Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4653/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması; müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması tələbinə dair”, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2024 nömrəli 17 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 MTK-nın sədri X9 və «Payçı» qismində İddiaçı arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə görə Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987ci məhəllə ünvanda MTK tərəfindən inşa edilmiş binasının 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135,43 kv.m. olan 42 nömrəli mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
2. Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli protokola görə İddiaçı MTK üzvlüyünə qəbul edilmiş, İddiaçı razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin əhatə etdiyi987-ci məhəllə ünvanda inşa edilən yaşayış binasında sahəsi 135,43 kv.m., 8-ci mərtəbədə 3 otaqlı 42 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir.
3. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 30/12 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən İddiaçı mənzilin pay haqqı kimi 132.410 manat məbləğində pul ödəmişdir.
4. Cavabdeh1 MTK-nın sədri X9 və «Payçı» qismində X7 arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş binasının 8-ci mərtəbəsində, 3 otaqlı, ümumi sahəsi 135,43 kv.m. olan 42 nömrəli mənzili payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür.
5. Cavabdeh1 MTK üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılığı ilə bölüşdürülməsi barədə xx.xx.2018-ci il tarixli, 42 nömrəli protokola görə X7 MTK üzvlüyünə qəbul edilmiş, X7 razılıq yolu ilə MTK-ya məxsus Nəsimi rayonu, H.Ələsgərov, C.Hacıbəyli, Q.Quliyev və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanında MTK tərəfindən inşa edilmiş yaşayış binasında sahəsi 135,43 kv.m., 8-ci mərtəbədə 3 otaqlı 42 nömrəli mənzilə düşməsi təsdiq edilmişdir.
6. Cavabdeh1 MTK tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 76 nömrəli maliyyə arayışına görə X7 Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin əhatə etdiyi 987-ci məhəllə, H.Ələsgərov 31/33 ünvanda MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən, sahəsi 135,43 kv.m.olan 3 otaqlı 42 nömrəli mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir.
7. Ölüm haqqında şəhadətnaməyə görə X7 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.metr olan 42 saylı mənzildən (bundan sonra mübahisəli mənzil) cavabdehlər Cavabdeh2 və MTK tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq MTK tərəfindən ona təhvil verilməsi və onun istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbini belə əsaslandırılmışdır ki, o, MTK-dan xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən MTK tərəfindən tikilmiş mübahisəli mənzili 132.400 manat ödəməklə almışdır. O, çox vaxt Azərbaycan Respublikasında yaşamadığından və işi ilə əlaqədar xaricdə yaşadığından mənzildə yaşamamışdır. Bəzən Binanın komendantı ilə əlaqə saxlayaraq mənzili barədə məlumat almış və ara sıra evin şəkillərinin göndərilməsini xahiş etmişdir. Hətta bir neçə dəfə özü xaricdə yaşadığından qohumlarından mənzilə baş çəkmələrini belə xahiş etmiş və binanın komendantı kimi bildiyi şəxs qohumlarına mənzili göstərərək heç bir probleminin olmamasını bildirmişdilər. 2023cü ilin fevral-mart ayında Azərbaycan Respublikasına işlə əlaqədar ezam olunarkən ona məlumat vermişdilər ki, həmin binada problemlər var və qərara gəlmişdir ki, mənzilə baxış keçirsin. Binaya gedərkən isə bina sədrinin həbs olunması və binada ciddi problemlərin olması ilə rastlaşmışdır. Həmin vaxtı binanın nə komendantı, nə də sədri olmuş və binanın cari təsərrüfat problemlərinin həlli ilə əlaqədar Lətifə xanım adlı bir qadının müvəqqəti bu kimi problemlərin həlli ilə məşğul olduğunu öyrənmişdir. Həmin qadınla ofisdə görüşmüş və qadın bildirmişdir ki, ona aid mənzil hazırda cavabdeh X4 istifadəsindədir. Lakin hansı sənədlər əsasında mənzildən istifadə etməsi barədə onda heç bir məlumat yoxdur. Tərəflərindən sorğular verilməsinə baxmayaraq cavabdehin hansı əsaslarla mənzildən istifadə etməsinə dair heç bir məlumat əldə edə bilməmişlər. O, həmin vaxt və cari vaxtadək mənzilə daxil ola bilmir və mənzildən istifadə edə bilmir. Mənzilin qapısı dəyişdirilmişdir və mənzilin təmirli və ya təmirsiz olması onlara məlum deyil. Binanın həyətində gözətçi kimi işləyən şəxslər bildirmişdir ki, həmin mənzil satılır və satışdadır. Ətrafda olan alqısatqı ofislərindən maraqlanaraq həmin binada hər hansı mənzilin satışda olubolmamasını maraqlananda bu mənzilin də satışda olması bildirilmişdir. Hazırda cavabdeh MTK mənzili başqa şəxslərin adına keçirtməklə iz itirmək istəyir.
10. Eyni zamanda iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 Mənzıl Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, MTK və İddiaçı arasında imzalanmış, mübahisəli mənzilə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsızlığı haqda qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışlar ki, mübahisəli mənzil onun mərhum anası X6 məxsus olmuşdur. Anası cari ilin aprel ayında vəfat etmiş və o, vərəsəsi kimi qanuna müvafiq olaraq, vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etmişdir. Adıçəkilən mənzildə o, anası və digər vərəsələri artıq uzun illərdir ki, yaşayırlar. Qısa müddət öncə X11 adlı şəxs onlara müraciət edərək, mübahisəli mənzilə dair onda da MTK tərəfindən imzalanmış müqavilə olması və ödənişin aparılması haqda qəbzlərin mövcudluğu bildirilmişdir. Beləliklə məlum olur ki, eyni mənzilə dair 2 müqavilə mövcuddur. Lakin onun tam ödəniş haqda Maliyyə arayışı olsa da, cavabdehdə bu barədə hər hansı bir rəsmi sənəd mövcud deyil. Həmçinin mənzil almış şəxsin artıq orada uzun illərdir digər insanların yaşamasından sonra tələb irəli sürməsi inandırıcı deyil.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(009)-1715/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə 2(009)-1715/2023 saylı mülki işlə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1nə və X6 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi üzrə 2(006)-2109/2023 saylı mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 17 may 2024-cü il tarixli 2(006)-114/2024 nömrəli qətnaməsi ilə (hakim Əfsanə Heydərova) hər iki iddia rədd edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, "xxxx" MTK ilə İddiaçı və X7 arasında bağlanmış müqavilələr podrat müqaviləsi kimi qiymətləndirilməlidir. Cavabdeh2 MTK və İddiaçı arasında imzalanmış, mübahisəli mənzilinə dair 30 dekabr 2016-cı il tarixli müqavilənin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.
15. Məhkəmə göstərmişdir ki, mübahisəsi gedən mənzillə bağlı həm İddiaçı ilə, həm də X7 ilə müqavilə bağlanmış, mənzil isə X6 təhvil verilmiş və o, həmin mənzili təmir edərək ailəsi ilə birlikdə mənzildə yaşamağa başlamışdır. Cavabdeh2 mübahisələndirdiyi "xxxx" MTK ilə İddiaçı arasında imzalanmış 30 dekabr 2016-cı il tarixli müqavilə etibarsız hesab edilə bilməz - lakin bu onu ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini Cavabdeh1 MTK-dan tələb etmək imkanından məhrum etmir.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 178.8, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.1, 354.1, 354.2, 385, 386.1, 390.5, 404, 435, 442, 443.1, 452.1, 452.2, 752.1, 762.1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın ona münasibətdə təmin edilməsini, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamədə onun iddiasını təkzib edən sübut və məhkəmənin mövqeyi ümumiyyətlə yoxdur. Məhkəmə yalnız işdə olan prosessual sənədləri və müqaviləni qeyd etməklə idddianı rədd etmişdir. Məhkəmə ümumiyyətlə X4 müqaviləsinin 3 il sonra bağlanmasını və həmin müqavilənin əhəmiyyətsiz əqd olduğuna dair heç bir araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
21. Cavabdeh2 vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi).
26. Maddə 337. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (maddə 337.5).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
3. Qətnamə İddiaçı apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
4. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddia tələbi rədd edilməlidir.
5. Kollegiya əvvəla onu qeyd edir ki, qətnamədən yalnız İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və onun iddiasının təmin edilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır və birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən qətnamə tam ləğv olunur.
6. Göründüyü kimi MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2016-cı il tarixli müqaviləyə əsasən mübahisəli mənzil MTK tərəfindən İddiaçı satılmış və sonuncu mənzilin dəyəri olan 132410 manatı ödəmişdir.
7. Bununla yanaşı iş materiallarında olan 21 noyabr 2018-ci il tarixli müqaviləyə əsasən MTK tərəfindən eyni mənzil X2 və sonuncu tərəfindən müqaviləyə uyğun olaraq mənzilin dəyəri olan 145450 manat ödənilmişdir.
8. Cavabdeh2 X4 hüquqi varisidir.
9. İddiaçı hazırki tələbində mənzilə yaradılan maneələrin aradan qaldırılmasını, cavabdehin mənzildən çıxarılmasını, mənzilin boşaldılaraq ona təhvil verilməsini və istifadə hüququnun tanınmasını tələb etmişdir.
10. Eyni zamanda Cavabdeh2 isə MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin etibarsızlığını tələb etmişdir.
11. İddiaçının nümayəndəsi-vəkili göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasında yaşamır, Xəzər dənizi və Qara dəniz X3 üzrə nümayəndəsidir və daim orada yaşayır. 2023-cü il 18 fevral tarixində Assosiasiyanın Azərbaycan Respublikasında tədbiri olduğundan Bakıya gəlmiş və 22 fevral tarixində mənzilə baxış keçirmiş və qapısının dəyişdirildiyini görmüşdür. 2022-ci il 30 mart tarixində qohumu evə getmiş, şəkillər çəkib göndərmişdir ki, mənzildə hər şey qaydasındadır. Həmçinin noyabr ayında da qohumu mənzilə baxış keçirmişdir. İddiaçı mənzili alarkən MTK-nın qoyduğu keyfiyyətsiz giriş qapısını yeni qapı ilə əvəz etmiş, həmçinin pəncərələri və eyvan qapıları keyfiyyətsiz və yarımçıq olduğundan, yeni plastik qapı-pəncərə alıb mənzilə yığmışdır ki, təmir zamanı dəyişdirsin.
12. İddiaçı tərəf Whatsapp yazışmalarını təqdim edərək göstərmişdir ki, 22 fevral 2023cü il tarixdə İddiaçı mənzilə baxmağa gəlmiş və qapının dəyişdirildiyini görmüşdür.
13. Birinci instansiya məhkəməsində 12 may 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh2 suallara cavab olaraq göstərmişdir ki, “mənə mənzil təmirsiz vəziyyətdə təqdim olunub. Məndən qabaq mənzil boş idi. Biz gələndə mənzildə plastik qapılar var idi.”
14. Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, həqiqətən iddiaçı 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasına gəlmişdir.
15. İddiaçı Azərbaycanda yaşamasa da, müəyyən edilmişdir ki, mənzilə qohumları tərəfindən baxış keçirilmiş, mənzilin giriş qapısını dəyişdirmiş, yeni plastik qapıpəncərələr alıb mənzilə yığmışdır ki, təmir vaxtı dəyişdirsin. Yalnız 2023-cü ilin fevral ayında özü mənzilə baxış keçirərkən giriş qapısının dəyişdirildiyini görmüşdür.
16. İddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərdən müəyyən olunur ki, həqiqətən də mübahisəli mənzildə ayrı-ayrı vaxtlarda üç giriş qapısı quraşdırılmışdır: ilk olaraq MTK, sonra İddiaçı, daha sonra isə Cavabdeh2 tərəfindən.
17. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, mübahisəli mənzil ilk dəfə İddiaçı satılmış, daha sonra həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən 21 noyabr 2018-ci ildə X1.
18. MTK ilə İddiaçı arasında mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. ”
20. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır.
21. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli mənzil İddiaçı məxsus olmuşdur və onunla bağlanmış müqavilə ləğv edilmədən MTK ilə digər şəxs arasında onun iradə ifadəsi olmadan qeyd edilən müqavilə bağlana bilməzdi.
22. Cavabdeh1 MTK faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla X7 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır.
23. Həmçinin hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair Kollegiya qeyd edir ki, Cavabdeh2a (X4 hüquqi varisi) münasibətdə həmin normanı tətbiq etməklə iddianı rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
24. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir.
25. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə İddiaçı ilə bağlanmış və həmin müqaviləyə əsasən MTK onu kooperativ üzvlüyünə qəbul edərək, müqavilədə göstərilən mənzili inşa edib ona təhvil verməyi öhdəsinə götürmüşdür.
26. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məcburidir.
27. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdimüəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdimüəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqısatqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.”
28. Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqısatqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır.
29. Göründüyü kimi, MTK tərəfindən mənzil artıq İddiaçı satıldığı üçün digər şəxsə satıla bilməzdi, Mülki Məcəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir.
30. Əqdin etibarsız sayılmasının birinci nəticəsi onun icrasının yolverilməzliyidir. Belə əqd tərəflərdən biri və yaxud hər ikisi tərəfindən icra edilmişsə, belə olan halda restitusiya tətbiq olunur.
31. Hazırki halda ikitərəfli restitusiyanın tətbiq edilməsini istisna edən hallar yoxdur, yəni X4 hərəkətlərində hər hansı mülki hüquq pozuntusunun olması mülki iş materialları ilə təsdiq edilmir.
32. Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış mənzil tikinti haqqında xx.xx.2018-ci il tarixli müqavilə etibarsız (əhəmiyyətsiz) olduğundan, etibarsızlığın nəticələri tətbiq olunmaqla müqavilə üzrə tərəflərin hüquqi statusu ilkin vəziyyətə qaytarılmalı, X7 tərəfindən mənzili satın almaq üçün ödənilmiş 145450 manat məbləğində pul vəsaiti Cavabdeh1 MTK-dan alınaraq onun hüquqi varisi Cavabdeh2 qaytarılmalıdır.
33. Mübahisəli mənzil Cavabdeh2 sahibliyindədir. Həmin sahiblik isə qanunsuzdur.
34. İddiaçı cavabdehlər Cavabdeh2 və MTK tərəfindən törədilən maneələrə son qoyulması, Cavabdeh2 həmin mənzildən çıxarılması, əmlakın boşaldılaraq MTK tərəfindən ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur.
35. İstifadə hüququnun tanınması tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (sonuncu hüquq dövlət qeydiyyatına alındıqdan sonra yaranır).
36. Yəni mənzil onun mülkiyyətində olmaqla, mülkiyyət hüququnun tərkib hissəsi olaraq istifadə hüququ da var. İstifadə hüququnun ayrıca qətnamə ilə tanınmasına ehtiyac yoxdur.
37. Ona görə bu hissədə iddia tələbi təmin edilmir.
38. Cavabdeh2 iddia tələbinə münasibətdə isə Kollegiya qeyd edir ki, yuxarıda sadalananlara əsasən iddia tələbi əsassızdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-114/2024 nömrəli iş üzrə 17 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MTK tərəfindən tikilmiş Bakı şəhəri, Nəsimi rayonu H.Ələsgərov, Q.Quliyev, C.Hacıbəyli və M.Qaşqay küçələrinin kəsişdiyi 987-ci məhəllə ünvanında yüksək mərtəbəli binanın 8-ci mərtəbəsində ümumi sahəsi 135,43 kv.m olan 42 saylı mənzildən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK tərəfindən törədilən maneələrə son qoyulsun, Cavabdeh2 həmin mənzildən çıxarılsın, mənzil boşaldılaraq Cavabdeh1 MTK tərəfindən İddiaçı təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış mənzil tikintisi haqqında xx.xx.2018-ci il tarixli müqavilə üzrə mənzilə görə ödənilmiş 145450 manat Cavabdeh1 MTK-dan alınaraq Cavabdeh2 qaytarılsın. Birləşdirilmiş iddia üzrə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və "xxxx" Mənzıl Tikinti Kooperativinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.