Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4647/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «əmək haqqının, ödənclərin və son haqq hesabın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3262/2025 saylı, 02 iyun 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2024-cü il tarixdə bağlanan əmək müqaviləsinə əsasən tərəfindən müəllimə vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı 175 manat, iş saatı 16:00-20:00, məzuniyyət müddəti isə 21 təqvim gün müəyyən edilmişdir.
2. xx.xx.2024-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.
3. Tərəflər arasında əmək münasibətindən savayı mülki işgüzar münasibətlər olmuşdur.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmək haqqı və.s ödənclər barədə iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona verilməli əmək haqqı kimi 3500 manatın və düşən ödənclərin, son haqq-hesab pulunun, “3500 manat əmək haqqının iki (2) faizi kimi 9730 manat kompensasiyanın ödənməsi, işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin əmək kitabçasına qeyd edilməsi, mediasiya üçün ödənmiş 61 manat və vəkil xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
5. İddiada göstərib ki, Cavabdeh1 və Cavabdeh2 20 illik iş təcrübəsi və bacarığına görə ona kurslarında birlikdə işləmək, həmin kursa şagirdlər cəlb etməklə gəlir əldə etmək və bununla yanaşı həmin kursda müəllimə kimi dərs keçməyi (hər uşaq sayına uyğun olaraq minimum 700 manat əmək haqqı ödəməklə) xahiş etmiş, həmçinin öz tələbələrini, hər birinə ödəniş almaqla onların kurslarında hazırlaşdırmağına şərait yaradacaqlarına dair vəd verib avqust ayından etibarən həmin kursda işləməyə razı saldılar. Qazanc əldə etmək məqsədilə onlarla razılaşmışdır. Bundan sonra avqust ayında həmin şəxslərlə onlara məxsus kursda müəllimə kimi işə başlamaqla yanaşı 80-dən çox şagirdin kursa gələrək ödəniş etməsinə nail olmuşdur. Həmin vaxt dəfələrlə sınaq imtahanları təşkil etmiş və həmin sınaqlardan da xeyli gəlir əldə etmələrinə baxmayaraq nə həmin gəlirlərdən, nə onların uşaqlarına keçdiyi dərslərə görə, nə də müəllimə kimi işlədiyinə görə onlardan ödənişlərini ala bilməmişdir. Belə ki, sınaq imtahanlarından əldə edilən gəlir aralarında bərabər bölünməli, minimum 700 manat olmaqla əmək haqqı almalı, hər uşağa görə isə 20 manatdan əlavə ödənişlər almalı idi. Həmçinin onların öz uşaqlarına da müəlliməlik etdiyinə görə əlavə zəhmət haqqı almalı idi. Lakin buna baxmayaraq cavabdehlər verdikləri heç bir vədə əməl etməmiş, yalnız 1-2 dəfə uşaqlarının hazırlığına görə xırda məbləğdə pullar ödəmişlər. Dəfələrlə sınaqlar təşkil edilməyinə baxmayaraq, onlar nə həmin qazancdan ona düşən payı, nə də əmək haqqını ödəməmişlər. Bununla yanaşı cavabdehlərlə qarşılıqlı münasibətlərinə xatir bir-birilərinin övladlarının səhv hərəkətləri barədə də bir-birlərinə məlumat vermişlər. Lakin cavabdehlər ona düşən qazancları verməmək, əmək haqqını ödəməmək üçün əllərindən gələn hər yola əl atıb onu məktəb rəhbərliyi ilə hədələyib, məktəbdə şərəf və ləyaqətini alçaldan hərəkətlər etməyə və qeyrietik hərəkətlərə əl atdıqlarından məcbur qalıb işdən çıxmalı olmuşdur. Sonrakı mübahisələr zamanı ona məlum olmuşdur ki, avqust ayından işləməyinə baxmayaraq, cavabdehlər onu bir neçə ay sonra rəsmiləşdirmiş və rəsmiləşdirərkən isə 700 manat əmək haqqı ilə yox, çox az məbləğdə əmək haqqı ilə rəsmiləşdirmişlər. Sonradan bir çox qanunsuz hərəkətlərə görə işdən ayrılmaq istəsə də, onların xahişlərini nəzərə alaraq işdə qalmalı olmuş, lakin sonda bu kimi əməllərə görə ərizəsini yazaraq işdən çıxmışdır. Bundan sonra əmək haqqını halal etmədiyinə və tələb etdiyinə baxmayaraq cavabdehlər ona nə əmək kitabçasını vermiş, nə də düşən ödənclərini verməmişlər. Sonradan cavabdehlər onu qabaqlayaraq böhtan xarakterli iddia ilə məhkəməyə müraciət etdikdə həmin ərizədə barəsində akt tərtib edib, ərizəsilə deyil başqa əsasla işdən çıxarıldığını qeyd etdiyini və avqust ayından deyil, xx.xx.2024-cü ildən əmək müqaviləsi bağlandığını və xx.xx.2024-cü ildə guya intizam qaydası pozduğu əsası ilə işdən xaric edildiyini qeyd etdiklərini öyrənərkən ona məlum oldu ki, ərizəsi əsasında işdən azad edilmək əvəzinə başqa əsasla işdən çıxarılmışdır. Bununla yanaşı elə həmin ərizədən ona məlum olmuşdur ki, avqust ayından işlədiyi halda əmək müqaviləsi xeyli müddət sonra rəsmiləşdirilmişdir. Bununla yanaşı bugünədək nə onun ödəncləri, nə əmək kitabçası, nə də əmək müqaviləsinə xitam verilməsi barədə əmr və ya reyestrdən çıxarış ona təqdim edilmir. Beləliklə, Nuranə və Cavabdeh2lar əmək qanunvericiliyinin tələbini pozmaqla inzibati xəta törətməklə yanaşı ona düşən ödəncləri, əmək kitabçasını, əmək müqaviləsinə xitam barədə əmri ona vermədiyindən X4, Mediasiyaya və Polisə şikayət verməli olmuşdur. Bu mübahisə ilə bağlı mediasiya mərhələsində isə ona nə əmək haqlarını və s. ödənclərini, nə gecikən günlərə görə cəriməsini və s. ödəməkdən imtina edildiyindən mediassiya sessiyası baş tutmamışdır. Cavabdehlər onun əmək haqqı və s. ödənclərini gecikdirdiyindən məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, iddiası tam təmin edilməli, ona düşən əmək haqqı və bütün ödənclər, həmçinin əmək haqqının gecikməsinə görə əlavə 2% cərimə cavabdehdən tutularaq ona ödənməlidir. Bu barədə xüsusi biliyə malik olmadığından isə mühasibatlıq ekspertizası təyin edilməli və məbləğ dəqiqləşdikdən sonra cavabdehdən alınaraq ona ödənməlidir. Cavabdehin qanunsuz əməlləri səbəbindən vəkillə müqavilə bağlamalı olmuşdur ki, bu xidmətə görə ödədiyi pul vəsaiti də cavabdehdən tutularaq ona ödənməlidir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3262/2025 saylı, 02 iyun 2025ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı verilməli əmək haqqı kimi 241.54 (iki yüz qırx bir manat əlli dörd qəpik) manat məbləğində əmək haqqı, istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34 (iyirmi üç manat, otuz dörd qəpik) manat olmaqla cəmi 264.88 (iki yüz altmış dörd manat, səksən səkkiz qəpik) manat tutulub İddiaçı verilməsi, həmin ödənclərin gecikdirilmiş hər günü üçün 1% ödənc xx.xx.2024-cü il tarixdən etibarən faktiki icra gününə kimi Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması, Cavabdeh1 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi və mediasiya sessiyasının keçirilməsi ilə bağlı cəmi 60 (altmış) manat xərc (mediasiya və poçt xidmətləri xərci) Cavabdeh1 alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən müəllimə vəzifəsinə işə qəbul edilmiş, onun əmək haqqı 175 manat, iş saatları 16:00-20:00 və məzuniyyət müddəti isə 21 təqvim gün müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Tərəflər mübahisələndirmirlər ki, əmək münasibətindən savayı onlar arasında mülki işgüzar münasibətlər olmuşdur. İddiaçı avqust ayından işə başladığını halda, cavabdehlərin onun iş müddətini cəmi 2 ay 14 gün olaraq hesabladıqlarını, cavabdehlərlə 700 manat əmək haqqı razılaşdıqlarını halda, əmək haqqının 175 manat yazıldığını, nəticədə cavabdehlərin ona 5 aya görə 3500 manat əmək haqqı borclarının yarandığını, o cümlədən ona düşən ödənclərin və son haqq-hesab pulunun verilmədiyini iddia edərək hazırki iddia tələbini irəli sürmüşdür. Bu mənada məhkəmə iddiaçının “cavabdehlərin ona 5 aya görə aylıq 700 manat olmaqla 3500 manat əmək haqqı borclarının yaranması” dəlillərini əsaslı hesab etmir. Yuxarıda göstərildiyi kimi iş materiallarından da aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş və ona 175 manat əmək haqqı təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 2 ay 14 gün müddətində davam etmişdir. Cavabdehlər həmin müddət üçün iddiaçıya çatan əmək haqqını tam şəkildə verdiklərini bildirməklə iddiaya etiraz etmiş, sübut qismində xx.xx.2024-cü il tarixli əməliyyat qəbzini təqdim etmişlər. Qəbzdən görünür ki, 523915****4637 saylı kart hesabına xx.xx.2024-cü il tarixdə 165 manat köçürülmüşdür. Cavabdehin nümayəndəsi həmin hesabın cavabdehə aid olduğunu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 95-ci maddəsinə görə, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. 96.1-ci maddəsinə görə, rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. 97.1-ci maddəsinə görə, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. 97.3-cü maddəsinə görə, gəlirlərə aiddir:. muzdlu işlə əlaqədar əldə edilən gəlir (m. 97.3.1);... 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 101.1-ci maddəsinə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0 faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
Azərbaycan Respublikası Əmək Məcəlləsinin “İşçilərin sosial sığorta olunması” başlıqlı 304-cü maddəsinə görə, sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (b. 1). İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir (b. 2). Sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununun: 12-ci maddəsinə görə, …əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Beləliklə, iddiaçıya təyin edilmiş əmək haqqının 175 manat olduğunu nəzərə alındıqda, həmin məbləğ üzrə hesablanmalı gəlir vergisi 0 manat təşkil etmiş, onun gəlirindən tutulan sosial sığorta haqqı 5,25 manat (3%), işsizlikdən sığorta haqqı 0,88 manat (0,5%) icbari tibbi sığorta haqqı isə 3,50 ₼ (2%) olmuşdur. Bu o deməkdir ki, iddiaçının aylıq xalis gəliri 165,38 manat olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin hesabına köçürüldüyü mübahisə mövzusu olmayan 165 manat pul vəsaitinin (38 qəpik əskik olmaqla) əmək haqqına olduğunun qəbul edilməsi hazırki işin həqiqi faktiki hallarına daha uyğundur. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya 1 ay üçün ödənilən əmək haqqı 38 qəpik əskik olmaqla ödənilmiş, 1 ay 14 gün müddətində isə ümumiyyətlə əmək haqqı ödənilməmişdir. Məhkəmə əmək münasibətlərinin iddiaçı ilə Cavabdeh1 arasında yarandığını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 1 ay 14 gün müddəti üçün iddiaçıya verilməli əmək haqqı kimi 241.54 manat (1 ay üçün 165.38 manat + 14 gün üçün 76.16 manat) xalis (net) əmək haqqı tutulmalıdır. Bundan başqa işdən çıxarkən iddiaçı ilə son haqq-hesab aparılmadığını, daha dəqiq ifadə ilə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin iddiaçıya ödənilmədiyi Cavabdeh1 özü də etiraf etmişdir. Qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə isə onun əmək müqaviləsinə xitam verilmişdir. Bu o deməkdir ki, tərəflər arasındakı əmək münasibəti 76 təqvim günü davam etmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsində illik məzuniyyət günlərinin sayı 21 təqvim günü nəzərdə tutulduğundan 76 təqvim günü üçün onun istifadə etmədiyi əmək məzuniyyətinin müddəti 4.3 gün təşkil edir. İddiaçının 1 aylıq xalis gəliri (net əmək haqqı) 165.38 manat olduğundan onun 1 günlük xalis gəliri 5.4276 manat, 4.3 gün üçün isə 23.34 manat təşkil edir. Bu baxımdan, Cavabdeh1 iddiaçının istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi kimi 23.34 manat tutulmalıdır. Cavabdeh1 yuxarıda qeyd edilən ödəncləri iddiaçıya verməklə yanaşı, həmin ödənclər üzrə işəgötürən (sığortaedən) kimi məcburi dövlət tutulmalarının həyata keçirməsi vəzifəsini də daşıyır. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçı xx.xx.2024-cü il tarixdə işdən azad olunduğu halda, ona düşən yuxarıda qeyd edilən ödənclər (241.54 manat + 23.34 manat) ona ödənilməmişdir. İddiaçı gecikdirilmiş günlər üçün iki (2) faiz kompensasiya ödənilməsini tələb edir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli qərarının nəticə hissəsində göstərilmişdir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən ona düşən yuxarıda qeyd edilən ödənclər ödənilmədiyindən ona ödənilməli olan həmin ödənclərin xx.xx.2024-cü il tarixdən etibarən gecikdirilmiş hər günü üçün 1% ödənc icra gününə kimi tutularaq iddiaçıya ödənilməlidir. Bununla belə məhkəmə, iddiaçının “işə qəbul və işdən öz ərizəsi əsasında çıxarılmasına dair qeydlərin əmək kitabçasına qeyd edilməsi” tələbini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin maddənin 2-1-ci maddəsində deyilir ki, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən, elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 87-ci maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2-ci bəndinə görə isə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi, əmək münasibətləri bir qayda olaraq əmək müqaviləsinin elektron informasiya sistemində elektron sənəd formasında bağlanması ilə yaranır. Həmin münasibətlərin xitamı və xitamın sənədləşdirilməsi də paralel formada həyata keçirilir. Buna müvafiq olaraq işçinin əmək fəaliyyəti haqqında məlumatlar da bir qayda olaraq elektron informasiya sistemində qeydə alınır. Həmin məlumatların əmək kitabçasında qeydə alınması isə Məcəllədə göstərilən istisna halda zəruridir. İşdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında elektron sənəd formasında əmək müqaviləsi bağlanılmış, həmin müqavilənin xitamı da paralel formada aparılmışdır. Eyni zamanda əmək kitabçasında müvafiq qeydlərin aparılmasını zəruri edən istisna hallar da mövcud deyildir. İddiaçının “vəkil xərcinin cavabdehlərdən tutulması” tələbi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsində nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin xeyrinə qətnamə çıxarılan tərəfə verilməsi nəzərdə tutulsa da, bunun konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla müəyyənləşdirildiyi göstərilmişdir. İddiaçı tərəfindən həmin iddia tələbini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu tələbin də təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmə həmçinin iddianı Cavabdeh2 münasibətdə də əsaslı hesab etmir və bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri bilmir. Belə ki, iddiaçı ilə adı çəkilən cavabdeh arasında hüquq münasibətlərinin yaranmış olduğu ümumiyyətlə müəyyən edilmir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barəsində yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, Əmək Məcələsinin 172-ci maddəsinin məzmunundan və iş materialarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən də göründüyü kimi işəgötürən (cavabdeh) tərəfindən 30 dekabr 2024-cü ildə əmək müqaviləmə xitam verilməsinə baxmayaraq hazırki günədək cavabdeh tərəfindən ödənişlərim tam şəkildə həyata keçirilməmişdir. Cavabdeh tərəfindən başqa işlə bağlı əmək haqqının məbləğinə uyğun gəlməyən başqa məbləğdə təqdim olunan ödənişin məhkəmə tərəfindən əmək haqqı kimi hesablanması tamamilə qanunsuzdur. Həmin məbləğ məhkəmə iclaslarında cavabdehin özü tərəfindən də bildirildiyi kimi digər ödənişlərlə bağlı olsa da, məhkəmə onu əmək münasibətlərinə aid etmişdir. Avqust ayından işləməsi ilə bağlı işdə kifayət qədər sübutlar olsa da, cavabdeh tərəfindən yalan məlumat verilərək guya onun kursunda başqa bir tələbəyə hazırlıq keçdiyini və onunla bağlı ödəniş etdiyini bildirsə də, bu tamamilə cəfəngiyyatdır. Məhkəmə qərəzli olaraq sübutları öz qanunsuz və əsassız qətnaməsinə uyğunlaşdırmışdır. Birinci instansiya məhkəməsi ekspertiza təyin olunması barəsində vəsatət verilməsinə baxmayaraq qanunsuz və qərəzli olaraq məhkəmə vəsatəti təmin etməmiş, hakim özünün xüsusi biliyi olmadığı təqdirdə riyazi hesablamalar hesablamaqla qətnaməni əsaslandırılmağa çalışmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə etiraz təqdim edərək göstəriblər ki, birinci instansiya məhkəməsi onların təqdim etdikləri sübutları düzgün qiymətləndirməmiş, qarşı tərəfin iddiası əsassız şəkildə qismən təmin edilmişdir. Həqiqətdə isə, qarşı tərəf onların aşağıda göstərdikləri hüquqlarını pozmuşdur. Mülki işin mahiyyəti ondan ibarətdir ki, cavabdehlərin Cavabdeh2 və Cavabdeh1 övladları, xx.xx.2009-cu il təvə lüdlü X5 və xx.xx.2011-ci il təvəlüdlü X3, təhsil aldıqları Binəqədi rayonunda yerləşən Ə.Ələsgərov adına 244 nömrəli tam orta məktəbdə, iddiaçı Azərbaycan dili və Ədəbiyyat müəlimi kimi çalışmış, eyni zamanda da cavabdehlərin övladı olan X5 26 dekabr 2023-cü il tarixindən oxuduğu sinifin, sinif rəhbəri olmuşdur. Həmin zamandan da İddiaçı Ədalət qızı ilə tanış olmuşlar. Bu tanışlıq, yəni əvvələr məşğul olduğu fəaliyyətini yaxşılaşdırmaq üçün özünə şərait axtaran iddiaçının və kurs fəaliyyətinin başlanması üçün sinif otaqlarında təmir aparan cavabdehlərin birgə təşəbbüsü ilə İddiaçı Ədalət qızı, 15 avqust 2024-cü il tarixindən etibarən cavabdehlərə məxsus “Əlaçı Lisey və X1”ndə fəaliyyət göstərməyə gətirib çıxarmışdır. Digər sözlə, ilkin mərhələdə, yəni avqust-oktyabr aylarında, yəni rəsmi olaraq kursun strukturu formalaşmadığı və təmir işlərinin getdiyi dövrlərdə, iddiaçı VÖEN-nin olduğunu və özünün məcburi ödəmələrin ödəyicisi olduğunu, öz şagirdlərinə aid ödəmələri özü ödəyəcəyini bildirmiş və öz öhdəsinə götürmüşdür. Bu göstərilən şərtlər əsasında, iddiaçı şagirdlərin hazırlığına tədris üçün sinif otağı ilə təmin edilmişdir ki, sturuktur formalaşanda birgə əməkdaşlıq edə bilsinlər. Avqust ayından etibarən, iddiaçı valideynlər ilə hazırlığa dair haqq-hesabı, özü razılaşmış və özünə aid hər şagirdə görə isə kursun hesabına hər ay 10 AZN təsərrüfat xərcləri (marker, printer-çap, sinif otağının təmizlənməsi, salfet, baxıl, gel və s.) ödəmişdir. Bunun ardınca isə İddiaçı Ədalət qızına yaradılan şəraitdən razı qaldığından 16 oktyabr 2024-cü il tarixindən etibarən cavabdehlərə məxsus “Əlaçı Lisey və X1”ndə əlavə iş yeri üzrə Azərbaycan dili və Ədəbiyyat müəliməsi kimi fəaliyyət göstərməyə başladı. Bu isə öz növbəsində əmək müqaviləsinə əsasən 175 AZN maaş ilə rəsmiləşdirilərək iddiaçının səxsiyyətini təsdiqləyən “Sima imzası” ilə özü tərəfindən təsdiqləndi. Müqavilənin 4.17-ci bəndinə əsasən, iş saatları: 16:00-da başlayır, saat 20:00da bitir. Müqavilənin 4.18-ci bəndinə əsasən, fasilə vaxtının saatları: 18:00 başlayır, saat 19:00 bitir. İş yükünün həftədəki saatları: 3 saat(kursdan ona verilən şagirdlərin hazırlığı üçün: həftənin iki günü və gündə 1,5 saat). Həftənin digər günləri isə İddiaçı Ədalət qızı özünə aid olan şagirdəri hazırlaşdırırdı. Beləliklə, noyabr ayının 15-ə qədər olan müddət ərzində, qarşılıqlı hörmət əsasında birgə çalışa bilmişlər. Lakin İddiaçı Ədalət qızı, kursun strukturu formalaşaraq daxili nizam-intizam qaydalarının gücləndirilməsinə dair aparılan tədbirlər (şagirdlərin siyahısının dəqiqləşdirilməsi, dərslərin vaxtında başlanıb və keyfiyyətinin artırılmasına nəzarət və s.) başladıqda, nədənsə özünə aid olan şagirdləri, kursun siyahısından çıxarmağa başladı. Bunun nəticəsində isə müəyyən oldu ki, o, kursa 84 şagird cəlb etmiş, lakin kursa 84 şagird deyil, 43 şagirdin təsərrüfat xərclərini ödəyirmiş. Bundan sonra, aralarında olan mehriban münasibətlər pozulmağa başlandı. Digər sözlə, kursun meneceri: Aynurə Seyidəliyeva təsərrüfat xərclərinin düzgün ödənilmədiyini, rəhbərliyə məlumat verdiyinə görə, İddiaçı Ədalət qızı, onunla xx.xx.2024-cü il tarixində iş yerində səsli-küylü və kobud rəftarla yanaşı, davranışa uyğun olmayan ifadələrlə onu təhqir edərək mübahisə yaratdı. Bunun ardınca da onları sakitləşdirməyə çalışan Cavabdeh2 ilə davam etdirdi. Həmin tarixdən, iddiaçı iş yerini icazəsiz qaydada, həm özünə aid, həm də kursa aid şagirdlər ilə birlikdə kursu tərk edərək qayıtmadı. Özünün də kurs açmaq niyyəti olduğunu və təcrübə toplamaq üçün gəldiyini səsli mesajla etiraf etdi (səsli WhatsApp mesajı mövcuddur). Hətta o, kursa saymamazlıq göstərərək, nə əvvəlcədən icazə ərizəsi, nə də sonradan üzürlü səbəbi sübut edən sənəd: xəstəlik vərəqəsi və s. təqdim etmədi. Onun etik qaydalara zidd davranışa yol verdiyinin nəticəsində, yəni 11 dekabr 2024-cü il tarixində kursun daxili nizam-intizamını pozması səbəbinə ilə dair akt tərtib edilmiş və bu halın şahidləri də mövcuddur. Hadisədən sonra, İddiaçı Ədalət qızı, özü səsli WhatsApp mesajı vasitəsilə, bir daha işə gəlməyəcəyini bildirdi. Onun kursu tərk etdiyi günə qədər, yəni əmək haqq-hesabı xx.xx.2024-cü il tarixinə qədər hesablandı və xx.xx.2024-cü il tarixində, onun səsli WhatsApp mesajına əsasən göndərdiyi 523915****4637 saylı kart hesabına köçürülərək ödənildi. Onun səs yazısı da sübut növü kimi saxlanılmışdır. Kurs rəhbərliyi kimi şagirdlərin gələcəyini nəzərə alaraq, olub keçənlərə bir o qədər də əhəmiyyət verilmədi. İddiaçı Ədalət qızı, bəlkə öz səhvini başa düşər və üzr istəyər düşüncəsi ilə xx.xx.2024-cü il tarixinə qədər gözlədiklərinin əvəzini, növbəti dəfə səsli WhatsApp mesajı vasitəsi ilə kursun işgüzar nüfuzunu, əməkdaşların və onların ailə üzvülərinin şərəf və ləyaqətlərini ləkələyən, alçaldan və sarsıdan səsli WhatsApp mesajları göndərməklə, bu azmış kimi göndərdiyi bu böhtan xaraterli mesajları cəmiyyət arasına yaymaqla, kursa və onun əməkdaşlarına maddi və mənəvi zərər vurmaqla əvəzlədi (xx.xx.2025-ci il tarixli, 2(001)-2633/2025 saylı mülki işdə ətraflı tanış olmaq olar). Bir-birinin ardınca təkrarlanan belə hallar isə Əmək Məcəlləsinə uyğun olaraq işçi üzürlü səbəb olmadan üç ardıcıl iş günü, işə gəlmədikdə, bir tərəfli qaydada onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsinə gətirib çıxardı. İddiaçı Ədalət qızının sonuncu əməlləri, cavabdehləri məcbur etdi ki, kursun işgüzar nüfuzunu, əməkdaşların və onların ailə üzvlərinin şərəf və ləyaqətlərini qorumaq və davam etməsinin qarşısını almaq üçün xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etsinlər. Beləliklə, İddiaçı Ədalət qızı, məhkəmə bildirişi aldıqdan sonra, yəni xx.xx.2025-ci il tarixində “Maddi və mənəvi zərərin ödənilməsi tələbi” ilə məhkəməyə qarşılıqlı iddia ərizəsi vermiş, hansı ki, iddia tələbi, məhkəmə tərəfindən “qərəzdən irəli gələn hərəkət kimi” qiymətləndirilb, cavabdeh İddiaçı üzərinə, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 rəsmi qeydiyyatda olduqları ünvana (ünvan 17/118/119/120) “Mən, İddiaçı Cavabdeh2 və Cavabdeh1 şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yaydığıma görə üzr istəyirəm” məzmunlu təkzib məktubunun göndərilməsi vəzifəsi qoyulsun. Vurulmuş mənəvi ziyana görə kompensasiya qismində cavabdeh İddiaçı 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ödənilsin. Bununla kifayətlənməyən İddiaçı Ədalət qızı, məhkəmədə özünün müdafiəsini və qərəzli uydurma iddiasını əsaslandırmaq üçün 7.03.2025-ci il tarixində Mediasiyaya müraciət edir, xx.xx.2025-ci il tarixində Mediasiya arayışı aldıqdan sonra, eyni gündə, iddianın məzmununu saxlayıb və sərlövhəsini dəyişdirərək xx.xx.2025-ci il tarixində Əmək Müfəttişliyi Xidmətinə, polisə, və s. orqanlara şikayətlər göndərir, xx.xx.2025-ci il tarixində əvvəlcə “Əmək haqqı və s. ödənclər tələbi” və sonradan tələbini dəyişdirərək “Əmək haqqının, ödənclərin və son haqq hesabın ödənilməsi” tələbi ilə məhkəməyə yenidən iddia ərizəsi vermiş, hansı ki, məhkəmə araşdırması zamanı məhkəməyə təqdim edilmiş, iddiaçının iddia tələblərinin əsassız və uydurma olduğunu, onun özü tərəfindən etiraf edilən və sübüta yetirilən səsli WhatsApp mesajları, məhkəmə avadanlığının nasazlığı səbəbindən (digər avadanlıqlardan istifadə edilərək dinlənilməsinə icazə verilmədi) dinlənilməsi mümkün olmadı. Bu da öz növbəsində yanlış qənaətə gətirib çıxararaq iddianın qismən təmin olunmasına səbəb oldu. Nəticədə MPM-nin 9, 14, 76 və 86-cı maddələrinə əsasən tərəflərin bərabərlik və Əmək Məcələsinin 154.1-ci maddəsinə əsasən, əmək haqqı yalnız işçinin əmək funksiyasını yerinə yetirdiyi vaxta görə hesablanması prinsipi pozulmuşdur. Səsli mesajlar iddiaçının böhtan xarakterli, qərəzli münasibətini təsdiqləyən əsas sübutlardan biridir. Gösrərilənlərə əsasən səsli mesaj sübutunun iş materialarına yenidən əlavə olunmasına və dinlənilməsinə icazə verilməsi, bu sübutlar əsasında işin yenidən və ədalətli araşdırılması təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq yeni qərar qəbul edilməsini (və ya mülki iş geri qaytarılsın) xahiş etmişlər.
10. Daha sonra, cavabdehlər apellyasiya şikayətinə etiraza dair dəqiqləşmə təqdim edərək, təkrar, aydın və ardıcıllıqla təqdim olunan sübutlar əsasında, mülki işin yenidən və ədalətli araşdırılması təmin edilməsinə; iddiaçıya qarşı cavabdehlərin xx.xx.2025-ci il tarixində, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməkdə, haqlı olubolmamalarına dair WhatsApp 1-9 səs mesaj sübutlarının, iş materiallarına yenidən əlavə olunmasına və qapalı formada dinlənilməsinə icazə verilməsinə, hansı ki, səsli mesajlar, kursun işgüzar nüfuzunu, əməkdaşların və onların ailə üzvülərinin şərəf və ləyaqətinin qorunması və apelyator iddiaçının belə hərəkətlərin davam etdirilməsinin qarşısını almaq məcburiyyəti üçün məhkəməyə məcburi müraciət seçiminin səbəblərini təsdiqləyən əsas sübutlardandır; kursda, həm iddiaçının özünün şagirdlərinin, həm də kursun şagirdlərinin olduğuna, iddiaçının planlarına əsasən kursa müvəqqəti gəldiyinə, iddiaçının işləmiş günlərə görə əmək haqqının, ödənclərin və son haqq-hesabının necə hesablanmasına və karta köçürülməsinə dair WhatsApp 10-18 səs mesaj sübutlarının, iş materiallarına yenidən əlavə olunmasına və dinlənilməsinə icazə verilməsinə, hansı ki, səsli mesajlar iddiaçının hüquqi cəhətdən əsassız, qərəzdən irəli gələn uydurma xarakterli böhtanlarını və cavabdehlərin xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra yaranmış hərəkətlərini təsdiqləyən əsas sübutlardandır; iddiaçının, işləmiş günlərə görə əmək haqqının, ödənclərin və son haqq hesabının hesablanmasına və kart hesabına köçürülməsini sübut edən bank kartlarının foto şəkillərini və köçürülməsini sübut edən ödəniş qəbzlərinin, iş materiallarına yenidən əlavə olunmasına icazə verilməsinə, hansı ki, apelyator iddiaçının hüquqi cəhətdən əsassız, qərəzdən irəli gələn uydurma xarakterli böhtanlarını və cavabdehlərin xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra yaranmış hərəkətlərini təsdiqləyən əsas sübutlardandır; təqdim olunan sübutlara əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsas bəndinin hissəsi “Cavabdeh1 apelyator İddiaçı verilməli əmək haqqı kimi 241,54 (iki yüz qırx bir manat 54 qəpik) manat məbləğində əmək haqqı, istifadə edilməyən əmək məzuniyyətinə görə pul əvəzi kimi 23,34(iyirmi üç manat 34 qəpik) manat olmaqla, cəmi 264,88(iki yüz altmış dörd manat 88 qəpik) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilməsi”nin ləğv edilməsinə; iş yerində əmək intizamının pozuntusu ilə, yəni kobud rəftarla mübahisə yaradaraq ərizə yazmadan işi tərk edən və 10 dekabrdan 30 dekabr 2024-cü il tarinə qədər, işə üzürlü səbəbə görə gəlmədiyi üçün heç bir sənəd (xəstəlik vərəqəsi və s.) təqdim etməyən, işdən azad olunması üçün ərizə yazmayan və bunun nəticəsində əmək müqaviləsinə məcburi xitam üçün əsas yaradan apelyator iddiaçıya, onun “işə gəlmədiyi günlər üçün əmək haqqının ödənilməsi” qənaəti, qanunun yanlış tətbiqi olub olmadığının araşdırılmasına və ləğv edilməsinə; həmin qətnamənin əsas bəndindən yaranan törəmə bəndinin hissəsi “ödənclərin gecikdirilmiş hər günü üçün 1% ödənc xx.xx.2024-cü il tarixdən etibarən faktiki icra gününə kimi Cavabdeh1 tutularaq apelyator İddiaçı ödənilməsi”nin ləğv edilməsinə; iddiaçının iddia tələbləri hüquqi cəhətdən əsassız, qərəzdən irəli gələn uydurma xarakterli böhtanlardan və cavabdehlərin xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra yaranmış hərəkətlərindən ibarət olduğu üçün onun ödədiyi məhkəmə, mediasiya və poçt xidmətləri xərci onun özünə aid edilməsinə; iddiaçının iddia tələbləri hüquqi cəhətdən əsassız, qərəzdən irəli gələn uydurma xarakterli böhtanlardan və cavabdehlərin xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etdikdən sonra yaranmış hərəkətlərindən ibarət olduğu və cavabdehləri bu xəclərin çəkilməsinə vadar etdiyi üçün cavabdehlərin ödədiyi - ilkin və apellasiya məhkəməsi dövrü üçün mediasiya və poçt xidmətləri, vəkil xərcləri, apelyator iddiaçıdan tutularaq cavabdehlərə ödənilməsinə; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməsini xahiş etdi
12. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların nümayəndəsi və vəkili X6 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Maddə 83.2 və 83.3. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 87.1 Bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, işçinin əmək fəaliyyəti haqqında məlumatlar elektron informasiya sistemində qeydə alınır. 2-ci bəndinə görə isə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 135.(2-ci hissə). İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Maddə 139. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanarkən əməyin ödənilməsinin qüvvədə olan sisteminə daxil olmayan birdəfəlik ödənişlər istisna edilməklə bu Məcəllənin 154-cü maddəsinin birinci hissəsi ilə müəyyən edilmiş əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələr nəzərə alınır (1). Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı, habelə məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (2). Maddə 140. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir (1). 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır (2). Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur (3). Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir (4). İşçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir (5). Əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər (6). Məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılıb ödənilməlidir (7). Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir (1). İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir ( 2). Maddə 144. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir (b. 2). Əmək münasibətlərinə xitam verilərkən bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir (3). Müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər ( 4). Maddə 154.1 Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172 (1-ci hissə). Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172 (5-ci hissə).Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 172.Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 304. Sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır (1). İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir (2).
14. Azərbaycan Respublikası Vergi Məcəlləsi:
Maddə 95. Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər. Maddə 96.1. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Maddə 97.1. Rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Maddə 97.3. Gəlirlərə aiddir:. muzdlu işlə əlaqədar əldə edilən gəlir (m. 97.3.1);... Maddə 98.1. Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Maddə 101.1. Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:
Vergi tutulan aylıq gəlirin məbləği Verginin məbləği 2500 manatadək 14 faiz 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi
Maddə 101.1-1. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:
Vergiyə cəlb edilən aylıq gəlir Verginin dərəcəsi 8000 manatadək 0faiz 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi
15. “Sosial sığorta haqqında” Qanun:
Maddə 12. …əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər — məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Maddə 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Maddə 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqıhesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı- işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Maddə 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:
sosial sığorta haqqı dərəcəsi Sığorta haqqına sığortaolunanın cəlb edilən aylıq sığortaedənin vəsaiti cəmi gəlirlərindən gəlir hesabına ödənilən tutulan 200 manatadək 25 faiz 3 faiz 22 faiz 6 manat + 200 44 manat + 200 200 manatdan çox 25 faiz manatdan çox olan manatdan çox olan olduqda hissənin 10 faizi hissənin 15 faizi
16. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 9.0. İşsizlikdən sığorta üzrə sığorta tarifləri aşağıdakı faiz dərəcələri ilə müəyyən edilir: sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə– işçinin əməkhaqqının 0,5 faizi (m. 9.0.2)
17. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir: …15-10.1.2. muzdla işləyən fiziki şəxslər… üzrə– sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iddianı təmin etməməklə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından həmin hissədə iddia haqlı sayılmır.
26. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
27. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
28. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır. 29.Əvvəla, məhkəmə iddianı cavabdeh işəgötürənin məhz Əmək Məcəlləsinin 172.4cü maddəsinin tələblərini pozduğuna görə qismən təmin edib, üstəlik xx.xx.2024-cü ildən də Məcəllənin 172.5-ci maddəsində nəzərdə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməli olduğunu da qət edib.
30. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarında göstərildi ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Qeyd olunan qərarda həmçinin göstərilib ki,... Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.
31. Düzdü, Əmək Məcəlləsinin 172-ci maddəsinin Qeyd hissəsinin 2-ci cümləsində əmək haqqının gecikdirilməsinin işəgötürənin təqsiri olmadan baş verdiyinin hansı hallar olduğu sadalanmışdır. Məhz həmin halların baş verməsi nəticəsində, işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmaya bilər. Lakin bu halların baş verməsi sübutetmə tələb edir. Başqa sözlə, cavabdeh işəgötürən əmək haqqının gecikdirilməsinin onun təqsiri olmadan baş verdiyini sübut etməlidir. Çünki göstərilən halların həqiqətən baş verdiyini sübut etmək yükü onun üzərinə düşür. Ancaq cavabdeh konkret olaraq həmin hallara, yəni müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmamasına, bankın müflisləşməsinə, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsinə dair heç bir mötəbər sübut təqdim etməyib. Məhz bu halların həqiqətən baş verməsi nəticəsində iddiaçının əmək haqqını vaxtında verməyə özündən asılı olmayan səbəblərə görə imkanı olub-olmaması barədə hüquqi dəyərləndirmə aparıla bilərdi.
32. Buna baxmayaraq, iddiaçı məhkəməni əsassız olaraq qınayır. Çünki məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaradır, hansı ki, birinci instansiya məhkəməsi də bunu edib, lakin iddiaçı şəxsən məhkəmə iclaslarına gəlmək istəməyib. Eyni zamanda məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir(MPM.14.2).Demək məhkəmə ƏM-in 172-ci maddəsinin tələblərini pozmayıb.
33. Bundan başqa, iddiaçı cavabdeh tərəfindən başqa işlə bağlı əmək haqqının məbləğinə uyğun gəlməyən başqa məbləğdə təqdim olunan ödənişin məhkəmə tərəfindən əmək haqqı kimi hesablanmasının tamamilə qanunsuz olduğunu göstərsə də, artıq bəyan etdiyi bu halı, yəni ödənilən məbləğin başqa işə aid olmasını və əmək haqqına uyğun olmamasını özü sübut etməlidir. Ancaq sübut edə bilmir. Əksinə ödənilən məbləğin əmək müqaviləsində razılaşdırılmış məbləğə uyğun olmasını məhkəmə ətraflı hüquqi dəyərləndirmə aparmaqla müəyyən etmişdir.
34. Bundan əlavə, iş üzrə ekspertiza təyin edilməsinə də hər hansı bir zərurət olmayıb. Çünki iş üzrə xüsusi bilik tələb edən suallar olmadığından hansısa sualın izah edilməsinə də ehtiyac qalmır. Ona görə də məhkəmənin sadə riyazi hesablamalar aparması üçün xüsusi biliyə malik olmasına da gərək yoxdur. Odur ki, ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməyərkən məhkəmə qərəzli ola bilməzdi.
35. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3262/2025 saylı, 02 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3262/2025 saylı, 02 iyun 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.