Məhkəmə qərarları › İş №2(103)-4654/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4654/2022

06.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4654/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı 15 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətdə olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən Cavabdeh və digər üçüncü şəxslərin çıxarılması, onun torpaq sahəsində cavabdeh və digər şəxslər tərəfindən qanunsuz olaraq aparılmış tikililərin (ev, hasar və s tikililər) cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 27 saylı notariusda bağlanmış AN-İ ******* saylı alqı satqı müqaviləsinə əsasən ünvan 1ni satıcılar Məmmədov Məmməd Ələsgər oğlu, Məmmədova Lətifə Məhərrəm qızı, Məmmədov İlham Məmməd oğlu və Məmmədov İlqar Məmməd oğlundan 5206 manata almışdır. Həmin torpaq sahəsini alqısatqı etdikdən sonra xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən Seriya RX N 10897324 nömrəli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Bundan sonra torpağa dair kadastr planının alınması ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə müraciət etmiş və ona kadastr planının verilməsindən imtina edildi. Həmin imtinadan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinə əsasən məhkəmənin 2-1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən, iddianın təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan qarşı tərəfin verdiyi apellyasiya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)2067/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan qarşı tərəfin verdiyi kassasiya şikayətinə baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-312/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilmədi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ona AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən AA N 532714 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sonradan həmin torpaq sahəsinə gedərək baş çəkmək və bəzi tikinti işləri görməyə başlamaq istəmişdir. Lakin əvvəldən hasar çəkdiyi və darvaza yeri qoyduğu torpaq sahəsinin artıq başqasının istifadəsində olduğunu bildi. Həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda əvvəlcə ona həmin şəxsi bildirmədilər. Bundan sonra o, Xəzər rayon Polis İdarəsinə muraciət etdikdə onun mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmiş şəxsin Cavabdeh olduğunu öyrəndi. O, həmin şəxsdən torpaq sahəsini boşaltmağı tələb etdikdə ona bildirdi ki, hansısa əsası olmayan sənədlərlə güya həmin torpağı cavabdehə satmışdırlar. O, həmin torpaq sahəsinə dair mülkiyyət sənədini Anara göstərdi və qarşılığında Anar ona heç bir hüquqmuəyyənedici sənəd göstərə bilmədi. Bundan sonra məsələni aralarında sülhlə həll etməyə qərar verdilər. Bir neçə müddət keçdikdən sonra təsadüfən həmin torpaq sahəsinin yanından keçərkən ona məlum oldu ki, Cavabdeh artıq həmin torpaq sahəsində tikinti təmir işləri ilə məşğul olur, o, Cavabdeh etirazını bildirdikdə cavabdeh ona hara istəsə şikayət edə biləcəyini bildirdi. İddiaçının ərizəsinə əsasən Cavabdeh əsl cavabdeh Nəsirov Kamal Ağababa oğlu ilə əvəz edilmişdir. Daha sonra iddia ərizəsinə əlavə verərək, onun mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən cavabdeh Nəsirov Kamal Ağababa oğlunun və digər üçüncü şəxslərin çıxarılması, onun torpaq sahəsində cavabdeh və digər şəxslər tərəfindən qanunsuz olaraq aparılmış tikililərin (ev, hasar və s tikililər) cavabdehin vəsaiti hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı 15 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nəsirov Kamal Ağababa oğlu İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsindən çıxarılması, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsində yerləşən torpaq sahəsində olan tikililərin (ev, hasar və s tikililər) Nəsirov Kamal Ağababa oğlunun hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100,0 manat Nəsirov Kamal Ağababa oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ01360100 **********44, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE**********00020885 01 hesabına keçirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 300,0 manat məbləğində pul cavabdeh Nəsirov Kamal Ağababa oğlundan alınaraq "xxxx" MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 18 yanvar 1990-cı il tarixli 15/558 saylı qərarı ilə Baki şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 51 saylı Bağ Tikinti Kooperativinin tərkibində 770a saylı bağ sahəsi onun istifadəsinə verilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq istifadəsindədir. 2016-cı ildən İddiaçı adlı şəxs ona məxsus torpaq sahəsini guya aldığını bildirərək sahəni boşaltmağı tələb etməyə başlamışdır. Yaşlı olduğu üçün bağ sahəsinə daha çox oğlu Cavabdeh gedib-gəlir. İddiaçı tərəfindən polis qurumlarına şikayət ərizəsi verilmiş və araşdırma zamanı onun əlində Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsinə dair Çıxarış olduğu məlum olmuşdur. Lakin, həmin çıxarışın məhz hansı torpaq sahəsinə aid olduğunu təsdiq etməli olan “Torpaq sahəsini planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə olduqda, onun torpaq sahəsinin məhz ona məxsus yer olduğunu nəyə əsasən iddia etdiyini soruşulmuş, lakin məntiqli cavab verilməmişdir. Yalnız məlum olmuşdur ki, onun mülkiyyət hüququnu təsdiq edən Çıxarışdan başqa, torpağın dəqiq koordinatlarını bildirməli olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ümumiyyətlə verilməmişdir. Bu, ilk baxışdan çox qəribə olsa da, ona aidiyyatı olan məsələ olmadığından əhəmiyyət verilməmişdir. Bundan sonra İddiaçı bir neçə dəfə onları narahat etsə də, ona özünə məxsus olan torpaq sahəsini tapmağı tövsiyyə olunmuşdur. 19 oktyabr 2020-ci il tarixdə oğlu Anarla Xəzər Rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları əlaqə saxlayaraq, ona məxsus olan torpaq sahəsinə dair Xəzər Rayon Məhkəməsinin qəbul etdiyi iddianın təmin etmə tədbirinin olduğu bildirilmiş, onu şöbəyə dəvət etmişlər. Anar Xəzər Rayon İcra və Probasiya Şöbəsində olarkən ona xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında Qərar təqdim edilmişdir. Məlum olmuşdur ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-3454/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi bağ massivi 71 saylı bağ sahəsində hər-hansı təmir-tikinti işlərinin aparılması Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Bundan sonra, Anar Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh qismində cəlb edilmiş olduğu 2(003)- 3454/2020 saylı mülki işin hakim Emin Məmmədlinin icraatında olduğunu öyrənmiş, eyni zamanda da xx.xx.2020-ci il tarixli iddianın təmin etmə tədbirinə dair qəraradı, iddia ərizəsinin surətini və iddia ərizəsinə əlavə edilmiş sənədlərin surətini xx.xx.2020-ci il tarixində alınmasına dair qəbzi imzalamaqla əldə etmişdir. Sənədlərlə tanış olduqda məlum olmuşdur ki, Bakı şəhəri Şüvəlan qəsəbəsi 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədi də iddia ərizəsinə əlavə edilmiş sənədlər arasındadır. Həmin sənədin surətindən məlum olmuşdur ki, bu sənəd xx.xx.2020-ci il tarixində tərtib edilmişdir və sənədin tərtib edilməsinə əsas 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı olmuşdur. Beləliklə, məlum olmuşdur ki, 1990-cı ildən fasiləsiz olaraq istifadəsində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsi 770a saylı bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin koordinatları 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında 71 saylı bağa verilmişdir. Belə olduqda həmin qərarın onların maraqlarına toxunmuş olması aşkardır. Bu əsasla məhkəməyə müraciət edərək, qəbul edilmiş qərarın surətini 28 oktyabr 2020-ci il tarixində almışlar. Qərarla tanış olduqda məlum olmuşdur ki, İddiaçı iş üzrə cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə müraciət edərək, alqı-satqı əsasında əldə etmiş olduğu torpaq sahəsinə dair çıxarışının olduğu halda kadastr planının verilmədiyini bildirmiş, iş üzrə cavabdeh təşkilata müraciət etdikdə, cavabdeh təşkilat məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsi başqa fiziki şəxs tərəfindən istifadə edildiyindən ərizəyə baxılması mümkün olmamışdır. Məhkəmə işi araşdıraraq iddianı təmin etmişdir. Lakin, imtina səbəbi kimi göstərilən başqa fiziki şəxs tərəfindən istifadə olunma məhkəmə tərəfindən araşdırılmamışdır. Həmin başqa fiziki şəxs Nəsirov Kamal Ağababa oğludur, yəni cavabdehdir və tərəfindən istifadə edilən torpaq sahəsi onun qanuni istifadəsinə ayrılmışdır. Bu barədə hüquq müəyyənedici sənədlər var. Məhkəmə işin araşdırılması zamanı əhəmiyyətli olan iki məqama aydınlıq gətirməmişdir. Birinci məqam mübahisəli torpaq sahəsindən faktiki olaraq istifadə edən başqa fiziki şəxsin tərəf kimi cəlb edilməməsidir. İkinci məqam isə, mübahisəli torpaq sahəsinin sxematik xəritəyə əsasən məhz iddiaçıya aid olub-olmadığına da aydınlıq gətiilməməsidir. Bu məqamlar mütləq araşdırılmalıdır. Buna görə inzibati-prosessual qanunvericiliyin nəzərdə tutmuş olduğu qaydalara uyğun olaraq, həmin inzibati işlə bağlı 3-cü şəxs kimi işə qoşulma haqda vəsatətlə müraciət etmişlər. Lakin ərizəyə baxan məhkəmə xx.xx.2020-ci il tarixdə qərardad qəbul edərək, vəsatətin təmin edilməməsi qərarına gəldi. Qərardaddan verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsində baxıldı və məhkəmənin 17 mart 2021-ci il tarixli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanıldı. Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qərardadından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilmişdir. Məhkəmənin qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsi təkrar həmin işə baxaraq xx.xx.2022-ci il tarixli qərardadla apellyasiya şikayətini qismən təmin etmiş, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadını ləğv edərək işə yenidən baxılması üçün həmin məhkəməyə göndərmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə qarşı mübahisəli torpaq sahəsinə dair plan ölçünün verilməsi barədə iddia tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır və həmin iş üzrə o, maraqlarına toxunulan 3-cü şəxs qismində cəlb olunaraq işə yenidən baxılacaqdır. O, məhkəmə işinin gedişatında qeyd edilən məlumatları məhkəmənin diqqətinə çatdırmağına, müvafiq vəsatətlə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etməsinə baxmayaraq məhkəmə, işin faktiki hallarını nəzərə almayaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun istifadəsində olan bağ torpaq sahəsindən çıxarılmağı, tikililərin onun hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq İddiaçı qaytarılması qət edilmişdir. Məhkəmə qanunun göstərilən normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hazırki mülki iş üzrə o və vəkili məhkəmə iclası barədə ümumiyyətlə məlumatlandırılmamış, nəticədə məhkəmə iclasında iştirak edə bilməmişdir. Onu da qeyd edir ki, elektron sistemə məhkəmə qətnaməsi qəbul edildikdən sonra əlavə edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni yalnız cavabdeh həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı 15 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 27 saylı notariusda bağlanmış AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, satıcılar Məmmədov Məmməd Ələsgər oğlu, Məmmədova Lətifə Məhərrəm qızı, Məmmədov İlham Məmməd oğlu və Məmmədov İlqar Məmməd oğlu ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinə əsasən məhkəmənin 2-1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddia təmin edilmiş, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı mülkiyyəti kimi xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış (RX ******* nömrəli reyestrdən çıxarışla rəsmiləşdirilmiş) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2067/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-312/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1646/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazı İdarəsi tərəfindən verilmiş AA 532714 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı bağ sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin İŞ-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrufatının inkişafı və istismarı birliyi Şüvəlan bağlar sahəsindəki 51 nömrəli kooperativ tərəfindən verilmiş 47 nömrəli orderin sürətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 1990-cı il tarixli 15/558 nömrəli qərarına əsasən Nəsirov Kamal Ağababa oğluna Şüvəlan bağlar sahəsində 51 nömrəli BTK nəznində 0,12 ha sahəsində olan 770a nömrəli bağ ayrılıb. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 225 saylı ekspert rəyindən görünür ki, ******* nömrəli RX seriyalı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi 71 saylı bağ torpaq sahəsinin AA seriyalı 532714 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatları ilə cavabdeh Nəsirov Kamal Ağababa oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin keçrdinatları tam həcm üst-üstə düşür. İddia predmeti olan 71 saylı bağ sahəsini İddiaçı tərəfindən xx.xx.2007- ci il tarixdə Bakı şəhəri 27 saylı Notariusda bağlanmış AN-İ 01116522 saylı alqı-satqı müqaviləsinə əsasən Məmmədov Məmməd Ələsgər oğlundan satın almışdır. Baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinə çıxarış alınması üçün ilkin sənəd olan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən işlənilən JN17714 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ( NEW-JN-17714, 01/01- 1268 nömrəli məktub) sənədindən istifadə olunmuşdur. Mübahisəli torpaq sahəsinin coğrafi yerləşməsi xüsusi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplanda aydın şəkildə göstərilmişdir. İş üzrə təyin edilmiş tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6821 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, ******* nömrəli RX seriyalı çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsi ilə cavabdeh Nəsirov Kamal Ağababa oğlunun istifadəsində olan torpaq sahəsinin koordinatlarının üst-üstə düşdüyü müəyyən edilir. Azərbaycan Rspublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Rspublikasının Konstitusiyasının 29.2-ci maddəsinə əsasən Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsusdur. Lakin, cavabdeh mübahisəli torpaq sahəsini zəbt edərək, qeyd edilən tikilləri aparmaqla, mübahisəli sahədən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı torpaq sahəsinə olan hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli torpaq sahəsində cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsini, cavabdehin torpaq sahəsindən çıxarılaraq torpaq sahəsinin ona qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndinə əsasən, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh mübahisəli sahədən könüllü olaraq çıxmadığından iddiaçı öz mülahizəsinə görə həmin sahədən istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, onun torpaq sahəsi üzərində mülkiyyətini təsdiq edən sənəd, yəni çıxarış hazırda qüvvədədir. Mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunur, hüquqlarını pozur. Ona görə də, iddiaçının torpaq sahəsi üzərində mövcud olan hüquqlarının həyata keçirilməsi üçün mübahisəli bağ sahəsindən cavabdeh çıxarılmalı və bağ sahəsi iddiaçının qanuni sahibliyinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası haqlı olaraq hesab etmişdir ki, cavabdeh Nəsirov Kamal Ağababa oğlu İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi, 71 saylı, bağ sahəsindən çıxarılmalı, mübahisəli bağ sahəsində yerləşən tikililər (ev, hasar və s tikililər) Nəsirov Kamal Ağababa oğlunun hesabına sökülməli və həmin torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, işin həqiqi halları müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağ massivi, 71 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə edilmiş, cavabdeh həmin torpaq sahəsini qanunsuz zəbt edərək, torpaq sahəsində tikililər inşa etmişdir. Qeyd edilən hallar iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində tərtib edilmiş ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı 15 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33/2022 saylı 15 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar