Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4646/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçılar İddiaçı və X7 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı və X7 (X5 qanuni nümayəndəsi) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna (bundan sonra ƏSF) qarşı “əmanətlərin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması (kompensasiya edilməsi)” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar, İddiaçı məxsus 327.831,43 ABŞ dolları və X6 xeyrinə qoyulmş 77.614,31 ABŞ dolları məbləğində əmanətlərin tam sığortalanmış qorunan əmanət kimi cavabdeh ƏSF-dən tutularaq, onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ƏSF, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış 28.12.2015-ci il tarixli standard depozit müqaviləsinə əsasən, İddiaçı tərəfindən 36 ay müddətinə illik 10,5% olmaqla, Aura Xəlilova ilə bank arasında bağlanmış 09.01.2014-cü il tarixli uşaq əmanəti müqaviləsinə əsasən 13% dərəcəsi ilə pul əmanəti yerləşdirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və ƏSF 04.10.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Bank müflis elan edildikdən sonra iddiaçılar cavabdehə müraciət etmiş və İddiaçı sözügedən əmanət müqaviləsi üzrə 17.11.2016-cı il tarixdə kompensasiya ödənilmiş və bu zaman haqlı olaraq “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsi tətbiq edilmişdir. Hazırkı halda iddiaçı ilə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcələri ƏSF-nin Himayəçilik Şurasının müəyyən etdiyi 3 %lik səddi keçdiyi aşkar göründüyü üçün iddianın təmin edilməsi üçün heç bir əsas olmamışdır. İddiaçının Banka əmanətin qorunan hesab edilməsi üçün dəyişiklik edilməsi barədə müraciətinə münasibətdə qeyd edilir ki, iddiaçıların bankda bir sıra hesab və əmanətləri olmuş və iddiaçılar hansı əmanətə münasibətdə tələbinin həyata keçirilməsini qeyri-dəqiq ifadə etmişdir. Bundan əlavə, Aura Xəlilovanın adına yerləşdirilmiş əmanət müqaviləsi üzrə pul vəsaiti Banka yerləşdirildiyi dövrdə belə qorunan əmanətlərə aid edilməmişdir. Belə ki, 09.01.2014-cü il tarixdə açılmış hesab üzrə əmanət yerləşdirilmiş və həmin əmanət üzrə illik faiz dərəcəsi 13 % olmuşdur. Lakin əmanətin yerləşdirildiyi dövrdə ƏSF-nin X2 Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsi xarici valyutada qorunan əmanətlər üzrə 12% müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 4.1-ci maddəsinə görə, əmanətin qorunan hesab olunması üçün əmanətçinin müvafiq müraciəti olmalı və bu müraciət əsasında Qanunun 3-cü maddəsinin tələbinə müvafiq olaraq dəyişiklik edilməlidir. Yəni, əmanətçi tərəfindən belə müraciəti olduğu, lakin müqavilədə müvafiq dəyişikliyin edilmədiyi halda əmanət qorunmayan əmanət olaraq qalacaqdır. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi, apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etdi İddiaçıların nümayəndəsi və vəkili isə, apellyasiya şikayətinə etiraz edərək, rədd olunmasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, QSC “Bank Standard” KB ilə Fikrət Xəlilov arasında bağlanmış 09.01.2014-cü il tarixli, LD********** saylı uşaq əmanəti müqaviləsinə əsasən, sonuncu tərəfindən qızı Xəlilova Auranın xeyrinə 10.07.2030-cu il tarixədək illik 13 faiz dərəcəsi olmaqla 6370 ABŞ dolları əmanət yerləşdirilmişdir. QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 28.12.2015-ci il tarixli, LD********** saylı standart depozit müqaviləsinə əsasən, sonuncu tərəfindən bankda onun adına açılmış depozit hesabına illik 10,5 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 500 ABŞ dolları əmanət yerləşdirilmişdir. İddiaçılar 14.09.2016-cı il tarixdə Bankın “VİP” filialına müraciət edərək, Bankın maliyyə vəziyyəti qeyri-qənaətbəxş olduğuna görə, özlərinin depozit hesabındakı xarici valyutada olan vəsaitlərinin qorunan əmanətlərə aid edilməsi üçün depozit müqavilələrinə dəyişikliklər edilməsini xahiş etmişlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə QSC “Bank Standard” KB müflis elan edilmiş və ƏSF 04.10.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. LPO QSC “Bank Standard” KB-nin 24.10.2016-cı il tarixli kreditor tələblərinin qeydiyyatı barədə 0510 və 0511 saylı qəbzlərindən görünür ki, İddiaçı 327.831,43 ABŞ dolları məbləğində, Aura Xəlilovanın isə 77.614,31 ABŞ dolları məbləğində tələbi kreditor tələbi kimi qeydə alınmışdır. QSC “Bank Standard” KB-nin əmanətçiləri qarşısında öhdəliklərinin reyestrindən çıxarışa əsasən, İddiaçı məxsus kompensasiya olunmayan pul vəsaiti 327.831,43 ABŞ dolları, Aura Xəlilovaya məxsus kompensasiya olunmayan pul vəsaiti 77.614,31 ABŞ dolları təşkil edir. İddiaçılar 13.02.2017-ci il tarixli pretenziya məktubu ilə Fonda müraciət edərək, əmanətlərin 100 faizi həcmində ödənilməsinin təmin edilməsini, əks halda məhkəməyə müraciət edəcəklərini bildirilmişlər. ƏSF tərəfindən 24.02.2017-ci il tarixli, 19/19332 saylı cavab məktubunda göstərilmişdir ki, Himayəçilik Şurası tərəfindən qəbul edilən qərara uyğun olaraq 24.02.2015-ci il tarixə kimi 12 faiz həddində qəbul edilmiş bütün əmanətlər bu tarixdən etibarən qorunan əmanət hesab olunur. Yəni, göstərilən tarixə qədər 12 faizə cəlb edilən əmanətlər qorunan əmanətlər sayılır. 02.03.2016-cı il tarixdən etibarən Fonda üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanır və tam kompensasiya olunur. Ödənilməmiş qalıq məbləğlər sığortalanmadığından, həmin məbləğlər “Banklar haqqında” Qanunun 82.1.8-ci maddəsinə uyğun olaraq təsnifləşdirilmiş, təminatsız kreditor tələblərinə aid edilmişdir və həmin maddədə göstərilmiş növbəlilik qaydasına riayət olunmaqla ödənilə bilər. İddiaçıların 14.09.2016-cı il tarixdə Bankın “VİP” filialına ünvanlanmış müraciətində tələblər dəqiq göstərilməmiş, bankdan hansı faizlə dəyişikliklər edilməsinin istənilməsi müəyyən edilməmiş, buna görə də heç bir müqavilə bağlanmamış, heç bir razılaşma aşkarlanmamışdır. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı, mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. “Əmanətlərin sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Qanunun 2.1.9-cu maddəsinə əsasən, sığorta hadisəsi - iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. İşin faktiki hallarından göründüyü kimi, QSC “Bank Standard” KB ilə Fikrət Xəlilov və İddiaçı arasında ayrı-ayrılıqda bağlanmış standart depozit müqavilələrinə əsasən, sonradan əlavələr edilməklə sonuncular tərəfindən müvafiq olaraq 77.614,31 ABŞ dolları (qızı Aura Xəlilovanın xeyrinə) və 327.831,43 ABŞ dolları pul əmanəti yerləşdirilmişdir. QSC “Bank Standard” KB, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə müslif elan edilmiş, ƏSF bankın ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi, sığorta hadisəsi sözügedən standart depozit müqavilələrinin qüvvədə olduğu dövrdə baş vermişdir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən, cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunmayan əmanətlərə aid edilir. Həmin Qanunun 8.1.20-ci maddəsinə görə, X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir. X9 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 10 iyun 2009-cu il tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 01 avqust 2013-cü il tarixli qərarla 10 faiz, 24 fevral 2015-ci il tarixli qərarla 12 faiz, 02 mart 2016-cı il tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 16 sentyabr 2016-cı il tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” 05.09.2018-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, həmin maddəyə görə, bu Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. İddiaçılar banka sığorta hadisəsindən əvvəl (14.09.2016-cı il tarixdə) müraciət edərək əmanətlərin qorunan hesab edilməsi üçün şərtlərin dəyişdirilməsini xahiş etmiş, lakin bankın ləğvedicisi 27.02.2017-ci il tarixli məktubu ilə buna dəyişikliyin hansı qaydada edilməsi dəqiq göstərilməməsi əsas gətirilmişdir. İşdən görünür ki, cavabdeh tərəf eyni dəlili Fikrət Xəlilovun öz adına qoyduğu əmanətin tam sığortalanmış qorunan əmanətlərə aid edilməsi və qaytarılması (kompensasiya edilməsi) barədə əvvəllər qaldırdığı iddia üzrə işə baxılan zaman da irəli sürmüşdür. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış 2(103)- 602/2019 saylı, 26.02.2019-cu il tarxli qətnaməsi ilə ƏSF-nin apellyasiya şikayəti təmin edilmədən, F.Xəlilovun iddiasının təmin olunması barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.09.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən görünür ki, məhkəmə, 14.09.2016-cı il tarixli müraciətə istinad edərək, cavabdehin qeyd olunan dəlili ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçının qoyduğu əmanət qorunan əmanət olaraq tam sığortalıdır. Qanunvericiliyin tələblərinə əsasən bu qorunan əmanət məbləğinin kompensasiyası əmanətin 100 faizi həcmində müəyyən edilməlidir. Qeyd olunmalıdır ki, sözügedən iş üzrə məhkəmənin istinad etdiyi 14.09.2016-cı il tarixli müraciət kollektiv müraciət (Fikrət Xəlilovun, İddiaçı və Aura Xəlilovanın adına qoyulmuş əmanətlər üzrə) olmaqla, hazırkı iddianın da faktiki əsasını təşkil edir. Bu müraciətin hüquqi baxımından keçərli olması məsələsinə isə qanunu qüvvəyə minmiş məhkəmə aktı ilə qiymət verilərək, müraciət müsbət qiymətləndirilmiş və həmin müraciət üzrə iddiaçının əmanəti tam sığortalı hesab olunmuşdur. Kollegiya, bu halı (14.09.2016-cı il tarixli müraciətin hüquqi baxımından keçərli olmasını) hazırkı iş üzrə preyudisial hesab etməklə, mülki qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun 3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 4 il müddətində tam sığortalanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən, qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Bu Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir. Bu Qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir. Bank əmanəti müqaviləsi üzrə bankın əsas vəzifələrindən biri əmanətlərin qaytarılmasının təmin edilməsidir. Mülki Məcəllənin 950.1-ci maddəsinə görə, banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər. Göründüyü kimi, iddiaçıların qoyduqları əmanət qorunan əmanət olaraq tam sığortalıdır. Qanunvericiliyin tələblərinə əsasən bu qorunan əmanət məbləğinin kompensasiyası əmanətin 100 faizi həcmində müəyyən edilməlidir. Beləliklə, qeyd olunanları nəzərə alan Kollegiya, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi, işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-934/2021 saylı iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4646/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4646/2021
07.07.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver