Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4645/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zülfliqar qızının ona məxsus olan ünvan 1 ünvandakı yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 sentyabr 2013cü il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan uşaqları olmamışdır. Cavabdeh ona xəyanət etdiyi üçün nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bununla əlaqədar ona xx.xx.2021 -ci il tarixli boşanma haqqında şəhadətnamə verilmişdir. O, hələ cavabdehlə nikaha girməzdən əvvəl yuxarıda qeyd olunan ünvan 1 ünvanda fərdi yaşayış sahəsi tikdirmişdir, orada yaşamaqla oraya pasport qeydiyyatına alınmışdır. Qeyd olunan mənzilə pasport qeydiyyatına alınmaqla onun həmin yaşayış sahəsindən istifadə hüququm faktiki olaraq tanınmışdır. Cavabdehin onun mənzilinə heç bir hüququ yoxdur, onunla nikahda olarkən orada yaşamasına əsası olsa da, nikah pozulduqdan sonra onun mənzilində qalıb yaşamasına heç bir nə qanuni, nə də ki mənəvi haqqı qalmamışdır. Cavabdehdən boşandıqdan sonra mənzilini tərk edib getməsini tələb etsə də, bunu könüllü şəkildə etməkdən imtina etmişdir. Halbuki, onun bundan sonra da yüngül həyat tərzi keçirərək onun yanında qalması qətiyyən qəbuledilməzdir, cavabdehin mənzilinə pasport qeydiyyatı da yoxdur. Bu məsələ məhkəmə qaydasında həll olunmalıdır, cavabdeh onun mənzilindən məhkəmə qaydasında çıxarılmalıdır. O, mənzilə çıxarışı olmasa da , həmin mənzilin potensial mülkiyyətçisidir və yaşayış sahəsindən istifadə hüququnun təmin edilməsi üçün cavabdeh onun mənzilindən məhkəmə qaydasında çıxarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(008)-4209/2021 nömrəli qətnaməsi ilə iddia ərizənin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün hüquqi qiymət vermədiyini, onun subyektiv hüquq sahibi olmadığı barədə səhv nəticəyə gəldiyini, cavabdehin onunla nikaha girdikdən sonra hazır evə köçdüyünü nəzərə almadığını, verdiyi qərarla maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9055/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2021 saylı iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə çıxarılması, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinin təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğlərinin iddiaçının özünə aid olunması qət edilmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə, bu mümkün olmadıqda isə, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1736/2022 nömrəli, 18 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9055/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının suallarına cavab olaraq isə bildirdi ki, evi öz vəsaiti almışdır. Lakin bu hala dair hər hansı sübutu yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli tikili özbaşına tikili olması işin mübahisələndirilməyən halıdır. İddiaçı isə həmin tikilinin onun vəsaiti hesabına alındığını iddia edir, lakin həmin hala dair hər hansı sübutü təqdim edə bilmir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(008)-4209/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1250/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış, 12 sentyabr 2013-cü il tarixli, 428 saylı nikah qeydi ləğv edilmişdir. İş materiallarında olan Abşeron rayonu Qeydiyyat Şöbəsinin AZ İ seriyalı, 374942 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah xx.xx.2021-ci il tarixdə 115 nömrəli akt qeydi ilə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında yaranmış mübahisənin predmenti olan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikilindir və həmin evi Azərbaycan Respublikası DƏDRX-də heç bir qeydiyyatdan keçməmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli evin iddiaçı və cavabdehin nikaha girməsindən əvvəl iddiaçı tərəfindən inşa edildiyinin (yaxud hazır vəziyyətdə alındığının) işin mübahisələndirilməyən halı olduğunu qeyd etmiş, həmçinin müəyyən etmişdir ki, cavabdeh evin tikilməsində, yaxud cari təmirində hər hansı şəkildə iştirak etməmiş və tikintiyə sərf olunmuş materiallar üzərində hər hansı hüquq əldə etməmişdir. Halbuki, MPM-in 77-ci maddəsi (§ 26) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi işin mübahisə edilən hallarını mübahisəsiz hallar kimi təqdim etmiş, sübutetmə yükünü müəyyən etməmiş, işin hallarını yalnız iddiaçı tərəfin bildirdikləri əsasında müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya qeyd edir ki, prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı torpaq sahəsini qeyri-rəsmi şəkildə onun tərəfindən alındığını və həmin evdə tikilmiş özbaşına tikilinin həmin torpaq ərazisində olmasını, nikaha girməzdən əvvəl onun tərəfindən alınmasını qeyd etdiyi təqdirdə, bu halı sübut etməlidir. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri üzrə məhkəmə kollegiyası tərəfində aparılmış araşdırma zamanı iddiaçıya mübahisəli fərdi yaşayış evinə (özbaşına tikili) dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olması təklif olunsa da, iddiaçı bu hala dair hər hansı sübut təqdim edə bilməmiş, iddiasını yalnız şifahi mülahizələri ilə əsaslandırmışdır. Əksinə iş materiallarından görünür ki, kommunal xərclər cavabdeh tərəfindən ödənilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi , İ.Turqenev küçəsi 2 Q saylı fərdi yaşayış evinə mülkiyyət hüquqlarının yaranmasını qeyd etsələr də, məhkəmə hesab edir ki, mülkiyyət hüququ yalnız torpaq sahəsinin və onun üzərində tikilmiş tikilinin qanunla müəyyən edilmiş qaydada dövlət reystrində qeydiyyatda alındıqdan sonra yaranır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən çıxarılma» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya apellyasiya şikayətinin dəlillərini münasibətdə isə qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar yuxarıda qeyd edilənlərlə əsasən təmin edilə və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4209/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4645/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4645/2022
06.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver