Məhkəmə qərarları › İş №2(103)-4649/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4649/2022

22.06.2022 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4649/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qətnamə rəsmi qaydada cavabdehə təqdim edilməmişdir. Belə ki, hazırkı işədək qətnamələr rəsmi qaydada, yəni poçt vasitəsilə Əmanətlərin Sığortalanması Fonduna təqdim edilirdi. Lakin, heç bir xüsusi hal olmadan mübahisəli bu iş üzrə qətnamə poçt vasitəsilə cavabdehə təqdim edilməmişdir. Əsas isə “elektron məhkəmə sistemi”nə qətnamənin əlavə edilməsi bildirilmişdir. Lakin, məhkəmə bu əsası bildirərkən mövcud halı nəzərə almamışdır ki, rəsmi qaydada verilməli olan sənədin yalnız “elektron məhkəmə sistemi”nə əlavə edilmə halı kommersiya mübahisələrinə şamil edilir. Hazırkı dövrədək məhkəmə qətnamələrindən şikayət verilməsi poçt vasitəsilə rəsmi qaydada daxil olduğu gündən hesablanır. E-imza kartına nəzər yetirdikdə görünür ki, gün ərzində müvafiq məhkəmələr tərəfindən 100-dən artıq bildiriş dövriyyədə olur. Belə ki, nəzərə alınmalı əlavə hal odur ki, sistemə nəzarət yalnız bir şəxs tərəfindən həyata keçirilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, şikayət onunla əsaslandırılmışdır ki, qətnamə cavabdeh nümayəndəsinin iştirakı ilə elan edilib. Qətnamə onların əleyhinə olduğundan daim nəzarətdə saxlamalı və izləməli idilər. Bundan əlavə cavabdehin nümayəndəsi işə baxıldığı dövrdə elektron kabinet vasitəsilə bir neçə dəfə vəsatətlər vermiş, etiraz yazıb məhkəməyə göndərmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və buraxılmış prosessual müddətin bərpası barədə ərizə rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna məxsus olan elektron kabinetə yerləşdirilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.6-cı maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 135.5-ci maddəsinə görə Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Deməli, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi xx.xx.2021-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada verilmiş sayılır və apellyasiya şikayəti vermə müddətinin axımı da məhz həmin tarixdən başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). MPM-nin 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. İşdən göründüyü kimi, cavabdeh apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə, yəni qətnamənin surətini rəsmi qaydada aldığı vaxtdan 3 ay 15 gün sonra vermiş və bununla da qanunla nəzərdə tutulmuş bir aylıq prosessual müddəti buraxmışdır. Cavabdeh prosessual müddətin bərpası barədə ərizəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin surətini elektron kabinetə yerləşdirsə də poçt vasitəsilə məktub şəklində onlara göndərməmişdir. Elektron kabinetə yerləşdirmə isə yalnız kommersiya mübahisələri zamanı nəzərə alınır. Birinci instansiya məhkəməsi ərizəni əsaslı sayaraq buraxılmış prosessual müddəti bərpa etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmə prosessual müddəti bərpa edərkən məhz hansı halı müddətin bərpası üçün əsas götürdüyünü, üzrlü saydığını konkret olaraq göstərməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası məhkəmə sənədlərinin elektron kabinetə yerləşdirilməsinin yalnız kommersiya məhkəmələrində işə baxılarkən nəzərə alınmalı olması barədə dəlili də əsassız sayır və MPM-nin 135.5, 135.6-cı maddələrini rəhbər tutaraq qeyd edir ki, bu qayda “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu ümumi məhkəmələrdə mülki işlərə baxılarkən də tətbiq olunur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq buraxılmış prosessual müddətin bərpası üçün əsas görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və prosessual müddətin bərpası barədə ərizə rədd edilməlidir. MPM-nin 398.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv etmək və qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135, 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli qərardadı ləğv olunsun. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar