Məhkəmə qərarları › İş №2(103)-4646/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4646/2022

20.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4646/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "X6" MMC-yə qarşı mənzilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair 2(004)-468/2018 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin iddiaçıya satılması ilə əlaqədar 27 mart 2015-ci il tarixdə 25 nömrəli müqavilə bağlanmışdır. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti 550 manat olmaqla, mənzilin ümumi dəyəri 90750 manat təşkil etmişdir.

2. Mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənilməsi barədə ona 27 mart 2015-ci il tarixli 25 nömrəli maliyyə arayışı verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinə əlavə barədə ərizə ilə müraciət edərək, cavabdehin üzərinə müqaviləni bərpa etmək vəzifəsinin qoyulmasını, ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzilin cavabdehdən alınaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehlə onun arasında bağlanmış 27 mart 2015ci il tarixli müqaviləyə əsasən o, MMC-yə 90750 manat məbləğində pul ödəyərək həmin mənzili almış, bu barədə ona maliyyə arayışı verilmişdir. Lakin o barəsində olan cinayət işi ilə əlaqədar Bakı İstintaq Təcridxanasında həbsdə saxlanıldığından, cavabdeh bundan suiistifadə etmiş və 17 iyul 2015-ci il tarixində müqavilənin birtərəfli ləğvi barədə ona bildiriş göndərmişdir. Bildirişin məzmununda mənzilin dəyərinin ödənilməsi barter vasitəsilə aparıldığı üçün ödənişin cavabdehin "xxxx" ASC-nin Sumqayıt filialındaki hesabına köçürülməmiş olması, bu səbəbdən müqavilənin və maliyyə arayışının etibarsız hesab olunması və mənzilin dəyərinin qeyd olunan bank hesablarına köçürülənədək sənədlərin qüvvədən düşmüş hesab edilməsi göstərilmişdir. İddiaçı belə hesab etmişdir ki, aralarındakı müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməlidir.

5. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X4 bildirmişdir ki, 2006-cı ildən bəri onun rəhbərlik etdiyi podratçı şirkət ilə tələbə yoldaşı Şakir Hüseynovun birlikdə inşa etdikləri tikililərə Fövqəladə Hallar Nazirliyi yarandıqdan sonra yoxlanışlar başladığından, onlar tikintini dayandırmışlar. Həmin vaxtlarda onların şirkətinə qarşı cinayət işi açılmış və hər ikisi 5 il sınaq müddəti müəyyən edilməklə, azadlıqdan məhrumetmə cəzasına şərti məhkum edilmiş və onlar barəsində ölkəni tərk etməmək, mənzillərin tikilib zərərçəkmişlərə təhvil verilməsi və 2541127,16 manat pulun alınaraq dövlət hesabına ödənilməsinə dair hökm çıxarılmışdır. Daha sonradan Şakir Hüseynov yenidən həbs edilmiş və şirkətin rəhbərliyi ona keçmişdir. Məhkəmə hökmünün icrası üçün ona pul lazım olduğundan 2015-ci ildə X1 adlı tanışı vasitəsilə iddiaçının faizə pul verdiyini, lakin girov olaraq, öz adına mənzil yazılmasını tələb etdiyini öyrənmiş və müqavilə ilə maliyyə arayışı yazaraq, “whatsapp” mobil tətbiqi vasitəsilə Ş.Verdiyevə göndərmişdir. Daha sonra iddiaçıdan pul ilə bağlı heç bir məlumat ala bilmədiyindən, müqavilənin birtərəfli ləğvi barədə bildiriş tərtib edərək iddiaçıya göndərmiş, sonradan iddiaçının həbsdə olduğu məlum olmuşdur. Cavabdehin nümayəndəsi bildirmişdir ki, müqavilə İddiaçı tərəfindən imzalanmadığından və mənzilə görə faktiki olaraq pul ödənilmədiyindən, müqavilə bağlanmamış hesab edilməli və iddia rədd edilməlidir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli 2(004)-468/2018 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X3)

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müvafiq qaydada imzalanmış müqavilə olmalıdır. Sözügedən müqavilə isə iddiaçı tərəfindən imzalanmadığından iddia tələbi əsassızdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 386.1, 331.1 və 399.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, aralarında ikitərəfli müqavilə bağlansa da, cavabdeh mülki qanunvericiliyin tələblərini pozaraq, ikitərəfli bağlanmış müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Məhkəmə işə baxarkən işin faktiki hallarını tam araşdırmamış, maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər---Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Elmira Nağıyeva) 15 avqust 2018-ci il tarixli 2(103)- 7960/2018 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2022-ci il tarixli 2(102)-1629/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7960/2018 nömrəli iş üzrə 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclaslarına gəlməmişlər Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918- VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada). Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406.3 Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Maddə 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Maddə 407.2 Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.

Apellyasiya baxışının hədləri

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamışdır.

18. İşə mahiyyəti üzrə baxan birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışlar ki, mənzilə dair payın alqı-satqısına dair işdə olan müqavilə iddiaçı tərəfindən imzalanmamışdır.

19. İş materiallarından görünür ki, tərəflər arasında mənzilin iddiaçıya satılması ilə əlaqədar 27 mart 2015-ci il tarixdə 25 nömrəli müqavilə bağlanmış, müqaviləni İddiaçı imzalamasa da, Cavabdeh MMC-nin direktoru X4 imzalayaraq Cəmiyyətin möhürü ilə təsdiq etmişdir.

20. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

21. Şifahi razılaşmalarda müqavilə oferta göndərmiş şəxsin onun akseptini, yəni qarşı tərəfin qəbul barədə iradə ifadəsini aldığı anda bağlanmış sayılır. Yazılı müqavilələrdə tərəfin öz iradəsini bəyan etməsi tərtib olunan sənədi imzalaması ilə olur. Bu baxımdan sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Bununla belə, mülki dövriyyədə elə hallar olur ki, müqavilə tərəfinin iradə ifadəsi görünməsə belə, həmin tərəf sözügedən razılaşmanı (onun hüquqi nəticələrini) tanıdığını və ona bağlı olduğunu sərgiləyən hərəkətlər edir. Bu hallar bəyənmə sayılır və müqavilənin bağlandığı andan hüquqi nəticə yaratmasını təmin edir. Bəyənmə məcburi bir formaya tabe olmadığı üçün həm açıq iradə bəyanı, həm də müvafiq davranışlarla (məsələn, razılaşmaya uyğun olaraq öz öhdəliyini yerinə yetirmə, həmin müqavilənin icrasını tələb etmə və s.) nümayiş etdirilə bilər. Bu səbəbdən Mülki Məcəllənin 357-ci maddəsində nəzərdə tutulmuşdur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Odur ki, müqavilənin bağlanmış sayılıb-sayılmaması ilə bağlı mübahisəli hallarda məhkəmə tərəflərin arzu etdikləri hüquqi nəticəni əmələ gətirmək məqsədilə birbirinə uyğun olan iradələrini bəyan edib-etməmələrini, bu hal açıq-aşkar görünən deyilsə, onların sonrakı davranışlarını, əgər varsa sonradan verilən razılığın olub-olmamasını və digər mühüm xüsusatları tam və hərtərəfli şəkildə araşdırmaqla məsələyə hüquqi qiymət verməlidirlər.

22. Hazırkı işdə olan, Cavabdeh MMC-nin direktorunun imzası və şirkətin möhürü ilə təsdiqlənmiş 27 mart 2015-ci il tarixli 25 nömrəli maliyyə arayışından görünür ki, mübahisəli mənzilin dəyərinin iddiaçı tərəfindən tam şəkildə ödənilməsi və borcun qalmaması təsdiq edilmişdir. Eyni zamanda iddiaçı, sözügedən müqaviləyə istinadən onun icrasını tələb etmiş, mənzilin cavabdehdən alınaraq ona verilməsi barədə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Bundan əlavə, cavabdeh şirkət bildirir ki, 17 iyul 2015-ci ildə iddiaçıya bildiriş göndərərək, mənzilin dəyərinin ödənilməməsinə görə müqavilə və maliyyə arayışının qüvvədən düşmüş sayılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazını müqavilənin imzalanmaması ilə deyil, iddiaçıdan faizə pul götürmələri barədə razılaşma çərçivəsində müqavilə və maliyyə arayışı tərtib etmələri, lakin sonradan iddiaçıdan pulla bağlı heç bir məlumat ala bilmədiklərindən müqavilənin birtərəfli ləğvi barədə bildiriş vermələri ilə əsaslandırmışdır.

23. Mülki Məcəllənin 178.8-ci maddəsinin 2015-ci ildə qüvvədə olan redaksiyasına görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Pay haqqının ödənilməsini təsdiqləyən mötəbər sübutlardan biri də maliyyə arayışıdır. Ona görə də, maliyyə arayışının əslinə istinad edən alıcı, həmin sənədin etibarlı dəlillərinin əsasında duran halları sübuta yetirməlidir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilə görə alıcının nəğd pul ödəməməsi, maliyyə arayışının başqa bir öhdəliyin icrası əvəzində verilməsi barədə tikinti şirkətlərinin verdikləri məlumatlar özü-özlüyündə müqavilənin və ya arayışın etibarsız sayılması üçün əsas deyil. Ona görə ki, MTK-nın bir şəxsdən (kreditordan) borc pul, tikinti materialı və s. alması müqabilində kreditorun (yaxud onun göstərdiyi şəxsin) adına mənzil verməsi və bunun müqavilə ilə rəsmiləşdirilməsi həmin əqdin etibarsızlığına dəlalət etmir. Çünki, bu halda tərəflər əşyanın alqı-satqısına dair razılığa gəlmiş və öhdəliklərini qarşılıqlı icra etmiş olurlar. Nəzərə alınmalıdır ki, adına müqavilə və tam ödəniş baradə maliyyə arayışı verilən şəxs mənzili əvəzsiz əldə etmir. Bir qayda olaraq, konkret şəxsin adına müqavilə rəsmiləşdirən və maliyyə arayışı verən MTK, bu sənədləri hansısa qarşılıqlı öhdəliyin icrasına dair razılaşma (alınmış borcun, tikinti materialının və s. əvəzində, yəni qarşılıqlı öhdəliyin icrası) nəticəsində tərtib və təsdiq edir. Başqa sözlə, MTK adətən hansısa əmlak (aktivi) əldə edir, bununla kreditora borclanır və həmin öhdəliyin əvəzini mənzillə ödəyir. Əks halda, yəni MTK-nın əvəzini almadığı mənzilə dair maliyyə arayışı verməsi inandırıcı deyil. Odur ki, yuxarıda göstərilən münasibətlər çərçivəsində MTK tərəfindən şəxsə maliyyə arayışının verilməsi, əksi sübut edilmədikcə kreditorun (borc pul və ya mal vermiş tərəfin) öz öhdəliyini yerinə yetirdiyinə dəlalət edir. Bu səbəbdən tikinti şirkəti dəyərinin ödənilməsinə dair maliyyə arayışı verdiyi mənzilin əvəzində hansısa pulun və ya malın verilmədiyini iddia etdikdə, bu halları sübut etmək yükü MTK-nın üzərinə düşür. O da diqqətdən qaçırılmamalıdır ki, sübut edilmiş olsa belə, həmin hallar müqavilənin etibarsız sayılmasına deyil, müqavilə icra edilməmişsə onun ləğv olunmasına, qüsurlu şəkildə icra edilmişsə tərəfin müqavilədən imtina edərək düşdüyü zərərin əvəzinin ödənilməsi tələbinə əsas ola bilər. Yəni bir tərəfin bu razılaşma üzrə öz üzərinə düşəni yerinə yetirməməsi əqdin etibarsızlığına deyil, əqddən irəli gələn öhdəliyin lazımi şəkildə icra edilməməsinə dəlalət edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mənzilə dair Cavabdeh MMC ilə aralarında bağlanmış müqaviləni və mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışını məhkəməyə təqdim etməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirmiş, cavabdeh MMC isə öz etirazının əsaslarına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

26. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.2, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-468/2018 saylı mülki iş üzrə 09 fevral 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. ünvan 1 ünvanında inşa edilən 10 mərtəbəli yaşayış binasının 3-cü blokunda 5-ci mərtəbəsində ümumi sahəsi 165 kv.m olan 4 otaqdan ibarət 64 nömrəli mənzil Cavabdeh MMC-dən alınaraq İddiaçı təhvil verilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar