il tarixli maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini kobud şəkildə pozaraq, bu günə qədər icra etməkdən yayınır. İllərdir ki, müxtəlif bəhanələrlə vaxtı uzadır, qeyri-yaşayış sahəsini nə naturada, nə də sənəd üzrə təhvil vermir. Hətta, xx.xx.2021-ci il tarixli pretenziya məktubuna belə cavab verilməmişdir. Müqavilənin 4.16-cı bəndinə əsasən cavabdeh binanı xx.xx.2010-cu il tarixinədək tikib, müqavilədəki mərtəbəni təmir üçün təhvil verilməli idi. Müqavilənin 4.17-ci bəndinə əsasən xx.xx.2011-ci il tarixinədək cavabdeh bina üçün Fövqəladə Hallar Nazirliyi və digər dövlət qurumları tərəfindən lazımi sənədləri alaraq, adına dövlət reyestri tərəfindən çıxarış verilməsini üzərinə öhdəlik götürmüşdür. Müqavilənin 4.18-ci bəndinə görə cavabdeh xx.xx.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini alıcıya şəhadətnamə (kupça) da daxil olmaqla təhvil verməzsə, eyni ərazidə tikdiyi digər binalardan eyni sahə qədər yerin verilməsini və alıcının öz sahəsində həyata keçirdiyi bütün dekorasiya işlərinin xərclərini xx.xx.2011-ci il tarixinədək qaytarılmasını öz öhdəsinə götürür. Bu ödəmə gecikərsə hər gecikən günə bir faiz cərimə hesablanır. Müqavilədə də açıq-aşkar qeyd olunduğu kimi, cavabdeh xx.xx.2011-ci il tarixədək qeyri-yaşayış sahəsini hüquq müəyyənedici sənədlərlə birlikdə iddiaçıya təhvil verməli idi. Lakin üzərinə götürdüyü öhdəlik bu günə qədər yerinə yetirməmişdir. Yəni, 10 ildən artıq müddət keçməsinə baxmayaraq müqavilə şərtləri icra edilməmişdir. Ona görə də, hər gecikən gün üçün iddiaçıya ödədiyi məbləğin bir faizi miqdarında cərimə ödənilməlidir. xx.xx.2011-ci il tarixdən hesablanmaqla 10 ildən artıq müddət ötmüşdür. ******* manat məbləğinin 1 %14160 manat təşkil etdiyini, həmin məbləği 10 ilə vurduqda 141600 manat çıxır. Beləliklə, cavabdeh iddiaçıya 141600 manat məbləğində cərimə ödəməlidir. Bundan əlavə, iddiaçı həmin qeyri-yaşayış sahəsindən çox böyük bir ticarət mərkəzi kimi istifadə etməyi planlaşdırmış və həmin fəaliyyətindən külli miqdarda vəsait əldə edəcəkdi. Lakin cavabdehin qanunsuz hərəkətləri nəticəsində əldə edə biləcəyi faydadan məhrum olmuşdur. Adi qaydada həmin sahəni icarəyə versəydi, ən azı ******* manat əldə edəcəydi (944 kv.m. x 9 manata 123 ay = 1045008). Yəni, orta hesabla bu illər ərzində göstərilən ərazidə kirayə qiymətləri bir kvadrat metr sahənin bir ay üçün 8-10 manat arasında olduğu, daha yuxarı qiymətlərlə icarəyə verildiyi təkzib olunmazdır. Yuxarıda göstərilən məbləğdə əldə edə biləcəyi minimum fayda əlindən çıxmışdır. Bundan əlavə, ölkədə devalvasiya baş vermiş, Azərbaycan Respublikası Mərkəzi Bankın 21 fevral 2015ci il tarixli qərarı ilə 0.78 manata bərabər olan 1 ABŞ dolları 1.05 manata, 21 dekabr 2015ci il tarixli qərarı ilə isə 1.05 manatı 1.55 manat təşkil etmişdir. Hal-hazırda isə 1.70 manat təşkil etməkdədir. Belə olan təqdirdə, əmlakının icarəsindən və digər fəaliyyətlərdən əldə edə biləcəyi gəlir ən azı 1,3 dəfədən artıq dəyərini itirmişdir. Ona görə də, hesab edir ki, vaxtında qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmədiyi üçün, həmin ziyanın əvəzi olaraq 696672 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. O cümlədən, qeyri-yaşayış sahəsi iddiaçıya hal-hazırki dövrə qədər təhvil verilmədiyi üçün, özü, ailə üzvləri ağır mənəvi, psixoloji iztirablar, sarsıntılar, stresslər keçirmişlər və onlara külli miqdarda mənəvi ziyan dəymişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-359/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, X18 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsinə X13 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X13 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci, 157.2-ci, 157.4-cü, 157.8-ci, 372-ci, 384.0.4-cü ,385.1-ci, 448.1-ci, 448.2-ci, 448.3-cü və 448.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Qətnamədən iddiaçı X13 nümayəndəsi (vəkili) - Vəkil tərəfinən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təmin edilən tələblərdən göründüyü kimi, Məhkəmə İddiaçının əmlak hüquqlarının pozulmuş hesab etmiş və bu hüquqları bərpa etmişdir.Deməli, İddiaçının hüquqları pozulmuşdursa, bu halda İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 21-ci maddəsinə əsasən ona dəymiş ziyanı tələb edə bilər.MM-nin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.İddiaçı da öz növbəsində pozulmuş hüquqların əvəzi olaraq Cavabdehdən: 1. Müqavilə üzrə cəriməni; 2. Əldən çıxmış faydanı; 3. Devalvasiya nəticəsində dəymiş ziyanı; 4. Mənəvi ziyanı tələb etmişdir.Məhkəmə isə hesab etmişdir ki, İddiaçı tərəfindən tələb olunan poulmuş hüquqların əvəzinin ödənilməsi sübut olunmur və bununla da MM-nin 21-ci maddəsinin tətbiqində səhvə yol vermişdir.Belə ki, əgər Məhkəmə hüquqların pozulmasını qəbul edirsə, onların bərpası zamanı əvəzinin tələb edilməsi iddiaçı tərəfindən sübut olunmamalıdır. Bu halda, Məhkəmə iddiaçıdan dəymiş ziyanın dəyib-dəyməsini deyil, yalnız tələb olunan məbləği sübut edilməsini tələb edə bilər ki, bu məbləğləri də iddiaçı həm iddia ərizəsində, həm də ki, iş materiallarında sübut etmişdir.Həmçinin, cavabdeh İddiaçı qarşısında götürdüyü öhdəliklərini pozmuş və iddiaçı məhz bu öhdəliklərin pozulmasına görə cavabdehdən dəymişz ziyanı tələb etmişdir.MMnin 443.1.maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.Odur ki, MPM-nin 385.1.1.-ci maddəsinə uyğun olaraq Qətnamənin ləğv edilməsi üçün əsas yaranmışdır.Mülki Prosessual Məcəlləyə əsasən (maddə 81, 88, 77.1, 77.3, və 217.4) məhkəmə öz qətnaməsində aşağıdakı hallarda sübutlarla qanunvericiliyin tələblərinə uyğun olaraq işləməmişdir:Birincisi, məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddəalarını nəzərə almamışdır. məhkəmə bu müddəaları nəzərə alsaydı, cavabdehdən cərimənin tutulması tələbini təmin edərdi.İkincisi, məhkəmə qiymətləndiricinin rəyini nəzərə almadan, səhv nəticəyə gəlmişdir ki, əldə çıxmış fayda tələbi sübut edilməmişdir.Halbuki, həmin qiymətləndirmə aktında birmənalı olaraq icarə haqqının (əldə çıxmış faydanın) məbləği sübut olunmuşdur.Üçüncüsü, məhkəmə devalvasiya ilə bağlı tələbin nəyə görə sübut olunmamasını da əsaslandırmamışdır.Hesab edir ki, devalvasiyanın məbləğinin əsaslandırılması üçün hər hansı sübut tələb olunmamalı idi.Çünki, bu ümumi məlum olan faktdır.Dördüncüsü, məhkəmə hesab etmişdir ki, mənəvi ziyan sübut olunmamışdır. Hesab edir ki, iddiaçının hüquqlarının pozulması sübut olunduğu halda, onun mənəvi ziyanın tələb olunması hissəsi sübut olunmamalı idi.Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)359/2022 saylı qətnaməsini iddia tələblərinin təmin edilməməsi hissəsində ləğv edib, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)359/2022 saylı qətnaməsindən həmçinin, Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti də apellyasiya şikayəti vermişdir.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin olunduğu hissədə əsassız və qanunsuzdur. Belə ki, məhkəmə iddia tələbinin təmin edilməsi hissəsində maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, Cavabdeh “Kooperativ” kimi təqdim etməyə çalışmış, subyektiv mülahizələrə yol verməklə əsassız nəticəyə gəlmişdir.Məhkəmə qətnaməsinin giriş hissəsində baxdığı iddia tələbini düzgün göstərməmiş və bununla qeyrimüəyyənliyə yol vermişdir.Qətnamədə çıxarılma tarixi 15 mart 2022-ci il göstərilsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 227.2-ci maddəsinin tələbləri pozularaq yalnız 14 aprel 2022-ci ildə elektron kabinetə yerləşdirilmiş və bu barədə cavabdehə heç bir məlumat verilməmişdir İstinad edilən 25 yanvar 2010-cu il tarixli Müqavilə haqqında Cəmiyyətdə heç bir sənəd, məlumat mövcud deyil və belə Müqavilənin hansı şəraitdə, necə imzalanması, iddiaçı tərəfindən ödəniş edilməsi onlara məlum deyil.İddiaçı 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə qeyri-yaşayış sahəsinin 01 iyun 2011-ci ilədək hüquqmüəyyənedici sənədlərlə birlikdə ona təhvil verilməli olduğunu iddia etsə də, keçən 10 il ərzində iddiaçı Cəmiyyətə hər hansı yazılı və ya şifahi müraciət, tələb irəli sürməmişdir.İddiaçının onun tərəfindən ödənildiyinə istinad etdiyi 1.416.000 (bir milyon dörd yüz on altı min) manatı necə əldə etməsi və hansı qaydada və kimə ödəməsi barədə iddia ərizəsində heç bir məlumat yoxdur. İddiaçı istinad etdiyi 25 yanvar 2010-cu il tarixli Müqavilənin və 16 dekabr 2012-ci il tarixli Maliyyə arayışının əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etməmişdir.Belə Müqavilənin hansı şəraitdə, necə imzalanması müəmmalı xarakter daşıyır.Təqdim edilən sənədlərdən görünür ki, həmin müqavilədə Cəmiyyətin təsisçilərindən biri olan sabiq direktoru X7 və X3 adından imzalanmışdır . Adı çəkilən şəxs Cəmiyyətin fəaliyyəti ilə əlaqədar çoxsaylı saxtakarlıqlara yol verməsi səbəbindən 2013-cü ildə direktor vəzifəsindən azad edilmişdir.Bundan sonra Cəmiyyətdə audit yoxlaması aparılmış və ciddi pozuntular və zərər vurulması halları aşkar edilmişdir.İddiaçının cavabdehlə aralarında mövcud olmasına istinad etdiyi münasibətlərin qiymətləndirilməsi ilə bağlı məhkəmənin yol verdiyi kobud səhv cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verilməsi zamanı özünü kəskin şəkildə göstərmiş, nəticədə, məhkəmə cavabdehi Kooperativ kimi qəbul edərək, iddiaçının pay haqqını ödəməklə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yarandığını qeyd etmiş və hazırki mübahisənin mülkiyyət hüququ ilə bağlı olduğundan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, iddia müddətinin şamil olunmaması qənaətinə gəlmişdir.Belə ki, cavabdeh təşkilati hüquqi formasına görə Kooperativ deyil, Məhdud Məsuliyyətli Cəmiyyətdir.Fiziki şəxslərin kooperativə üzv olması, əmlak əldə etməsi və kooperativ üzvünün əmlaka dair mülkiyyət hüququnun yaranması qaydaları xüsusi tənzimləməyə məruz qalmaqla, məhdud məsuliyyətli cəmiyyət ilə yaranan münasibətlərdən fərqlənir.Məhkəmənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsini tətbiq etməsi də gəldiyi səhv nəticəni əsaslandırmağa cəhd hesab olunmalıdır.Tərəflər arasında bağlanmasına istinad olunan müqavilə öhdəlik-hüquqi xarakterlidir . Halbuki, məhkəmə iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olub-olmamasına hüquqi qiymət verilməsi zamanı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə diqqətlə yanaşmalı idi. Belə ki, qərarda izah olunmuşdur ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Belə ki, Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir . Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır . Bundan fərqli olaraq, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının fərqli olaraq, Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyriyaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Payçı hər hansı əmlaka görə pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edir. İddiaçının istinad etdiyi Müqavilə üzrə qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi üçün son müddət 01 iyun 2011-ci il müəyyən olunmuşdur. Həmin tarixdən 10 ildən artıq müddət keçsə də, iddiaçı Cəmiyyətə qarşı heç bir tələb irəli sürməmiş, qanunvericiliyin iddia müddəti ilə bağlı tələbini də kobud surətdə pozaraq, daşınmaz əşyalarla bağlı 6 illik xüsusi, o cümlədən 10 illik ümumi iddia müddətini də ötürmüşdür.Cavabdeh apellyasiya şikayətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)- 359/2022 saylı qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və İddiaçı iddia tələblərinin tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı X7 və X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunsalar da onlarla bağlı hüquq və vəzifələrə dair mübahisələrin həll edilməli olması müəyyən edilmədiyindən 3-cü şəxs qismində məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.Belə ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasındakı 25 yanvar 2010-cu il tarixli müqavilənin Cəmiyyətin təsisçilərindən biri, həmçinin sabiq direktoru X7 və X3 adından imzalandığını, adı çəkilən şəxs Cəmiyyətin fəaliyyəti ilə əlaqədar çoxsaylı saxtakarlıqlara yol verməsi səbəbindən 2013-cü ildə direktor vəzifəsindən azad edildiyini, bundan sonra Cəmiyyətdə audit yoxlaması aparılması və ciddi pozuntular və zərər vurulması halları aşkar edildiyini göstərsə də belə sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçı X13 nümayəndəsi (vəkili)-Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddiaçının apellyasiya şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi-X2 MMC-nin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi (vəkili) - X10 MMC-nin apellyasiya şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, hər iki tərəfin apellyasiya şikayəti qismən təmin olunmalı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)359/2022 saylı qətnaməsi ləğv olunmalı, iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Əvvəla Kollegiya apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçı apellyasiya şikayətində Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)- 359/2022 saylı qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində, cavabdeh isə apellyasiya şikayətində iddianın təmin edilən hissədə mübahisələndirirlər.Odur ki, qətnamə tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə Kollegiyası aşağıdakıları edir: İş materiallarına əlavə olunmuş: iddiaçı X15 Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, müqavilənin 1.1 bəndinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini almağı öhdələrinə götürmüşlər. xx.xx.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli və xx.xx.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən 100.000 manat, 400.000 manat və 700.000 manat, cəmi 1.200.000 manat cavabdehə ödəniş edilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə istinad etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin xx.xx.2018-ci il tarixədək qüvvədə olan məzmununa əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Halbuki, iş materiallarından və tərəflər iddiaçı X15 Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, müqavilənin bir tərəfi Mənzil Tikinti Kooperativi deyil, Məhdud Məsuliyyətli Cəmiyyətidir. Həmçinin, yuxarıda qeyd edilən müqavilənin müqavilənin 1.1 bəndinə əsasən cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsini iddiaçıya satmağı, iddiaçı isə həmin qeyri-yaşayış sahəsini almağı öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.16 bəndinə əsasən cavabdeh binanı xx.xx.2010-cu il tarixədək tikib müqavilədəki mərtəbəni təmir üçün iddiaçıya təhvil verməyi, Müqavilənin 5.1 bəndinə əsasən “Alıcı” bu müqavilədə göstərilən müddətlərdə ödənişləri həyata keçirməyi öhdələrinə götürmüşlər. Beləliklə, tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan Müqavilənin şərtlərindən və məzmunundan görünür ki, həmin Müqavilə daşınmaz əmlakın alqı-satqısına dair nə ilkin müqavilə deyil, nə də daşınmaz əmlakın alqı-satqısına dair müqavilə deyil, əslində Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa ediləcək çoxmərtəbəli binada (X14 bloku) qeyri-yaşayış sahəsinin inşası ilə bağlı Podrat müqaviləsidir.Belə ki, Respublikamızda mülki dövriyyənin iştirakçıları arasında inşa ediləcək binalardan, ticarət mərkəzlərindən və.sair mənzil, qeyri-yaşayış sahələri əldə etmək üçün bağlanmış oxşar müqavilələr də notarial qaydada təsdiq olunmamış, həmin müqavilələr Podrat müqaviləsi olaraq təfsir edilir.Yəni əslində Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin notarial qaydada alqı-satqısı da mümkün deyildir, ona görə ki, daşınmaz əmlak onun mülkiyyətçisi tərəfindən özgəninkiləşdirilir və bu halda mülkiyyətçi hüquqları Daşınmaz Əmlakın Dövlət reyestrində mövcud olur. Mülki Məcəllənin 404.1.-cü maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 752.1.-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən müqavilə şərtlərinə və məzmununa görə podrat müqaviləsidir. Göstərilənlər əsasən Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə razılaşır ki, birinci instansiya məhkəməsi düzgün olmayaraq cavabdehi Kooperativ kimi qəbul edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsini tətbiq etməklə iddiaçının pay haqqını ödəməklə qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun yarandığını qeyd etmişdir. Lakin Kollegiya daha sonra qeyd edir ki, iş materialları ilə təsdiq olunur ki, xx.xx.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir. O cümlədən xx.xx.2010-cu il tarixli, xx.xx.2010-cu il tarixli və xx.xx.2011-ci il tarixli kassa mədaxil orderinin qəbzlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2010-cu il tarixli müqaviləyə əsasən 100.000 manat, 400.000 manat və 700.000 manat, cəmi 1.200.000 manat cavabdehə ödəniş edilmişdir. Beləliklə, yuxarıda qeyd edilən notarial qaydada təsdiq edilmiş ödəniş sənədləri ilə təsdiq olunur ki, iddiaçı X18 Cavabdeh ilə bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə üzrə öhdəliyini tam olaraq icra edərək, qeyri-yaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir.Cavabdeh isə bu müqavilə üzrə öhdəliyini icra etməkdən yayındığı üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Həmin Məcəllənin 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, X18 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X13 sahiblik və istifadə hüquqları tanınması, həmin qeyriyaşayış sahəsinin təhvil verilməsi yolu ilə X13 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılması hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin cərimənin, əldən çıxmış faydanın, dəymiş ziyanın tutulması hissələrinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələblər üzrə cavabdehdən pul məbləğləri tələb etsə də, qeyd olunan tələblərin əsası kimi hər hansı bir sübut məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də məhkəmə Kollegiyası hesab edir ki, iddia göstərilən hissələrdə təmin oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsində və apellyasiya şikayətində iş materiallarında olan (i/vərəqi 12-13) REC-İNVEST MMC-nin “Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) icarə haqqının müəyyən edilməsi barədə” Arayışına istinad edərək 2011-2021-ci illər üzrə icarə haqqının tutulmasını tələb etsə də, bu iddiaçının həmin hissələrdə tələbinin təmin olunması üçün kifayət qədər tutarlı və mötəbər sübut hesab oluna bilməz.Belə ki, iddiaçı məsələn, qeyri-yaşayış sahəsinin belə icarə haqqı müqabilində qeyd edilən illər ərzində hətta icrəyə verəcəyi barədə öhdəlik götürməsinə dair digər şəxslərlə bağladığı müqavilə və.sair də təqdim etməməklə bərabər, o cümlədən istinad edilən 2011-2021-ci illər üzrə qeyri –yaşayış sahəsini REC-İNVEST MMC-nin “Daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) icarə haqqının müəyyən edilməsi barədə” Arayışına istinadən göstərdiyi icarə məbləği müqabilində icarəyə verəcəyini möhkəm və təkzib edilməz dəlillərlə əsaslandırmamışdır. Odur ki, iddia tələbi və iddiaçının apellyasiya şikayəti cərimənin, əldən çıxmış faydanın, dəymiş ziyanın tutulması hissələrinə münasibətdə əsassızdır. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın tutulması hissələrinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur.Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, ... mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların çəkidiyi mənəvi sarsıntıların hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o təsəlli tapa bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 3.000,0 manat olmaqla pul vəsaitinin tutulması ağlabatandır və həmin məbləğ iddiaçının mənəvi iztirablarının mütənasib əvəzi kimi qəbul edilə bilər. Məhkəmə Kollegiyası müqavilənin tərəfi (müqavilən bir tərəfinin Mənzil Tikinti Kooperativi deyil, Məhdud Məsuliyyətli Cəmiyyəti olması), şərtləri və məzmunu, bununla əlaqədar MMnin 178.8-ci maddəsinin tətbiq edilməsinin əsassız olması ilə bağlı dəlillərinə yuxarıda qiymət verildiyini nəzərə alaraq cavabdehin apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Cavabdehin tərəflər arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilənin və 16 dekabr 2012-ci il tarixli Maliyyə arayışının əslini və ya lazımi qaydada təsdiq edilmiş surətini iddia ərizəsinə əlavə etməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı həmin sənədlərin notarial təsdiq olunmuş surətlərini birinci instansiya məhkəməsinə təqdim etmiş və həmin sənədlər iş materiallarında mövcuddurlar.(i/vərəqi 70-76). Müqavilənin hansı şəraitdə, necə imzalanmasının müəmmalı xarakter daşıması ilə bağlı cavabdehin şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi, həmçinin vəkili apellyasiya baxışı zamanı tərəflər arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilənin və 16 dekabr 2012-ci il tarixli Maliyyə arayışının Cəmiyyətin təsisçilərindən biri olan sabiq direktoru X7 və mühasib X3 adından imzalanmasını, adı çəkilən şəxslərin 2013-cü ildə vəzifələrindən azad edildiyini bildirmişlər, lakin həmin şəxslərin səlahiyyətli olmamaları, yaxud müqavilənin etibarsız hesab olunmasına səbəb olan hər hansı halların mövcudluğuna dair ağlabatan dəlillər və mötəbər sübutlar təqdim etməmişlər.Xüsusən qeyd edilməlidir ki, 16 dekabr 2012-ci il tarixli Maliyyə arayışı Cavabdeh direktoru tərəfindən imzalanmaqla Cəmiyyətin möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir.Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. O da qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində adı çəkilən şəxslər, yəni Cəmiyyətin təsisçilərindən biri olan sabiq direktoru X7 və mühasib X3 2013-cü ildə vəzifəsindən azad edildikdən sonra Cəmiyyətdə audit yoxlaması aparılması və ciddi pozuntular və zərər vurulması halları aşkar edildiyini göstərsə də belə sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehin iddia müddəti ilə bağlı ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, xx.xx.2012-ci il tarixli 10/16 saylı Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı qeyriyaşayış sahəsinin 1.416.000 manat dəyərini cavabdehə tam ödəmişdir və beləliklə iddiaçının qeyri-yaşayış sahəsinə mülkiyyətinə dair qanuni gözləntisi mövcuddur.Hazırki mübahisə mülkiyyətçinin hüququnun pozuntusunun aradan qaldırılması ilə bağlı olmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinin tələblərinə əsasən bu hüquq münasibətindən irəli gələn tələb onun irəli sürülməsi müddətindən asılı olmayaraq məcburi qaydada müdafiə olunmalıdır.Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisəyə göstərilənlərə əsasən iddia müddəti şamil edilmədiyindən iddia müddəti tətbiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçının apellyasiya şikayəti qismən təmin olunsun. Cavabdehin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(006)359/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. X18 ilə Cavabdeh arasında bağlanmış 25 yanvar 2010-cu il tarixli müqavilə üzrə əldə edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 34-də yerləşən ərazidə layihə sənədlərinə uyğun olaraq inşa olunan çoxmərtəbəli binanın (X14 bloku) 16-cı mərtəbəsində 944 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə X13 sahiblik və istifadə hüquqları tanınsın, həmin qeyri-yaşayış sahəsinin təhvil verilməsi yolu ilə X13 sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr aradan qaldırılsın. Cavabdehndən mənəvi zərər olaraq 3000,0 (üç min) manat tutularaq iddiaçı X16 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-4642/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4642/2022
01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver