Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4648/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-166/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MMC-yə qarşı pozulmuş hüquqların bərpa edilməsi və kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-166/2025 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı “Elektron Məhkəmə” sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə ekspertizanın keçirilməsi barədə vəsatət verilib və işdə iştirak etməməsi iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas olmayıb. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, iş iddia tələbinə mahiyyəti üzrə məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlayarkən belə qənaətə gəlmişdir ki, iş üzrə iddiaçı məhkəmə hazırlıq iclasına gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən, həmçinin cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı tərəf iş üzrə keçirilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclaslarında iştirak etmişdir. Həmçinin, 08 iyul 2025-ci il tarixində vəsatət verilərək yenidən ekspertizanın təyin edilməsi barədə qərardad qəbul olunması xahiş olunmuşdur. Birinci istansiya məhkəməsi AR MPM-nin 259.0.7-ci maddəsini rəhbər tutaraq iddia ərizəsinin baxılmamış saxlanılmasına qərar vermişdir. MPM 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Lakin qanunun mənasına görə sözügedən maddə iddiaçının məhkəmənin ilk çağırışına gəlmədiyi halda tətbiq oluna bilərdi. Hazırkı iş üzrə materiallardan məlum olur ki, iddiaçı tərəf birinci və ikinci çağırış üzrə məhkəmə iclaslarında iştirak etmiş, iddiasını müdafiə etmiş və iş üzrə keçirilmiş ekspertiza ilə bağlı yazılı vəsatət təqdim etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə baxılan iş üzrə iddia ərizəsinin MPM-nin 259.0.7-ci maddəsi ilə baxılmamış saxlanılması üçün əsaslar olmamışdır. Ona görə də qərardad ləğv edilməli, iş iddia tələbinə dair məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadlarından verilmiş şikayətlərə baxarkən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397, 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş iddia tələbi üzrə məhkəmə baxışının davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4648/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4648/2025
05.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver